Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2005-ci il, № 3, maddə 140)

Release date: 07.10.2004

Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında

Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında

Saziş

Bundan Sonra «Razılığa gələn Tərəflər» adlandırılan Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti,

iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafını arzulayaraq,

bərabərlik və qarşılıqlı mənfəət əsasında Razılığa gələn bir Tərəfin investorlarının Razılığa gələn digər Tərəfin ərazisində qoyduğu investisiyaların təşviqi və onlar üçün daha əlverişli şərtlərin yaradılması niyyətində olaraq,

investisiyaların Sazişə uyğun olaraq, qarşılıqlı təşviqinin və qorunmasının həmin sahədəki təşəbbüsləri stimullaşdıracağını etiraf edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1. Anlayışlar

Bu Sazişin məqsədləri üçün:

1. «İnvestisiya» dedikdə, Razılığa gələn bir Tərəfin investorunun Razılığa gələn digər Tərəfin ərazisində sonuncunun qanunvericiliyinə müvafiq olaraq investisiya etdiyi istənilən növ əmlak, xüsusən də, lakin istisna olmaqla, aşağıdakılar başa düşülür:

a) daşınar və daşınmaz əmlak, həmçinin ipoteka və girov kimi istənilən digər mülkiyyət hüquqları;

b) paylar, səhmlər, qiymətli kağızlar və şirkətdə hər hansı digər formada iştirak;

c) pul tələbi və iqtisadi dəyəri olan digər tələblər;

d) Razılığa gələn hər iki Tərəfin iştirakçısı olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatının rəhbərliyi altında bağlanmış çoxtərəfli sazişlərdə müəyyən edilmiş əqli mülkiyyət hüquqları, o cümlədən, lakin bununla məhdudlaşmayan, müəllif hüquqları və əlaqəli hüquqlar, patentlər, ticarət markaları, ticarət nişanları, sənaye nümunələri və texniki proseslərdə hüquqlar, bitki növləri üzrə hüquqlar, nou-hau və işgüzar nüfuz;

e) təbii ehtiyatların kəşfiyyatı, emalı, hasilatı və ya istismarı üzrə hüquqlar daxil olmaqla qanunla, müqavilə əsasında və ya inzibati aktla nəzərdə tutulan sahibkarlıq fəaliyyətini həyata keçirmək hüquqları.

İnvestisiyaya (a)—(e) yarımbəndlərində nəzərdə tutulan aktivlərin dəyərinin artması da daxildir.

İnvestisiyaların edildiyi Razılığa gələn Tərəfin dövlət ərazisində Razılığa gələn həmin Tərəfin dövlətinin qanunvericiliyinə uyğun olaraq investisiya və ya təkrar investisiya şəklində edilən hər hansı dəyişiklik bu investisiyaların xüsusiyyətinə təsir etməyəcəkdir.

2. «Gəlir» dedikdə, investisiya qoyuluşu nəticəsində qanuni şəkildə əldə edilmiş mənfəət, xüsusən də qazanc, faizlər, əsas gəlir, dividendlər, lisenziya ödənişləri, royaltilər və digər yığımlar başa düşülür.

3. «İnvestor» dedikdə, aşağıdakılar başa düşülür:

a) Razılığa gələn bir Tərəfin dövlətinin vətəndaşı olan və onun qanunvericiliyinə əsasən Razılığa gələn digər Tərəfin ərazisinə investisiya edən fiziki şəxs;

b) Razılığa gələn bir Tərəfin dövlətinin qanunvericiliyinə uyğun olaraq təsis edilmiş və ya yaradılmış və Razılığa gələn həmin Tərəfin dövlətinin ərazisində yerləşən, hüquqi şəxs olub və ya olmadığından asılı olmayaraq, istənilən şirkət, təşkilat, ortaqlıq və ya digər növ assosiasiya.

