Об основах экономической самостоятельности Азербайджанской Республики


Release date: 25.05.1991

Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında

Azərbaycan Respublikasının
iqtisadi müstəqilliyinin əsasları haqqında

Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikasının Ali Soveti sərt mərkəzləşdirilmiş planlaşdırma və bölgü sisteminin, istehsal vasitələrindən və əməyin nəticələrinin mənimsənilməsindən işçinin yadlaşmasının, iqtisadiyyatda iradəvi inzibatçılığın, məhsuldar qüvvələrin regional inkişafı və yerləşdirilməsi siyasətində respublikanın mənafeyinə e’tinasızlıq göstərilməsinin, regionlararası qeyri-ekvivalent mübadilələrin kök salmasının təbii yekunu kimi Azərbaycan xalqının yaşayış səviyyəsinin aşağı olduğunu, əmək qabiliyyətli xeyli əhalinin işləmədiyini, təbii sərvətlərin tənəzzülə uğradığını qeyd edərək,

Azərbaycan xalqının müqəddəratı üçün məs’uliyyət daşıdığını başa düşərək və onun rifahı, mə’nəvi dirçəlişi qayğısına qalaraq,

suveren dövlət kimi Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin məzmununu, məqsədini və əsas prinsiplərini müəyyən edən bu Konstitusiya Qanununu qəbul edir.

I bölmə. Ümumi müddəalar

Maddə 1. İqtisadi müstəqilliyin məzmunu və məqsədi

Azərbaycan Respublikası müstəqil surətdə öz əhalisinin mənafeyinə uyğun gələn, beynəlxalq hüquqla və ümumbəşəri dəyərlərlə uzlaşan iqtisadi və sosial siyasət həyata keçirir.

Azərbaycan Respublikasının iqtisadi müstəqilliyi ondan ibarətdir ki, müstəqil surətdə xalq təsərrüfatının strukturu, onun inkişafının üstün istiqamətləri müəyyənləşdirilir, maliyyə-büdcə, pul-kredit, qiymət, investisiya siyasəti, elmi-texniki və xarici iqtisadi siyasət həyata keçirilir, əhali üçün sosial tə’minatlar yaradılır.

Azərbaycan Respublikasının iqtisadi müstəqilliyindən məqsəd hər bir vətəndaşın layiqli həyat şəraitini, şəxsiyyətin mə’nəvi tələbatının ödənilməsini və özünüifadəsini tə’min etmək, yaradıcı və məhsuldar əməyə ruhlandıran sabit mexanizmlər yaradılması yolu ilə Azərbaycan xalqının milli sərvətini qoruyub saxlamaq və artırmaqdır.

Maddə 2. İqtisadi müstəqilliyin əsas prinsipləri

İqtisadi müstəqillik aşağıdakı əsas prinsiplər üzərində qurulur:

    • respublika ərazisinin hüdudları daxilində torpaq, yerin təki, daxili sular və ərazi suları, qitə şelfi, bitkilər və heyvanlar aləmi, hava hövzəsi üzərində Azərbaycan Respublikasının müstəsna mülkiyyəti;
    • Xəzər dənizinin Azərbaycan Respublikası ərazisinə bitişik iqtisadi zonasının ehtiyatlarına beynəlxalq hüquqla təsdiq edilmiş hüdudlarda sahiblik, onlardan istifadə və onlara sərəncam hüququ;
    • yaradılmış ümumittifaq sərvətində payı olmaq;
    • SSR İttifaqının almaz və valyuta fondlarında, qızıl ehtiyatında öz payına sahiblik, respublikanın xeyrinə bu paydan istifadə və ona sərəncam hüququ;
    • bütün mülkiyyət formalarının hüquq bərabərliyi və hüquqi müdafiəsi, sahibkarlıq fəaliyyətinin sərbəstliyi, tələb və təklifin bazar münasibətləri, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi;
    • başqa dövlətlərlə iqtisadi ittifaqlara könüllü daxil olmaq və bu ittifaqlardan maneəsiz çıxmaq;
    • Azərbaycan Respublikasının ərazisində xarici investisiyaların qorunması.

