Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin bəzi məsələləri haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 164
Bakı şəhəri, 23 may 2014-cü il
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin bəzi məsələləri haqqında
"Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 mart tarixli 338 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin yaradılması ilə əlaqədar:
1.1. "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Nizamnaməsi" təsdiq edilsin (1 nömrəli əlavə);
1.2. "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin strukturu" təsdiq edilsin (2 nömrəli əlavə).
2. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin işçilərinin say həddi 135 vahid müəyyən edilsin.
3. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin müasir avadanlıq və vasitələrlə təmin edilməsi və 2014-cü ilin sonunadək cari fəaliyyətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasına 2.565.265,0 (iki milyon beş yüz altmış beş min iki yüz altmış beş) manat məbləğində vəsait ayrılsın.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
4.1. bu qərarın 3-cü hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin;
4.2. 2015-ci ildən başlayaraq, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin cari fəaliyyətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutsun.
5. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasına, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Bakı Beynəlxalq Dəniz Ticarət Limanına və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti-nə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsinlər.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 58 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 438) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:
"2. Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi".
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 may tarixli 164 nömrəli qərarı ilə təsdiq edilmişdir 1 nömrəli əlavə
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin
NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi (bundan sonra - Mərkəz) "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 mart tarixli 338 nömrəli Sərəncamına əsasən yaradılmışdır.
1.2. Mərkəz Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (bundan sonra - Administrasiya) tabeliyində fəaliyyət göstərir.
1.3. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Administrasiyanın hüquqi aktlarını, əmrlərini və bu Nizamnaməni rəhbər tutur.
1.4. Mərkəzin rəsmi adı aşağıdakı kimidir:
Azərbaycan dilində - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi;
ingilis dilində - "Maritime Safety Center under the State Maritime Administration of the Republic of Azerbaijan".
1.5. Mərkəzin hüquqi ünvanı: Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 2B.
2. Mərkəzin hüquqi statusu
2.1. Mərkəz hüquqi şəxsdir, müstəqil balansa, banklarda hesablaşma hesabına və digər hesablara malikdir.
2.2. Mərkəzin saxlanılması xərcləri və fəaliyyəti əsasən dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı göstərdiyi xidmətə görə daxil olan vəsaitlər, habelə dövlət büdcəsindən, kreditlər, qrantlar və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxil olunan vəsaitlər hesabına maliyyələşdirilir.
2.3. Mərkəzin ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, qanunvericiliyə uyğun olaraq əqdlər, sazişlər, müqavilələr bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
2.4. Mərkəz üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və Mərkəzin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara, emblem, loqotip və digər fərqləndirici nişanlara malikdir. Mərkəzin əməkdaşlarının xidməti geyim forması vardır.
3. Mərkəzin əsas məqsədi və fəaliyyət istiqamətləri
3.1. Mərkəzin əsas məqsədi Administrasiya tərəfindən təşkil olunan dəniz üzgüçülüyünün təhlükəsizlik sisteminin fəaliyyətinin təmin olunmasından, gəmilərin nəzarət yoxlamasının və liman kapitanlarının fəaliyyətinin səmərəli təşkilindən, bələdçi xidmətinin göstərilməsindən və dəniz üzgüçülüyündə naviqasiya təminatının həyata keçirilməsindən ibarətdir.
