Об утверждении Соглашения «О сотрудничестве между правительством Азербайджанской Республики и Кабинетом министров Украины в области предотвращения чрезвычайных ситуаций и ликвидации их последствий»


«Azərbaycan» qəzetində dərc edilmişdir (26 dekabr 2003-cü il, № 298) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2003-cü il, № 12, I kitab, maddə 687)

Release date: 05.12.2003

«Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında» Sazişin təsdiq edilməsi barədə

«Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında» Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında» 2002-ci il avqustun 29-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 5 dekabr 2003-cü il

№ 527-IIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (26 dekabr 2003-cü il, № 298) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2003-cü il, № 12, I kitab, maddə 687) («LegalActs» LLC).


Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında

Saziş

Bundan sonra «Tərəflər» adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti,

fövqəladə halların Tərəflərin dövlətlərinə gətirdiyi təhlükəni dərk edərək,

fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın Tərəflərin dövlətlərinin rifahına və təhlükəsizliyinə yardım edəcəyini təsdiq edərək,

fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində elmi-texniki məlumat mübadiləsinin Tərəflərə faydalı ola biləcəyini nəzərə alaraq,

Tərəflərin dövlətlərindən birinin öz qüvvə və imkanları ilə nəticələrini aradan qaldıra bilməyəcəyi fövqəladə halların baş vermə ehtimalını və buna görə də fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədi ilə Tərəflərin əlaqələndirilmiş fəaliyyətinə ehtiyacı nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1. Təriflər

Bu Sazişlə istifadə olunan terminlər aşağıdakı mənaları ifadə edir:

    • sorğu edən Tərəf — müvafiq təchizata və təminat materiallarına malik qrupların yardım üçün göndərilməsi xahişi ilə digər Tərəfə sorğu edən Tərəf;
    • təqdim edən Tərəf — sorğu edən Tərəfin, müvafiq təchizata və təminat materiallarına malik qrupların yardım üçün göndərilməsi xahişini yerinə yetirən Tərəf;
    • yardım göstərmə üzrə qruplar — fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması üzrə tədbirlərdə iştirak edən və zəruri təchizatla təmin olunmuş mütəxəssislər qrupu (o cümlədən hərbi heyət);
    • təchizat — qəza-xilasetmə və qəza-bərpa işləri üçün zəruri olan texnika, nəqliyyat vasitələri, xüsusi avadanlıq, alətlər və cihazlar;
    • təminat materialları — təbii və ya texnogen xarakterli fövqəladə hal nəticəsində zərər çəkmiş əhali arasında təmənnasız paylanılmaq üçün nəzərdə tutulmuş maddi vəsaitlər;
    • səlahiyyətli orqanlar — bu Sazişin həyata keçirilməsi ilə bağlı işlərin əlaqələndirilməsi üçün Tərəflərin təyin etdiyi orqanlar;
    • tranzit dövlət — ərazisindən Tərəflərin dövlətlərinin yardım göstərmə üzrə qrupları, təchizatı və təminat materialları daşınılan dövlət.

Maddə 2. Səlahiyyətli orqanlar

1. Tərəflər bu Sazişin müddəalarının həyata keçirilməsi üçün səlahiyyətli orqanları təyin edirlər:

    • Azərbaycan tərəfindən — Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə Dövlət Komissiyası;
    • Ukrayna tərəfindən — Ukraynanın Fövqəladə hallar məsələləri və əhalinin Çernobıl qəzasının nəticələrindən müdafiəsi işləri üzrə nazirliyi.

2. Tərəflərdən hər biri öz dövlətinin səlahiyyətli orqanını onun üzərinə qoyulmuş funksiyaları yerinə yetirmək səlahiyyətlərindən məhrum etməsi haqqında yazılı şəkildə digər Tərəfi xəbərdar edir və qısa müddətdə, lakin bildiriş tarixindən 60 gün gec olmayaraq, digər Tərəfə səlahiyyətli orqanın hüquqi varisi haqqında yazılı şəkildə məlumat verir.