II bölmə. Mülkiyyət hüququ

Maddə 3. Mülkiyyətçinin səlahiyyəti və mülkiyyətin formaları

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hüdudlarda mülkiyyətçinin əmlaka sahiblik, ondan istifadə, ona sərəncam hüquqları vardır.

Mülkiyyət münasibətləri Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq müqavilələr və hökumətlərarası sazişlər ilə müəyyən edilir və tənzimlənir.

Azərbaycan Respublikasında mülkiyyətin aşağıdakı formaları bərabər hüquqlu hesab edilir və qanunla qorunur:

    • Azərbaycan Respublikasının dövlət mülkiyyəti;
    • kollektiv mülkiyyət;
    • xüsusi mülkiyyət;
    • qarışıq mülkiyyət.

Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş çərçivədə onun ərazisində İttifaq respublikalarının və başqa dövlətlərin, onların hüquqi şəxslərinin və vətəndaşlarının, beynəlxalq təşkilatların mülkiyyətinin olmasına yol verilir.

Maddə 4. Azərbaycan Respublikasının dövlət mülkiyyəti

Azərbaycan Respublikasının ərazisində dövlət mülkiyyətinin hüquq subyekti suveren dövlət olan Azərbaycan Respublikasının özüdür.

Azərbaycan Respublikasının ərazisində olan bütün xalq təsərrüfatı sahələrinin, energetika şəbəkəsinin (sisteminin) müəssisələri, nəqliyyat və rabitə müəssisələri (nəqliyyatın və rabitənin vahid tam kimi işləməsini tə’min edən və İttifaq müqaviləsi subyektlərinin birgə mülkiyyəti olan əsas fondlardan və vasitələrdən başqa), dövlət mənzil fondu, dövlət idarələrinin əmlakı, mədəni sərvətlər və tarixi abidələr, infrastruktur obyektləri, o cümlədən kurort-turizm obyektləri, dövlət vəsaiti hesabına yaradılmış başqa əsas fondlar, dövlət bankları, maliyyə və kredit ehtiyatları, qiymətli kağızlar və suveren dövlət kimi Azərbaycan Respublikasının qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün lazım olan digər əmlak Azərbaycan Respublikasının dövlət mülkiyyətinə daxildir.

Azərbaycan Respublikasının dövlət maliyyə ehtiyatları hesabına başqa dövlətlərin ərazisində yaradılan müəssisələr, yaxud onların hissələri də Azərbaycan Respublikasının dövlət mülkiyyətidir.

Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə respublikanın dövlət mülkiyyətinin bir hissəsi yerli dövlət hakimiyyəti orqanlarının mülkiyyətinə verilə bilər.

Yerli dövlət hakimiyyəti orqanları onların mülkiyyətində olan əmlakın hüquqi rejimini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə müəyyən edirlər.

Yerli dövlət hakimiyyəti orqanlarının mülkiyyətində olan obyektləri onların razılığı olmadan başqasına vermək, əllərindən almaq və yenidən bölüşdürmək qadağandır.

Yerli dövlət hakimiyyəti orqanları torpaq və su ehtiyatlarından, digər təbii ehtiyatlardan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada istifadə edir və onlara sərəncam verirlər.

Maddə 5. Kollektiv, xüsusi və qarışıq mülkiyyət

Kollektiv mülkiyyətə hüquqi şəxslər olan kollektiv müəssisələrin, icarə müəssisələrinin, kooperativlərin, səhmdar cəmiyyətlərinin, təsərrüfat ortaqlıqlarının və assosiasiyalarının, həmkarlar ittifaqı təşkilatlarının və digər ictimai təşkilatların, dini təşkilatların, vətəndaşların birliklərinin və ictimai hərəkatlarının mülkiyyəti aiddir.

Kollektiv mülkiyyət əmlakın qanunla müəyyən edilmiş qaydada mülkiyyətə verilməsi, kollektivin vəsaiti, yaxud borc alınmış vəsait ilə əmlak yaradılması və ya əldə edilməsi hesabına əmələ gəlir.

