Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında təhlükəsizlik və hüquq mühafizə fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2005-ci il, № 3, maddə 142)

Release date: 05.08.2004

Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında təhlükəsizlik və hüquq mühafizə fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş

Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında təhlükəsizlik və hüquq mühafizə fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş

Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti,

hər iki ölkənin dövlət başçılarının ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə və genişləndirilməsinə xidmət edən siyasətindən irəli gələn tələbləri həyata keçirmək niyyətində olduqlarını bildirərək,

öz ölkələri arasında yaxın qonşuluq və dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinin zəruriliyini nəzərə alaraq,

qarşılıqlı şəkildə hər iki dövlətin suverenliyinə, ərazi bütövlüyünə hörmət edərək,

çoxəsrlik tarixi və mədəni ənənələrinin mövcudluğunu qeyd edərək,

öz ərazilərində təhlükəsizliyin etibarlı təmin edilməsində həyata keçirilən hüquq mühafizə tədbirlərinin səmərəliliyinin yüksəldilməsində qətiyyətli olduqlarını, transmilli mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorizmə qarşı mübarizədə səylərinin birləşdirilməsinin əhəmiyyətini bəyan edərək,

qarşılıqlı əməkdaşlığın regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına müsbət və konstruktiv təsirini dərk edərək,

bərabərlik və qarşılıqlı fayda əsasında öz ölkələrinin qanunvericiliyini, beynəlxalq hüququn prinsip və normalarını, tərəfdar çıxdıqları beynəlxalq öhdəlikləri rəhbər tutaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1. Əməkdaşlığın sahələri

Tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edirlər:

1) cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması üzrə, o cümlədən terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli növlərinə qarşı mübarizədə;

2) insan həyatına, sağlamlığına, hüquq və azadlığına və ləyaqətinə qarşı cinayətlərlə mübarizədə;

3) narkotik vasitələrin və psixotrop maddələrin, həmçinin onların hazırlanması prosesində istifadə olunan prekursorların qanunsuz dövriyyəsi ilə mübarizədə;

4) aidiyyəti beynəlxalq konvensiyalar, qanunlar və prinsiplər çərçivəsində narkomaniyanın qarşısının alınmasında;

5) saxta pasport, viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin, habelə saxta pulların və ya qiymətli kağızların, yaxud başqa ödəniş sənədlərinin hazırlanmasına və satılmasına qarşı mübarizədə;

6) qarşı Tərəfin qanunlarına əsasən ölkəyə gətirilməsi qadağan olan malların qaçaqmalçılığı ilə mübarizədə;

7) cinayətkar fəaliyyət nəticəsində əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (çirkli pulların yuyulması) qarşı mübarizədə;

8) silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və qurğuların, nüvə və radioaktiv materialların qanunsuz dövriyyəsinə qarşı mübarizədə;

9) qaçaqmalçılığın bütün təzahürləri, habelə incəsənət, tarixi, arxeoloji sərvət olan əşyalara qarşı cinayətkar qəsdlər ilə mübarizədə;

10) insan alverinə, xüsusilə qadın və uşaq alverinə qarşı mübarizədə;

11) İnterpolun hər iki ölkədəki milli mərkəzi büroları arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsində;

12) dövlətlərarası müqaviləyə əsasən cinayət təqibindən gizlənən şəxslərin ekstradisiya olunmasında;

13) kompüter texnikasından, yüksək texnologiyalardan istifadə edilməklə törədilən cinayətlərə qarşı mübarizədə;

14) iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığın genişləndirilməsində;

15) iki ölkənin milli təhlükəsizliyinə xələl gətirə biləcək fəaliyyətə qarşı mübarizədə;

16) öz dövlətinin ərazisində digər Tərəfin vətəndaşlarının şəxsi və mülkiyyət hüquqlarının, digər qanuni hüquq və mənafelərinin qorunması istiqamətində.