4. «Ərazi» dedikdə, aşağıdakılar başa düşülür:

(i) Azərbaycan Respublikasına münasibətdə: Azərbaycan Respublikasının suveren hüquqlarını və yurisdiksiyasını həyata keçirdiyi ərazisi, o cümlədən Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru, Azərbaycan Respublikası üzərindəki hava məkanı, yerin təki, dənizin dibi və təbii sərvətlər və ya Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq hüquqa uyğun olaraq müəyyən edilmiş və ya gələcəkdə müəyyən edilə biləcək hər hansı digər ərazi.

(ii) Bolqarıstana münasibətdə: Bolqarıstan Respublikasının ərazisi, o cümlədən beynəlxalq hüquqa uyğun olaraq Bolqarıstan Respublikasının üzərində suveren hüquqları və ya yurisdiksiyanı həyata keçirdiyi ərazi suları, həmçinin kontinental şelf və xüsusi iqtisadi zona.

Maddə 2. İnvestisiyaların təşviqi və qorunması

1. Razılığa gələn hər bir Tərəf öz ərazisində Razılığa gələn digər Tərəfin investorlarının investisiyalarını təşviq edəcək, onlar üçün əlverişli şərait yaradacaq, bu investisiyaları öz dövlətinin qanunvericiliyinə uyğun olaraq qəbul edəcək və onlara ədalətli və bərabərhüquqlu yanaşacaqdır.

2. İnvestisiyalardan əldə olunan gəlirlərin yenidən investisiya edildiyi təqdirdə, yenidən edilən investisiyalara və onlardan əldə olunan gəlirlərə ilkin investisiyalara tətbiq olunan rejim və qorunma qaydaları tətbiq olunacaqdır.

3. Razılığa gələn Tərəflərdən heç biri öz ərazisində Razılığa gələn digər Tərəfin investorları tərəfindən qoyulmuş investisiyaların idarə edilməsi, saxlanılması, istifadəsi, əldə olunmasına və yaxud ləğv edilməsinə əsassız və ayrı-seçkilik tədbirləri ilə maneçilik törətməyəcək.

4. Razılığa gələn hər bir Tərəf bu Sazişdə müəyyən edildiyi kimi, investisiyalarla bağlı biznes fəaliyyəti ilə məşğul olan Razılığa gələn digər Tərəfin dövlətinin vətəndaşlarının və onların ailə üzvləri sayılan şəxslərin öz ərazisinə giriş, yaşayış, işləmək və ölkə ərazisində hərəkət etmək ilə bağlı məsələlərinə əlverişli şərait yaradaraq və dövlətinin qanunvericiliyinə uyğun olaraq baxacaqdır.

Maddə 3. İnvestisiyaların rejimi

1. Razılığa gələn hər bir Tərəf öz ərazisində Razılığa gələn digər Tərəfin investorlarının qoyduğu investisiyalarına öz və yaxud üçüncü Tərəfin investorlarının qoyduğu investisiyalar üçün yaratdığı rejimdən, hansı daha əlverişli olarsa, az əlverişli olmayan rejim tətbiq edəcək.

Razılığa gələn hər bir Tərəf öz ərazisində Razılığa gələn digər Tərəfin investorlarına onların qoyduğu investisiyaların idarə edilməsi, saxlanılması, istifadəsi, faydalanması və ləğv edilməsi ilə əlaqədar öz investorlarına və yaxud üçüncü dövlətin investorlarına yaratdığı rejimdən, hansı daha əlverişli olarsa, az əlverişli rejim tətbiq etməyəcək.

2. Bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəaları heç bir halda Razılığa gələn bir Tərəfin Razılığa gələn digər Tərəfin investorlarına və onların investisiyalarına Razılığa gələn birinci Tərəfin üçüncü dövlətin investorlarına və yaxud onların investisiyalarına verdiyi imtiyazlardan və ya üstünlüklərdən irəli gələn faydanı:

a) mövcud olan və ya gələcəkdə mövcud olacaq hər hansı bir gömrük birliyində, azad ticarət zonasında, iqtisadi birlikdə, investisiyalar üzrə çoxtərəfli sazişlərdə, həmçinin bu cür birliklərə və ya digər iqtisadi əməkdaşlıq formalarına gətirə biləcək digər beynəlxalq sazişdə iştirakçılıq və ya birləşməklə;

b) tam və ya qismən vergiqoyma ilə bağlı çoxtərəfli və ya ikitərəfli saziş və ya razılaşma ilə hazırda və ya gələcəkdə vermək məcburiyyətində olduğu şəklində şərh olunmamalıdır.

