О постоянных комиссиях Верховного Совета Азербайджанской Республики
«Həyat» qəzetində dərc edilmişdir (22 fevral 1991-ci il, № 38).
Release date: 06.02.1991Azərbaycan Respublikası Ali Sovetinin
daimi komissiyaları haqqında
Azərbaycan Respublikasının Qanunu
I. Ümumi müddəalar
Maddə 1.
Qanun layihələri üzərində iş aparmaq, Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyətinə aid məsələləri qabaqcadan nəzərdən keçirmək və hazırlamaq üçün, habelə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi başqa qərarların həyata keçirilməsinə kömək göstərmək, dövlət orqanlarının və təşkilatlarının fəaliyyətinə nəzarət etmək üçün Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikası xalq deputatları sırasından daimi komissiyalar seçir.
Azərbaycan Respublikası Ali Soveti daimi komissiyalarının səlahiyyətinə aid məsələlər, onların hüquqları və vəzifələri, təşkili və fəaliyyəti qaydası Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Ali Sovetinin Reqlamenti, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir.
Maddə 2.
Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları yeni seçilmiş Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında onun səlahiyyət müddəti üçün təşkil edilir.
Daimi komissiyaların siyahısını, say və şəxsi tərkibini Azərbaycan Respublikasının Ali Soveti müəyyən edir.
Zərurət olduqda Azərbaycan Respublikasının Ali Soveti yeni daimi komissiyalar təşkil edə bilər, əvvəllər yaradılmış komissiyaları ləğv edə bilər və yenidən təşkil edə bilər, daimi komissiyaların tərkibində dəyişikliklər edə bilər.
Azərbaycan Respublikasının Ali Soveti zəruri bildikdə istənilən məsələ üzrə istintaq, təftiş və başqa komissiyalar yaradır.
Maddə 3.
Azərbaycan Respublikasının Ali Soveti daimi komissiyaları sədrlərdən və daimi komissiyaların üzvlərindən ibarət tərkibdə seçir.
Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları öz üzvləri sırasından daimi komissiyanın sədrinin müavinini və komissiyanın katibini seçirlər.
Daimi komissiyaların sədrləri Azərbaycan Respublikası Ali Soveti Rəyasət Hey’ətinin tərkibinə daxildirlər.
Zərurət olduqda Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları bu orqanların fəaliyyətinin əsas istiqamətləri üzrə hazırlıq komissiyaları təşkil edə bilərlər.
Maddə 4.
Azərbaycan Respublikasının xalq deputatı Azərbaycan Respublikası Ali Sovetinin bir daimi komissiyasının üzvü ola bilər.
Azərbaycan Respublikası Ali Soveti daimi komissiyalarının bütün üzvləri bərabər hüquqlara malikdirlər.
Maddə 5.
Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları açıq səsvermə yolu ilə seçilirlər. Səsvermə daimi komissiyanın sədrinin namizədliyi üzrə ayrıca, sonra isə daimi komissiyanın tərkibi üzrə bütövlükdə və ya hər namizədlik üzrə ayrıca, yaxud Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə başqa qaydada keçirilir.
Maddə 6.
Daimi komissiyalar formalaşdırılarkən xalq deputatlarının işgüzarlıq və peşə keyfiyyətləri, istehsalat və həyat təcrübəsi, bu və ya digər daimi komissiyada işləmək barəsində sərbəst ifadə etdikləri arzuları nəzərə alınır.
Maddə 7.
Azərbaycan Respublikası Ali Sovetinin sədri, onun müavinləri, Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikasının prokuroru, Azərbaycan Respublikası Xalq Nəzarəti Komitəsinin sədri, onun müavinləri Azərbaycan Respublikası Ali Soveti daimi komissiyalarının tərkibinə seçilə bilməzlər.
Maddə 8.
Azərbaycan Respublikasının xalq deputatı özünün xahişi ilə, habelə onun öz vəzifəsini yerinə yetirməsini qeyri-mümkün edən hallarla əlaqədar olaraq Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyasında vəzifəsindən vaxtından əvvəl azad edilə bilər.
Maddə 9.
Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları Azərbaycan Respublikasının Ali Soveti qarşısında məs’uldurlar və ona hesabat verməlidirlər.
