On joining the Convention «On physical protection of nuclear material»


«Azərbaycan» qəzetində dərc edilmişdir (26 dekabr 2003-cü il, № 298) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2003-cü il, № 12, I kitab, maddə 704)

Release date: 09.12.2003

«Nüvə materialının fiziki mühafizəsi haqqında» Konvensiyaya qoşulmaq barəsində

«Nüvə materialının fiziki mühafizəsi haqqında» Konvensiyaya qoşulmaq barəsində

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası 1980-ci il martın 3-də Vyana şəhərində imzalanmış «Nüvə materialının fiziki mühafizəsi haqqında» Konvensiyaya qeyd-şərtlə (qeyd-şərtin mətni əlavə olunur) qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 9 dekabr 2003-cü il.

№ 547-IIQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (26 dekabr 2003-cü il, № 298) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2003-cü il, № 12, I kitab, maddə 704) («LegalActs» LLC).


Nüvə materialının fiziki mühafizəsi haqqında
Konvensiya

Bu Konvensiyanın iştirakçısı olan dövlətlər

hər bir dövlətin atom enerjisinin dinc məqsədlərlə istifadəsi və inkişafı hüququnu və atom enerjisinin dinc məqsədlərlə istifadəsi nəticəsində mümkün fayda əldə etmək üçün onların qanuni maraqlarını tanıyaraq,

atom enerjisinin dinc məqsədlərlə tətbiqi sahəsində beynəlxalq əməkdaşlığa yardımın göstərilməsi zərurətinə əmin olaraq,

nüvə materialının qanunsuz əldə edilməsi və istifadəsi nəticəsində yaranan potensial təhlükənin qarşısının alınmasını arzu edərək,

nüvə materialına münasibətdə qanun pozuntularının ciddi narahatlığa səbəb olmasına, belə qanun pozuntularının qarşısının alınması və aşkar edilməsini və onlara görə cəzalandırmanı nəzərdə tutan müvafiq və səmərəli tədbirlərin görülməsi üçün böyük ehtiyacın olmasına əmin olaraq,

nüvə materialının fiziki mühafizəsi üzrə hər bir iştirakçı dövlətin milli qanunvericiliyinə və bu Konvensiyaya uyğun olaraq səmərəli tədbirlərin işlənib hazırlanması məqsədi ilə beynəlxalq əməkdaşlığın vacibliyini dərk edərək,

bu Konvensiyanın, nüvə materialının təhlükəsiz yerdəyişməsinə yardım etməli olduğuna əmin olaraq,

eyni zamanda nüvə materialının ölkə daxilində istifadəsi, saxlanılması və daşınması zamanı onun fiziki mühafizəsinin vacibliyini vurğulayaraq,

hərbi məqsədlər üçün istifadə edilən nüvə materialının səmərəli fiziki mühafizəsinin vacibliyini etiraf edərək və belə materialın ciddi fiziki mühafizə altında olduğunu və bundan sonra da olacağını dərk edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Bu Konvensiyanın məqsədləri üçün:

a) «nüvə materialı» dedikdə, 238-plutonium üzrə 80%-dən artıq olan izotoplarla zənginləşdirilmiş plutonim istisna olmaqla, təbiətdə filiz və filiz qalıqlarından fərqli formada rast gəlinən və izotoplar qarışığından ibarət olan plutonim və uran-233, uran-235 üzrə 80%-dən artıq olan izotoplarla zənginləşdirilmiş uran istisna olmaqla, təbiətdə filiz və filiz qalıqlarından fərqli formada rast gəlinən və izotoplar qarışığından ibarət olan uran və yuxarıda adı çəkilən elementlərdən birini və ya bir neçəsini özündə cəmləşdirən istənilən material başa düşülür;

b) «uran-233 və ya uran-235 izotopları ilə zənginləşdirilmiş uran» dedikdə, uran-235 və ya uran-233 izotoplarını özündə cəmləşdirən, yaxud uran-238 izotopu ilə müqayisədə həmin izotopların cəminin qalıq faizi təbiətdə rast gəlinən uran-238 izotopu ilə müqayisədə uran-235 izotopunun faizindən yuxarı olan hər iki izotopu eyni miqdarda özündə cəmləşdirən uran başa düşülür;

c) «nüvə materialının beynəlxalq daşınması» dedikdə, nüvə materialının istənilən nəqliyyat növü ilə onu göndərən dövlətin qurğusundan göndərildiyi tarixdən etibarən son təyinat yeri olan alan dövlətin qurğusuna çatdırılmasına qədər, yükün mənşəyi sayılan dövlətin ərazi hüdudlarından kənara daşınması başa düşülür.