3. Razılığa gələn hər bir Tərəf öz dövlətinin qanunvericiliyinə əsasən bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən milli rejimdən istisnalar etmək və onun tətbiqini özündə saxlamaq hüququna malikdir. Buna baxmayaraq, hər bir yeni istisna onun qüvvəyə minməsindən sonra edilən investisiyalara şamil olunur.

4. Razılığa gələn Tərəflərdən birinin dövlətinin qanunvericiliyi və ya Razılığa gələn Tərəflər arasında hazırda və ya gələcəkdə tətbiq oluna biləcək beynəlxalq sazişlərdən və Razılığa gələn Tərəflərin iştirakçısı olduğu digər beynəlxalq sazişlərdən irəli gələn öhdəliklər Razılığa gələn digər Tərəfin investorlarının investisiyalarına bu Sazişlə təmin edilmiş rejimdən daha əlverişli rejim tətbiq etməyə icazə verən istər ümumi, istərsə də xüsusi qayda nəzərdə tutduğu təqdirdə, həmin qayda əlverişli olduğu həcmdə bu Sazişə nisbətən üstünlük təşkil edəcəkdir.

5. Əgər xüsusi olaraq digər qayda razılaşdırılmayıbsa, 3-cü maddədə nəzərdə tutulan rejim bütün Sazişə şamil ediləcəkdir.

Maddə 4. İtkilərə görə kompensasiya

Razılığa gələn bir Tərəfin investorlarının investisiyaları Razılığa gələn digər Tərəfin ərazisində baş vermiş müharibə, yaxud digər silahlı münaqişə, milli fövqəladə vəziyyət və ya buna oxşar digər hadisələr nəticəsində itkilərə məruz qalıbsa, bu investorlara münasibətdə Razılığa gələn həmin Tərəfin öz investorlarına, yaxud hər hansı üçüncü dövlətin investorlarına münasibətdə həyata keçirdiyi tədbirlərdən, hansı daha əlverişlidirsə, az əlverişli olmayan tədbirlər həyata keçiriləcəkdir. Ödənişlər sərbəst dönərli valyutada azad şəkildə köçürülür.

Maddə 5. Ekspropriasiya

1. Razılığa gələn bir Tərəfin investorlarının investisiyaları, digər üsullarla qane edilməsi mümkün olmayan mühüm dövlət tələbatları üçün qanunla müəyyən edilmiş qaydada ayrı-seçkiliyə yol vermədən, təxirəsalınmaz, səmərəli və adekvat kompensasiya həyata keçirilən hallar istisna olmaqla, Razılığa gələn digər Tərəfin dövlət ərazisində ekspropriasiyaya, milliləşdirməyə və ya oxşar təsirə malik olan tədbirlərə (bundan sonra—ekspropriasiya) məruz qalmır.

2. Belə kompensasiya, ekspropriasiya keçirildiyi gündən əvvəl və ya ekspropriasiyanın ictimaiyyətə məlum olduğu gündən əvvəl, hansının daha əvvəl baş verməsindən asılı olaraq, investisiyanın mövcud bazar dəyərinə bərabər olan və ödəniş tarixinə qədər investisiyaların edildiyi valyuta üçün nəzərdə tutulmuş 12 aylıq LİBOR faizindən ibarət olan məbləğdə gecikdirilmədən ödənilir.