Maddə 2. Əməkdaşlığın istiqamətləri

Bu Sazişin 1-ci maddəsində göstərilən müddəaların milli qanunvericiliyə uyğun olaraq yerinə yetirilməsi üçün Tərəflər aşağıdakı istiqamətlərdə əməkdaşlıq edəcəklər:

1) mütəşəkkil cinayətkar dəstələrin və şəxslərin aşkar edilməsi və bununla əlaqədar məlumatların qarşı Tərəfə göndərilməsi;

2) transmilli mütəşəkkil cinayətkar dəstələr, onların müxtəlif formaları, qarşısının alınması yolları, habelə hər iki ölkənin və yaxud ölkələrdən birinin milli təhlükəsizliyi əleyhinə olan terrorçu qruplaşmalar barədə informasiya mübadiləsi üzrə;

3) mütəşəkkil cinayətkarlığa, terrorizmə, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və bu Sazişdə qeyd olunan bütün təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın inkişafı üçün mütəxəssis və ekspertlərin mübadiləsi üzrə;

4) bu Sazişdə göstərilən cinayətlərə qarşı mübarizə və onların qarşısının alınması ilə əlaqədar qanunlara dair informasiya mübadiləsi üzrə;

5) Tərəflərin istəyi əsasında ayrı-ayrılıqda rəsmi razılaşmalar çərçivəsində hüquq mühafizə orqanları üçün lazımi təlimlərin keçirilməsi üzrə;

6) sərhədlərdə gediş-gəliş sahəsində nəzarət, eləcə də ölkədə beynəlxalq axtarışda olan əcnəbilərə dair informasiya və bu sahələrdə təcrübə mübadiləsi üzrə;

7) narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların yeni növləri, o cümlədən narkotik vasitələrin tranzit daşınması üçün istifadə olunan yollar haqqında informasiya mübadiləsi üzrə;

8) narkotik vasitələrin və psixotrop maddələrin aşkar olunmasının yeni üsulları, onların qaçaqmalçılığında istifadə olunan texniki avadanlıq və kinoloq xidmətinin imkanları barədə təcrübə mübadiləsi üzrə;

9) hər iki ölkənin sərhədlərindən qanunsuz keçən və tərəflərdən birinin ərazisində icazəsiz məskunlaşmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin nəzarət sahəsində təcrübə mübadiləsi üzrə;

10) hüquq mühafizə orqanları əməkdaşlarının təlim keçmələri, qabaqcıl iş metodlarının öyrənilməsi sahəsində təcrübə mübadiləsi üzrə;

11) hər iki ölkə vətəndaşlarının qarşı ölkədə törətdikləri cinayət hadisələri və onlara təyin edilmiş cəza növləri barədə informasiya mübadiləsi üzrə;

12) silah, hərbi sursat, partlayıcı, nüvə, radioaktiv, kimyəvi maddələr və həyat üçün təhlükəli olan infeksiya törədicilərinin qanunsuz istehsalı ilə mübarizə sahəsində informasiya və təcrübə mübadiləsi üzrə;

13) cinayətlərin qarşısının alınması sahəsində birgə elmi tədqiqatların keçirilməsi və bu məqsədlə qarşılıqlı ezamiyyətlərin təşkil edilməsi üzrə;

14) hüquq mühafizə fəaliyyəti ilə əlaqədar, elmi tədqiqatların nəticələrinin və nəşr materiallarının mübadiləsi üzrə;

15) sərhədyanı məntəqələrdə hər iki Tərəfin sərhəd xidməti işçilərinin müntəzəm görüşlərinin təşkil edilməsi üzrə.

Bu maddədə qeyd olunan əməkdaşlıq əlaqələri Tərəflərin rəsmi müraciətləri əsasında müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.

Maddə 3. Sazişin icrasına məsul olan orqanlar

Bu Saziş qüvvəyə mindikdən sonra, Tərəflər onun icrasına məsul olan dövlət orqanı haqqında diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandırırlar.

Maddə 4. Müştərək Komissiya

Tərəflər əməkdaşlığın həyata keçirilməsi, onun yeni istiqamətlərinə dair təkliflərin hazırlanması və ya bu Sazişin mətnində ehtimal olunan dəyişikliklərin edilməsi, o cümlədən qarşılıqlı əlaqələrdə ortaya çıxan fikir ayrılıqları barədə qərar qəbul olunması məqsədilə müştərək komissiya təşkil edirlər.