Maddə 10.
Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Hey’əti Azərbaycan Respublikası Ali Soveti daimi komissiyalarının fəaliyyətini əlaqələndirir.
Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Hey’əti Azərbaycan Respublikası Ali Soveti daimi komissiyalarının fəaliyyətini əlaqələndirərkən daimi komissiyaların birgə işləməsinə, onların materiallar və sənədlər ilə vaxtında tə’min edilməsinə, daimi komissiyaların fəaliyyətinin elmi tə’minatına kömək göstərir, işdə onlara hüquqi, təşkilati, maddi-texniki və digər lazımi yardım edir.
II. Daimi komissiyaların səlahiyyətinə aid məsələlər
Maddə 11.
Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları Azərbaycan Respublikası Ali Sovetinin, Azərbaycan Respublikası Ali Soveti sədrinin tapşırığı ilə və ya özlərinin təşəbbüsü ilə komissiyaların səlahiyyətinə aid məsələlər üzrə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Ali Sovetinin digər qərarlarının layihələrini hazırlayırlar. Daimi komissiyalar qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar məsələləri hazırlayır, onlara verilmiş Azərbaycan Respublikası qanunlarının layihələrini və Azərbaycan Respublikası Ali Sovetinin digər qərarlarının layihələrini nəzərdən keçirir, bunlara dair müvafiq rə’ylər hazırlayırlar.
Maddə 12.
Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları Azərbaycan Respublikasında onların səlahiyyətinə aid olan dövlət, təsərrüfat quruculuğu və sosial-mədəni quruculuq məsələlərini, respublikalararası əlaqə məsələlərini nəzərdən keçirir və bu məsələlər üzrə təkliflər hazırlayırlar.
Maddə 13.
Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları Azərbaycan Respublikasının xarici siyasi və xarici iqtisadi fəaliyyəti, xarici ölkələrlə mədəni əlaqələr ilə bağlı məsələlər üzrə mə’ruzələri və mə’lumatları Azərbaycan Respublikası Ali Sovetinin müzakirəsinə verə bilər, xarici ölkələrə göndərilmiş rəsmi nümayəndə hey’ətlərinin hesabatlarını dinləyə bilərlər.
Maddə 14.
Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Ali Sovetinin digər qərarlarının həyata keçirilməsinə, dövlət və ictimai orqanların və təşkilatların fəaliyyətinə nəzarət olunmasında iştirak edir, təkliflər hazırlayır və tövsiyələr qəbul edirlər.
Maddə 15.
Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları onların səlahiyyətinə aid məsələlər üzrə Azərbaycan Respublikası Nazirlər Sovetinin, Azərbaycan Respublikası nazirliklərinin, dövlət komitələrinin və baş idarələrinin, digər dövlət və ictimai orqanların, təşkilatların mə’lumatlarını və mə’ruzələrini, habelə Azərbaycan Respublikasının ərazisində yerləşən orqanların, müəssisələrin, idarələrin və təşkilatların rəhbərlərinin mə’lumatlarını dinləyirlər.
Maddə 16.
Daimi komissiyaların təklifi ilə Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikası Nazirlər Sovetinin bütövlükdə öz işi haqqında və ya fəaliyyətinin ayrı-ayrı məsələləri barəsində hesabatını dinləyə bilər.
Azərbaycan Respublikası hökumətinin hesabatı Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında nəzərdən keçirilməzdən əvvəl rəy üçün Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyalarına verilir.
Maddə 17.
Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları seçilmək, tə’yin olunmaq və ya təsdiq edilmək üçün vəzifəli şəxslərin Azərbaycan Respublikası Ali Sovetinə təqdim olunan namizədliklərini Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının digər qanunları ilə müəyyənləşdirilmiş qaydada müzakirə edir və müzakirə olunan namizədliklər barəsində öz rə’ylərini verirlər.
Azərbaycan Respublikası Ali Sovetinin seçdiyi, tə’yin etdiyi və təsdiq etdiyi şəxslərin vəzifədən azad olunması haqqında təqdimatları müzakirə edirlər.
Maddə 18.
