On approval of Regulations on issuance of special permits (licenses) for exploration of entrails of the earth in geological respect, prospecting and extraction of underground water, extraction of non-metallic building materials, decorative and non-ferrous stones by industrial method


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 1998-ci il, № 1 (7), maddə 56)

Release date: 24.01.1998

Yerin təkinin geoloji cəhətdən öyrənilməsi, yeraltı suların kəşfiyyatı və çıxarılması, qeyri-filiz tikinti materiallarının, bəzək və əlvan daşların sənaye üsulu ilə çıxarılmasına xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Yerin təkinin geoloji cəhətdən öyrənilməsi,
yeraltı suların kəşfiyyatı və çıxarılması,
qeyri-filiz tikinti materiallarının, bəzək və
əlvan daşların sənaye üsulu ilə çıxarılmasına
xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları haqqında

Qərar № 18

Bakı şəhəri, 24 yanvar 1998-ci il

«Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Yerin təkinin geoloji cəhətdən öyrənilməsi, yeraltı suların kəşfiyyatı və çıxarılması, qeyri-filiz tikinti materiallarının, bəzək və əlvan daşların sənaye üsulu ilə çıxarılmasına xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 1998-ci il, № 1 (7), maddə 56) («LegalActs» LLC).

7 noyabr 2002-ci il tarixli, 173 nömrəli Qərara əsasən qüvvədən düşmüşdür ( «LegalActs» LLC).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 24 yanvar tarixli
18 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Yerin təkinin geoloji cəhətdən öyrənilməsi,
yeraltı suların kəşfiyyatı və çıxarılması,
qeyri-filiz tikinti materiallarının, bəzək və
əlvan daşların sənaye üsulu ilə
çıxarılmasına xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları

I. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə»yə və «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən hazırlanmışdır və yerin təkinin geoloji cəhətdən öyrənilməsi, yeraltı suların kəşfiyyatı və çıxarılması, qeyri-filiz tikinti materiallarının, bəzək və əlvan daşların sənaye üsulu ilə çıxarılmasına xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra lisenziya) qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə (bundan sonra «ərizəçilər») lisenziyada göstərilmiş yerin təki sahələrinin hüdudlarında aşağıdakı fəaliyyət növlərini həyata keçirməyə icazə verən rəsmi sənəddir:

1.2.1. Yerin təkinin geoloji cəhətdən öyrənilməsi;

1.2.2. Yeraltı suların kəşfiyyatı və çıxarılması, qeyri-filiz tikinti materiallarının, bəzək və əlvan daşların sənaye üsulu ilə çıxarılması.

Lisenziyada göstərilmiş yerin təki sahəsində bu bənddə göstərilən hər bir fəaliyyət növü üçün ayrıca lisenziya verilir. Hüquqi, yaxud fiziki şəxslərin fəaliyyəti çox profilli (yönümlü) olduqda, onlar bir neçə lisenziyaya malik ola bilərlər.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən yerin təki sahəsində sahibkarlıq fəaliyyətinin lisenziyada nəzərdə tutulmuş növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

1.4. Xarici hüquqi və fiziki şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar.

1.5. Lisenziyanın sahibi verilən lisenziyadan (lisenziyanın surətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

II. Lisenziyanın verilməsi qaydası

2.1. Lisenziya almaq üçün ərizəçi Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə aşağıdakıları təqdim etməlidir:

2.1.1. Lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

    • hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü*;
    • fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü*;

2.1.2. müəssisənin təsis sənədlərinin surəti;

2.1.3. müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

2.1.4. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə;

2.1.5. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.6. ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.1.7. lisenziya verilməsi üçün tələb olunan zəruri şərtlər**:

  • yerin təkindən istifadə ilə əlaqədar işlərin aparılması üçün ayrılan torpaq sahələrinin sərhədləri göstərilən sənədin surəti;
  • yerin təkinin geoloji cəhətdən öyrənilməsi üçün geoloji ayırma sənədlərinin surəti;
  • qeyri-filiz tikinti materiallarının, bəzək və əlvan daşların sənaye üsulu ilə çıxarılması üçün dağ-mədən ayırması sənədlərinin surəti;
  • yerin təkindən istifadə ilə əlaqədar aparılacaq işlərin layihələrinin ekoloji ekspertizasının surəti;
  • bu Qaydalarda nəzərdə tutulan fəaliyyətlə məşğul olmaq üçün ərizəçinin və ya cəlb ediləcək mütəxəssislərin müvafiq ixtisasa malik olduqlarını təsdiq edən sənədin surəti;
  • yerin təkindən istifadə ilə əlaqədar işlərin aparılması üçün vacib olan, ərizəçinin və onun tərəfindən podrat işinə cəlb edilmiş müəssisənin texniki və texnoloji imkanları haqqında arayış.