Xüsusi mülkiyyət ayrı-ayrı şəxslərin və onların ailələrinin əmlakı şəklində, istehsal vasitələri və bunlara bərabər tutulan sərvətlər, qeyri-istehsal tə’yinatlı əşyalar və sərvətlər, pul və qiymətli kağızlar şəklində, intellektual əmək məhsulları şəklində təzahür edir; bunlardan muzdlu əmək tətbiq etməklə gəlir götürülməsi üçün də istifadə oluna bilər.

Vətəndaşların, hüquqi şəxslərin və dövlətlərin mülkiyyətində olan əmlakın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hüdudlarda birləşdirilməsinə və bu əsasda qarışıq mülkiyyət formasının yaradılmasına yol verilir. Qarışıq mülkiyyətin növü öz vəsaitlərini birləşdirən sahiblərin statusu ilə müəyyən edilir.

Maddə 6. Azərbaycan Respublikasının hüdudlarından kənarda olan, mülkiyyət

Azərbaycan Respublikası dövlətinin, kooperativlərinin, ictimai təşkilatlarının və ictimai hərəkatlarının, habelə vətəndaşlarının başqa dövlətlərdə olan əmlakına səhibliyin, ondan istifadənin və ona sərəncamın şərtləri və qaydası mülkiyyətin olduğu dövlətlərin qanunları, habelə beynəlxalq hüquq normaları və bağlanmış sazişlər ilə müəyyən edilir. Azərbaycan Respublikası bu mülkiyyətin sahiblərinə onu qorumaqda kömək göstərir.

III bölmə. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi

Maddə 7. Azərbaycan Respublikasının xalq təsərrüfatı kompleksi

Azərbaycan Respublikasının xalq təsərrüfatı kompleksi mülkiyyətin formalarından asılı olmayaraq respublikanın ərazisində yerləşən müəssisələrin, birliklərin və təşkilatların məcmusundan ibarətdir.

Müəssisələr, birliklər və təşkilatlar respublika qanunvericiliyi ilə müəyyən edilən təsərrüfat müstəqilliyinə, Azərbaycan Respublikasının və başqa dövlətlərin istənilən hüquqi şəxsləri və vətəndaşları ilə müqavilə münasibətləri yaratmaq, filiallar tə’sis etmək, payçılıq əsasında birgə müəssisələr açmaq hüququna malikdirlər. İstehsal-təsərrüfat fəaliyyəti sərbəst bazar münasibətlərinə əsaslanır, dövlət sifarişi könüllü xarakter daşıyır və müsabiqə əsasında verilir. Müqavilələrin və sazişlərin subyektləri qəbul etdikləri öhdəlikləri pozduqda, vurulmuş ziyanı ödəmək yolu ilə məs’uliyyət daşıyırlar.

Xalq təsərrüfatı kompleksi bazar mühitində, istehlak malları, əhaliyə xidmət, istehsal vasitələri, kapital, iş qüvvəsi, valyuta və qiymətli kağız bazarlarının mövcudluğu şəraitində inkişaf edir. Bazar münasibətlərinin əsasını əmtəə-pul münasibətləri, sərbəst qiymətqoyma və sahibkarlıq əsasında satıcı ilə alıcı arasında razılaşma yolu ilə formalaşan müqavilə və bazar qiymətləri təşkil edir. Sahibkarlar üçün bərabər iqtisadi şərait yaradılır və barəbar hüquqi tə’minatlar müəyyən edilir.

Dövlət hakimiyyəti və idarəetmə orqanları Azərbaycan Respublikasının qanunvericiliyində xüsusi nəzərdə tutulmuş hallardan başqa, dövlət müəssisələrinin təsərrüfat fəaliyyətinə bilavasitə qarışmırlar.

