Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. Agentlik:
2.1.1. baytarlıq və fitosanitar xidmətlərinin təşkilini və idarə edilməsini, keyfiyyətinə nəzarəti həyata keçirir, bu sahədə dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) fəaliyyətini əlaqələndirir;
2.1.2. kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini DAİM vasitəsilə həyata keçirir;
2.1.3. aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarət edir;
2.1.4. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərinin digər hüquq və vəzifələrini həyata keçirir;
2.2. Agentliyin Aparatının işçilərinin say həddi 85 nəfərdir.
3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin regional bölmələrinin işçilərinin say həddində ştat vahidləri DAİM-ə verilsin.
4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
4.1. Agentliyin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. regionlarda DAİM vasitəsilə göstəriləcək xidmətlərin siyahısını və həmin xidmətlərin reqlamentlərini üç ay müddətində təsdiq etsin;
4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərində işləyən dövlət qulluqçularına münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq tədbirlər görsünlər.
6. Agentliyin əsasnaməsi təsdiq edilənədək bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri öz fəaliyyətlərini davam etdirsinlər.
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
7.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
7.4. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərinin balanslarındakı dövlət əmlakının Agentliyin əsasnaməsi təsdiq edildiyi gündən bir ay müddətində Agentliyin balansına verilməsini təmin etsin;
7.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 yanvar 2019-cu il.
15 Yanvar 2019, 08:0119 İyul 2016, 09:07
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə ətraflı...
18 İyul 2016, 09:07
Azərbaycan aşıqlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında ətraflı...
18 İyul 2016, 09:07
Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında ətraflı...
18 İyul 2016, 09:07
“Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 179 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
18 İyul 2016, 09:07
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə ətraflı...
18 İyul 2016, 09:07
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
18 İyul 2016, 09:07
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilməsi barədə ətraflı...
14 İyul 2016, 09:07
“Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 261-VQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
14 İyul 2016, 09:07
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
14 İyul 2016, 09:07
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 620 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...