О всенародном голосовании (референдуме Азербайджанской Республики)
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, № 5 — 6, maddə 112
Release date: 07.03.1991Ümumxalq səsverməsi
(Azərbaycan Respublikasının referendumu) haqqında
Azərbaycan Respublikasının Qanunu
I fəsil. Ümumi müddəalar
Maddə 1. Ümumxalq səsverməsinin (Azərbaycan Respublikası referendumunun) anlayışı
Azərbaycan Respublikasında xalq həm xalq deputatları Sovetləri vasitəsilə, həm də bilavasitə, o cümlədən referendum yolu ilə dövlət hakimiyyətini həyata keçirir.
Bu Qanunda referendum Azərbaycan Respublikası qanunlarının və respublikanın dövlət həyatının ən mühüm məsələlərinə dair başqa qərarların Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ümumxalq səsverməsi yolu ilə qəbul olunması üsulu kimi başa düşülür.
Maddə 2. Azərbaycan Respublikası referendumunun keçirilməsinin əsas prinsipləri
Referendum aşağıdakı prinsiplər əsasında keçirilir:
- referendumda iştirak etmək azaddır;
- səsvermə könüllü və gizlidir;
- referendum ümumi, bərabər və birbaşa seçki hüququ əsasında keçirilir;
- Azərbaycan Respublikasının vətəndaşları yaşayış yerində səsvermədə bilavasitə və şəxsən iştirak edirlər;
- referendumun hər iştirakçısının bir səsi vardır.
Referendum keçirilərkən aşkarlıq, o cümlədən səslərin hesablanmasında aşkarlıq, ictimaiyyətin iştirakı təmin edilir.
Maddə 3. Azərbaycan Respublikasının referendumunda iştirak etmək hüququ
Referendumda 18 yaşına çatmış və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə səsvermə hüququ olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edirlər.
Azərbaycan Respublikası vətəndaşlarının referendumda iştirak etmək hüquqlarının bilavasitə və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir və qanunla cəzalandırılır.
Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilmiş ruhi xəstə vətəndaşlar, məhkəmənin hökmü ilə cəza çəkən şəxslər, habelə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada barəsində qəti imkan tədbiri — həbsdə saxlama tədbiri seçilmiş şəxslər referendumda iştirak etmirlər.
Maddə 4. Azərbaycan Respublikasının referendumuna çıxarılan məsələlər
Aşağıdakılar referendumun mövzusu ola bilər:
- Azərbaycan Respublikasının yeni qanununun qəbul edilməsi;
- Azərbaycan Respublikası qanununun və ya onun ayrı-ayrı müddəalarının dəyişdirilməsi, yaxud ləğv edilməsi;
- Azərbaycan Respublikasının qanunlarının və ya digər aktlarının əsas məzmununu qabaqcadan müəyyən edən qərar qəbul edilməsi;
- Azərbaycan Respublikası üçün daha mühüm olan digər məsələlər barəsində qərar qəbul edilməsi.
Aşağıdakı məsələlər yalnız referendum yolu ilə həll edilir:
- Azərbaycan Respublikası ərazisinin və dövlət sərhədinin dəyişdirilməsi;
- SSR İttifaqının tərkibindən çıxmaq hüququnun həyata keçirilməsi.
Azərbaycan Respublikasının referendumu Azərbaycan Respublikasının bütün ərazisində keçirilir.
Maddə 5. Azərbaycan Reslublikasının referendumunu təyin etmək hüququ
Azərbaycan Respublikasının referendumunu təyin etmək hüququ Azərbaycan Respublikasının Ali Sovetinə məxsusdur.
Maddə 6. Azərbaycan Respublikası referendumunun dili
Referendumun hazırlanması və keçirilməsi Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilində aparılır. Zərurət olduqda müəyyən yerin əksər əhalisinin dilindən istifadə edilir.