Maddə 3. Əməkdaşlığın formaları

Tərəflər bərabərlik və qarşılıqlı yardım prinsipləri əsasında, öz dövlətlərinin qanunvericiliyinə uyğun olaraq, aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq edirlər:

1) fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması üzrə birgə tədbirlər sistemi və qarşılıqlı fəaliyyət mexanizmlərinin hazırlanması;

2) Tərəflərin dövlətlərinin ərazisində baş verən fövqəladə hallar zamanı Tərəflərin qarşılıqlı yardım haqqında müraciət və təklifləri barədə operativ məlumat mübadiləsinin təşkili;

3) GÖUAM, Şimali Atlantika Tərəfdaşlıq Şurası (EAPC), Təbii Fəlakətlərə və Qəzalara Cavabvermə Avro-Atlantik Koordinasiya Mərkəzi (EADRCC), BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsi (OCHA) kimi beynəlxalq təşkilatlar və proqramlar çərçivəsində qarşılıqlı fəaliyyət;

4) baş vermiş fövqəladə halların nəticələrinin aradan qaldırılmasına qarşılıqlı yardımın göstərilməsi;

5) təhlükəli texnogen və ekoloji proseslərin, eləcə də təbii halların monitorinqinin təşkili və həyata keçirilməsi;

6) fövqəladə halların proqnozlaşdırılması və onların nəticələrinin qiymətləndirilməsi;

7) məlumat və texnologiya mübadiləsi;

8) mütəxəssis və alim mübadiləsi;

9) birgə konfransların, seminarların və işgüzar müşavirələrin təşkili;

10) tədqiqat layihələrinin birgə planlaşdırılması, hazırlanması, həyata keçirilməsi və onların nümayişi;

11) fövqəladə hallar nəticəsində mümkün çirklənmələrlə əlaqədar ətraf mühitə və əhalinin sağlamlığına təhlükələrin qiymətləndirilməsi;

12) fövqəladə halların ətraf mühitə transsərhəd təsirinin qiymətləndirilməsi;

13) nəşrlərin, məruzələrin və tematik tədqiqatların hazırlanması;

14) Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları arasında əlaqənin təmin edilməsi;

15) kadrların hazırlanması;

16) fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması ilə bağlı, səlahiyyətli orqanlar tərəfindən razılaşdırıla biləcək digər fəaliyyət.

Maddə 4. Birgə komissiya

Tərəflərin dövlətlərinin səlahiyyətli orqanları bu Sazişin müddəalarının həyata keçirilməsi üçün fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq məsələləri üzrə Birgə komissiya (bundan sonra — Birgə komissiya) yaradırlar.

Birgə komissiya, bir qayda olaraq, ildə bir dəfə növbə ilə Azərbaycan Respublikasında və Ukraynada, zərurət olduğu halda isə Tərəflərin dövlətlərinin səlahiyyətli orqanlarının razılaşdırmalarına əsasən öz toplantılarını keçirir.

Maddə 5. Yardım göstərilməsi

1. Bu Sazişin yerinə yetirilməsi ilə bağlı bütün fəaliyyət Tərəflərin dövlətlərinin qanunvericiliklərinə əsasən həyata keçirilir.

2. Yardımın göstərilməsi sorğu edən Tərəfin mövcud vəziyyət, tələb olunan yardımın növü və həcmi barədə məlumatı əks etdirən sorğusuna əsasən həyata keçirilir.

3. Təqdim edən Tərəf sorğu edən Tərəfin müraciəti üzrə qısa müddət ərzində qərar qəbul edir və təqdim edə biləcəyi yardımın həcmi, imkanı və şərtləri barədə ona məlumat verir.

Maddə 6. Yardım növləri

1. Fövqəladə hallar baş verdikdə, yardım sorğu edən Tərəfin rəsmi müraciətindən sonra insanların, maddi sərvətlərin xilas edilməsi və ətraf mühitin müdafiəsi üçün yardım göstərmə üzrə qrupların fövqəladə hallar zonasına göndərilməsi yolu ilə həyata keçirilir.