Maddə 2

1. Bu Konvensiya dinc məqsədlə istifadə edilən və beynəlxalq daşınma prosesində olan nüvə materialına tətbiq edilir.

2. 3-cü və 4-cü maddələr və 5-ci maddənin 3-cü bəndi istisna olmaqla, bu Konvensiya eyni zamanda, dinc məqsədlə ölkə daxilində istifadə edilən, saxlanılan və daşınan nüvə materialına da tətbiq edilir.

3. İştirakçı dövlətlərin dinc məqsədlərlə istifadə edilən nüvə materialına münasibətdə öz üzərinə götürdükləri 2-ci bəndlə əhatə olunan xüsusi öhdəliklərdən savayı, nüvə materialının dövlət daxilində istifadəsi, saxlanılması və daşınması zamanı, bu Konvensiyanın heç bir müddəası dövlət daxilində bu cür nüvə materialının istifadəsinə, saxlanılmasına və daşınmasına münasibətdə dövlətlərin suveren hüquqlarına toxunan müddəa kimi şərh edilməməlidir.

Maddə 3

Hər bir iştirakçı dövlət, öz ərazi hüdudlarında olan və ya onun yurisdiksiyası altında hərəkət edən gəmidə və ya təyyarədə olan, əgər belə gəmi və ya təyyarə həmin dövlətə və ya həmin dövlətdən kənara daşınmada iştirak edirsə, nüvə materialının beynəlxalq daşınması zamanı, bu cür daşınmanın, mümkün qədər, I Əlavədə göstərilən səviyyədə mühafizə olunmasını təmin etmək üçün beynəlxalq hüquqa uyğun olaraq və öz milli qanunvericiliyi çərçivəsində lazımi tədbirlər görür.

Maddə 4

1. Əgər hər hansı bir iştirakçı dövlət nüvə materialının beynəlxalq daşınma zamanı I Əlavədə göstərilən səviyyədə mühafizə olunacağı barədə təminat almamışdırsa, həmin iştirakçı dövlət bu cür nüvə materialını ixrac etmir və ya onun ixrac edilməsinə icazə vermir.

2. Əgər hər hansı bir iştirakçı dövlət nüvə materialının beynəlxalq daşınma zamanı I Əlavədə göstərilən səviyyədə mühafizə olunacağı barədə təminat almamışdırsa, həmin iştirakçı dövlət bu cür nüvə materialını bu Konvensiyanın iştirakçısı olmayan dövlətdən idxal etmir və ya onun idxal edilməsinə icazə vermir.

3. Əgər hər hansı bir iştirakçı dövlət nüvə materialının beynəlxalq daşınma zamanı, imkan daxilində, I Əlavədə göstərilən səviyyədə mühafizə olunacağı barədə təminat almamışdırsa, həmin iştirakçı dövlət bu cür nüvə materialının bu Konvensiyanın iştirakçısı olmayan dövlətlər arasında daşınması üçün öz ərazisindən quru və ya daxili su yolları, yaxud öz aeroportları və ya su limanları vasitəsi ilə tranzit daşınmasına icazə vermir.

4. Hər bir iştirakçı dövlət öz qanunvericiliyi çərçivəsində, eyni dövlətin bir hissəsindən həmin dövlətin digər hissəsinə beynəlxalq su və ya hava məkanı ilə daşınan nüvə materialına münasibətdə I Əlavədə göstərilən fiziki mühafizə səviyyəsini tətbiq edir.

5. Nüvə materialının I Əlavədə göstərilən səviyyədə mühafizə olunması barədə təminat almağa görə məsul olan iştirakçı dövlət, yuxarıda qeyd olunan 1-3-cü bəndlərə uyğun olaraq, ərazisindən nüvə materialının quru və ya daxili su yolları ilə keçməsi nəzərdə tutulan və ya aeroportlarına, yaxud su limanlarına nüvə materialı ilə daxil olması nəzərdə tutulan dövlətləri müəyyən edir və əvvəlcədən məlumatlandırır.

6. 1 bənddə göstərilən təminatların alınmasına görə məsuliyyət, qarşılıqlı razılaşma yolu ilə daşınmada idxalçı dövlət qismində çıxış edən iştirakçı dövlətə verilə bilər.

7. Bu maddənin heç bir müddəası, dövlətin ərazi suverenliyinə və yurisdiksiyasına, o cümlədən onun hava məkanı və ərazisindəki dəniz üzərindəki yurisdiksiyası və suverenliyinə toxunan müddəa kimi şərh edilmir.

Maddə 5

1. İştirakçı dövlətlər nüvə materialının fiziki mühafizəsinə görə və onun geri qaytarılması üzrə razılaşdırılmış tədbirlərə görə və nüvə materialının hər hansı bir qeyri-qanuni yerdəyişməsi, istifadəsi və daşınması zamanı və ya bu cür hərəkətin baş verməsinə real təhlükə olan hallarda cavab tədbirlərinə görə məsul olan mərkəzi orqan və əlaqə məntəqəsi müəyyən edirlər və bu barədə bilavasitə və ya Atom Enerjisi üzrə Beynəlxalq Agentlik vasitəsi ilə bir-birinə məlumat verirlər.