Maddə 7. Azərbaycan Respublikası referendumunun maliyyələşdirilməsi
Referendumun hazırlanması və keçirilməsi xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına edənilir.
Maddə 8. Azərbaycan Respublikasının referendumu haqqında qanunvericilik
Azərbaycan Respublikasının referendumu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, bu Qanuna zidd olmayan Azərbaycan Respublikası xalq deputatlarının seçkiləri haqqında Qanundan və Azərbaycan Respublikasının başqa qanunlarından ibarətdir.
II fəsil. Azərbaycan Respublikası referendumunun hazırlanması və təyin edilməsi
Maddə 9. Azərbaycan Reslublikasının referendumunu keçirmək təşəbbüsü
Azərbaycan Respublikasının Ali Soveti referendum təyin etmək haqqında:
- öz təşəbbüsü ilə;
- Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə;
- Azərbaycan Respublikası vətəndaşlarının təşəbbüsü ilə qərar qəbul edir.
Azərbaycan Respublikasının vətəndaşları referendum keçirilməsi təşəbbüsünü göstərmək hüququnu o halda həyata keçirirlər ki, referendum haqqında tələbə Azərbaycan Respublikasının referendumda iştirak etmək hüququ olan azı üç yüz min vətəndaşının imzası toplansın. Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının ayrıca bir ərazisində Azərbaycan Respublikası referendumunun keçirilməsinin təşəbbüsçüləri ola bilməzlər.
Maddə 10. Azərbaycan Respublikası referendumunun keçirilməsi üzrə təşəbbüs qrupu
Referendumu keçirmək təşəbbüsü ilə vətəndaşlar çıxış edirsə, referendumda iştirak etmək hüququ olan azı 25 nəfərdən ibarət qrup — referendumun keçirilməsi üzrə təşəbbüs qrupu yaradılır. Təşəbbüs qrupunun siyahısında qrupun hər bir üzvünün familiyası, adı, atasının adı və yaşayış yeri göstərilir. Referenduma çıxarılan sualı təşəbbüs qrupu dürüst ifadə etməlidir ki, ona birmənalı cavab verilməsi mümkün olsun.
Referendumun təşəbbüs qrupu referenduma təklif etdiyi sualı qeydə almağı Azərbaycan Respublikasının Mərkəzi referendum komissiyasından xahiş edir. Sualın ifadəsi təşəbbüs qrupunun razılığı ilə redaksiya baxımından dürüstləşdirilə bilər.
Ali Sovetin müvafiq daimi komissiyasının rəyi nəzərə alınmaqla referenduma təklif olunan sual, habelə təşəbbüs qrupunun tərkibi Azərbaycan Respublikasının Mərkəzi referendum komissiyası tərəfindən qeydə alınır. Bu barədə məlumat və imza vərəqlərinin göndərilməli olduğu ünvan «Həyat» qəzetində dərc edilir.
Referenduma təklif olunan sualın ifadəsi imza vərəqinə daxil edilir.
Referendumun təşəbbüs qrupunun qeydə alınmaq üçün müraciət etdiyi gündən on beş gün ərzində ona qeydiyyat haqqında şəhadətnamə verilir. Qeydə almaqdan yalnız o hallarda imtina edilə bilər ki, bu Qanunun tələbləri pozulmuş olsun.
Qeydə almaqdan imtina edilməsindən referendumun təşəbbüs qrupu Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət edə bilər.
Maddə 11. İmzaların toplanması qaydası və müddətləri
Referendumun təşəbbüs qrupu qeydiyyat haqqında şəhadətnaməni aldığı andan vətəndaşların imzalarının toplanmasını təşkil edir.
İmzaları seçki hüququ olan Azərbaycan Respublikası vətəndaşları toplayır.