2. Sorğu edən Tərəf təqdim edən Tərəfin yardım göstərmə üzrə qruplarının rəhbərlərinə fövqəladə hal zonasında və konkret iş sahələrində mövcud vəziyyət barədə məlumat verir və zərurət olduqda, bu qrupları tərcüməçilərlə və qəza-xilasetmə və digər təxirəsalınmaz işlərə rəhbərliyi həyata keçirən qərargahla, rabitə vasitələri ilə təmin edir, eləcə də yardım göstərmə üzrə qrupları mühafizə, pulsuz tibbi xidmətlə təmin edir və onların fəaliyyətlərinin koordinasiyasını həyata keçirir.

3. Yardım göstərmə üzrə qrupların maddi-texniki təminatı hadisə yerində 72 saat ərzində sərbəst fəaliyyət göstərmək üçün kifayət etməlidir. Bu qrupların sonrakı fəaliyyəti üçün bütün zəruri təminatı, onların yerləşdirilməsi, qidalanması və tibbi yardım daxil olmaqla, sorğu edən Tərəf həyata keçirir.

Maddə 7. Tranzit

Tranzit dövlətin Tərəfi təqdim edən Tərəfin yardım göstərmə üzrə qruplarının, təchizatının və təminat materiallarının öz dövlətinin ərazisindən üçüncü dövlətlərə, bu dövlətlərlə fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində bağlanmış sazişlər əsasında və Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq maneəsiz keçməsinə yardım göstərir.

Maddə 8. Yardım göstərmə üzrə qruplar tərəfindən dövlət sərhədlərini keçmə şərtləri və onların qalma rejimi

1. Yardım göstərmə üzrə qrupların üzvlərinin dövlət sərhədini keçməsi qrupun hər üzvündə onun şəxsiyyətini təsdiq edən sənəd olmaqla, Tərəflərin dövlətlərinin səlahiyyətli orqanlarının məsul şəxsləri tərəfindən imzalanmış siyahı əsasında dövlət sərhədindən buraxılış məntəqəsində həyata keçirilir.

2. Müddətli xidmət hərbi qulluqçularının dövlət sərhədindən keçməsi onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim olunduqdan sonra və yardım göstərmə üzrə qrupların rəhbərlərinin pasportlarına əlavə olunmuş, hərbi hissə komandirləri tərəfindən imzalanmış və gerbli möhürlə təsdiqlənmiş siyahıya əsasən həyata keçirilir.

3. Kinologiya qruplarının sərhəddən buraxılış qaydası və yerləşməsi hər bir konkret halda, sorğu edən Tərəfin dövlətinin qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilir.

4. Təqdim edən Tərəfin yardım göstərmə üzrə qruplarının üzvlərinə sorğu edən Tərəfin dövlətinin ərazisində olduqları bütün müddət ərzində sorğu edən Tərəfin dövlətinin qanunvericiliyinin qüvvəsi şamil edilir.

5. Yardım göstərmə üzrə qrupların, onların təchizatının və təminat materiallarının yerdəyişməsi avtomobil, dəmir yolu, su və hava nəqliyyatı vasitələri ilə həyata keçirilə bilər.

Maddə 9. Təchizatın və təminat materiallarının ölkəyə gətirilməsi və ölkədən çıxarılması

1. Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması halında yardım göstərilməsi üçün sorğu edən Tərəfin dövlətinin ərazisinə gətirilən və təqdim edən Tərəfin dövlətinin ərazisindən çıxarılan təchizatın, təminat materiallarının və qrupların üzvlərinin şəxsi əşyalarının gömrük rəsmiləşdirilməsi Tərəflərin dövlətlərinin qanunvericiliklərinə müvafiq olaraq həyata keçirilir.

2. Təchizat və təminat materialları yardım göstərmə üzrə əməliyyatlar zamanı istifadə olunmalı və ya paylanmalıdır, yaxud Tərəflərin təyin etdiyi şəkildə sorğu edən Tərəfin dövlətinin ərazisindən çıxarılmalıdır.

