Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində effektivliyin artırılması və koordinasiyanın təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Prezidentinin, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanlarının yaratdıqları publik hüquqi şəxslər, o cümlədən dövlət ali təhsil müəssisələri, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər (bundan sonra – Koordinasiya subyektləri):

1.1. elmi nailiyyətlər, bilik və rəqəmsal yeniliklər bazasında məhsul, xidmət, texnologiya, proses və həllərin hazırlanmasına, təqdim olunmasına və istifadəsinə əsaslanan innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxsi (müvafiq qurumun rəhbərinin müavini və ya qurumun idarəetmə orqanlarında təmsil olunan digər şəxs səviyyəsində) on gün müddətində təyin edərək bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat versinlər;

1.2. innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində aidiyyəti üzrə mövcud vəziyyət barədə məlumatları bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsinlər;

1.3. innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində aidiyyəti üzrə görülmüş işlər barədə yarımillik məlumatları hər il yanvarın 15-dək və iyulun 15-dək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsinlər;

1.4. işçilərinin innovasiya təşəbbüskarlığının və rəqəmsal texnologiyalardan istifadə bacarıqlarının təşviq edilməsi ilə bağlı tədbirlər görsünlər.

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

2.1. Koordinasiya subyektlərinin innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində gördükləri işlərin əlaqələndirilməsini təmin etsin;

2.2. müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə Azərbaycan Respublikasının innovasiya strategiyasının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Koordinasiya subyektlərinin (mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Milli Elmlər Akademiyası və dövlət ali təhsil müəssisələri istisna olmaqla) idarəetmə orqanlarında ən azı bir nəfərin innovasiyalar və ya elmi tədqiqatlar üzrə mütəxəssis olmasının təmin edilməsinə dair müvafiq təklifləri üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Koordinasiya subyektlərinin (mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Milli Elmlər Akademiyası istisna olmaqla) illik mənfəətinin müəyyən hissəsinin innovasiyaların tətbiqi və elmi tədqiqatların maliyyələşdirilməsinə yönəldilməsi ilə bağlı təklifləri üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. ölkədə mövcud olan qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların (tədqiqat infrastrukturunun) reyestrinin tərtib olunması və aparılması qaydasını Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə hazırlasın və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;

3.4. dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturundan tədqiqatçıların istifadəsi ilə bağlı təklifləri Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi bu Sərəncamın 2.2-ci bəndindən irəli gələn zəruri tədbirlərin görülməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2.2-ci bəndində göstərilən tədbirlərin maliyyələşməsini təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 yanvar 2019-cu il.

11 Yanvar 2019, 08:01

http://www.azertag.az

7411—7420 / 10511

28 Yanvar 2016, 09:01

E.C.Qəhrəmanovun Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında   ətraflı...

28 Yanvar 2016, 09:01

İ.Y.Muxtarovun Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında   ətraflı...

28 Yanvar 2016, 09:01

E.H.Zeynalovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında   ətraflı...

28 Yanvar 2016, 09:01

V.İ.Sadıqovun Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilməsi haqqında   ətraflı...

26 Yanvar 2016, 09:01

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında   ətraflı...

26 Yanvar 2016, 09:01

Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında   ətraflı...

26 Yanvar 2016, 09:01

Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında   ətraflı...

26 Yanvar 2016, 09:01

Ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında   ətraflı...

26 Yanvar 2016, 09:01

1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə   ətraflı...

26 Yanvar 2016, 09:01

Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında   ətraflı...