Об утверждении «Правил внедрения системы «Медицинской карты обследования»
Release date: 12.06.2006
Azərbaycan Respublikasının Nazirlər Kabineti
«Tibbi müayinə kartı» sisteminin tətbiqi Qaydaları»nın təsdiq edilməsi haqqında
Qərar № 142
Bakı şəhəri, 12 iyun 2006-cı il
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Tibbi müayinə kartı» sisteminin tətbiqi Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2006-cı il, № 6, maddə 570) («LegalActs» LLC).
Azərbaycan
Respublikası
Nazirlər Kabinetinin
2006-cı il 12 iyun tarixli,
142 nömrəli qərarı ilə
təsdiq edilmişdir
«Tibbi müayinə kartı» sisteminin tətbiqi
Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar «Tibbi müayinə kartı» (bundan sonra — müayinə kartı) sisteminin aparılması qaydalarını müəyyən edir.
1.2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan tibbi müayinə kartları müxtəlif sahələrdə çalışan və işə daxil olarkən və ya sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşların (obliqat qrupların) tibbi müayinədən keçmələri barədə məlumatı özündə saxlayan, mikroprosessorlu çip ilə təchiz edilmiş və saxtalaşdırılması mümkün olmayan kartlardır.
1.3. Müayinə kartı sisteminə daxil edilmiş informasiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində cəmləşdirilir.
1.4. Müayinə kartına yazılmış informasiya tibbi müayinələrin keçirildiyi tibb müəssisələrində və gigiyena və epidemiologiya mərkəzlərində (bundan sonra — tibb müəssisələri) kompüterlərə qoşulmuş xüsusi qurğular vasitəsi ilə oxunur və dəyişdirilir.
2. Müayinə kartı sisteminin strukturu
2.1. Müayinə kartı sistemi Mərkəzi İnformasiya Bazasının və müvafiq tibb müəssisələrində qurulmuş proqram təminatlarından, müəssisənin personal kompüterinə qoşulmuş xüsusi oxuyucu qurğudan və elektron kartlardan ibarətdir.
2.2. Tibb müəssisəsinin rəhbəri tərəfindən müayinə kartı sisteminin proqramı ilə işləmək hüququ verilən əməkdaş proqrama daxil olaraq, kart sahibinin kartında əməliyyatlar aparır. Aparılmış əməliyyatlar haqqında məlumat proqramda qeyd olunur.
2.3. Gün ərzində aparılan əməliyyatlar elektron şəkildə İnformasiya Mərkəzinə göndərilir.
3. Müayinə kartı sistemində saxlanılan informasiya növləri
3.1. Obliqat qruplarına daxil olan şəxslərin tibbi müayinədən keçmələrinin qeydiyyatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzinin müayinə kartlarının elektron registrinin bankında aparılır.
3.2. Registrə və karta Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş məlumatlar daxil edilir.
4. Müayinə kartlarının hazırlanması və verilmə qaydaları
4.1. Müayinə kartları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilmiş, xüsusi avadanlıqlarla təmin olunmuş müəssisələrdə hazırlanır və fiziki şəxslərə verilməsi üçün tibb müəssisələrinə paylanılır.
4.2. Müayinə kartı tibb müəssisələri tərəfindən obliqat qruplarına daxil olan şəxslərin sağlamlığı haqqında təqdim edilmiş məlumatlar əsasında tərtib edilir.
4.3. Müayinənin nəticələrini tibb müəssisəsi yerində yeniləşdirə bilmədiyi təqdirdə, bu dəyişiklik İnformasiya Mərkəzinə göndərilir və kart sahibinin kartına tibb müəssisəsi tərəfindən sonradan daxil edilir.
4.4. Müayinə kartını itirən və ya kartı zədələnmiş şəxslər üçün yeni kart hazırlanır və İnformasiya Mərkəzində saxlanılan informasiya yeni kartın yaddaşına yazılır. İtirilmiş və ya zədələnmiş kartlar istifadəsi qadağan olunmuş kartlar siyahısına daxil edilərək, İnformasiya Mərkəzinə göndərilir və bloklanır.
5. Müayinə kartının sahibi haqqında informasiyanın əldə edilməsi və onun məxfiliyi
5.1. Müayinə kartının sahibi haqqında informasiyanın əldə edilməsi və dəyişikliklərin aparılması məqsədi ilə sistemə yalnız tibb müəssisəsinin rəhbərliyi tərəfindən müvafiq icazəsi olan şəxslər daxil ola bilər.
5.2. Qanunla müəyyənləşdirilmiş konfidensial məlumatların yayılması qadağandır.
6. Müayinə kartı sisteminin təchizatı və maliyyələşdirilməsi
6.1. Müayinə kartı sisteminin fəaliyyəti üçün tibb müəssisələri avadanlıqla və digər ləvazimatlarla təchiz olunurlar.
6.2. Müayinə kartı sisteminin tətbiqi üçün tələb olunan xərclər müvafiq illər üzrə dövlət büdcəsinin «səhiyyə» bölməsinin mərkəzləşdirilmiş xərclərində nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.
Müayinə kartları tibbi müayinədən keçənlərin hesabına əldə olunur.
Tibbi müayinə kartlarının qiyməti mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir.
© LegalActs LLC