3.2. Mərkəz bu məqsədlərə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
3.2.1. Azərbaycan Respublikasının ərazisində yerləşən limanlarda liman kapitanlarının və gəmilərin nəzarət yoxlamasını həyata keçirən müfəttişlərin işini təşkil edir;
3.2.2. Azərbaycan Respublikasının ərazisində yerləşən limanlarda bələdçi xidmətini göstərir;
3.2.3. gəmilərin bələdçi ilə keçirilməsinin məcburi və məcburi olmayan rayonlarının müəyyən edilməsinə dair təkliflər verir;
3.2.4. Azərbaycan Respublikasının ərazi sularında dəniz üzgüçülüyü qaydalarına əməl edilməsinə nəzarət olunmasında iştirak edir;
3.2.5. Azərbaycan Respublikasının ərazi sularında gəmilərin üzmə rejiminə riayət olunmasına nəzarətin həyata keçirilməsində iştirak edir;
3.2.6. dəniz üzgüçülüyünün təhlükəsizlik sisteminin təşkilində iştirak edir;
3.2.7. liman kapitanlarının, dəniz bələdçilərinin və gəmilərin nəzarət yoxlamasını həyata keçirən müfəttişlərin hazırlanması və ixtisaslarının artırılması məqsədi ilə tədbirlər görür;
3.2.8. gəmilərin nəzarət yoxlaması və yoxlamaların nəticələrinə dair məlumatların mərkəzləşdirilmiş qaydada qeydə alınması, bununla bağlı elektron məlumat bazasının yaradılması və işlək vəziyyətdə saxlanılması məqsədi ilə tədbirlər görür;
3.2.9. gəmilərin nəzarət yoxlaması zamanı aşkar olunan çatışmazlıqların təhlilinin aparılması və həmin çatışmazlıqların aradan qaldırılması məqsədi ilə təkliflər hazırlayır və Administrasiyaya təqdim edir;
3.2.10. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Administrasiya qarşısında təkliflə çıxış edir;
3.2.11. gəmilərin nəzarət yoxlamalarının həyata keçirilməsi üzrə hüquqi aktlarda dəyişikliklər edilməsinə dair təkliflər hazırlayır və Administrasiyaya təqdim edir;
3.2.12. Administrasiyanın dəniz üzgüçülüyünün təhlükəsizliyinə dair sərgilərdə, konfranslarda və digər tədbirlərdə iştirakına dair materialların hazırlanmasını təşkil edir;
3.2.13. dənizdə gəmilərdə baş vermiş qəza hadisələrinin araşdırılmasında iştirak edir;
3.2.14. dəniz nəqliyyatı sahəsində qanunvericiliyə uyğun olaraq, gəmilərin hərəkətinin idarəetmə xidmətinin fəaliyyətini təşkil edir;
3.2.15. gəmilərin və üzən vasitələrin Azərbaycan Respublikasının ərazi sularında və uzaq məsafədən müşahidəsini həyata keçirir;
3.2.16. Administrasiyanı və qanunvericiliklə müəyyən olunmuş qaydada digər dövlət orqanlarını dəniz üzgüçülüyünün təhlükəsizliyinə dair məlumatlarla təmin edir;
3.2.17. gəmilərə çağırış siqnallarının, gəmi radiostansiyasının fərdi çağırış nömrələrinin və gəmi peyk rabitə stansiyasının identifikasiya nömrələri daxil olmaqla, müvafiq sənədlərin verilməsi üçün zəruri tədbirlər görülməsində iştirak edir;
3.2.18. dəniz yollarında naviqasiya təminatını həyata keçirir;
3.2.19. Administrasiyanın göstərişləri əsasında, Azərbaycan Respublikasının Xəzər dənizinin axtarış-xilasetmə məsul sektorunda dənizdə qəzaya uğramış insanların axtarışı və xilası üçün Azərbaycan Respublikasının və xarici dövlətlərin dəniz və aviasiya qəza-xilasetmə xidmətləri tərəfindən zəruri tədbirlərin həyata keçirilməsində iştirak edir;
3.2.20. gəmi və dəniz nəqliyyatının digər obyektləri ilə kriptoqrafik rabitənin təşkilində iştirak edir;
3.2.21. lövbər dayanacaqlarında gəmilərin vəziyyətlərinə nəzarət edir;
3.2.22. gəmilərə naviqasiya, meteoroloji, əməliyyat və digər məlumatların ötürülməsini təmin edir;
3.2.23. Azərbaycan Respublikasının ərazi sularında dəniz üzgüçülüyünün təhlükəsizliyi və dəniz mühitinin mühafizəsi qaydalarını pozan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün sənədləri hazırlayır və Administrasiyayatəqdim edir;
3.2.24. fəaliyyət istiqamətlərinə uyğun olaraq, rəy və analitik materialları hazırlayır, təhlillər, ümumiləşdirmələr aparır və Administrasiyaya təqdim edir;
3.2.25. gəmilərə dənizdə yaranmış təhlükəli vəziyyətlərdən çıxılması üçün məsləhət və tövsiyələr verir;