İmza toplayan şəxsin familiyasının, adının, atasının adının və yaşayış yerinin göstərildiyi hər imza vərəqi imza toplanılması başlananadək, qeydiyyat haqqında şəhadətnamənin surətinin təqdim edildiyi andan 10 gündən gec olmayaraq imza toplanılan yerdə şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icra və sərəncam orqanı tərəfindən təsdiq edilməlidir. Təsdiq edilməmiş imza vərəqləri etibarsızdır.
İmza toplanılması üçün imza toplayan şəxsin imza vərəqindən savayı heç bir başqa sənəd təqdim etməsi tələb olunmur. Hər vətəndaş imza vərəqini yalnız bir dəfə imzalaya bilər. Həm də vətəndaş pasport və ya onun şəxsiyyətini təsdiq edən başqa sənəd təqdim edir.
Vətəndaşın imzası ilə yanaşı onun familiyası, adı, atasının adı, yaşayış yeri, sənədin rekvizitləri və vərəqin imzalandığı tarix göstərilir.
Zərurət olduqda yerli xalq deputatları Sovetinin icra və sərəncam orqanı imza vərəqlərində vətəndaşların imzalarının həqiqiliyini yoxlaya bilər.
Referendum keçirilməsi məsələsi üzrə imza toplanmasının ümumi müddəti referendumun təşəbbüs qrupunun qeydə alındığı barədə şəhadətnamənin verildiyi gündən üç aydan çox ola bilməz.
Maddə 12. İmza vərəqlərinin və imza toplanılmasının nəticələri üzrə yekun protokolunun göndərilməsi
Doldurulmuş imza vərəqləri referendumun təşəbbüs qrupuna göndərilir. Təşəbbüs qrupu imza toplanılmasının yekunları haqqında ümumi məlumat tərtib edir və qeydiyyat haqqında şəhadətnamənin ona verildiyi gündən dörd aydan gec olmayaraq doldurulmuş imza vərəqlərini və ümumi məlumatı Azərbaycan Respublikasının Mərkəzi referendum komissiyasına göndərir.
Azərbaycan Respublikasının Mərkəzi referendum komissiyası bu Qanunun 9-cu maddəsinin ikinci hissəsinin və 11-ci maddəsinin beşinci hissəsinin müddəalarının necə yerinə yetirildiyini yoxlayır və imza toplanılmasının nəticələrini yekun protokoluna köçürür. Referendumun keçirilməsi tələbi və imza toplanılmasının nəticələri üzrə yekun protokolu referendumun təşəbbüs qrupundan sənədlərin alındığı andan on beş gün ərzində Azərbaycan Respublikasının Ali Sovetinə göndərilir.
Maddə 13. Referendum haqqında məsələnin Azərbaycan Respublikası Ali Soveti sessiyasının gündəliyinə daxil edilməsi
Azərbaycan Respublikasının Ali Soveti referendum haqqında məsələni Azərbaycan Respublikası Ali Sovetinin növbəti sessiyasının gündəliyinə daxil edir.
Maddə 14. Azərbaycan Respublikası referendumunun keçirilməsi tələbi barəsində qərar qəbul edilməsi
Azərbaycan Respublikasının Ali Soveti referendum keçirilməsi tələbi barəsində aşağıdakı qərarlardan birini qəbul edir:
1) referendumun gününün təyin edilməsi və onu təmin etmək tədbirləri haqqında;
2) referendum keçirmək tələbində təklif olunan qanunu və ya başqa qərarı referendum keçirilmədən qəbul etməyin zərurəti haqqında.
Azərbaycan Respublikasının Ali Soveti referendum keçirmək tələbini yalnız bu Qanun pozulduğu halda rədd edə bilər. Referendum məsələsinə dair qərar Azərbaycan Respublikası xalq deputatlarının ümumi sayının yarısından çoxu onun lehinə səs verdikdə qəbul edilir.
Referendumun təyin edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qərarında onun keçirilməsi tarixi göstərilir, referenduma qoyulan sualın bülletenə daxil edilmək üçün Mərkəzi referendum komissiyası tərəfindən qeydə alınmış ifadəsi verilir, maliyyələşdirmə qaydası müəyyən olunur və referendumun keçirilməsi ilə əlaqədar digər məsələlər həll edilir.