Zərurət olduqda Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları dövlət orqanlarının, idarələrinin və təşkilatlarının rəhbərlərinin tutduqları vəzifəyə uyğun olmaması barəsində təkliflər hazırlayır və Azərbaycan Respublikasının Ali Sovetinə təqdim edirlər.
III. Daimi komissiyaların hüquqları və vəzifələri
Maddə 19.
Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları özlərinin səlahiyyətinə aid məsələlərə baxarkən bərabər hüquqlara malikdirlər və bərabər vəzifələr daşıyırlar. Onlar qanunvericilik təşəbbüsü hüququna da eyni dərəcədə malikdirlər.
Maddə 20.
Azərbaycan Respublikasının qanunları, bir qayda olaraq, layihələr Azərbaycan Respublikası Ali Sovetinin bu məsələdə səlahiyyətli olan daimi komissiyalarında qabaqcadan müzakirə edildikdən sonra qəbul olunur. Azərbaycan Respublikası qanunlarının layihələri onların hazırlanmasının zəruriliyinə dair əsaslar, gələcək qanunların məqsədlərinin, vəzifələrinin, əsas müddəalarının və qüvvədə olan qanunvericilik sistemində onların yerinin, habelə qanunların tətbiqindən gözlənilən sosial-iqtisadi nəticələrin geniş xarakteristikası ilə birlikdə müzakirəyə təqdim edilir. Bu zaman qanun layihəsinin hazırlanmasında iştirak etmiş əmək kollektivləri və şəxslər göstərilir. Həyata keçirilməsi əlavə maddi və başqa məsrəflər tələb edən layihə təqdim olunarkən onun maliyyə — iqtisadi əsasları əlavə edilir.
Azərbaycan Respublikası qanunlarının alternativ layihələrini daimi komissiyalar əsas layihə ilə bərabər şəraitdə nəzərdən keçirirlər.
Maddə 21.
Azərbaycan Respublikası Ali Soveti daimi komissiyalarının ixtiyarı vardır ki, Azərbaycan Respublikası qanunlarının layihələrini və dövlət həyatının digər ən vacib məsələlərini xalq müzakirəsinə və xalq səsverməsinə (referenduma) vermək barəsində Azərbaycan Respublikasının Ali Sovetinə təkliflər versinlər.
Maddə 22.
Azərbaycan Respublikası Ali Soveti daimi komissiyalarının hüququ vardır ki, Azərbaycan Respublikası Ali Soveti sessiyalarının gündəliyinə dair təkliflər versin, özlərinin səlahiyyətinə aid məsələlər üzrə öz mə’ruzəçilərini və ya əlavə mə’ruzəçilərini ayırsınlar.
Bir neçə daimi komissiyanın hazırladığı məsələlər üzrə onlar birgə mə’ruzələr və əlavə mə’ruzələr ilə çıxış edə bilərlər, yaxud öz qeydlərini və təkliflərini ayrıca təqdim edə bilərlər.
Maddə 23.
Azərbaycan Respublikası Ali Soveti daimi komissiyalarının hüququ vardır ki, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Sovetinə, Azərbaycan Respublikası Ali Sovetinin təşkil etdiyi və ya seçdiyi digər orqanların rəhbərlərinə, habelə Respublika Ali Sovetinin tə’yin etdiyi vəzifəli şəxslərə sorğu ilə müraciət etsinlər.
Maddə 24.
Azərbaycan Respublikası Ali Soveti daimi komissiyalarının ixtiyarı vardır ki, özlərinin səlahiyyətinə aid məsələlər üzrə Azərbaycan Respublikasının Nazirlər Sovetinə təkliflər versinlər.
Maddə 25.
Azərbaycan Respublikası Ali Soveti daimi komissiyalarının ixtiyarı vardır ki, özlərinin səlahiyyətinə aid məsələlər üzrə dövlət orqanlarından və ictimai təşkilatlardan, birliklərdən, müəssisələrdən və idarələrdən lazımi sənədlər, yazılı rə’ylər və başqa materiallar təqdim etməyi tələb etsinlər.
Göstərilən orqanların və təşkilatların rəhbərləri və ya nümayəndələri daimi komissiyanın təklifi ilə komissiyanın iclasına gəlməyə və baxılan məsələlər üzrə izahat verməyə borcludurlar. Bu zaman komissiyalar məsələyə baxılacağı barəsində müvafiq orqanlara və təşkilatlara qabaqcadan məlumat verirlər.