3.2.26. dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə gəmilərin hərəkətinin dayandırılmasına dair qərar qəbul edilməsi barədə Administrasiyaya təklif verir;
3.2.27. səlahiyyətləri daxilində əmək şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər həyata keçirir;
3.2.28. Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi üzrə tədbirlər görür, ondan səmərəli istifadə edilməsini təmin edir;
3.2.29. gəmilərin hərəkətinin idarə edilməsi və qlobal dəniz fəlakəti əmniyyətli rabitə sistemi üzrə mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması ilə bağlı hazırlıq kursları təşkil edir;
3.2.30. dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə dəniz üzgüçülüyünün təhlükəsizliyi və bu Nizamnamə ilə müəyyən edilmiş digər fəaliyyət istiqamətləri üzrə xidmətlər göstərir;
3.2.31. Administrasiyanın tapşırığı və ya Administrasiya ilə razılaşdırmaqla fəaliyyət istiqamətləri üzrə konfrans, iclas, seminar və digər tədbirlərin keçirilməsini təşkil edir;
3.2.32. bələdçi və gəmilərin nəzarət yoxlamasını həyata keçirən müfəttişlərin hazırlanması və ixtisaslarının artırılması ilə bağlı hazırlıq kursları təşkil edir;
3.2.33. keyfiyyət standartlarının tətbiqi ilə əlaqədar sertifikatlaşdırılmadan keçmək üçün tədbirlər görür;
3.2.34. müasir informasiya texnologiyalarının və proqram təminatının tətbiqi vasitəsilə Mərkəzin fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin edir;
3.2.35. gəmilərin hərəkətinin müasir idarəetmə sistemlərinin və rabitə xidmətlərinin təşkil olunmasında iştirak edir;
3.2.36. radio-naviqasiya avadanlıqlarının, elektronaviqasiya cihazlarının montajı, sazlanması və təmiri üzrə xidmətlər göstərir;
3.2.37. dənizdə batmış üzmə vasitələrinin (əmlakı ilə birlikdə) çıxarılması ilə əlaqədar təkliflər verir, habelə həmin əmlakın çıxarılmasının təşkilində və onun mühafizə olunması üçün tədbirlərin görülməsində iştirak edir;
3.2.38. Azərbaycan Respublikasının ərazi sularında naviqasiya avadanlıqlarının işlək vəziyyətdə olmasına nəzarəti həyata keçirir;
3.2.39. kanallarda, farvaterlərdə, lövbər dayanacaqlarında və dəniz üzgüçülüyü məqsədləri üçün istifadə edilən digər dəniz ərazilərində dərinliyin ölçülməsində iştirak edir;
3.2.40. Azərbaycan Respublikasının ərazi sularında yeni naviqasiya avadanlıqlarının quraşdırılması və onların coğrafi mövqelərinin müəyyən olunması ilə bağlı təkliflər hazırlayır və Administrasiyaya təqdim edir;
3.2.41. ixrac neft və boru kəmərlərinin və onların infrastruktur obyektlərinin, sualtı kabellərin, habelə dövlət əhəmiyyətli digər obyektlərin təhlükəsizliyinin təmin olunmasında iştirak edir;
3.2.42. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliyə zidd olmayan digər fəaliyyətləri həyata keçirir.
4. Mərkəzin hüquqları
4.1. Mərkəz fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı hüquqlara malikdir:
4.1.1. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
4.1.2. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
4.1.3. Azərbaycan Respublikasının ərazisində mülkiyyət növündən və milli mənsubiyyətindən (dövlət bayrağından) asılı olmayaraq, bütün dəniz gəmilərinə, liman və digər dəniz nəqliyyatı obyektlərinə maneəsiz daxil olmaq;
4.1.4. dəniz və digər nəqliyyat növləri arasında nəqliyyat qovşaqlarında yük sahibləri ilə, operatorlarla, ekspeditorlarla, agentliklərlə və digər təşkilatlarla qarşılıqlı münasibətlərin təkmilləşdirilməsində iştirak etmək;
4.1.5. Mərkəzin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxslərdən xidmətlər müqabilində haqq almaq;
4.1.6. Administrasiyanın razılığı ilə gəmilərin nəzarət yoxlaması üzrə beynəlxalq və regional təşkilatlarla əməkdaşlıqda iştirak etmək;
4.1.7. dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi üzrə təklifləri hazırlayıb Administrasiyaya təqdim etmək;
4.1.8. Mərkəzin işçilərinin, o cümlədən bələdçilərin və gəmilərin nəzarət yoxlamasını aparan müfəttişlərin attestasiyasını həyata keçirmək;
4.1.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq, digər hüquqları həyata keçirmək.