Xalq təsərrüfatını dövlət idarəetmə orqanlarının strukturunu Azərbaycan Respublikasının Ali Soveti müəyyən edir. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallarda dövlətlərarası sazişlər əsasında respublikadankənar orqanlara ayrı-ayrı sahələrin müəssisələrini idarə etmək hüququ verilə bilər.

Maddə 8. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin əsas funksiyaları

Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti və idarəetmə orqanları qanunların və iqtisadi xarakterli tədbirlərin köməyi ilə:

    • istehsal-iqtisadi potensialdan istifadənin ən səmərəli üsullarını müəyyən edir, xalq təsərrüfatının struktur dəyişikliklərinə kömək göstərir, əsas bazar strukturlarını yaradır, intellektual mülkiyyət münasibətlərini tənzimləyir;
    • milli gəlirdən istifadə proporsiyalarını müəyyən edir, iqtisadi və sosial inkişaf, Azərbaycan xalqının mə’nəvi dirçəlişi proqramlarını hazırlayır və bunların həyata keçirilməsinə kömək göstərir, ayrı-ayrı sahələrin və regionların inkişafı üçün xüsusi fondlar yaradır;
    • başqa dövlətlərlə münasibətlərdə Azərbaycan Respublikasının mənafeyini qoruyur;
    • lazım olduqda lisenziyalar vermək və mal gətirilməsi, aparılması hədlərini müəyyən etmək yolu ilə Azərbaycan Respublikasının hüquqi şəxslərinin və vətəndaşlarının digər dövlətlərlə qarşılıqlı münasibətlərini tənzimləyir;
    • respublika əhalisinin xeyrinə olaraq malların və xidmətlərin qiymətlərini və tariflərini tənzimləyir, inhisarların amirliyinə qarşı tədbirlər görür, Azərbaycan Respublikasının milli, sosial, iqtisadi, ekoloji və mədəni mənafeyinə zidd olan fəaliyyətin qarşısını alır;
    • respublikanın əmək ehtiyatlarından səmərəli istifadə olunmasını, sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasını tə’min edir:
    • respublika vətəndaşlarının dolanacaq minimumunun tə’minatlarını, sosial tə’minat və sığortalama üçün digər zəruri hüquqi tə’minatları həyata keçirir;
    • əhalinin, müəssisələrin və təşkilatların təbii fəlakətlərdən, istehsalat qəzalarından və başqa fövqəl’adə hadisələrdən və vəziyyətlərdən qorunması və bunların nəticələrinin ləğv edilməsi üçün lazımi tədbirlər sistemi yaradır və hazır saxlayırlar.

Maddə 9. Elmi-texniki siyasət, struktur və investisiya siyasəti

Azərbaycan Respublikası istehsalatın texniki-texnoloji cəhətdən əsaslı surətdə yeniləşdirilməsinə, milli mənafelərə və dünya bazarının tələblərinə müvafiq surətdə fəaliyyət göstərən yüksək səmərəli, mobil iqtisadiyyat formalaşmasına kömək edən elmi-texniki siyasət, struktur və investisiya siyasəti yeridir.

Azərbaycan Respublikası fundamental və tətbiqi elmi tədqiqatların üstün istiqamətlərini müəyyən edir, elmi-texniki ideyalar və mühəndis araşdırmaları bazarını təşkil edir, beynəlxalq elmi-texniki əməkdaşlığı həyata keçirir, elmi kadrlar hazırlanmasının səmərəli sistemini yaradır.

Azərbaycan Respublikasının struktur-investisiya siyasəti istehsalı insanın mənafeyinə tabe etməkdən, iqtisadiyyatın sahə və ərazi inkişafında uyğunsuzluqları ləğv etməkdən, məhsul buraxılışının ümumi həcmində son istehlak məhsulunun payını artırmaqdan, elm tutumlu sahələri, ehtiyatlara qənaət edən texnologiyaları, təhlükəsiz və ekoloji cəhətdən zərərsiz istehsalatları üstün inkişaf etdirməkdən ibarətdir.

Azərbaycan Respublikası öz ərazisində investisiya fəaliyyətini tənzimləyir, investisiya bazarı və fond birjaları yaranmasına kömək göstərir.