Sazişin icrasına məsul olan dövlət orqanları müvafiq komissiyanın tərkibini təyin edərək, bu barədə diplomatik kanallar vasitəsilə digər Tərəfi məlumatlandırır.

Komissiyanın üzvləri hər iki tərəfdən bərabər sayda təşkil edilir və onun iclasları ildə bir dəfədən az olmayaraq, alternativ şəkildə Tərəflərin dövlətlərinin ərazisində keçirilir.

Təxirəsalınmaz hallarda Komissiyanın növbədənkənar iclası keçirilə bilər.

Komissiyanın ilk iclası bu Saziş qanuni qüvvəyə mindikdən altı ay sonra keçirilə bilər.

Maddə 5. Sorğuların icrasından imtina etmə

Hər bir Tərəf, onun dövlətinin suverenliyinə, təhlükəsizliyinə, yaxud digər milli mənafelərinə zərər vura bilən, icrası milli qanunvericiliyi ilə ziddiyyət təşkil edən sorğunun icrasından tam və ya qismən imtina edə bilər.

Sorğunun icrasından tam və ya qismən imtina edildiyi halda, imtinanın səbəbi barədə digər Tərəf diplomatik kanallar vasitəsilə məlumatlandırılır.

Maddə 6. Konfidensiallığa riayət edilməsi

Tərəflərin aldığı məlumat və sənədlər konfidensial sayılır və onların məxfiliyi təmin edilir. Alınmış məlumat və sənədlər, yalnız onu təqdim edən Tərəfin müəyyən etdiyi qaydaya uyğun istifadə olunur və onu təqdim edən Tərəfin rəsmi razılığı əsasında üçüncü Tərəfə ötürülə bilər.

Maddə 7. Ziddiyyətlərin aradan qaldırılması yolları

Bu Sazişin müddəalarının təfsirində və onun icrasında Tərəflər arasında yaranan fikir ayrılıqları və ziddiyyətlər diplomatik kanallar və 4-cü maddədə göstərilən müştərək komissiya tərəfindən danışıqlar yolu ilə həll edilir.

Maddə 8. Sazişə əlavə və dəyişikliklərin edilməsi

Tərəflərin razılığı ilə bu Sazişdə dəyişikliklər və əlavələr edilə bilər. Bütün əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz hissəsi hesab olunan protokollarla rəsmiləşdirilir və 11-ci maddənin müddəalarına uyğun olaraq qüvvəyə minir.

Maddə 9. Maliyyə xərcləri

Bu Sazişin müddəalarının yerinə yetirilməsi zamanı yarana biləcək xərclərin məbləği 4-cü maddədə göstərilən müştərək komissiya tərəfindən müəyyən edilərək ödənilməsi təmin olunur.

Maddə 10. Öhdəliklər

Bu Sazişin müddəaları Tərəflərin iştirakçısı olduqları beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

Maddə 11. Yekun müddəalar

Bu Saziş, tələb olunan müvafiq dövlətdaxili prosedurların yerinə yetirilməsini təsdiq edən sonuncu yazılı bildirişdən 30 gün sonra qüvvəyə minir və beş il müddətində qüvvədədir.

Əgər Tərəflərdən biri həmin müddətin bitməsinə altı ay qalmış bu Sazişi ləğv etmək haqqında digər Tərəfə diplomatik kanallar vasitəsilə rəsmi şəkildə bildiriş göndərməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beş il müddətinə uzadılır.

Sazişin qüvvədə olma müddətinə daxil olan sorğular bu Sazişlə müəyyən olunmuş qaydada icra edilir.

Saziş 11 maddədən ibarət olmaqla Bakı şəhərində 5 avqust 2004-cü ildə (15.05.1383 h c) hər biri iki əsl nüsxədə Azərbaycan, fars və ingilis dillərində imzalanmışdır və bütün mətnlər eyni qüvvəyə malikdir.

Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı yarandıqda, ingilis dilində olan mətn əsas götürülür.

Azərbaycan Respublikası
Hökuməti adından
(imza)

İran İslam Respublikası
Hökuməti adından
(imza)

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 835-IIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir ( «LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2005-ci il, № 3, maddə 142) («LegalActs» LLC).

© LegalActs LLC