3. Xəsarət alanlara təcili tibbi yardım göstərilməsi zərurəti yarandığı halda, sorğu edən Tərəfin dövlətinin ərazisinə nomenklaturu, miqdarı və bu maddələrin istifadə olunması yeri hər bir Tərəfin dövlətinin narkotiklərə nəzarət üzrə orqanları ilə mütləq razılaşdırılmaqla, tərkibində narkotik maddələr olan zəruri miqdarda tibbi preparatlar gətirilə bilər. Bu kimi tibbi preparatlar heç kimə verilməməli, ixtisaslaşmış tibbi heyət tərəfindən sorğu edən Tərəfin nümayəndələrinin nəzarəti altında istifadə olunmalıdır.

4. İşlər başa çatdıqdan sonra narkotik tərkibli tibbi preparatların qalığı sorğu edən Tərəfin dövlətinin gömrük nəzarəti altında, preparatların xarakterini və miqdarını təsdiq edən müvafiq surətdə rəsmiləşdirilmiş sənədlər əsasında ölkədən çıxarılmalıdır, təqdim edən Tərəfin gömrük orqanına isə narkotik tərkibli preparatların istifadəsi barədə, yardım göstərən qrupun rəhbəri və həkimi tərəfindən imzalanmış və sorğu edən Tərəfin dövlətinin səlahiyyətli orqanının nümayəndəsi və gömrük orqanının nümayəndəsi tərəfindən təsdiqlənmiş akt verilir.

5. Narkotik tərkibli tibbi preparatların ölkəyə gətirilməsi və ölkədən çıxarılması Tərəflərin dövlətlərinin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Maddə 10. Hava nəqliyyat vasitələrindən istifadə olunması

1. Hər bir Tərəf yardım üçün göndərilən hava nəqliyyat vasitələrinə öz dövlətinin ərazisindəki müvafiq məntəqələrə uçuşların həyata keçirilməsi üçün icazə verir.

2. Yardım göstərilməsi üçün hava nəqliyyat vasitələrinin istifadəsi barədə qərar haqqında hava nəqliyyat vasitələrinin marşrutu, növü və qeydiyyat nömrələri, uçuş heyətinin və sərnişinlərin sayı, yükün xarakteri, havaya qalxma və enmə yeri və vaxtı göstərilməklə, dərhal sorğu edən Tərəfin dövlətinin müvafiq orqanlarına bildirilir.

3. Uçuşlar Tərəflərin dövlətlərinin öz əraziləri üzərində uçuşlar zamanı hava nəqliyyat vasitələrinin istismarı və naviqasiyasını tənzimləyən mövcud qaydalara və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) müəyyənləşdirdiyi qaydalara müvafiq olaraq həyata keçirilməlidir.

4. Bu zaman təqdim edən Tərəfin dövlətinin hava nəqliyyat vasitələri sorğu edən Tərəfin dövlətinin ərazisi üzərindən uçuş, eləcə də radionaviqasiya müşayiəti, yerə enmə, aerodromda dayanacaq və oradan havaya qalxma üçün ödəmələrdən azad olunur.

5. Yanacaqdoldurma və digər sərf olunan materiallar ilə təminat, eləcə də texniki xidmət üçün ödəmə qaydalarını Tərəflər hər bir halda ayrıca müəyyənləşdirəcəklər.

Maddə 11. Məsrəflərin ödənilməsi

1. Əgər Tərəflər fəlakətin xarakteri və miqyasını nəzərə alaraq başqa razılığa gəlməyiblərsə, sorğu edən Tərəf təqdim edən Tərəfin yardım göstərməsi zamanı çəkdiyi xərcləri ödəyir.

2. Sorğu edən Tərəf istənilən an ona yardım göstərilməsi barədə xahişi geri götürə bilər, lakin bu halda təqdim edən Tərəf çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququna malikdir.

3. Tərəflər başqa şəkildə razılaşmayıblarsa, sorğu edən Tərəf təqdim edən Tərəfin tələbindən sonra onun çəkdiyi bütün xərcləri dərhal ödəyir.