2. Nüvə materialı oğurlandıqda, soyğunçuluqla və ya digər hər hansı bir üsulla ələ keçirildikdə və ya bu cür hərəkətin baş verməsinə real təhlükə olduqda, iştirakçı dövlətlər öz qanunvericiliklərinə uyğun olaraq maksimal əməkdaşlığı təmin edir və belə xahişlə müraciət edən istənilən dövlətə bu cür nüvə materialının geri qaytarılmasında və mühafizə olunmasında yardım edirlər. Xüsusilə də:

a) iştirakçı dövlət müvafiq tədbirlər görür ki, nüvə materialının oğurlanmasına, soyğunçuluqla ələ keçirilməsinə və ya digər hər hansı bir qeyri-qanuni üsulla ələ keçirilməsi və ya bu cür hərəkətin baş verməsinə real təhlükə olması barədə onun fikrincə aidiyyəti olan digər dövlətləri mümkün qədər tez məlumatlandırsın və eyni zamanda, lazım gəldikdə, beynəlxalq təşkilatları da məlumatlandıra bilsin;

b) lazım gəldikdə, maraqlı iştirakçı dövlətlər təhlükə altında olan nüvə materialının mühafizəsini təmin etmək, nəqliyyat konteynerinin salamatlığını yoxlamaq və ya qeyri-qanuni yolla ələ keçirilmiş nüvə materialını geri qaytarmaq məqsədi ilə bir-biri ilə və ya beynəlxalq təşkilatlarla məlumat mübadiləsi həyata keçirir və;

i) diplomatik və digər razılaşdırılmış kanallarla öz səylərini əlaqələndirirlər;

ii) sorğu edildikdə, yardım göstərirlər;

iii) yuxarıda qeyd olunan hallar nəticəsində oğurlanmış və ya itirilmiş nüvə materialının geri qaytarılmasını təmin edirlər.

Bu cür əməkdaşlığın həyata keçirilmə üsulları maraqlı iştirakçı dövlətlər tərəfindən müəyyən edilir.

3. İştirakçı dövlətlər, nüvə materialının beynəlxalq daşınma zamanı fiziki mühafizə sisteminin təşkilinə, yaxşılaşdırılmasına və istismarına dair tövsiyələr almaq məqsədi ilə, bilavasitə, yaxud beynəlxalq təşkilatlar vasitəsi ilə bir-biri ilə lazımi qaydada əməkdaşlıq edir və məsləhətləşmələr keçirirlər.

Maddə 6

1. İştirakçı dövlətlər, bu Konvensiyanın müddəalarına əsasən digər iştirakçı dövlətlərdən məxfi şəkildə aldıqları hər hansı bir məlumatın məxfiliyini qorumaq və ya bu Konvensiyanı həyata keçirmək məqsədi ilə keçirilən fəaliyyətdə iştirak edən zaman öz milli qanunvericiliklərinə uyğun gələn müvafiq tədbirlər görürlər. Əgər iştirakçı dövlətlər beynəlxalq təşkilatlara məlumatları məxfi şəkildə təqdim edirlərsə, onda bu cür məlumatın məxfiliyinin qorunmasını təmin etmək üçün tədbirlər görülür.

2. Bu Konvensiyanın şərtlərinə görə, iştirakçı dövlətlərdən, milli qanunveri-ciliyə əsasən açıqlanmasına icazə verilməyən və ya maraqlı dövlətin təhlükə-sizliyini və ya nüvə materialının fiziki mühafizəsini təhlükə altına qoyan hər hansı bir məlumatın təqdim edilməsi tələb olunmur.

Maddə 7

1. Qəsdən törətmə:

a) səlahiyyətli orqanların icazəsi olmadan nüvə materialının alınması, əldə edilməsi, istifadəsi, ötürülməsi, formasının dəyişdirilməsi, məhv edilməsi və yayılması kimi, hər hansı bir şəxsin ölümü ilə nəticələnən və ya nəticələnə bilən və ya ona ciddi xələl gətirən və ya gətirə bilən və ya mülkiyyətə əhəmiyyətli zərərin yetirilməsi ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər;

b) nüvə materialının oğurlanması və ya onun soyğunçuluq yolu ilə ələ keçirilməsi;

c) nüvə materialının aldatma yolu ilə mənimsənilməsi və ya əldə edilməsi;

d) nüvə materialının verilməsinə dair güc ilə hədələməklə və ya güc tətbiq etməklə və ya hər hansı bir qorxutma yolu ilə ifadə olunan hərəkətlər;

e)

i) Hər hansı bir şəxsi öldürmək və ya ona ciddi xələl gətirmək və ya mülkiyyətə əhəmiyyətli zərər yetirmək məqsədi ilə nüvə materialından istifadə etmək və ya;

