Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Saziş
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2005-ci il, № 3, maddə 150)
Release date: 30.11.2004Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti
arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında
Saziş
Bundan sonra «Razılığa gələn Tərəflər» adlandırılan Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti, onların qarşılıqlı faydası üçün iki dövlət arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq sahələrində əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi arzusu ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Razılığa gələn Tərəflər müvafiq qanun və qaydalarına uyğun olaraq bərabərlik və qarşılıqlı fayda əsasında sənaye, enerji, kənd təsərrüfatı, kommunikasiya, nəqliyyat, tikinti, əmək, turizm və digər sektorlar kimi iqtisadi, ticarət və texniki sahələrdə bir-biri ilə əməkdaşlıq edəcəklər.
Maddə 2
Razılığa gələn Tərəflər öz dövlətlərində qüvvədə olan qanun və qaydalara uyğun olaraq öz aralarında ticarət əlaqələrinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün bir-birinə münasibətdə ən əlverişli rejim prinsipini tətbiq edəcəklər.
Bu müddəa aşağıdakılara tətbiq edilməyəcəkdir:
1. Razılığa gələn Tərəflərdən birinin sərhədyanı ticarətin və mal daşınmalarının sadələşdirilməsi məqsədilə hər hansı qonşu dövlətlərə verdiyi və ya verəcəyi güzəşt və imtiyazlara;
2. Azad ticarət zonalarının və gömrük ittifaqlarının yaradılmasında Razılığa gələn Tərəflərin iştirakından irəli gələn güzəşt və imtiyazlara;
3. İqtisadi inteqrasiyaya yönəldilmiş regional və çoxtərəfli sazişlər çərçivəsində hər hansı üçüncü dövlətə verilən güzəştlərə.
Maddə 3
Razılığa gələn Tərəflər öz dövlətlərində qüvvədə olan qanun və qaydalara uyğun olaraq və hüquqi şəxslərini ticarət metodlarının əldə edilməsinə, ticarət şirkətlərinin və birgə müəssisələrin yaradılmasına təşviq edəcəklər.
Maddə 4
Razılığa gələn Tərəflər öz dövlətlərində qüvvədə olan qanun və qaydalara uyğun olaraq ticarət şirkətlərinin və müəssisələrinin Razılığa gələn digər Tərəfin dövlətinin ərazisində keçirilən beynəlxalq və ya xüsusi sərgilərdə iştirak etməsini təşviq edəcək və bu istiqamətdə qarşılıqlı tədbirlərin həyata keçirilməsinə şərait yaradacaqlar.
Maddə 5
Bu Saziş çərçivəsində hüquqi və fiziki şəxslər arasında aparılan əməliyyatlar üzrə ödənişlər aidiyyəti tərəflər arasında razılaşdırılacaq sərbəst dönərli valyutada aparılır.
Maddə 6
Razılığa gələn Tərəflər bu Saziş çərçivəsində və öz dövlətlərində qüvvədə olan qanun və qaydalara uyğun olaraq aşağıdakıları sadələşdirəcək:
1. Razılığa gələn digər Tərəfin dövlət ərazisindən gələn və üçüncü dövlətin ərazisinə daşınması nəzərdə tutulan malların tranzitini;
2. üçüncü dövlətin ərazisindən gələn və Razılığa gələn digər Tərəfin dövlət ərazisinə daşınması nəzərdə tutulan malların tranzitini.
Maddə 7
Razılığa gələn Tərəflər öz dövlətlərində qüvvədə olan qanun və qaydalara uyğun olaraq Hökumət tərəfindən təşkil edilən sərgi və yarmarkaların keçirilməsi üçün idxal olunan və sonradan geri qaytarılacaq əşya və avadanlıqları gömrük rüsumları və vergilərdən azad edəcəklər.
Maddə 8
Bu Sazişin müddəalarının səmərəli şəkildə tətbiqi və onun icrası zamanı yarana biləcək problemləri aradan qaldırmaq üçün Razılığa gələn Tərəflər, Tərəflərin hər hansı birinin müraciəti ilə vaxtaşırı hər iki ölkədə növbə ilə görüşəcək İqtisadi, Ticarət və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiya yaratmaq barədə razılığa gəldilər:
bu Sazişin müddəalarının icrasını asanlaşdırmaq üçün prosedur qaydalar təklif etmək,
iki ölkə arasında iqtisadi, ticarət, mədəni, kənd təsərrüfatı və sənaye sahəsində əməkdaşlığı genişləndirmək üçün tələb olunan müxtəlif üsulları tədqiq etmək,
ticarət mübadiləsinin əhatə dairəsini genişləndirmək, təşviq etmək və maneələri aradan qaldırmaq.
bu Sazişin təfsiri və tətbiqindən irəli gələn problemlərin həll olunması və tənzimlənməsini razılaşdırmaq,
iki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək və ticarət mübadiləsi perspektivlərini genişləndirmək üçün bu Sazişə dəyişikliklər edilməsi ilə bağlı təkliflər hazırlamaq.
Maddə 9
Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Sazişin ayrılmaz hissəsi olan ayrı-ayrı protokollarla rəsmiləşdirilir və bu Sazişin 10-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 10
Bu Saziş, Razılığa gələn Tərəflərin Sazişin qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili prosedurların başa çatdırıldığını təsdiqləyən sonuncu yazılı bildirişi aldığı tarixdə qüvvəyə minir.
Bu Saziş beş (5) il müddətinə bağlanılır və Razılığa gələn Tərəflərdən biri ən azı altı (6) ay qalmış bu Sazişin ləğv edilməsi niyyəti barədə diplomatik kanallar vasitəsilə Razılığa gələn digər Tərəfi yazılı şəkildə məlumatlandırmazsa, Saziş avtomatik olaraq növbəti beş ilə uzadılacaqdır.
Bu Sazişin müddəaları, onun qüvvədə olduğu müddət ərzində bağlanılmış bütün müqavilələrə münasibətdə, həmin müqavilələrin müddəti başa çatana qədər qüvvədə qalacaqdır.
Bu Saziş Dohada 30 noyabr 2004-cü ildə iki əsl nüsxədə, hər biri Azərbaycan, ərəb və ingilis dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
Fikir ayrılığı olduğu halda, ingilis dilində olan mətn əsas götürüləcəkdir.
Azərbaycan Respublikası |
Qatar Dövləti |
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 mart tarixli, 845-IIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2005-ci il, № 3, maddə 150) («LegalActs» LLC).
© LegalActs LLC