Maddə 10. Yerli özünüidarə və yerli təsərrüfat

Yerli özünüidarə Azərbaycan Respublikasının qanunları, öz iqtisadi və maliyyə bazası əsasında, əhalinin mənafeyini nəzərə almaqla yerli həyatın bütün məsələlərini vətəndaşların bilavasitə, yaxud seçdikləri dövlət təşkilatları və ictimai təşkilatlar vasitəsilə müstəqil həll etməsi üçün onların ərazi özünütəşkilidir.

Yerli özünüidarə Azərbaycan Respublikasının müvafiq inzibati ərazi vahidlərinin hüdudları daxilində həyata keçirilir.

Yerli özünüidarə sistemində əsas pillə öz ərazisində yerli özünüidarənin bütün digər pillələrinin fəaliyyətini birləşdirən və əlaqələndirən yerli xalq deputatları Sovetləridir.

Yerli təsərrüfat əhalinin tələbatının bilavasitə ödənilməsini tə’min edir və müvafiq inzibati ərazi vahidinin mülkiyyəti olan müəssisələrdən, birliklərdən, təşkilatlardan, istehsal və sosial infrastruktur obyektlərindən ibarətdir.

Yerli xalq deputatları Sovetləri yerli təsərrüfat müəssisələrinin, birliklərinin və təşkilatlarının fəaliyyətini əlaqələndirir, sahibkarlığın və kiçik müəssisələrin inkişafına kömək edir. Yerli xalq deputatları Sovetlərinin ərazisində təsərrüfat fəaliyyəti onların icazəsi ilə həyata keçirilir.

Yerli xalq deputatları Sovetləri müstəqil büdcəyə malikdir.

Yerli dövlət hakimiyyəti orqanlarının onların mülkiyyətinə aid olmayan müəssisələr, birliklər və təşkilatlar ilə münasibətləri vergi və müqavilə əsasında qurulur.

Yerli xalq deputatları Sovetlərinin öz səlahiyyəti daxilində qəbul etdikləri qərarlar ərazidə yerləşən bütün müəssisələr, təşkilatlar və idarələr üçün məcburidir.

Maddə 11. Xarici iqtisadi fəaliyyət və respublikalararası münasibətlər

İttifaqın respublikaları ilə və başqa dövlətlərlə iqtisadi əlaqələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət səviyyəsində, hüquqi şəxslər və vətəndaşlar səviyyəsində qarşılıqlı fayda və hüquq bərabərliyi prinsipləri əsasında həyata keçirilir.

Azərbaycan Respublikası xarici iqtisadi fəaliyyətə müstəqil rəhbərlik edir, gömrük sistemi yaradır, sərbəst iqtisadi zonalar, müxtəlif xarici iqtisadi təşkilatlar, firmalar, ticarətxanalar, səhmdar cəmiyyətləri, banklar və başqa təşkilatlar yaratmaq, xaricdə öz ticarət-iqtisadi nümayəndəliklərini açmaq məsələlərini müstəqil həll edir.

Azərbaycan Respublikası valyuta fondu yaradır və ondan istifadə məsələlərini müstəqil həll edir. Valyuta fondunun yaradılması mənbələri respublikanın ərazisində yerləşən bütün müəssisə və təşkilatların xarici iqtisadi fəaliyyətdən, o cümlədən xarici turizmdən, mədəniyyət, idman tədbirlərindən və başqa tədbirlərdən götürdükləri valyutadan tə’diyələr, qiymətli kağızlarla və istiqrazlarla əməliyyatlardan götürülən gəlirlərdən tə’diyələr, gömrük rüsumlarıdır.

İqtisadi fəaliyyət məsələlərinə dair Azərbaycan Respublikasının beynəlxalq sazişləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə bağlanır və Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilir.

Maddə 12. Dövlət nəzarəti

Azərbaycan Respublikasının ərazisində müəssisələrin, birliklərin, təşkilatların iqtisadi fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək hüququna ancaq Azərbaycan Respublikasının müvafiq orqanları malikdir.