ii) fiziki və ya hüquqi şəxsi, beynəlxalq təşkilatı və ya dövləti hər hansı bir hərəkəti etmək və ya ondan çəkindirmək məqsədi ilə «b» yarımbəndində göstərilən hüquqpozmanı törətmək hədələri;

f) «a», «b» və ya «c» yarımbəndlərində göstərilən hər hansı bir hüquqpozmanı törətməyə cəhd etmək hədələri;

g) «a» — «f» yarımbəndlərində göstərilən hər hansı bir hüquqpozmada iştirakçılıq hərəkətləri hər bir iştirakçı dövlət tərəfindən öz milli qanunvericiliyi çərçivəsində cəzalandırılan hüquqpozma hesab edilir.

2. Hər bir iştirakçı dövlət bu maddədə sadalanan hüquqpozmaların törədilməsinə görə, həmin hüquqpozmaların ağırlaşdırıcı halları nəzərə alınmaqla, müvafiq cəzalandırma tədbirləri görür.

Maddə 8

1. Hər bir iştirakçı dövlət 7-ci maddədə göstərilən hüquqpozmalara dair öz yurisdiksiyasını müəyyən etmək üçün aşağıdakı hallarda lazımi tədbirlər görür:

a) hüquqpozma həmin dövlətin ərazisində, yaxud həmin dövlətdə qeydiyyata alınmış təyyarənin və ya gəminin göyərtəsində törədildikdə;

b) hüquqpozmada şübhəli bilinən şəxs həmin dövlətin vətəndaşı olduqda.

2. Eyni zamanda hər bir iştirakçı dövlət, hüquqpozmada şübhəli bilinən şəxs onun ərazisində olduqda və o, 11-ci maddəyə uyğun olaraq hüquqpozmada şübhəli bilinən şəxsi 1-ci bənddə göstərilən dövlətlərin heç birinə vermədiyi hallarda, öz yurisdiksiyasını həmin hüquqpozmalara tətbiq etmək üçün lazımi tədbirlər görür.

3. Bu Konvensiya milli qanunvericiliyə uyğun olaraq həyata keçirilən hər hansı bir cinayət yurisdiksiyasını istisna etmir.

4. 1-ci və 2-ci bəndlərdə göstərilən iştirakçı dövlətlərdən savayı, hər bir iştirakçı dövlət beynəlxalq hüquqa uyğun olaraq 7-ci maddədə əks etdirilmiş hüquqpozmalara dair öz yurisdiksiyasını o halda müəyyən edə bilər ki, həmin iştirakçı dövlət nüvə materialının daşınmasında idxal, yaxud ixrac edən dövlət kimi çıxış etmiş olsun.

Maddə 9

Kifayət qədər əsasların mövcud olmasına əmin olaraq, ərazisində hüquqpozmada şübhəli bilinən şəxsin olduğu iştirakçı dövlət öz milli qanunvericiliyinə uyğun olaraq, həmin şəxsin məhkəməyə gəlməsini və ya onun verilməsini təmin etmək üçün həbs etmək də daxil olmaqla, lazımi tədbirlər görür. 8-ci maddəyə uyğun olaraq yurisdiksiyanın müəyyən edilməsi tələb olunan dövlətlər və lazım gəldikdə, bütün digər maraqlı dövlətlər bu maddəyə uyğun olaraq görülmüş tədbirlər haqqında məlumatlandırılır.

Maddə 10

Ərazisində hüquqpozmada şübhəli bilinən şəxsin olduğu iştirakçı dövlət həmin şəxsi vermirsə, o, hər hansı bir istisnalara və əsassız ləngitmələrə yol vermədən işi, həmin dövlətin qanunvericiliyinə uyğun olaraq, məhkəmə araşdırması vasitəsi ilə cinayət təqibi məqsədi ilə öz səlahiyyətli orqanlarına təqdim edir.

Maddə 11

1. 7-ci maddədə sadalanan hüquqpozmalara, iştirakçı dövlətlər arasında mövcud olan verilmə haqqında istənilən sazişə daxil edilmiş hüquqpozanların (cinayətkarların) verilməsi ilə bağlı olan hüquqpozmalar kimi baxılır, qanun pozuntusu kimi qiymətləndirilir. İştirakçı dövlətlər bu hüquqpozmaları verilmə ilə bağlı hüquqpozmalar kimi, onlar arasında cinayətkarların verilməsi haqqında gələcəkdə bağlanacaq bütün razılaşmalara daxil etmək öhdəliyini öz üzərinə götürürlər.

2. Hüquqpozanın (cinayətkarın) verilməsini bu cür sazişin mövcudluğu ilə şərtləndirən iştirakçı dövlət verilmə haqqında sazişlə bağlı olmayan digər iştirakçı dövlətdən verilmə haqqında sorğu alarsa, bu Konvensiyanı öz istəyi ilə bu cür pozuntularla bağlı verilmə üçün hüquqi əsas kimi götürə bilər. Verilməyə, sorğu almış dövlətin qanunvericiliyində nəzərdə tutulan digər müddəalar da tətbiq edilir.