3. Ekspropriasiyanı həyata keçirən Razılığa gələn Tərəfin dövlətinin qanununa əsasən, ekspropriasiyaya məruz qalmış investor, Razılığa gələn həmin Tərəfin səlahiyyətli hüquqi və ya digər müstəqil rəsmiləri tərəfindən onun işinə gecikdirilmədən baxılmasını və bu maddədə göstərilən prinsiplərə müvafiq olaraq onun investisiyasının qiymətləndirilməsini tələb etməyə haqlıdır.

Maddə 6. Digər öhdəliklər

Razılığa gələn hər bir Tərəf öz ərazisində Razılığa gələn digər Tərəfin investorları tərəfindən edilmiş investisiyalarla bağlı üzərinə götürdüyü hər hansı digər öhdəliyi yerinə yetirəcəkdir.

Maddə 7. Köçürmələr

1. Razılığa gələn hər bir Tərəf Razılığa gələn digər Tərəfin investorlarına, bütün vergi öhdəlikləri və digər məcburi ödənişləri yerinə yetirdikdən sonra, aşağıdakı məbləğləri sərbəst köçürməyə icazə verir, xüsusən də, lakin istisna olmamaqla:

a) kapital və investisiyanın saxlanılmasına və artırılmasına yönəldilmiş əlavə məbləğlər;

b) investisiyalardan gələn gəlirlər;

c) investisiyaların satılması və ya bütövlüklə, yaxud qismən ləğv edilməsindən əldə olunan gəlirlər;

d) investisiyalarla bağlı xərclərin ödənişi üçün tələb olunan məbləğlər: borcların ödənişləri, patent ödənişləri, lisenziya haqları və digər xərclər ilə bağlı ödənişlər;

e) 4-cü və 5-ci maddələrə müvafiq ödənilən kompensasiyalar;

f) Razılığa gələn Tərəfin ərazisində edilmiş investisiyalarla bağlı Razılığa gələn digər Tərəfin dövlətinin vətəndaşlarına görülən iş və xidmətlərə görə onun dövlətinin qanunvericiliyinə müvafiq olaraq ödənilən kompensasiyalar.

2. Əvvəlki bənddə qeyd edilən köçürmələr investorun ölkəsinin valyutasında və ya sərbəst dönərli valyutada gecikdirilmədən ərazisində kapital qoyuluşlarının həyata keçirildiyi Tərəfin valyuta qanunvericiliyinə müvafiq surətdə aparılır.

3. 7-ci maddəyə əsasən bütün köçürmələrə bu Sazişin 3-cü maddəsində nəzərdə tutulan rejim tətbiq edilir.

Maddə 8. Subroqasiya

1. Əgər Razılığa gələn bir Tərəf və ya onun təyin etdiyi agentlik Razılığa gələn digər Tərəfin ərazisində investisiya qoyuluşu ilə əlaqədar dəymiş ziyana görə zəmanət əsasında ödəniş həyata keçirirsə, Razılığa gələn digər Tərəf müvafiq Tərəfin bütün hüquqlarının və tələblərinin qanunla və ya yerli razılaşma əsasında Razılığa gələn birinci Tərəfə və ya onun təyin edilmiş agentliyinə verilməsini tanıyacaqdır və Razılığa gələn birinci Tərəf və ya onun təyin etdiyi agentlik subroqasiyaya müvafiq olaraq sığortalanmış tərəflə eyni dərəcədə belə hüquqlardan istifadə etmək və belə tələblərlə çıxış etmək hüququna malik olacaqdır.

2. Razılığa gələn Tərəfin və ya onun təyin etdiyi agentliyinin sığortalanmış investorun hüquq və tələblərində subroqasiyası gələcəkdə bu Sazişin 7-ci maddəsində qeyd edilmiş köçürmə hüququna da şamil ediləcəkdir.

Maddə 9. Razılığa gələn Tərəflər arasında Sazişdən irəli gələn mübahisələrin həlli

1. Bu Sazişin təfsiri və ya tətbiqi ilə əlaqədar Razılığa gələn Tərəflər arasında yaranan mübahisələr Razılığa gələn həmin Tərəflər arasında mümkün olduqca danışıqlar vasitəsilə həll ediləcəkdir.