Referendum keçirilməsi haqqında qərar, referenduma qoyulmuş Azərbaycan Respublikası qanununun layihəsi və ya başqa qərar layihəsinin mətni referendumun keçirilməsi haqqında qərar qəbul edildikdən sonra on gündən gec olmayaraq «Həyat» qəzetində, digər respublika qəzetlərində dərc edilir və başqa kütləvi informasiya vasitələrində elan olunur.
Maddə 15. Referendumun keçirilməsi müddəti
Referendum Azərbaycan Respublikası Ali Sovetinin referendumu təyin etmək haqqında qərar qəbul etdiyi andan iki aydan tez və dörd aydan gec olmayaraq keçirilir.
Müstəsna hallarda Azərbaycan Respublikasının Ali Soveti referendumun keçirilməsinin başqa müddətlərini müəyyən edə bilər.
III fəsil. Azərbaycan Respublikası referendumunun keçirilməsi qaydası
Maddə 16. Referendumun məsələləri barəsində təkliflərin müzakirəsində iştirak etmək hüququ üçün təminatlar
Dövlət Azərbaycan Respublikası vətəndaşlarının, siyasi partiyaların, kütləvi hərəkatların, həmkarlar ittifaqlarının, başqa ictimai birliklərin, əmək kollektivlərinin, orta ixtisas və ali tədris müəssisələri kollektivlərinin referendum keçirilməsi tələblərinin lehinə və ya əleyhinə, habelə referenduma çıxarılan qanun layihəsinin, yaxud başqa qərarın lehinə və ya əleyhinə maneəsiz təşviqat aparmaq hüququna təminat verir. Referenduma çıxarılmış məsələ üzrə hər hansı təşviqata səsvermə günü yol verilmir.
Referenduma çıxarılan təkliflərin açıq müzakirəsi yığıncaqlar, mitinqlər, küçə yürüşləri və nümayişlər keçirilməsi qaydası haqqında qanunvericiliyə müvafiq surətdə aparılır.
Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq surətdə fövqəladə vəziyyət tətbiq edildiyi halda müzakirə dayandırıla bilər və təyin olunmuş referendum başqa vaxta keçirilə bilər.
Yerli xalq deputatları Sovetlərinin icra və sərəncam orqanları, referendum komissiyaları referenduma qoyulmuş təkliflərin açıq müzakirəsi üçün vətəndaşlara və ictimai birliklərə binalar verilməsini təmin edir, belə müzakirələr barəsində vətəndaşlara xəbər verilməsinə kömək göstərir.
Maddə 17. Azərbaycan Respublikasının referendum gomissiyaları
Referendumu aşağıdakı referendum komissiyaları hazırlayır və keçirir:
- Azərbaycan Respublikasının Mərkəzi referendum komissiyası;
- Azərbaycan Respublikasının respublika (Naxçıvan Muxtar Respublikası) referendum komissiyası;
- Azərbaycan Respublikasının dairə referendum komissiyaları;
- Azərbaycan Respublikasının məntəqə referendum komissiyaları.
Azərbaycan Respublikasının Mərkəzi referendum komissiyasının və Azərbaycan Respublikasının respublika (Naxçıvan Muxtar Respublikası) referendum komissiyasının səlahiyyətini müvafiq surətdə Azərbaycan Respublikası xalq deputatlarının seçkiləri üzrə Mərkəzi seçki komissiyası və Naxçıvan Muxtar Respublikası xalq deputatlarının seçkiləri üzrə Mərkəzi seçki komissiyası həyata keçirir.
Məntəqə referendum komissiyaları Azərbaycan Respublikası xalq deputatlarının seçkiləri üzrə müvafiq seçki komissiyalarının yaradılması üçün müəyyən edilmiş qaydada yaradılır.