3. Hüquqpozanın (cinayətkarın) verilməsini bu cür sazişin mövcudluğu ilə şərtləndirməyən iştirakçı dövlətlər, öz aralarında qeyd olunan hüquqpozmaları sorğu almış dövlətin qanunvericiliyində nəzərdə tutulan müddəaların tətbiq edildiyi verilmə ilə bağlı olan hüquqpozmalar kimi tanıyırlar.

4. İştirakçı dövlətlər arasında həyata keçirilən verilmə məqsədi ilə hüquqpozmaların hər birinə, yalnız həmin hüquqpozmanın baş verdiyi yerdə törədilmiş kimi deyil, həmçinin 8-ci maddənin 1-ci bəndinə uyğun olaraq, öz yurisdiksiyasını tətbiq etməsi tələb edilən iştirakçı dövlətlərin ərazisində törədilmiş hüquqpozma kimi baxılır.

Maddə 12

7-ci maddədə qeyd olunan hər hansı bir hüquqpozma ilə bağlı barəsində məhkəmə araşdırması aparılan şəxsə, məhkəmə araşdırmasının bütün mərhələlərində ədalətli rəftara təminat verilir.

Maddə 13

1. İştirakçı dövlətlər, 7-ci maddədə qeyd olunan hüquqpozmalarla əlaqədar həyata keçirilən cinayət məhkəmə araşdırması ilə bağlı, o cümlədən onların sərəncamında bu cür məhkəmə araşdırması üçün zəruri olan sübutların təqdim edilməsi ilə bağlı bir-birinə maksimal dərəcədə yardım edirlər. Bütün hallarda yardımın göstərilməsi haqqında sorğunu almış dövlətin qanunvericiliyi tətbiq edilir.

2. Bu maddənin 1-ci bəndinin müddəaları, cinayət işlərinə dair qarşılıqlı yardımı tam və ya qismən nizamlayan və ya nizamlayacaq hər hansı bir digər ikitərəfli, yaxud çoxtərəfli müqavilədən irəli gələn öhdəliklərə toxunmur.

Maddə 14

1. Hər bir iştirakçı dövlət bu Konvensiyanın həyata keçirilməsinə aid olan öz qanun və qətnamələri haqqında depozitarini məlumatlandırır. Depozitari vaxtaşırı belə məlumatı bu Konvensiyanın iştirakçısı olan bütün dövlətlərə göndərir.

2. Ərazisində hüquqpozmada şübhəli bilinən şəxsə qarşı cinayət təqibi başlanılmış iştirakçı dövlət, imkan daxilində, ilk növbədə bilavasitə maraqlı dövlətləri məhkəmə araşdırmasının yekun nəticələri haqqında məlumatlandırır. Eyni zamanda iştirakçı dövlət yekun qərar haqqında bütün iştirakçı dövlətləri bu barədə məlumatlandıran depozitariyə də xəbər verir.

3. Əgər hüquqpozma dövlət daxilində istifadə edilən, saxlanılan və ya daşınan dinc məqsədlərlə istifadə edilən nüvə materialına aiddirsə və hüquqpozmada şübhəli bilinən şəxs və nüvə materialı hüquqpozmanın törədildiyi iştirakçı dövlətin ərazisində qalırsa, bu Konvensiyanın heç bir müddəası, iştirakçı dövlətə bu cür hüquqpozmadan irəli gələn cinayət məhkəmə araşdırmasına dair məlumatın təqdim edilməsi tələbi kimi şərh edilə bilməz.

Maddə 15

Əlavələr bu Konvensiyanın ayrılmaz tərkib hissəsi hesab edilir.

Maddə 16

1. Bu Konvensiyanın qüvvəyə minməsindən etibarən beş il müddət bitdikdən sonra depozitari həmin Konvensiyanın yerinə yetirilməsi və onun preambulasının, bütün əməli hissələrinin və Əlavələrin hazırkı vəziyyətin tələblərinə uyğun olması haqqında məsələlərə baxılması üzrə iştirakçı dövlətlərin konfransını çağırır.

2. Sonradan bu Konvensiyanın iştirakçısı olan dövlətlərin əksəriyyəti beş ildə bir dəfədən az olmayaraq, depozitariyə müvafiq təkliflə müraciət etməklə, həmin məqsədlə sonrakı konfransları çağıra bilər.

Maddə 17

1. Bu Konvensiyanın tətbiqinə və şərhinə dair iki və ya bir neçə iştirakçı dövlət arasında mübahisə yarandıqda, həmin iştirakçı dövlətlər mübahisənin danışıqlar yolu və ya mübahisədə olan bütün tərəflər üçün münasib sayılan digər dinc tənzimləmə üsulları ilə tənzimlənməsi məqsədi ilə birgə məsləhətləşmələr keçirirlər.