5. Mərkəzin strukturu
5.1. Mərkəzin strukturu və ştat vahidləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
6. Mərkəzin idarə olunması
6.1. Mərkəzə Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Direktor Mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
6.2. Direktorun Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinləri (müavin-xidmət rəhbəri) vardır. Direktorun müavinləri onlara həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
6.3. Direktorun müavinləri və Mərkəzin işçiləri öz funksiyalarını vəzifə bölgüsünə əsasən yerinə yetirirlər.
6.4. Mərkəzin direktoru:
6.4.1. Mərkəzin işini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi həyata keçirir;
6.4.2. Mərkəzin direktor müavinləri arasında vəzifə bölgüsü aparır;
6.4.3. Mərkəzin işçilərinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, icra və əmək intizamına nəzarət edir;
6.4.4. Mərkəzin daxili intizam qaydalarını təsdiq edir;
6.4.5. Mərkəzin iş planını və müvafiq hesabatlarını təsdiq edir, iş planının vaxtında və keyfiyyətli icrasına nəzarət edir;
6.4.6. Mərkəzin fəaliyyətini Administrasiya və dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən digər qurumlarla əlaqələndirir;
6.4.7. Mərkəzin fəaliyyəti ilə bağlı məsələlərin Administrasiyanın kollegiyasının müzakirəsinə çıxarılması üçün təşəbbüs göstərir, bu məsələlərin kollegiyanın müzakirəsinə hazırlanmasını təmin edir;
6.4.8. Mərkəzin iş planında və kollegiyanın qərarlarında, Administrasiya tərəfindən verilmiş əmr və sərəncamlarda nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;
6.4.9. Mərkəzin adından müqavilələr bağlayır;
6.4.10. işçilərin sosial hüquqlarının həyata keçirilməsini təmin edir;
6.4.11. işçilərin maddi təminatının, əmək şəraitinin və sosial-məişət xidmətinin yaxşılaşdırılması üçün tədbirlər görür;
6.4.12. Mərkəzdə mülki müdafiə və yanğın təhlükəsizliyi, nəqliyyat səfərbərliyi üzrə işlərin həyata keçirilməsinə nəzarət edir;
6.4.13. Mərkəzin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi və onlara intizam tənbeh tədbirlərinin tətbiq olunması ilə bağlı qərarlar qəbul edir;
6.4.14. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlər görür, bu barədə Administrasiyanın rəhbərliyinə təkliflər verir;
6.4.15. Administrasiyanın və onun tabeliyində olan təşkilatların nümayəndələrinin iştirak etdiyi, Mərkəzin səlahiyyətləri çərçivəsinə daxil olan məsələlərə aid konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
6.4.16. Administrasiyanın tapşırığı ilə konfrans, iclas, seminar və digər tədbirlərin keçirilməsini təşkil edir;
6.4.17. Mərkəzin fəaliyyəti ilə bağlı rüblük və illik hesabatları Administrasiyaya təqdim edir;
6.4.18. Mərkəzdə kargüzarlıq fəaliyyətini təşkil edir;
6.4.19. xidməti fəaliyyəti ilə bağlı Administrasiyanın rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 may tarixli 164 nömrəli qərarı ilə təsdiq edilmişdir 2 nömrəli əlavə
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin strukturu
1. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Aparatı.
2. Liman Nəzarəti Müfəttişliyi Xidməti.
3. Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi.
4. Bələdçi Xidməti.
5 İyun 2014, 14:0615 Yanvar 2014, 08:01
“ADA” Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
14 Yanvar 2014, 09:01
R.B.Əskərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Yanvar 2014, 09:01
2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Yanvar 2014, 09:01
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 3 dekabr tarixli 833-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 Dekabr 2013, 09:12
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
29 Dekabr 2013, 09:12
Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
29 Dekabr 2013, 09:12
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
29 Dekabr 2013, 09:12
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 3 dekabr tarixli 837-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 802 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
29 Dekabr 2013, 09:12
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
28 Dekabr 2013, 09:12
2013-cü il noyabrın 21-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üçün məsləhətləşmələr Planı” haqqında ətraflı...