On approval of Regulations on issuance of license for implementation of audit activity on the territory of the Azerbaijan Republic


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 1998-ci il, № 1 (7), maddə 48)

Release date: 30.07.2002

Azərbaycan Respublikası ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilməsi qaydalarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilməsi qaydalarının təsdiq edilməsi haqqında

Qərar № 9

Bakı şəhəri, 13 yanvar 1998-ci il

«Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Azərbaycan Respublikası ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 1998-ci il, № 1 (7), maddə 48) («LegalActs» LLC).

30 iyul 2002-ci il tarixli, 118 nömrəli Qərara əsasən əlavələr və dəyişikliklərlə ( «LegalActs» LLC).

7 noyabr 2002-ci il tarixli, 173 nömrəli Qərara əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 13 yanvar tarixli
9 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikası ərazisində
auditor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilməsi
Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» və «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə»yə və Azərbaycan Respublikası Prezidentinin «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 1115 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Auditorlar Palatası (bundan sonra «Auditorlar palatası» adlandırılacaq) haqqında Əsasnaməyə müvafiq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra lisenziya) qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Auditorlar Palatası tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə (bundan sonra «ərizəçilərə») Azərbaycan Respublikası ərazisində auditor fəaliyyəti növlərini həyata keçirməyə icazə verən rəsmi sənəddir:

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra auditor fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

1.4. Xarici hüquqi şəxslər, xarici hüquqi şəxslərin lisenziyada göstərilən filialları və nümayəndəlikləri öz ölkəsində auditor fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda onlar auditor fəaliyyəti ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar.

Xarici auditor təşkilatının filialına və ya nümayəndəliyinə Azərbaycan Respublikası ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya onların tərkibində Auditorlar Palatasının verdiyi lisenziyaya malik 3 (üç) auditor olduqda verilir.

1.5. Lisenziyanın sahibi verilən lisenziyadan (lisenziyanın surətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

II. Lisenziyanın verilməsi qaydası

2.1. Azərbaycan Respublikası ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziya almaq üçün ərizəçi Auditorlar Palatasına aşağıdakıları təqdim etməlidir:

2.1.1. Lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

    • hüquqi şəxslər üçün — hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü;
    • fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü;

2.1.2. müəssisənin təsis sənədlərinin surəti;

2.1.3. müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

2.1.4. xarici hüquqi şəxslərin filialı (nümayəndəliyi) üçün Azərbaycan Respublikasında filial (nümayəndəlik) yaradan hüquqi şəxsin öz ölkəsində auditor fəaliyyəti göstərmək hüququnu təsdiq edən sənədin və filialda (nümayəndəlikdə) fəaliyyət göstərəcək auditorların lisenziyasının müvafiq qaydada təsdiq edilmiş surətləri;

2.1.5. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

2.1.6. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.7. fiziki şəxslərə lisenziya verilməsi üçün tələb olunan zəruri şərtlər:

    • Azərbaycan Respublikasının vətəndaşı olmaq;
    • mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşünas ixtisasları üzrə ali təhsilə və ixtisas üzrə azı 3 il iş stajına malik olmaq;
    • sərbəst auditor imtahanlarını vermək;
    • məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maliyyə-təsərrüfat münasibətləri sahəsində müəyyən vəzifələr tutmaq və ya müəyyən fəaliyyət ilə məşğul olma hüququndan məhrum edilməmək və ya bu növ cəza ilə bağlı məhkumluğun qanunvericilikdə müəyyən edilmiş qaydada ödənilməsi.

2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.3. Lisenziya almaq üçün təqdim olunmuş ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər Auditorlar Palatası tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmamazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətinə baxılır və müvafiq qərar qəbul edilir.

Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir. Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.4.3. lisenziya alınması üçün təqdim olunan sənədlər «Auditor xidməti haqqında» və «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanı ilə təsdiq olunmuş «bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə»yə və bu Qaydaya zidd olduqda;

2.4.4. auditor fəaliyyətinin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş zəruri şəraitlər təmin olmadıqda (ixtisas hazırlığı, təhsil, staj və s.);

2.4.5. ərizəçinin əvvəllər auditor fəaliyyəti göstərmək üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 il vaxt keçməmişsə;

2.4.6. ərizəçi, əvvəllər auditor fəaliyyəti göstərmək üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.4.7. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq Auditorlar Palatasına müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.6. Auditor təşkilatı ləğv edildikdə, yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün sərbəst auditorlara verilən şəhadətnamə qüvvədən düşdükdə, auditor təşkilatına və sərbəst auditora verilən lisenziya da öz hüquqi qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, fiziki şəxsin pasport məlumatları dəyişdikdə, lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə lisenziyanın sahibi öz fəaliyyətini əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə Auditorlar Palatasının verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. Auditor Palatasının rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

III. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. Auditorlar Palatasının adı;

3.1.2. sərbəst auditorun adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, yaşayış yeri);

3.1.3. auditor təşkilatının, xarici auditor təşkilatının filial və nümayəndəliyinin adı və hüquqi ünvanı;

3.1.4. lisenziyanın qüvvədə olma müddəti;

3.1.5. auditor fəaliyyətinin həyata keçirilməsi qaydası;

3.1.6. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi;

3.1.7. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü.

3.2. Lisenziya Auditorlar Palatasının sədri (o olmadıqda, sədr müavini) tərəfindən imzalanır və Palatasının möhürü ilə təsdiq edilir.