2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmamazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmamazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.4.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

2.4.4. ərizəçi və ya cəlb ediləcək mütəxəssislər bu Qaydalarda nəzərdə tutulan fəaliyyətlə məşğul olmaq üçün müvafiq ixtisasa malik olmadıqda;

2.4.5. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 il vaxt keçməmişdirsə;

2.4.6. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.4.7. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.6. Müəssisə, təşkilat, idarə ləğv edildikdə, yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən şəhadətnamə qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən lisenziya da öz hüquqi qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar dəyişdikdə, lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin verdiyi lisenziyanın surəti əsasında həyata keçirir.

III. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin adı;

3.1.2. hüquqi şəxslər üçün — lisenziya verilən müəssisə, təşkilat və idarənin adı və hüquqi ünvanı;

3.1.3. fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, pasport məlumatları (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, yaşayış yeri);

3.1.4. lisenziya verilən yerin təki sahəsində həyata keçirilən fəaliyyət növü;

3.1.5. lisenziyanın qüvvədə olma müddəti;

3.1.6. müvafiq fəaliyyət növünün həyata keçirilməsi qaydası;

3.1.7. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziya Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin rəhbəri (o olmadıqda, rəhbərin müavini) tərəfindən imzalanır və Komitənin möhürü ilə təsdiq olunur. Lisenziyanın surəti Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsində saxlanılır.

IV. Lisenziyanın müddəti

4.1. Lisenziya fəaliyyət növlərindən asılı olaraq aşağıdakı müddətlərə verilir:

4.1.1. yerin təkinin geoloji cəhətdən öyrənilməsinə — 2 ildən az olmayaraq;

4.1.2. yeraltı suların kəşfiyyatı və çıxarılması qeyri-filiz tikinti materiallarının, bəzək və əlvan daşların sənaye üsulu ilə çıxarılması — 2 ildən az olmayaraq.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziya və onun surətləri etibarsız sayılır.

V. Lisenziyanın surəti

5.1. Lisenziyanın surəti — lisenziyanın sahibinə hər bir obyekt üçün lisenziya blankında, əvvəllər verilmiş lisenziyada əks edilən göstəricilər yazılmaqla, blankın yuxarı sağ küncünə «Surəti» sözü əlavə edilməklə doldurulmuş, orqanın rəhbəri ya rəhbər olmadıqda müavini tərəfindən imzalanan və orqanın möhürü ilə təsdiq edilən və həmin obyektdə bu fəaliyyət növü ilə məşğul olmağa icazə verən rəsmi sənəddir.

5.2. Ərizəçi ona verilmiş lisenziyanı itirdikdə həmin lisenziyanın surətini almaq üçün Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə aşağıdakı sənədləri təqdim etməlidir:

5.2.1. verilmiş lisenziyanın qeydiyyat nömrəsi, tarixi, fəaliyyətin növü, obyektin adı və ünvanı göstərilməklə ərizə;

5.2.2. obyekt barədə bu Qaydaların 2.1.6—2.1.7 yarımbəndlərində tələb olunan sənədlər.

5.3. Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi lisenziyanın surətinin verilməsinə dair müraciətə bu Qaydaların 2.3 və 2.4 bəndlərinə əsasən baxır və müvafiq qərar qəbul edir.

5.4. Lisenziyaların surəti Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi tərəfindən qeydə alınır.

5.5. Lisenziyanın surəti itirildikdə lisenziya sahibi lisenziyanın yeni surətini rəsmiləşdirmək üçün Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə müraciət edir.

5.6. Lisenziyanın surətinin verilməsi və yenidən rəsmiləşdirilməsi üçün haqq alınmır.

VI. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

6.1. Bu Qaydalara əsasən lisenziya sahibləri fəaliyyət növünü həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidirlər:

6.1.1. Azərbaycan Respublikasının qanunvericilik və normativ aktlarında nəzərdə tutulmuş yerin təkindən istifadə ilə əlaqədar işlərin müəyyən edilmiş qaydada təsdiq edilmiş texnologiyası standartlarına (norma və qaydalara), faydalı qazıntılar çıxarılarkən itkilərin normadan artıq olmamasına, onların keyfiyyətinin aşağı düşməsinə yol verilməməsinə;

6.1.2. dağ-mədən işlərinin inkişaf sxeminə və texniki layihələrin tələblərinə;

6.1.3. Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə geoloji məlumatların, faydalı qazıntıların kəşfiyyatı aparılmış, çıxarılmış və yerin təkində qalmış ehtiyatları barədə hesabatların, onların tərkibindəki komponentlər, həmçinin yerin təkindən faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilməsi haqqında məlumatların təqdim edilməsinə;

6.1.4. yeraltı sulardan istifadə edərkən lisenziyanın təsir zonasındakı yeraltı suların monitorinq məlumatlarının dövlət monitorinq sisteminə təqdim edilməsi qaydalarına;

6.1.5. yerin təkindən istifadə ilə əlaqədar işlər apararkən işçilərin və əhalinin təhlükəsizliyinin təmin edilməsinə;