Maddə 26.
Vəzifəli şəxslər Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyalarına yanlış məlumat vermək, yaxud məlumatı bilərəkdən gizlətmək üstündə Respublikanın Ali Soveti qarşısında məsuliyyət daşıyırlar.
Maddə 27.
Azərbaycan Respublikası Ali Soveti daimi komissiyalarının hazırladıqları tövsiyələr Azərbaycan Respublikasının müvafiq nazirliklərinə, dövlət komitələrinə və baş idarələrinə, digər dövlət, ictimai orqanlara, təşkilatlara göndərilir və zəruri hallarda Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Sovetinə, Azərbaycan Respublikasının Nazirlər Sovetinə bildirilir.
Maddə 28.
Azərbaycan Respublikası Ali Soveti daimi komissiyalarının tövsiyələri dövlət orqanları və ictimai orqanlar, idarələr və təşkilatlar tərəfindən hökmən müzakirə edilməlidir. Müzakirənin nəticələri və görülmüş tədbirlər barəsində komissiyalara onların müəyyən etdikləri müddətdə məlumat verilməlidir.
Maddə 29.
Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları Azərbaycan Respublikasının Ali Sovetinə təklif edə bilərlər ki, Azərbaycan Respublikası Prezidenti fərmanlarının Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına; Azərbaycan Respublikası Ali Sovetinin müzakirəsinə verilmiş Azərbaycan Respublikası qanunlarının və digər aktların layihələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmaması barədə rə’y hazırlamağı Azərbaycan Respublikasının Konstitusiya Nəzarəti Komitəsinə tapşırsın.
Maddə 30.
Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları Azərbaycan Respublikasının Konstitusiya Nəzarəti Komitəsinə təklif edə bilər ki, aşağıdakılar barəsində rə’ylər versin:
SSRİ qanunları, SSRİ Prezidentinin fərmanları, SSRİ Ali Sovetinin və onun palatalarının aktları, SSRİ Nazirlər Kabinetinin qərarları və sərəncamları ilə Azərbaycan Respublikasının suveren hüquqlarının pozulması, bu sənədlərdə SSR İttifaqının səlahiyyəti hədlərinin aşılması barəsində;
SSRİ nazirliklərinin, dövlət komitələrinin və baş idarələrinin aktlarının SSRİ və Azərbaycan Respublikası qanunlarına zidd olması barəsində;
Azərbaycan Respublikası nazirliklərinin, dövlət komitələrinin və baş idarələrinin, digər dövlət və ictimai idarələrin və təşkilatların normativ aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olub-olmaması barəsində.
Maddə 31.
Azərbaycan Respublikası Ali Soveti daimi komissiyalarının ixtiyarı vardır ki, komissiyaların tərkibinə daxil olmayan Azərbaycan Respublikasının xalq deputatlarını, habelə nazirliklərin, dövlət komitələrinin, baş idarələrin, digər dövlət və ictimai orqanların və təşkilatların, elmi idarələrin nümayəndələrini, mütəxəssisləri və alimləri özlərinin işinə cəlb etsinlər.
Azərbaycan Respublikası Ali Soveti daimi komissiyalarının tələbi ilə müəssisələr, təşkilatlar və idarələr tərəfindən materiallar və sənədlər hazırlanması, habelə onların işçilərinin daimi komissiyaların fəaliyyətinə cəlb edilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına haqq ödənilə bilər.
Maddə 32.
Daimi komissiyanın üzvü komissiyanın baxdığı bütün məsələlər üzrə həlledici səs hüququndan istifadə edir, istənilən məsələləri və təklifləri komissiyanın müzakirəsinə vermək, bunların müzakirəyə hazırlanmasında, müzakirəsində və bunlara dair qərarlar qəbul olunmasında, habelə qərarların həyata keçirilməsinin təşkilində və onların yerinə yetirilməsinə nəzarətdə iştirak etmək hüququna malikdir.