2. Buna bənzər hər hansı bir mübahisə, 1-ci bənddə qeyd olunan üsullarla həll edilə bilmirsə, mübahisədə iştirak edən hər hansı bir tərəfin xahişi ilə qərarın qəbul edilməsi üçün arbitraja verilir və ya Beynəlxalq Məhkəməyə göndərilir. Mübahisə arbitraja verildikdə, əgər mübahisə tərəfləri müraciət daxil olduğu tarixdən etibarən 6 ay ərzində arbitraj araşdırmasının təşkilinə dair razılığa gələ bilmirlərsə, tərəflərdən biri bir və ya bir neçə arbitrin təyin edilməsinə dair Beynəlxalq Məhkəmənin sədrinə və ya Birləşmiş Millətlər Təşkilatının Baş katibinə müraciət edə bilərlər. Mübahisədə iştirak edən tərəflərin müraciətləri ziddiyyətli olduqda, Birləşmiş Millətlər Təşkilatının Baş katibinə edilən müraciət üstünlük təşkil edir.

3. İstənilən iştirakçı dövlət bu Konvensiyanı imzalayan, ratifikasiya, qəbul və ya təsdiq edən zaman və ya ona qoşulan zaman bəyan edə bilər ki, o, 2-ci bənddə nəzərdə tutulan bir, yaxud hər iki mübahisənin həll edilməsi prosedurlarına özünü bağlı hesab etmir. Digər iştirakçı dövlətlər 2-ci bənddə nəzərdə tutulan mübahisələrin həll edilməsi proseduruna dair qeyd-şərt etmiş iştirakçı dövlətə münasibətdə, həmin prosedura bağlı hesab edilmir.

4. 3-cü bəndə uyğun olaraq qeyd-şərt etmiş hər hansı bir iştirakçı dövlət, depozitarini bu barədə məlumatlandırmaqla, istənilən zaman həmin qeyd-şərti geri götürə bilər.

Maddə 18

1. Bu Konvensiya 1980-ci il 3 mart tarixindən etibarən onun qüvvəyə minməsinə qədər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Vyanada yerləşən mərkəzi idarələrində və Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda yerləşən mərkəzi idarələrində bütün iştirakçı dövlətlər tərəfindən imzalanmaq üçün açıq olacaqdır.

2. Bu Konvensiya, onu imzalamış dövlətlər tərəfindən ratifikasiya, qəbul və ya təsdiq edilməlidir.

3. Bu Konvensiya qüvvəyə mindikdən sonra bütün dövlətlərin ona qoşulması üçün açıq olacaqdır.

4.

a) Bu Konvensiya beynəlxalq təşkilatlar və inteqrasiya və ya digər xarakterli regional təşkilatlar tərəfindən imzalanması və ya belə təşkilatların ona qoşulması üçün açıqdır, bu şərtlə ki, istənilən belə təşkilat suveren dövlətlərdən ibarət olsun və bu Konvensiya ilə əhatə olunan məsələlərə dair danışıqlar aparmaq, beynəlxalq sazişlər bağlamaq və tətbiq etmək səlahiyyətinə malik olsunlar;

b) onların səlahiyyətlərinə daxil olan məsələlərdə belə təşkilatlar bu Konvensiya ilə iştirakçı dövlətlərin üzərinə düşən öhdəliklərin yerinə yetirilməsini və hüquqların həyata keçirilməsini öz adlarından həyata keçirirlər;

c) belə təşkilat bu Konvensiyanın iştirakçısı olaraq, hansı dövlətlərin onun üzvü olduğunu və bu Konvensiyanın hansı maddələrinin ona tətbiq edilmədiyini əks etdirən bəyanatı depozitariyə göndərir;

d) belə təşkilat onun iştirakçısı olan dövlətlərin səslərinə əlavə olaraq, hər hansı bir səsə malik deyildir.

5. Ratifikasiya, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədlər depozitariyə saxlanca verilir.

Maddə 19

1. Bu Konvensiya ratifikasiya, qəbul və ya təsdiq haqqında iyirmi birinci sənəd depozitariyə saxlanca verildiyi tarixdən sonra gələn otuzuncu gün qüvvəyə minir.

2. Bu Konvensiyanı ratifikasiya, qəbul və ya təsdiq etmə haqqında iyirmi birinci sənəd depozitariyə saxlanca verildiyi tarixdən sonra onu ratifikasiya, qəbul və ya təsdiq etmiş və ya ona qoşulmuş hər bir iştirakçı dövlətə münasibətdə bu Konvensiya, həmin iştirakçı dövlət ratifikasiya, qəbul və ya təsdiq haqqında öz sənədini depozitariyə saxlanca verdiyi tarixdən sonra gələn otuzuncu gün qüvvəyə minir.