4. Yardım göstərilməsi üzrə işlər başa çatdıqdan sonra təqdim edən Tərəfin dövlətinin səlahiyyətli orqanı sorğu edən Tərəfin dövlətinin səlahiyyətli orqanına görülmüş işlər barədə yazılı şəkildə məruzə göndərir.

5. Sorğu edən Tərəfin dövlətinin səlahiyyətli orqanı təqdim edən Tərəfin dövlətinin səlahiyyətli orqanına baş verənlər, o cümlədən fövqəladə halın xarakteri, alınmış yardımın növü və həcmi, eləcə də görülmüş işlərin nəticələri barədə yekun məruzəsi göndərir.

Maddə 12. Zərərin əvəzinin ödənilməsi

1. Sorğu edən Tərəf, əgər hadisə bu Sazişin həyata keçirilməsi üzrə tapşırıqların yerinə yetirilməsi zamanı baş vermişsə, yardım göstərmə üzrə qrupun üzvlərinin yaralanması və ya vəfat etməsi ilə bağlı xərcləri öz üzərinə götürür.

2. Əgər təqdim edən Tərəfin yardım göstərmə üzrə qrupunun üzvü bu Sazişin sorğu edən Tərəfin dövlətinin ərazisində həyata keçirilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi zamanı hüquqi və ya fiziki şəxsə zərər vurarlarsa, zərərin əvəzini sorğu edən Tərəf özünün yardım göstərən vətəndaşlarının ziyan vurduğu hallar üçün tətbiq edilən qanunvericiliyinə müvafiq olaraq ödəyir.

3. Təqdim edən Tərəfin yardım göstərmə üzrə qrupunun üzvü tərəfindən qəsdən və ya kobud etinasızlıq nəticəsində vurulmuş zərərin əvəzini təqdim edən Tərəf ödəyir.

Maddə 13. Məlumatların istifadə olunması

Bu Saziş çərçivəsində fəaliyyət nəticəsində əldə olunmuş məlumat, Tərəflərin dövlətlərinin milli qanunvericiliklərinə müvafiq olaraq, açıqlanmasına qadağa qoyulmuş məlumat istisna olmaqla, Tərəflərin dövlətlərinin səlahiyyətli orqanlarının yazılı şəkildə başqa şəkildə razılaşdırmadıqları halda, Tərəflərin dövlətlərinin qaydalarına və mövcud praktikasına əsasən nəşr olunur.

Maddə 14. Digər beynəlxalq müqavilələrə münasibət

Bu Saziş Tərəflərin qüvvədə olan digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

Maddə 15. Mübahisələrin həll olunması

Bu Sazişin təfsiri və tətbiqi ilə bağlı mübahisələr Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll olunacaqdır.

Maddə 16. Sazişə dəyişikliklər və əlavələr

Tərəflərin qarşılıqlı razılığına əsasən bu Sazişə onun ayrılmaz hissəsi olan və bu Sazişin 17-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər və əlavələr daxil edilə bilər.

Maddə 17. Yekun müddəaları

1. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərin bu Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirməsi barədə sonuncu yazılı bildirişi aldıqları tarixdən qüvvəyə minir.

2. Bu Saziş bir Tərəfin onu ləğv etmək niyyəti barədə digər Tərəfin yazılı bildirişini aldığı tarixdən altı (6) ay sonra öz qüvvəsini itirir.

3. Bu Sazişin ləğv olunması onun müddəaları ilə nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsinə və belə fəaliyyətlə bağlı Tərəflərin hüquq və öhdəliklərinə, əgər belə fəaliyyət sona çatdırılmayıbsa və Sazişin qüvvədən düşməsi anınadək davam edirsə, təsir etmir.

Bu Saziş Bakı şəhərində 2002-ci il avqustun 29-da, hər biri Azərbaycan, Ukrayna və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır və bütün mətnlər eyni qüvvəyə malikdir.

Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandıqda, rus dilindəki mətndən istifadə edilir.

Azərbaycan Respublikası
Hökuməti adından

Ukrayna Nazirlər
Kabineti adından

(imza)

(imza)


© LegalActs LLC