Komissiyanın qərarı ilə razı olmayan komissiya üzvünün ixtiyarı vardır ki, öz nöqteyi-nəzərini Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında şərh etsin və ya bu barədə sessiyada sədrlik edənə yazılı şəkildə mə’lumat versin.
Maddə 33.
Daimi komissiyanın üzvü olmayan Azərbaycan Respublikasının xalq deputatı daimi komissiyanın iclasında məşvərətçi səs hüququ ilə iştirak edə bilər.
Maddə 34.
Azərbaycan Respublikası Ali Soveti daimi komissiyalarının üzvləri komissiyanın tapşırığı və ya özlərinin təşəbbüsü ilə komissiyanın səlahiyyətinə aid məsələləri yerlərdə öyrənir, dövlət və ictimai orqanların və təşkilatların, habelə vətəndaşların təkliflərini ümumiləşdirir, öz qənaətlərini və təkliflərini komissiyaya bildirirlər.
Maddə 35.
Azərbaycan Respublikası Ali Soveti daimi komissiyalarının üzvləri komissiyanın iclasları dövründə, habelə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş başqa hallarda deputat səlahiyyətini həyata keçirmək üçün dövlət büdcəsinin vəsaiti hesabına xərcləri ödənilməklə, xidmət və ya istehsal vəzifələrini yerinə yetirməkdən azad edilirlər.
IV. Daimi komissiyaların iş qaydası
Maddə 36.
Azərbaycan Respublikası Ali Soveti daimi komissiyalarının iclasları zərurət olduqda çağırılır və həm Azərbaycan Respublikası Ali Sovetinin sessiyaları zamanı, həm də sessiyalararası dövrdə keçirilə bilər.
Maddə 37.
Azərbaycan Respublikası Ali Soveti daimi komissiyalarının iclasları komissiyanın tərkibinə daxil olan deputatların azı yarısı iştirak etdikdə səlahiyyətlidir. Komissiyanın üzvü iclasa gələ bilmədikdə komissiyanın sədrinə bu barədə mə’lumat verir.
Maddə 38.
Azərbaycan Respublikası Ali Sovetinin bir neçə daimi komissiyasının səlahiyyətinə aid məsələləri onlar birlikdə hazırlaya və nəzərdən keçirə bilərlər.
Daimi komissiya öz müzakirəsində olan məsələlər üzrə digər daimi komissiyaların rə’yini istəyib ala bilər.
Məsələ bir neçə daimi komissiyada nəzərdən keçirilərkən onların işini əlaqələndirmək, təklifləri və qeydləri ümumiləşdirmək üçün bu məsələ üzrə baş daimi komissiya müəyyən edilir.
Maddə 39.
Eyni bir məsələ barəsində daimi komissiyaların mövqe ayrılığı olduqda onlar ixtilafları aradan qaldırmaq üçün tədbirlər görürlər. Əgər daimi komissiyalar razılığa gəlmirlərsə, onlar öz təkliflərini Azərbaycan Respublikası Ali Sovetinin nəzərinə çatdırırlar.
Maddə 40.
Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyalarında bütün məsələlər iclasda olan komissiya üzvlərinin sadə səs çoxluğu ilə həll edilir.
Komissiyaların birgə iclaslarını bu komissiyaların sədrləri öz aralarında razılığa əsasən aparırlar. Bir neçə komissiyanın birgə iclasları keçirilərkən qərarlar hər komissiyanın iclasda olan üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
Maddə 41.
Azərbaycan Respublikası Ali Soveti daimi komissiyalarının iclasları açıq olur. İclaslara dövlət və ictimai orqanların və təşkilatların, elmi idarələrin nümayəndələri, mütəxəssislər və alimlər də’vət olunur; onlar iclaslarda məşvərətçi səs hüququ ilə iştirak edirlər.
Zərurət olduqda daimi komissiya qapalı iclas keçirilməsi haqqında qərar qəbul edə bilər.
Maddə 42.
Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları nəzərdən keçirdikləri məsələləri hazırlamaq və problemləri öyrənmək üçün Azərbaycan Respublikasının xalq deputatları, nazirliklərin, dövlət komitələrinin, baş idarələrin, digər dövlət və ictimai orqanların və təşkilatların, elmi idarələrin nümayəndələri, mütəxəssislər və alimlər sırasından hazırlıq komissiyaları və əməli qruplar, habelə elm-məsləhət şuraları yarada bilərlər.