Maddə 20

1. 16-cı maddəyə xələl gətirmədən iştirakçı dövlət bu Konvensiyaya düzəlişlərin edilməsini təklif edə bilər. Təklif edilən düzəliş depozitariyə göndərilir, o da təxirə salmadan həmin təklifi bütün iştirakçı dövlətlərə göndərir. Əgər iştirakçı dövlətlərin əksəriyyəti təklif edilən düzəlişlərin nəzərdən keçirilməsi üçün depozitaridən konfransın çağırılmasını tələb edirsə, onda depozitari bütün iştirakçı dövlətləri dəvətnamələrin göndərilməsindən sonra 30 gündən tez olmayaraq, açılması nəzərdə tutulan belə konfransa dəvət edir. Konfransda iştirakçı dövlətlərin üçdə iki səs çoxluğu ilə qəbul edilmiş istənilən düzəliş təxirə salınmadan bütün iştirakçı dövlətlərə göndərilir.

2. Düzəlişin ratifikasiyası, qəbulu və ya təsdiqi haqqında sənədi saxlanca verən hər bir iştirakçı dövlətə münasibətdə düzəliş, iştirakçı dövlətlərin üçdə ikisi ratifikasiya, qəbul və ya təsdiq haqqında öz sənədlərini (sənədini) depozitariyə saxlanca verdiyi tarixdən sonra gələn otuzuncu gün qüvvəyə minir. Bundan sonra istənilən digər iştirakçı dövlətə münasibətdə düzəliş, həmin dövlət ratifikasiya, qəbul və ya təsdiqetmə haqqında öz sənədini depozitariyə saxlanca verdiyi gün qüvvəyə minir.

Maddə 21

1. İstənilən iştirakçı dövlət depozitariyə yazılı bildiriş göndərməklə, bu Konvensiyanı denonsasiya edə bilər.

2. Denonsasiya depozitari bildirişi aldığı tarixdən səksən gün sonra qüvvəyə minir.

Maddə 22

Depozitari təxirə salmadan bütün dövlətləri aşağıdakılar barədə məlumatlandırır:

a) Bu Konvensiyanın hər bir imzalanması haqqında;

b) ratifikasiya, qəbul, təsdiqetmə və ya qoşulma haqqında sənədin saxlanca verilməsi;

c) 17-ci maddəyə uyğun olaraq istənilən qeyd-şərt və ya belə qeyd-şərtin geri götürülməsi haqqında;

ç) 18-ci maddənin «c» bəndinə uyğun olaraq istənilən təşkilat tərəfindən göndərilmiş hər hansı bir bəyanat haqqında;

e) bu Konvensiyanın qüvvəyə minməsi haqqında;

f) bu Konvensiyaya hər hansı bir düzəlişin qüvvəyə minməsi haqqında;

d) 21-ci maddəyə uyğun olaraq elan edilmiş hər hansı bir denonsasiya haqqında.

Maddə 23

İngilis, ərəb, ispan, Çin, rus və fransız dillərindəki mətnləri eyni dərəcədə autentik olan bu Konvensiyanın əsli Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoruna saxlanca verilir, o da öz növbəsində, onun təsdiq edilmiş surətlərini bütün dövlətlərə göndərir.

Bunun təsdiqi olaraq, lazımi qaydada vəkil edilmiş aşağıda imza edənlər Vyana və Nyu-Yorkda 1980-ci il martın 3-dən etibarən imzalanmaq üçün açıq olan bu Konvensiyanı imzaladılar.


Əlavə 1

II əlavədə təsnifləşdirilmiş nüvə materialının beynəlxalq daşınmasında istifadə edilən fiziki mühafizənin səviyyələri

1. Nüvə materialının beynəlxalq daşınması ilə bağlı saxlanılma prosesində nüvə materialının fiziki mühafizəsinin səviyyəsinə aşağıdakılar daxildir:

a) III kateqoriyalı materiallar üçün — daxil olması nəzarət altında olan zonalar daxilində saxlanılması;

b) II kateqoriyalı materiallar üçün — mühafizənin və ya müvafiq nəzarətlə giriş nöqtələrinin sayı məhdud olan fiziki maneələrlə əhatə olunan elektron cihazların daimi nəzarəti altında olan zonalar daxilində və ya analoji fiziki mühafizə səviyyəsi olan istənilən zona daxilində saxlanılması;

c) I kateqoriyalı materiallar üçün — yuxarıda göstərildiyi kimi, I kateqoriyalı materiallar üçün nəzərdə tutulan və bundan savayı yalnız etibarlılığı müəyyən edilmiş şəxslərin daxil olmasına icazə verilən və cavab hərəkətləri üçün müvafiq güc strukturları ilə sıx əlaqə saxlayan mühafizənin nəzarəti altında olan zona daxilində saxlanılması. Belə hallarda görülən konkret tədbirlərin məqsədi hər hansı bir hücumun, icazə verilməmiş müdaxilənin və ya materialın qeyri-qanuni götürülməsinin aşkar edilməsindən və qarşısının alınmasından ibarətdir.