6.1.6. yerin təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zəruri təsirindən qorunmasını reqlamentləşdirən standartların (normaların, qaydaların) tələblərinə;

6.1.7. yerin təkindən istifadə edərkən korlanmış torpaq sahələrinin rekultivasiyası və başqa təbii obyektlərin istifadə üçün yararlı hala salınması tələblərinə;

6.1.8. faydalı qazıntı yataqlarının istismarı zamanı başqa təsərrüfat məqsədləri üçün istifadə oluna biləcək dağ qazmalarının və buruq quyularının qorunub saxlanmasının, istifadəsi mümkün olmayan buruq quyularının və qazmaların müəyyən edilmiş qaydada ləğv edilməsinin təmin edilməsinə;

6.1.9. yerin təkindən istifadə prosesində toplanan geoloji, markşeyder və digər sənədlərin aparılmasının, həmin sənədlərin, kern və nümunələrin qorunmasının təmin edilməsinə;

6.1.10. yerin təkindən və torpaq sahələrindən istifadə haqqının və başqa məcburi ödənişlərin vaxtlı-vaxtında və düzgün ödənilməsinə;

6.1.11. yerin təkinin geoloji öyrənilməsinin mövcud tələblərə uyğun aparılmasının və mineral-xammal ehtiyatlarından səmərəli və kompleks istifadənin təmin edilməsinə;

6.1.12. faydalı qazıntı yataqlarının su basmasından, sulanmadan, yanğından və faydalı qazıntıların keyfiyyətini aşağı sala bilən, yataqların sənaye əhəmiyyətini azaldan və ya onların işlənməsini mürəkkəbləşdirən digər amillərdən mühafizə edilməsinə;

6.1.13. geoloji məlumatların dövlət geoloji informasiya fonduna təqdim edilməsinə;

6.1.14. emal məhsullarından və tullantılarından tam istifadə olunması, faydalı komponentlər saxlayan və müvəqqəti istifadə edilməyən istehsal məhsullarının və tullantılarının yığılması, uçotu və qorunmasının təmin edilməsinə;

6.1.15. yerin təkinə atılan istehsalat tullantıları və axıdılan çirkab sənaye sularının norma və standartlara uyğunluğuna;

6.1.16. yeraltı suların kəşfiyyatı və çıxarılması ilə əlaqədar işlərin aparılmasında Azərbaycan Respublikasının su Məcəlləsinin tələblərinə;

6.1.17. geoloji və yaxud dağ-mədən ayırması hüdudları daxilində yerin təki sahəsindən lisenziyada göstərilmiş fəaliyyət növünə uyğun istifadə edilməsinə;

6.1.18. yerin təkindən istifadə ilə əlaqədar işlərin aparılmasında torpaq qanunvericiliyinin tələblərinə;

6.1.19. lisenziyada nəzərdə tutulan işlərin başlama vaxtına.

6.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi həyata keçirir.

6.3. Nəzarət qaydasında Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin səlahiyyətlərinə aşağıdakılar daxildir:

6.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

6.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar istəmək və almaq;

6.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

6.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq vermək;

6.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

6.4. Lisenziya sahibi aparılan yoxlama zamanı Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

6.5. Yoxlamanın nəticəsi barədə iki nüsxədən ibarət akt tərtib edilir. Akt Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin nümayəndələri və lisenziya sahibi (müəssisənin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (müəssisənin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

6.6. Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

VII. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

7.1. Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

7.1.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.1.2. ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

7.1.3. hüquqi şəxsin və fiziki şəxsin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

7.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarla tələb olunan zəruri şərait və şərtlər pozulduğu aşkar edildikdə;

7.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

7.2. Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan beş gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər. Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

7.3. Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi lisenziyanı aşağıdakı hallarda ləğv edir:

7.3.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

7.3.3. lisenziyanın qüvvədə olma qaydaları ərizəçi tərəfindən pozulduqda;

7.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

7.3.5. hüquqi şəxs ləğv edildikdə və sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə verilən şəhadətnamə qüvvəsini itirdikdə;

7.3.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

7.4. Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

7.5. Lisenziyanın fəaliyyətinin dayandırılması, ləğv edilməsi və ya bərpası haqqında qəbul edilmiş qərar lisenziyanın bu Qaydalara əsasən verilmiş surətlərinə də şamil olunur.

7.6. Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

VIII. Məsuliyyət

8.1. Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin rəhbərləri və vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

8.2. Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəmə orqanlarına şikayət oluna bilər.

8.3. Bu Qaydalarda göstərilən fəaliyyət növləri ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.


* Ərizədə göstərilən fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçiriləcəkdirsə, ərizədə həmin obyektlərin sayı və ünvanı da göstərilir.

** Bu şərtlərə ərizəçinin ərizədə göstərilən fəaliyyət növü ilə məşğul olacaq hər bir obyekti uyğun olmalıdır.


© LegalActs LLC