«İslah-Əmək Müəssisələrində Daxili İntizam Qaydaları»na əlavələr edilməsi barədə


Release date: 11.09.2007

«İslah-Əmək Müəssisələrində Daxili İntizam Qaydaları»na əlavələr edilməsi barədə

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Qeydə alınıb
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
Qeyd № 131
«16» oktyabr 1998-ci il
Nazir
S. C. HƏSƏNOVA

«İslah-Əmək Müəssisələrində Daxili İntizam Qaydaları»na əlavələr edilməsi barədə

Əmr № 174-t/h

Bakı şəhəri, 13 oktyabr 1998-ci il

Azərbaycan Respublikası Ədliyyə Nazirinin 105 ş/h saylı Əmri ilə təsdiq edilmiş, 115 saylı 07.07.1998-ci il tarixdə qeydə alınmış «İslah-Əmək Müəssisələrində Daxili İntizam Qaydaları»na əlavələr edilməsinə dair

Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinə 25 iyun 1998-ci il tarixdə edilmiş dəyişikliklərə və əlavələrə uyğun olaraq, əmr edirəm:

1. Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinə edilmiş dəyişiklik və əlavələr barədə Azərbaycan Respublikası Qanunu rəhbər tutaraq, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin hüquq və imtiyazlarını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası ƏN-nin 105 ş/h saylı 1998-ci il tarixli Əmri ilə elan edilmiş, 115 saylı 07.07.1998-ci il tarixində qeydə alınmış, «İslah-Əmək Müəssisələrində Daxili İntizam Qaydaları»na aşağıdakı redaksiyada 40-1-ci paraqraf əlavə edilsin:

«Ömürlülük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər üçün qısa müddətli görüş otağının xüsusiyyətləri:

Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər üçün qısa müddətli görüş ayrıca təşkil olunmuş otaqda verilir.

Otaq döşəmədən tavanadək hündürlükdə dəmir barmaqlıqlarla 2 bərabər hissəyə bölünür və hər iki tərəfdə üz-üzə 100x100 sm ölçüdə 3-4 kabinə təşkil olunur.

Məhkumlar üçün nəzərdə tutulmuş kabinaların arakəsmələri dəmir-beton konstruksiyasından düzəldilir və kabinalar qıfılla bağlanan dəmir qapı ilə təmin olunur. Əks tərəfdə isə kabinalar plastik şüşədən düzəldilir.

Kabinalarda danışıq vasitələri (telefon, ucadandanışan) qoyulur. Danışıqlara qulaq asmaq üçün texniki vasitələr quraşdırılmış nəzarətçi stolu kabinaların arasında baş tərəfdən qoyulur.

Görüşə gəlmiş şəxslər üçün kabinalarda stullar, məhkumlar üçün isə kabinalarda yerə bərkidilmiş stullar qoyulur.

Həmin kabinalardan telefon danışıqları üçün də istifadə oluna bilər.

Görüş və telefon danışıqlarının təqdim edilməsi Daxili İntizam Qaydalarının 37, 38, 39, 42, 43-cü paraqraflarının tələblərinə uyğun təşkil olunur.

Məhkumlar rejim korpusundan görüş otağına və görüş otağından rejim korpusuna, həmçinin rejim korpusu daxilində və xaricində bütün hərəkətləri zamanı əl qandalı tətbiq edilir, onlara müşayiəti hər məhkuma iki nəfərdən az olmamaq şərti ilə əməkdaş tərəfindən həyata keçirilir.»

2. Əmr şəxsi heyətə elan olunsun və aidiyyatı xidmət sahələri ilə öyrənilməsi təmin edilsin.

Azərbaycan Respublikası Ədliyyə Naziri 3-cü dərəcə Dövlət ədliyyə müşaviri

S. C. HƏSƏNOVA

«Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və başqa Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ-hüquqi Aktlarının Bülleteni»ndə dərc edilmişdir (1999-cu il, № 2, s. 3) («LegalActs» LLC).

07 aprel 2004-cü il tarixli, 1 nömrəli Sərəncama əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).

© LegalActs LLC