IV. bölmə. Azərbaycan Respublikasının maliyyə-büdcə, kredit və pul sistemi

Maddə 13. Maliyyə-büdcə sistemi

Azərbaycan Respublikasının öz maliyyə sistemi vardır. Bu sistemə Azərbaycan Respublikasının büdcəsi, Azərbaycan Respublikasının pensiya fondu, sosial sığorta fondu, dövlət sığortası və şəxsi sığorta, xarici sığorta, xalq təsərrüfatı sahələrinin, həmkarlar ittifaqı təşkilatlarının və başqa ictimai təşkilatların maliyyəsi və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə yaradılan büdcədənkənar fondlar daxildir.

Azərbaycan Respublikasının büdcəsi respublika büdcəsinin, Naxçıvan Muxtar Respublikası, DQMV və yerli xalq deputatları Sovetləri büdcələrinin vəsaitindən ibarətdir.

Azərbaycan Respublikasının respublika büdcəsini, muxtar qurumların büdcələrini və yerli büdcələri tərtib etmək, nəzərdən keçirmək, təsdiq və icra etmək qaydası, habelə onların qarşılıqlı münasibətləri büdcə sistemi, vergiqoyma, yerli özünüidarə və yerli təsərrüfat haqqında Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.

Azərbaycan Respublikasının respublika büdcəsinin, Naxçıvan Muxtar Respublikası və DQMV büdcələrinin, yerli büdcələrin gəlir mənbələri dövlət vergiləri, tə’diyələr, daxil olan varidat və subvensiyalardır.

Azərbaycan Respublikası öz ərazisində müstəqil vergi siyasəti yeridir. Vergilərin növləri və dərəcələri, habelə vergiqoyma qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir və bütün hüquqi şəxslər və vətəndaşlar barəsində qüvvədə olur.

Azərbaycan Respublikasının ərazisində müəssisələrdən, birliklərdən və təşkilatlardan, habelə vətəndaşlardan tutulan vergilərin və tə’diyələrin bütün növləri tamamilə respublika büdcəsinə və yerli büdcələrə keçirilir.

Azərbaycan Respublikasının respublika büdcəsinin, Naxçıvan Muxtar Respublikası və DQMV büdcələrinin, yerli büdcələrin vəsaiti xalq təsərrüfatının inkişafı və dövlət tərəfindən tənzimlənməsi, ictimai və sosial ehtiyacların ödənilməsi və dövlət idarəetmə funksiyalarının yerinə yetirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldilir.

Azərbaycan Respublikası başqa dövlətlər və beynəlxalq təşkilatlarla şərikli layihələrin və proqramların məqsədli maliyyələşdirilməsində müqavilə əsasında öz büdcə vəsaiti ilə iştirak edə bilər.

Azərbaycan Respublikası Ali Sovetinin könüllü surətdə İttifaqın ali hakimiyyət orqanına verdiyi səlahiyyətin icrası ilə əlaqədar xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası vəsait ayırır.

İttifaq bu səlahiyyəti yerinə yetirmədikdə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə vəsait ayrılması dayandırılır və əvvəllər ödənilmiş tə’diyələr geri tələb edilir.

Maddə 14. Bank sistemi və pul tədavülü

Azərbaycan Respublikası öz ərazisində bank işini və pul tədavülünü müstəqil surətdə təşkil edir.

Bank sistemi Azərbaycan Respublikasının Milli Bankından, Xarici İqtisadi Fəaliyyət Bankından, respublika banklarından və digər səhmdar-kommersiya banklarından, müxtəlif mülkiyyət formalarının başqa kredit idarələrindən ibarətdir. Bank idarələri iqtisadi cəhətdən müstəqildirlər və özlərinin fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tuturlar.