2. Əgər Razılığa gələn Tərəflər arasındakı mübahisə danışıqların başlandığı vaxtdan etibarən 6 ay ərzində həll edilməzsə, mübahisə Razılığa gələn Tərəflərdən birinin tələbi ilə baxılmaq üçün arbitraj məhkəməsinə veriləcəkdir.

3. Belə arbitraj məhkəməsi aşağıdakı qaydada hər bir ayrıca işə görə tərtib ediləcəkdir:

arbitraj araşdırması üçün tələbin qəbul edildiyindən 3 ay ərzində Razılığa gələn hər bir Tərəf məhkəmənin bir üzvünü təyin edəcəkdir. Həmin iki üzv sonradan Razılığa gələn hər iki Tərəfin razılığı ilə Məhkəmənin Sədri təyin ediləcək üçüncü dövlətin vətəndaşını seçəcəkdir. Sədr digər iki üzvün təyin edilməsindən sonra 2 ay ərzində təyin ediləcəkdir.

4. Əgər bu maddənin 3-cü bəndində qeyd edilən müddətlərdə lazımi təyinatlar həyata keçirilməzsə, Razılığa gələn Tərəflərdən biri digər razılaşmanın olmadığı təqdirdə hər hansı lazımi təyinatları həyata keçirmək üçün Beynəlxalq Məhkəmənin Sədrini dəvət edəcəkdir. Əgər Sədr Razılığa gələn Tərəflərdən birinin dövlətinin vətəndaşıdırsa və ya o, göstərilən funksiyanı yerinə yetirə bilmirsə, Sədrin müavini lazımi təyinatları həyata keçirmək üçün dəvət olunacaqdır. Əgər Sədrin müavini Razılığa gələn Tərəflərdən birinin dövlətinin vətəndaşıdırsa yaxud o da göstərilən funksiyanı yerinə yetirə bilmirsə, Beynəlxalq Məhkəmənin növbəcə sonrakı yüksək vəzifəni tutan və Razılığa gələn Tərəflərdən heç birinin dövlətinin vətəndaşı olmayan üzvü lazımi təyinatları həyata keçirmək üçün dəvət olunacaqdır.

5. Arbitraj məhkəməsi öz qərarını bu Sazişin müddəaları, habelə beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsip və qaydaları əsasında qəbul edir. Arbitraj məhkəməsi öz qərarını səs çoxluğu ilə qəbul edir. Belə qərar Razılığa gələn hər iki Tərəf üçün qəti və məcburi olacaqdır. Məhkəmə öz prosedurunu müəyyən edir.

6. Razılığa gələn hər bir Tərəf məhkəmənin təyin etdiyi üzvünün saxlanılması və arbitraj prosesində özünə aid xərcləri ödəyəcəkdir. Sədrin saxlanılmasına görə və digər xərclər Razılığa gələn Tərəflərlə bərabər hissədə ödəniləcəkdir.

Maddə 10. İnvestisiya mübahisələrinin həlli

1. Razılığa gələn bir Tərəfin investoru ilə Razılığa gələn digər Tərəf arasında sonuncunun investisiya qoyuluşu ilə bağlı bu Saziş əsasında öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar mübahisə mümkün olduqca, danışıqlar yolu ilə həll ediləcəkdir.

2. Əgər bu mübahisə onun danışıqlar yolu ilə həll edilməsi haqqında Razılığa gələn Tərəflərdən birinin xahişinin irəli sürüldüyü tarixdən altı ay ərzində həll edilə bilməzsə, maraqları toxunulmuş investor mübahisəni aşağıdakılara verə bilər:

a) mübahisənin tərəfi olan Razılığa gələn Tərəfin müvafiq məhkəməsinə;

və ya

b) bunun əvəzində bu Sazişin 4-cü, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələri ilə əlaqədar mübahisənin olduğu halda maraqları toxunulmuş investor öz seçimi ilə mübahisənin arbitraj vasitəsilə baxılması məqsədilə aşağıdakılara təqdim edə bilər:

i) Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCİTRAL) Arbitraj Qaydaları əsasında yaradılacaq xüsusi (ad hoc) arbitraj məhkəməsinə; və ya

ii) 18 mart 1965-ci il tarixində Vaşinqtonda imzalanmış Dövlətlər və digər dövlətlərin vətəndaşları arasında investisiya mübahisələri haqqında Konvensiya əsasında yaradılan İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzə.