IV. Lisenziyanın müddəti

4.1. Auditor fəaliyyətini həyata keçirmək üçün lisenziya 5 (beş) il müddətinə verilir.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziya etibarsız sayılır.

V. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

5.1. Bu Qaydalara əsasən lisenziya sərbəst auditorlar, auditor təşkilatları, xarici auditor təşkilatlarının filial və nümayəndəlikləri auditor fəaliyyətini həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidirlər:

5.1.1. auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə hökmən riayət etmək;

5.1.2. auditor xidmətləri keyfiyyətli həyata keçirmək;

5.1.3. sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı (məhkəmə orqanlarının tələb etdiyi hallar istisna olmaqla) məxfi saxlamaq;

5.1.4. Auditorlar Palatası tərəfindən işlənib-hazırlanmış auditor standartlarının və normativ sənədlərin tələblərinə hökmən riayət etmək;

5.1.5. auditorlar auditor fəaliyyətini sərbəst, yaxud auditor təşkilatı ilə müqavilə əsasında həyata keçirmək;

5.1.6. sərbəst auditor fəaliyyətini auditor təşkilatı ilə müqavilə əsasında davam etdirmək, yaxud auditor təşkilatından çıxaraq yenidən sərbəst auditor fəaliyyəti ilə məşğul olmaq və ya müqavilə əsasında bir auditor təşkilatından çıxaraq başqa auditor təşkilatında öz fəaliyyətini davam etdirmək arzusunda olduqda, bu barədə Auditor Palatasına yazılı məlumat vermək;

5.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti Auditorlar Palatası həyata keçirir.

5.3. Nəzarət qaydasında Auditorlar Palatasının səlahiyyətlərinə aşağıdakılar daxildir:

5.3.1. sərbəst auditorlardan, auditor təşkilatlarından, xarici auditor təşkilatlarının filial və nümayəndəliklərindən hesabat almaq;

5.3.2. sərbəst auditorlardan, auditor təşkilatlarından, xarici auditor təşkilatlarının filial və nümayəndəliklərinin maliyyə-təsərrüfat fəaliyyətinin «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğunluğunu və auditin keyfiyyətini yoxlamaq, onların işinə nəzarət etmək;

5.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

5.3.4. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

5.4. Sərbəst auditorlar, auditor təşkilatları, xarici auditor təşkilatlarının filial və nümayəndəlikləri aparılan yoxlama zamanı yoxlayan Auditorlar Palatasının nümayəndələrinə yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludurlar.

5.5. Yoxlamanın nəticəsi barədə iki nüsxədən ibarət akt tərtib edilir. Akt Auditorlar Palatasının nümayəndələri və sərbəst auditor (auditor təşkilatının rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta sərbəst auditor (auditor təşkilatının) izahatı əlavə olunur.

VI. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

6.1. Auditorlar Palatası lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

6.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.1.2. lisenziya sahibi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

6.1.3. lisenziya sahibinin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

6.1.4. auditor təşkilatları, xarici auditor təşkilatlarının filial və nümayəndəliyi fəaliyyətə başladıqdan sonra tərkibində üçdən az auditor olarsa, bir ay müddətinə üç auditorun olmasını təmin etmədikdə;

6.1.5. müəyyən olunmuş forma üzrə hesabatları xəbərdarlıq edildikdən sonra təkrarən təqdim etmədikdə;

6.1.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.2. Auditorlar Palatası lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərər qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər.

Auditorlar Palatası tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

6.3. Auditorlar Palatası lisenziyanı aşağıdakı hallarda ləğv edir:

6.3.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

6.3.3. lisenziyanın qüvvədə olma qaydaları lisenziya sahibi tərəfindən pozulduqda;

6.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

6.3.5. hüquqi şəxs ləğv edildikdə və dövlət qeydiyyatı haqqında şəhadətnamə qüvvəsini itirdikdə;

6.3.6. təqvim ili ərzində üç dəfə keyfiyyətsiz audit aparıldıqda;

6.3.7. audit aparılması zamanı «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələbləri kobudcasına pozulduqda;

6.3.8. sərbəst autior haqqında maliyyə-təsərrüfat münasibətləri sahəsində müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyət ilə məşğul olma hüququndan məhrum etmə cəzasını, habelə tamah məqsədilə törədilmiş cinayətə görə cəzanı nəzərdə tutan məhkəmənin hökmü qüvvəyə mindikdə;

6.3.9. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla audit zamanı əldə edilmiş məlumatlar sərbəst auditor (auditor təşkilatı) tərəfindən təsərrüfat subyektinin rəhbərinin (mülkiyyətçisinin) razılığı olmadan üçüncü şəxsə verdikdə;

6.3.10. yoxlanılan müəssisədə şəxsi əmlak mənafeyi, yoxlanılan müəssisənin rəhbərliyindən hər hansı şəxslə birbaşa qohumluq əlaqəsi, müəssisənin təsisçisi, mülkiyyətçisi və ya səhmdarı olduğunu, müəssisədə bundan əvvəl öz peşə fəaliyyəti ilə bağlı xidmət göstərdiyini gizlətdikdə;

6.3.11. Auditorlar Palatasının üzvləri üçün müəyyən edilmiş üzvlük haqqını ödəmədikdə;

6.3.12. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.4. Auditorlar Palatası lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

6.5. Auditorlar Palatası verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

VII. Məsuliyyət

7.1. Auditorlar Palatasının rəhbərliyi və vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

7.2. Auditorlar Palatasının qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəmə orqanlarına şikayət oluna bilər.

7.3. Auditor fəaliyyəti ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.


© LegalActs LLC