Azərbaycan Respublikasının kredit ehtiyatları bankların öz vəsaitindən, respublikanın ərazisində yerləşən müəssisələrin, birliklərin və təşkilatların bank hesablarındakı vəsaitin qalıqlarından, banklararası hesablaşmalardakı vəsaitdən, əhalinin pul əmanətlərindən, digər pul ehtiyatlarından ibarətdir.

Azərbaycan Respublikası öz mənafeyini qorumaq üçün zərurət olduqda öz pul vahidini yaradır.

Azərbaycan Respublikasının Milli Bankı yalnız respublikanın Ali Sovetinə hesabat verir, ali emissiya idarəsidir, kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini yeridir, bütövlükdə bank sisteminin fəaliyyətini tənzimləyir, respublikanın mənafeyini əsas tutaraq SSRİ Dövlət Bankı ilə qarşılıqlı əlaqədə ehtiyat bank funksiyalarını icra edir.

Maddə 15. Qiymətqoyma

Azərbaycan Respublikası öz inkişafı xeyrinə müstəqil surətdə qiymətqoyma siyasəti həyata keçirir.

İttifaqın respublikaları və başqa dövlətlər ilə ticarət başlıca olaraq dünya qiymətləri üzrə həyata keçirilir.

Qiymətləri və tarifləri dövlət tərəfindən tənzimlənməli olan malların və xidmətlərin siyahısı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

V bölmə. Azərbaycan Respublikası əhalisinin sosial tə’minatları

Maddə 16. Sosial tə’minatların yerinə yetirilməsi sistemi

Azərbaycan Respublikasında yaradılan sosial tə’minatlar sisteminin əsas prinsipləri aşağıdakılardır:

    • peşənin sərbəst seçilməsi əsasında əhalinin məşğulluğu, işsizlikdən müdafiə, müvəqqəti işləməyən vətəndaşların yenidən tə’limi və ixtisasını dəyişməsi üçün lazımi şərait yaradılması;
    • ixtisaslı tibbi yardımın hamıya müyəssər olması:
    • orta, orta ixtisas və əsasən ali təhsilin pulsuz olması;
    • minimum istehlak büdcəsinin müəyyən edilməsi və onun əsasında əhalinin itkilərinin tam, yaxud qismən ödənilməsi, kompensasiya ödənişlərinin tə’yin edilməsi;
    • əhalinin gəlirlərinin indeksləşdirilməsi;
    • zəhmətkeşlərin sağlam və təhlükəsiz əmək şəraiti hüquqlarının həyata keçirilməsi;
    • anaların və uşaqların mühafizəsi, qadınların əmək və məişət şəraitinin kökündən yaxşılaşdırılması sahəsində əməli tədbirlərin həyata keçirilməsi.

Sosial tə’minatların həyata keçirilməsini dövlət orqanları və idarələri, dövlət, kooperativ müəssisələri və qarışıq müəssisələr, həmkarlar ittifaqları və başqa ictimai təşkilatlar və xüsusi sahiblər tə’min edirlər.

Maddə 17. Əməyin ödənilməsi və iş rejimi

Təsərrüfat hesablı müəssisələrdə, birliklərdə və təşkilatlarda əmək haqqının miqdarı hər bir işçinin əmək töhfəsindən asılıdır və təsərrüfat fəaliyyətinin gəliri ilə bağlıdır.

Əmək haqqının maksimum miqdarı məhdudlaşdırılmır, onun dövlət tərəfindən nəzarət edilən aşağı həddi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan dolanacaq minimumunu təmin etməlidir.

İş vaxtı və istirahət rejimi, əmək normaları, ödənişin dərəcələri və qaydası qüvvədə olan qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilir.

Maddə 18. Demoqrafiya proseslərinin idarə edilməsi

Azərbaycan Respublikasında demoqrafiya proseslərinin optimallaşmasını, əhali artımının genişlənməsini və əhalinin cins-yaş tərkibində uyğunsuzluqların aradan qaldırılmasını, qadınların ictimai funksiyalarının analıq funksiyaları ilə ahəngdar uzlaşdırılmasını, ailənin inkişafı və böyüməkdə olan nəslin tərbiyəsi üçün əlverişli şərait yaradılmasını tə’min edən iqtisadi və sosial tədbirlər kompleksi hazırlanıb həyata keçirilir.