Maddə 18. Azərbaycan Reslublikası referendum komissiyalarının səlahiyyəti
Azərbaycan Respublikasının Mərkəzi referendum komissiyası səsvermə vaxtını müəyyən edir, Azərbaycan Respublikasının bütün ərazisində bu Qanunun icrasına nəzarət edir və onun bir cür tətbiq olunmasını təmin edir, zərurət olduqda bu Qanunun müddəalarının təfsiri barəsində Azərbaycan Respublikasının Ali Sovetinə təqdimat verir, referendum keçirilməsi üzrə komissiyaların fəaliyyətini istiqamətləndirir, pul vəsaitini onların arasında bölüşdürür, bülletenlərin və ümumxalq səsverməsində iştirak etmək üçün şəxslərin siyahılarının, başqa sənədlərin formalarını müəyyən edir, referenduma yekun vurur, sənədlərin saxlanması qaydasını müəyyən edir, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunlarına müvafiq surətdə başqa səlahiyyəti həyata keçirir.
Azərbaycan Respublikasının respublika (Naxçıvan Muxtar Respublikası) referendum komissiyası bu Qanunun tələblərinin icrasına nəzarət edir, aşağı referendum komissiyalarının fəaliyyətini istiqamətləndirir, Naxçıvan Muxtar Respublikasının ərazisində səsləri hesablayır və nəticələr barəsində Azərbaycan Respublikasının Mərkəzi referendum komissiyasına məlumat verir.
Dairə referendum komissiyaları məntəqə komissiyalarının fəaliyyətini təşkil edir, referendumda iştirak etmək hüququ olan vətəndaşların siyahılarının düzgün tərtib olunmasına nəzarət edir, dairədə səslərin hesablanmasının nəticələrini müəyyən edir, bu Qanuna əməl olunmasını təmin etmək sahəsində başqa səlahiyyəti həyata keçirir.
Azərbaycan Respublikası xalq deputatlarının seçkiləri haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada məntəqə referendum komissiyaları referendumda iştirak etmək hüququ olan vətəndaşların siyahılarını tərtib edir, bununla əlaqədar məsələləri həll edir, səsvermə günü haqqında vətəndaşlara xəbər verir, səsvermə binasının hazırlanmasını təmin edir və səsvermə günü məntəqələrdə səsverməni təşkil edir, səsvermənin nəticələri barəsində dairə referendum komissiyasına məlumat verir.
Referendum komissiyalarının öz səlahiyyəti çərçivəsində qəbul etdikləri qərarlar bütün dövlət orqanları və ictimai orqanlar, müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən hökmən icra olunmalıdır.
Maddə 19. Azərbaycan Respublikasının referendum komissiyalarının fəaliyyəti üçün şəraitin təmin edilməsi
Referendum komissiyasının qərarı ilə komissiyanın sədri, sədr müavini, katibi və ya üzvü referendumun hazırlandığı və keçirildiyi dövrdə referendum keçirilməsi üçün ayrılan vəsait hesabına orta əmək haqqı saxlanmaqla istehsalat və ya qulluq vəzifələrini yerinə yetirməkdən azad edilə bilər.
Dövlət orqanları və ictimai orqanlar, müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər referendum komissiyalarına öz səlahiyyətini həyata keçirməkdə kömək göstərməyə, onların işi üçün müəyyən olunmuş qaydada lazımi binalar və avadanlıq, informasiya və materiallar verməyə borcludurlar.
Maddə 20. Referendumda iştirak etmək hüququ olan vətəndaşların siyahıları
Referendumda iştirak etmək hüququ olan vətəndaşların siyahılarına onların tərtib olunduğu anda səsvermə məntəqəsi ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hamısı daxil edilir.
Referendumda iştirak etmək hüququ olan vətəndaş birdən artıq siyahıya daxil edilə bilməz.