Bu məqsəd üçün Razılığa gələn hər bir Tərəf bununla yuxarıda qeyd edilən beynəlxalq arbitraja öz razılığını bildirir.

Mübahisə yarandığı halda və Tərəflər məhkəmədə və ya arbitraj (münsiflər) məhkəməsində iddia qaldırmaq qərarına gəldiyi təqdirdə, onlar iki orqandan birinə müraciət etdikdə, digərinə müraciət etmək hüququnu itirirlər.

3. Qərar mübahisə edən hər iki Tərəf üçün qəti və məcburi olacaq və Razılığa gələn müvafiq Tərəfin dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcəkdir.

Milli məhkəmənin və ya arbitraj məhkəməsinin çıxardığı qərarın tanınması və icra qaydası, ərazisində icra həyata keçiriləcək Razılığa gələn Tərəfin milli prosessual qanunvericiliyinə uyğun müəyyən edilir.

Maddə 11. Məsləhətləşmələr

Razılığa gələn hər bir Tərəf Razılığa gələn digər Tərəfə bu Sazişin təfsiri və ya tətbiqi ilə əlaqədar bütün məsələlər ətrafında məsləhətləşmələr aparmağı təklif edə bilər. Razılığa gələn digər Tərəf bu məsləhətləşmələrin aparılması üçün lazımi hazırlığı həyata keçirəcəkdir.

Maddə 12. Sazişin tətbiqi

Bu Sazişin müddəaları Razılığa gələn bir Tərəfin investorunun Razılığa gələn digər Tərəfin ərazisində bu Sazişin qüvvəyə minməsindən əvvəl və ya sonra həyata keçirdiyi investisiyalara tətbiq ediləcəkdir, lakin onun qüvvəyə minməsindən əvvəl yaranmış mübahisələrə tətbiq edilməyəcəkdir.

Maddə 13. Dəyişikliklər

Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Sazişin ayrılmaz hissəsi olaraq ayrı-ayrı Protokollarla rəsmiləşdiriləcək və bu Sazişin 14-cü maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minəcəkdir.

Maddə 14. Qüvvəyə minmə, qüvvədə olma və ləğvetmə

1. Bu Saziş, onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.

2. Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və Razılığa gələn Tərəflərdən biri diplomatik kanallar vasitəsilə Sazişin qüvvəsinin başa çatmasına 1 (bir) il qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə Razılığa gələn digər Tərəfə məlumat verməzsə, avtomatik olaraq növbəti beş il müddətinə qüvvədə qalacaqdır.

3. Bu Sazişin ləğv edilməsi tarixindən əvvəl qoyulmuş investisiyalara münasibətdə 1—12-ci maddələrin müddəaları sonrakı 10 illik müddətində qüvvədə qalacaqdır.

Bunun təsdiqi olaraq, öz Hökumətləri tərəfindən müvafiq qaydada səlahiyyətləndirilmiş şəxslər bu Sazişi imzaladılar.

Bu Saziş Bakı şəhərində 7 oktyabr 2004-cü il tarixində hər biri Azərbaycan, bolqar və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığının ortaya çıxdığı təqdirdə ingilis dilində olan mətn əsas götürüləcəkdir.

Azərbaycan Respublikası
Hökuməti adından
(imza)

Bolqarıstan Respublikası
Hökuməti adından
(imza)

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 830-IIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir ( «LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2005-ci il, № 3, maddə 140) («LegalActs» LLC).

© LegalActs LLC