Daimi komissiyalar birgə hazırlıq komissiyaları və əməli qruplar yarada bilərlər.
Maddə 43.
Daimi komissiyanın sədri:
- komissiyanın işinə rəhbərlik edir;
- komissiyanın iclaslarını çağırır və iclaslar üçün lazımi materialların hazırlanmasını təşkil edir;
- komissiyanın iclaslarında sədrlik edir;
- komissiyanın üzvlərinə tapşırıqlar verir, komissiyanın fəaliyyəti ilə bağlı materialları və sənədləri onlara göndərir;
- komissiyanın üzvlərini hazırlıq komissiyalarında və əməli qruplarda işləməyə, habelə komissiyanın digər tapşırıqlarını yerinə yetirməyə çağırır;
- dövlət və ictimai orqanların və təşkilatların nümayəndələrini, mütəxəssisləri və alimləri komissiyanın iclaslarında iştirak etməyə dəvət edir;
- dövlət və ictimai orqanlar və təşkilatlar ilə münasibətlərdə komissiyanı təmsil edir;
- komissiyanın qərarlarının icrası işini təşkil edir;
- komissiyanın qərarlarının yerinə yetirilməsi haqqında komissiyanın üzvlərinə məlumat verir, Azərbaycan Respublikası Ali Sovetinin tapşırığının yerinə yetirilməsi haqqında ona məlumat verir;
- daimi komissiyaya daxil olmuş məktublara, şikayət və ərizələrə baxır və onları zərurət olduqda dövlət və ictimai orqanlara və təşkilatlara göndərir.
Maddə 44.
Komissiya sədrinin müavini sədrin tapşırığı ilə onun ayrı-ayrı funksiyalarını yerinə yetirir və sədrin olmadığı, yaxud öz vəzifələrini həyata keçirməsinin mümkün olmadığı halda onu əvəz edir.
Maddə 45.
Komissiyanın katibi:
- Azərbaycan Respublikası Ali Soveti Katibliyinin müvafiq bölmələri ilə komissiyanın səmərəli işini təmin edən əlaqələndirmə fəaliyyətini həyata keçirir;
- komissiya üzvlərinin təqdim etdikləri təkliflərə əsasən komissiyanın iş planının layihəsini hazırlayır;
- komissiyanın iclasında təsdiq olunmuş iş planının yerinə yetirilməsinə nəzarəti həyata keçirir, daimi komissiya iclaslarının protokollarının rəsmiləşdirilməsini təmin edir, komissiyanın kargüzarlığına nəzarət yetirir.
Maddə 46.
Daimi komissiyanın qərarlarını və rəylərini komissiyanın sədri imzalayır. Bir neçə daimi komissiyanın birlikdə qəbul etdikləri qərarları, onların hazırladıqları rəyləri müvafiq komissiyaların sədrləri imzalayırlar.
Daimi komissiyanın iclaslarının protokollarını komissiyanın katibi imzalayır. Daimi komissiyaların birgə iclaslarının protokollarını müvafiq komissiyaların katibləri imzalayırlar.
Maddə 47.
Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları aşkarlıq prinsipləri əsasında fəaliyyət göstərirlər. Daimi komissiyaların, hazırlıq komissiyalarının və əməli qrupların iclaslarına mətbuatın, radionun, televiziyanın nümayəndələri dəvət edilə bilərlər.
Komissiyaların işi haqqında məlumat «Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda, mətbuat orqanlarında dərc edilir, televiziya və radio ilə verilir.
Maddə 48.
Azərbaycan Respublikası Ali Soveti daimi komissiyalarının fəaliyyətinə xidməti Azərbaycan Respublikası Ali Soveti Katibliyinin şöbələri təmin edirlər.
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV.
Bakı şəhəri, 6 fevral 1991-ci il.
№ 27-XII.
«Həyat» qəzetində dərc edilmişdir (22 fevral 1991-ci il, № 38) («LegalActs» LLC).
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1991-ci il, № 3 (832), maddə 49) («LegalActs» LLC).
© LegalActs LLC