Siyahılar hamının tanış olması üçün səsvermə gününə 15 gün qalmış təqdim edilir.
Hər bir vətəndaş siyahıya düzgün salınmaması və ya siyahıdan çıxarılması haqqında, habelə siyahıda yol verilmiş yanlışlar haqqında ərizə vermək ixtiyarına malikdir. Siyahıda yanlışlar haqqında ərizəyə məntəqə referendum komissiyası baxır; komissiya ərizəyə dərhal baxaraq ya siyahıda lazımi düzəlişlər etməli, ya da ərizəçiyə ərizəsinin rədd edilməsi haqqında əsaslandırılmış qərarın surətini verməlidir. Komissiyanın bu qərarından rayon (şəhər) xalq məhkəməsinə şikayət edilə bilər.
Maddə 21. Səsvermənin vaxtı və yeri haqqında xəbər verilməsi
Məntəqə referendum komissiyası səsvermənin vaxtı və yeri haqqında vətəndaşlara səsvermə gününə azı 15 gün qalmış xəbər verir.
Referenduma çıxarılmış qanun layihəsinin mətni və ya başqa qərarın mətni səsvermə otağında asılmalıdır.
Maddə 22. Səsvermə bülleteni
Azərbaycan Respublikasının referendumunda səsvermə bülleteninin formasını Mərkəzi referendum komissiyası səsvermə gününə ən geci 30 gün qalmış təsdiq edir.
Səsvermə bülletenində referenduma çıxarılmış hər sualın ifadəsi və səs verənin cavabının variantları — «lehinə» və «əleyhinə» sözləri ( «bəli» və «xeyr», «razıyam» və «razı deyiləm» sözləri də olar) göstərilir.
Maddə 23. Səsvermə
Referendumda səsvermə məntəqələr üzrə keçirilir. Məntəqələr Azərbaycan Respublikası xalq deputatlarının seçkiləri üzrə seçki məntəqələrinin yaradılması üçün müəyyən edilmiş qaydada yaradılır.
Bülletenlər vətəndaşlara səsvermə siyahıları üzrə pasport və ya şəxsiyyəti təsdiq edən başqa sənəd təqdim olunduqda verilir. Bülleteni alarkən vətəndaş siyahıda öz familiyasının qarşısında qol çəkir.
Səs verərkən vətəndaşlar bülletendə göstərilmiş cavablardan birini — «lehinə» və ya «əleyhinə» sözlərindən birini pozur. Səs verən bülletendə «lehinə» və «əleyhinə», sözlərinin hər ikisini pozduqda və ya hər iki sözü pozmadıqda belə bülletenin müvafiq hissəsi etibarsız sayılır.
Maddə 24. Azərbaycan Respublikasının referendumuna yekun vurulması
Mərkəzi referendum komissiyası səsvermənin nəticələri üzrə göndərilmiş protokollar əsasında aşağıdakıları müəyyən edir:
- səsvermə siyahılarına daxil edilmiş Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayını;
- səsvermədə iştirak etmiş vətəndaşların sayını;
- səsə qoyulmuş hər təklif üzrə ayrılıqda — «lehinə» səs vermiş, «əleyhinə» səs vermiş vətəndaşların sayını və etibarsız sayılmış bülletenlərin sayını.
Səsvermənin yekunları üzrə protokollar və referendumun digər sənədləri Mərkəzi referendum komissiyasına Azərbaycan dilində, zəruri hallarda millətlərarası ünsiyyət dili olan rus dilində təqdim edilir.
Referenduma qoyulmuş qərar (qanun və ya başqa qərar) o halda qəbul edilmiş sayılır ki, səsvermə siyahılarına daxil edilmiş vətəndaşların yarısından çoxu səsvermədə iştirak etsin və səsvermədə iştirak etmiş vətəndaşların yarısından çoxu referendum nəticəsində onu bəyənsin.