Maddə 19. Sosial tə’minat və sosial sığorta sahəsində tə’minatlar

Azərbaycan Respublikasında vətəndaşların sosial sığortası sistemi fəaliyyət göstərir.

Sosial sığorta əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, əlillik, ailə başçısının itirilməsi, qocalıq və işsizlik ilə əlaqədar olaraq həyata keçirilir.

Azərbaycan Respublikası qocaların, pensiyaçıların, əlillərin, natamam və çoxuşaqlı ailələrin sosial və iqtisadi müdafiəsini tə’min edir. Əlillik, qocalıq və ya ailə başçısının itirilməsi ilə əlaqədar pensiyanın miqdarı əlilin, qocanın və ya ailə başçısının əmək töhfəsinə uyğun gəlməli və dolanacaq minimumundan aşağı olmamalıdır.

Maddə 20. Zəhmətkeşlərin mənafeyinin qorunması

Azərbaycan Respublikası bütün sosial təbəqələrin və qrupların mənafe tarazlığını, bütün vətəndaşların ədalətli tələblərini və hüquqlarını qoruyur.

Xüsusi müəssisələrin muzdlu işçiləri ictimai bölmədə çalışan işçilərin malik olduqları bütün sosial tə’minatlardan istifadə edirlər.

İstehlakçıların mənafeyini qorumaq üçün məhsulun təhlükəsizliyinə və zərərsizliyinə, malların keyfiyyətinə nəzarət həyata keçirilir.

Azərbaycan Respublikasında həmkarlar ittifaqları və zəhmətkeşlərin başqa birlikləri zəhmətkeşlərin və əmək kollektivlərinin sosial-iqtisadi mənafeyini qorumaq üçün qanunvericiliyə müvafiq surətdə hüquqlara və səlahiyyətə malikdirlər.

Sosial-iqtisadi məsələlərlə əlaqədar əmək münaqişələri olduqda zəhmətkeşlərin sosial tə’minatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur.

Maddə 21. Ətraf mühitin mühafizəsi üçün tə’minatlar

Azərbaycan Respublikası vətəndaşların ekoloji təhlükəsizlik hüququnu tə’min edir, təbii komplekslərin qorunub saxlanması, nadir və kökü kəsilməkdə olan flora və fauna növlərinin mühafizəsi və artırılması üçün lazımi tədbirlər görür.

Təbiətdən istifadə qaydası respublika qanunvericiliyi ilə müəyyən edilir.

VI bölmə. Azərbaycan Respublikasının iqtisadi qanunvericiliyi

Maddə 22. İqtisadi qanunvericilik

Azərbaycan Respublikasının iqtisadi müstəqilliyi Azərbaycan Respublikasının Konstitusiyası, bu Konstitusiya Qanunu və ona müvafiq surətdə hazırlanmalı olan qanunlar və digər normativ aktlar: mülkiyyət, torpaq, vergiqoyma, icarə, müəssisələr, sahibkarlıq, inhisar əleyhinə fəaliyyət, investisiyaların qorunması, müflisləşmə, bank işi, büdcə və pul sistemi, xarici iqtisadi əlaqələr, məşğulluq, sosial tə’minat haqqında və başqa qanunlar və normativ aktlar əsasında həyata keçirilir.

Maddə 23. Hüquqi məs’uliyyət

Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin həyata keçirilməsində qanunsuz hərəkətlər, yaxud fəaliyyətsizlik onun dövlət suverenliyinə qəsddir və qanunla cəzalandırılır.

Qanun qəbul olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

A. MÜTƏLLİBOV.

Bakı şəhəri, 25 may 1991-ci il.

№ 116-XII.

«Azərbaycan Respublikası Ali Sovetinin məlumatı»nda dərc edilmişdir (31 may 1991-ci il, № 9-10, maddə 150) («LegalActs» LLC).

© LegalActs LLC