Об утверждении Положения о государственном гимне Азербайджанской Республики
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1993-cü il, № 11 (888), maddə 328)
Release date: 07.03.2000Azərbaycan Respublikasının Dövlət himni haqqında
Əsasnamənin
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə (əlavə olunur) təsdiq edilsin.
2. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 12 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1984-cü il, № 17, maddə 152) ilə təsdiq edilmiş Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət himni haqqında Əsasnamə qüvvədən düşmüş sayılsın.
3. Bu Qanun imzalandığı andan qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY
Bakı şəhəri, 2 mart 1993-cü il
№ 525
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1993-cü il, № 11 (888), maddə 328) («LegalActs» LLC).
7 mart 2000-ci il tarixli, 818-IQD nömrəli Qanuna əsasən əlavələr və dəyişikliklərlə ( «LegalActs» LLC).
Azərbaycan Respublikası
Milli Məclisinin
1993-cü il 2 mart
tarixli qərarı
ilə təsdiq
edilmişdir.
Azərbaycan Respublikasının Dövlət himni
haqqında
Əsasnamə
1. Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir.
Azərbaycan Respublikasının Dövlət himninə dərin ehtiram bəsləmək onun hər bir vətəndaşının vətənpərvərlik borcudur.
2. Azərbaycan Respublikasının Dövlət himni aşağıdakı hallarda ifa olunur:
a) Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının başlanması və qurtarması zamanı;
b) Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman;
v) dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;
q) hər gün Azərbaycan Respublikası milli televiziya və radio verilişlərinin əvvəlində və axırında;
ğ) Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi hadisələr münasibətilə, Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi xadimlərinin, milli qəhrəmanlarının, elm, ədəbiyyat və incəsənət xadimlərinin şərəfinə abidələrin və lövhələrin açılışı zamanı;
d) dövlət və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən;
e) Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçıları qarşılanarkən və yola salınarkən — müvafiq ölkənin Dövlət himni ifa olunduqdan sonra.
Azərbaycan Respublikasının qanunvericiliyində Azərbaycan Respublikası Dövlət himni hökmən ifa olunduğu başqa hallar da nəzərdə tutula bilər.
3. Azərbaycan Respublikasının Dövlət himni orkestr, xor, orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və alətlər vasitəsilə ifa olunur. Bunun üçün səsyazma vasitələrindən də istifadə edilə bilər.
Bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam ifa olunur.
4. Azərbaycan Respublikasının Dövlət himni «Azərbaycan Respublikasının Dövlət himni haqqında» Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli Qanunu ilə təsdiq edilmiş mətnə və musiqi redaksiyasına tam müvafiq surətdə ifa olunmalıdır.
5. Azərbaycan Respublikasının Dövlət himni camaat qarşısında ifa olunarkən oradakılar himni ayaq üstə dinləməli və ya oxumalıdırlar.
6. Hərbi hissələrdə, hərbi gəmilərdə, dəxili işlər və milli təhlükəsizlik orqanlarında Azərbaycan Respublikası Dövlət himninin ifa olunması, habelə himn ifa edilərkən hərbi qulluqçuların, daxili işlər və milli təhlükəsizlik orqanlarının sıravi və rəis heyətinə aid şəxslərin əsgəri rəsm-təzim etməsi hərbi nizamnamələrlə və Azərbaycan Respublikasının müdafiə naziri, daxili işlər naziri və milli təhlükəsizlik naziri tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir.
7. Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni əlifba kitabının birinci səhifəsində dərc olunur.
Ümumtəhsil məktəblərində, texniki peşə, orta ixtisas məktəblərində, ali məktəblərdə və başqa tədris müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının Dövlət himninin öyrənilməsinə və ifasına həsr edilir.
8. Respublika və beynəlxalq idman yarışları keçirilərkən Azərbaycan Respublikası Dövlət himninin ifa olunması qaydası respublika və beynəlxalq idman təşkilatlarının mövcud praktikası nəzərə alınmaqla müəyyən edilir.
9. Respublika idarələri və təşkilatları xarici dövlətlərin ərazisində təntənəli tədbirlər keçirərkən Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müəyyən etdiyi qaydalara müvafiq surətdə, onların olduqları ölkənin praktikası və yerli adətləri nəzərə alınmaqla ifa edilir.
10. Azərbaycan Respublikası Dövlət himninin daxili işlər və milli təhlükəsizlik orqanlarında, tədris müəssisələrində, idman yarışları zamanı, habelə Azərbaycan Respublikasının idarələri və təşkilatları tərəfindən xarici dövlətlərin ərazisində tədbirlər keçirilərkən ifa olunması qaydaları bu Əsasnamənin tələbləri əsas götürülməklə müəyyən edilir.
11. Bu Əsasnamənin dəqiq yerinə yetirilməsinə nəzarət etmək dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqlarının və digər ictimai qurumların rəhbərlərinə həvalə olunur.
© LegalActs LLC