Səsverməyə Azərbaycan Respublikasının Mərkəzi referendum komissiyasının iclasında yekun vurulur, yekunlar protokol şəklində rəsmiləşdirilir, protokol komissiyanın üzvləri tərəfindən imzalanır və yekunlar referendumun yekunları haqqında rəsmi bildiriş kimi elan edilir.
Maddə 25. Təkrar səsvermə keçirilməsi haqqında
Referendum keçirilərkən yol verilmiş və onun nəticələrinə təsir göstərə biləcək pozuntular haqqında Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı üzrə Mərkəzi referendum komisssiyası ya pozuntuların olduğu məntəqələrdə (dairələrdə) bir ay ərzində təkrar səsvermə keçirilməsi haqqında, ya da Azərbaycan Respublikasının bütün ərazisində il ərzində təkrar səsvermə keçirilməsi haqqında qərar qəbul etmək hüququna malikdir.
Maddə 26. Azərbaycan Respublikasının referendumuna qoyulmuş mösələlər üzrə səsvermənin başqa qaydaları
Bu Qanunda səsvermənin təşkili və qaydası, səslərin hesablanması və referendumda səsvermənin nəticələrinin müəyyənləşdirilməsi haqqında qaydalar yoxdursa, belə qaydalar Azərbaycan Respublikası xalq deputatlarının seçkiləri haqqında qaydalara tətbiqən müəyyən edilir.
Referenduma qoyulmuş ayrı-ayrı suallar üzrə səsvermənin nəticələri Azərbaycan Respublikasının konkret referendumu təyin olunarkən qoyulmuş qaydalara müvafiq surətdə müəyyən edilə bilər.
Maddə 27. Referendumun yekunları üzrə qərarların dərc edilməsi
Referendum yolu ilə qəbul olunmuş qərar (qanun və ya başqa qərar) referendumun yekunları haqqında rəsmi bildirişin verildiyi gündən etibarən yeddi gün müddətində Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti tərəfindən dərc edilir.
IV fəsil. Referendumun yekunları üzrə qərarların qüvvəsi. Azərbaycan Respublikasının referendumu haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Maddə 28. Azərbaycan Respublikasının referendumu yolu ilə qəbul edilmiş qərarların qüvvəyə minməsi
Azərbaycan Respublikasının referendumu yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası qanunu Azərbaycan Respublikası Ali Sovetinin aktları üçün müəyyən edilmiş qaydada qüvvəyə minir. Referendum yolu ilə bəyənilmiş başqa qərarın özündə dikər müddət nəzərdə tutulmadıqda, qərar elan olunduğu gündən hökmən həyata keçirilməlidir.
Maddə 29. Referendumun yekunları üzrə qərarların məcburiliyi
Referendum yolu ilə qəbul edilmiş qərar qətidir, Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir və yalnız referendum yolu ilə ləğv oluna və ya dəyişdirilə bilər.
Maddə 30. Referendum haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Azərbaycan Respublikası vətəndaşlarının referendumda iştirak etmək hüquqlarını sərbəst həyata keçirməsinə zorakılıq, aldatma, hədə-qorxu, ələalma yolu ilə və ya başqa yolla mane olan şəxslər, habelə sənədləri saxtalaşdırmış, rəqəmləri təhrif etmiş, səsləri qəsdən yanlış hesablamış, səsvermə sirrini pozmuş dövlət orqanlarının və ya ictimai orqanların, müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri, referendumun təşəbbüs qrupunun və referendum komissiyalarının üzvləri, imza toplayan şəxslər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV
Bakı şəhəri, 7 mart 1991-ci il
№ 86-XII
«Həyat» qəzetində dərc edilmişdir (11 aprel 1991-ci il, № 70) («LegalActs» LLC).
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1991-ci il, № 5 — 6, maddə 112) («LegalActs» LLC).
23 iyun 1998-ci il tarixli, 509-IQ nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür ( «LegalActs» LLC).
© LegalActs LLC