2. Nüvə materialının beynəlxalq daşınma zamanı fiziki mühafizəsinin səviyyəsinə aşağıdakılar daxildir:

a) II və III kateqoriyalı materiallar üçün — daşınma, materialı göndərən, alan və daşıyan arasında əvvəlcədən sövdələşmə və daşınma zamanı məsuliyyətin kimin üzərinə qoyulması üçün prosedurları, tarixi və yeri müəyyən edən idxal və ixrac edən dövlətlərin yurisdiksiyası altında olan və onların hüquqi aktlarını rəhbər tutan fiziki və hüquqi şəxslər arasında əvvəlcədən sövdələşmə daxil olmaqla, xüsusi təhlükəsizlik tədbirlərinə riayət etməklə həyata keçirilir;

b) I kateqoriyalı materiallar üçün — daşınma, yuxarıda göstərildiyi kimi I kateqoriyalı materiallar üçün nəzərdə tutulan və bundan savayı, daim nəzarət altında olan və cavab hərəkətləri üçün müvafiq güc strukturları ilə sıx əlaqəni təmin edən şərtlər əsasında, xüsusi təhlükəsizlik tədbirlərinə riayət etməklə həyata keçirilir;

c) filiz və ya filiz qalıqları formasından fərqli formada olan təbii uran üçün 500 kiloqramdan artıq miqdarda olan daşınmanın mühafizəsinə nəqliyyat növünü, göndərilmə tarixini və yükün təhvil alınması haqqında təsdiqnaməni əks etdirən daşınma haqqında ilkin bildiriş daxildir.


Əlavə II

Cədvəl: Nüvə materialının təsnifatı

Material

Forması

Kateqoriyalar

I

II

III

1. Plutonium (a)

Şüalanmış (b)

2 kq və ya çox

2 kq-dan az, lakin 500 qr-dan çox

500 qr və ya daha az, lakin 15 qr-dan çox

2. Uran - 235

Şüalanmamış (b)

  • 20%-dən və ya daha yuxarı %-lə uran -235 izotopu ilə zənginləşdirilmiş uran
  • 10%-dən 20% qədər uran - 235 izotopu ilə zənginləşdirilmiş uran
  • təbii, lakin tərkibində 10%-dən aşağı uran -235 izotopu ilə zənginləşdirilmiş uran

5 kq və ya daha çox

5 kq-dan az, lakin 1 kq-dan çox

10 kq və ya daha çox

1 kq-dan az və ya daha az, lakin 15 qr-dan yuxarı

10 kq-dan az, lakin 1 kq-dan yuxarı

10 kq və ya daha çox

3. Uran - 233

Şüalanmamış (b)

2 kq və ya daha çox

2 kq-dan az, lakin 500 qr-dan çox

500 qr və ya az, lakin 15 qr-dan çox

4. Şüalanmış yanacaq

Bəsit və ya təbii uran, torium və ya zəif zənginləşdirilmiş (tərkibində 10%-dən az bölünən izotopların olduğu) yanacaq (d) (e)

a) Plutonium — 238 üzrə izotop qatılığı (konsentrasiya) 80%-dən yuxarı olan bütün plutonium;

b) reaktorda şüalanmamış və ya reaktorda şüalanmış, lakin şüalanma səviyyəsi mühafizəsiz 1 metr məsafədə 100 rad/s və ya ondan az olan material;

c) III kateqoriyaya aid edilməyən miqdarı və təbii uranı praktiki cəhətdən məqsədə müvafiq hesab edərək mühafizə etmək lazımdır;

d) həmin mühafizə səviyyəsinin tövsiyə edilməsinə baxmayaraq, dövlətlər konkret halların qiymətləndirilməsindən çıxış edərək, fiziki mühafizənin digər kateqoriyalarını müəyyən edə bilərlər;

e) bölünən materialın ilkin tərkibindən asılı olaraq, şüalanmaya qədər I və ya II kateqoriyaya aid olan digər yanacaq, əgər yanacağın şüalanma səviyyəsi mühafizəsiz 1 metr məsafədə 100 rad/s artıqdırsa, həmin yanacaq səviyyəcə bir kateqoriya aşağı salına bilər (ondan aşağı salına bilməz).


«Nüvə materialının fiziki mühafizəsi haqqında» Konvensiyaya dair

Qeyd-şərt

Azərbaycan Respublikası Konvensiyanın 17-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq bəyan edir ki, o özünü Konvensiyanın 17-ci maddəsinin 2-ci bəndinin müddəaları ilə bağlı hesab etmir.


© LegalActs LLC