"Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 146

Bakı şəhəri, 14 may 2014-cü il

"Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

 "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.13-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmişdir

Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.13-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

1.2. Bu Qaydalar tikinti ərazisinin hüdudları daxilində torpaq sahəsinin səmərəli və təhlükəsiz istifadəsi məqsədi ilə təbii (geoloji) şəraitin və texnogen təsirlərin öyrənilməsi, eləcə də ərazinin planlaşdırılması, tikinti obyektlərinin layihələrinin hazırlanması və əsaslandırılması üçün zəruri ilkin məlumatlar əldə etmək məqsədi ilə həyata keçirilən mühəndis-axtarış işlərinin aparılması qaydasını, bu növ işlərin yerinə yetirilməsinə dair tələbləri, işlərin icrası zamanı tikinti və şəhərsalma fəaliyyəti subyektlərinin vəzifələrini, həmçinin mühəndis-axtarış işlərinə dair dövlət nəzarətinin həyata keçirilməsi mexanizmini müəyyən edir.

1.3. Bu Qaydaların əsas məqsədi ərazilərin sabit inkişafını, insanların həyat fəaliyyətinə münasib şəraitin yaradılmasını, təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınmasını təmin etmək üçün tədqiq olunan ərazilərin təbii şəraiti barədə zəruri və kifayət qədər ətraflı məlumatların əldə olunmasından ibarətdir.

1.4. Tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələrinin hazırlanması və tikintisinin həyata keçirilməsi, eləcə də həmin tikinti obyektlərinin yerləşəcəyi torpaq sahələrinin planlaşdırılması üçün mühəndis-axtarış işlərinin aparılması mütləqdir.

1.5. Ərazi planlaşdırılması sənədlərinin hazırlanmasında, bir qayda olaraq, dövlət geodeziya və kartoqrafiya fondunun material və məlumatlarından istifadə olunmalıdır.

 2. Mühəndis-axtarış işlərinin aparılması

2.1. Mühəndis-axtarış işləri tikinti ərazisinin hüdudları daxilində tikinti obyektlərinin layihələndirilməsi və tikintisi məqsədi ilə müvafiq məlumatların hazırlanmasını, torpaq sahəsinin səmərəli və təhlükəsiz istifadəsi üçün təbii şəraitin və texnogen təsir amillərinin kompleks şəkildə öyrənilməsini təmin edən fəaliyyət növüdür.

2.2. Mühəndis-axtarış işləri xüsusi razılıq (lisenziya) almış şəxslər tərəfindən yerinə yetirilməlidir.

2.3. Mühəndis-axtarış işlərinin nəticələri vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Dövlət Məlumat Fondunda azı 99 (doxsan doqquz) il müddətində saxlanılır və ərazi planlaşdırılması sənədlərinin hazırlanmasında, eləcə də şəhərlərin, rayonların, qəsəbə və kəndlərin (bələdiyyələrin) ərazilərində şəhərsalma və tikinti fəaliyyətinin informasiya təminatı sistemlərinin aparılmasında bu məlumatlardan istifadə olunur. Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemlərində həmçinin təbii və texnogen xarakterli fövqəladə halların başvermə riskinin əsas amillərinin siyahısı, onların xarakteristikaları və riskə məruz qalan ərazilərin xəritələri öz əksini tapmalıdır.

2.4. Mühəndis-axtarış işləri aşağıdakılardan ibarətdir:

2.4.1. mühəndis-geodeziya işləri;

2.4.2. mühəndis-geoloji axtarış işləri;

2.4.3. mühəndis-hidrogeoloji axtarış işləri;

2.4.4. geofiziki işlər;

2.4.5. qruntların laboratoriya tədqiqatları.

2.5. Mühəndis-axtarış işlərinin icraçısı (bundan sonra - podratçı) geodezik məntəqələr (mərkəzlər) yaratmaq, mədən-qazma işləri aparmaq (buruq quyularının, şurfların və s. qazılması), stasionar müşahidə şəbəkələri yaratmaq, torpaq və qruntlardan, havadan, səthi və yeraltı sulardan, atmosfer yağıntılarından və sənaye tullantılarından nümunələr götürmək, bu Qaydaların tələblərinə və sifarişçi ilə bağlanan müqavilənin şərtlərinə uyğun olaraq mühəndis-axtarış işlərinin aparılması üçün lazım olan hazırlıq və əlaqədar işləri (meydançaların təmizlənməsi və planlaşdırılması, nişanlama cihazlarının quraşdırılması, sukənarlaşdırıcıların və novların yerləşdirilməsi, yolların, keçidlərin, bərələrin və digər müvəqqəti qurğuların inşası) yerinə yetirmək hüququna malikdir.

2.6. Mühəndis-axtarış işləri zamanı ölçmə işləri ölçmələrin vəhdətinin təmin edilməsi üzrə normativ sənədlərin (metroloji qayda və normaların) tələblərinə uyğunluğu təsdiq edilmiş və dövlət sınaqlarından keçirilməklə tipi təsdiq edilmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmalıdır. Ölçmələrin nəticələri Azərbaycan Respublikasında kəmiyyət vahidi kimi qəbul edilmiş vahidlərlə ifadə olunmalıdır.

2.7. Podratçı sifarişçi tərəfindən təqdim olunmuş ilkin məlumatları onların aktuallığını və keyfiyyətini nəzərə almaqla təhlil edir, çöl və kameral işlərin yerinə yetirilməsi zamanı həmin məlumatlardan istifadənin mümkünlüyü və dərəcəsi barədə qərar qəbul edir.

2.8. Mühəndis-axtarış işlərinin aparılmasına dair proqram tərtib edilir. Həmin proqram sifarişçinin tapşırığına, şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun olmalı və proqramda təbii şərait, ərazinin tədqiqetmə dərəcəsi nəzərə alınmaqla, işlərin tərkib və həcmi, onların yerinə yetirilmə üsulları əsaslandırılmalıdır.

2.9. Mühəndis-axtarış işlərinin proqramı işlərin yerinə yetirilməsi üçün lazım olan tələbləri və məlumatları, o cümlədən aşağıdakıları özündə əks etdirməlidir:

2.9.1. ümumi məlumatlar;

2.9.2. ərazinin tədqiqetmə dərəcəsinin qiymətləndirilməsi;

2.9.3. tədqiqat aparılan ərazinin qısa fiziki-coğrafi xarakteristikası;

2.9.4. işlərin tərkibi və növləri;

2.9.5. işlərin keyfiyyətinə nəzarət sisteminə dair məlumatlar;

2.9.6. istifadə olunan normativ sənədlər;

2.9.7. xüsusi şərtlər;

2.9.8. təbii və texnogen proseslərin təhlükəliliyinin və riskinin qiymətlən-dirilməsi və ərazinin mühəndisi mühafizəsi üzrə tədbirlərin əsaslandırılması;

2.9.9. təqdim olunan hesabat materialları;

2.9.10. proqrama mətn və qrafik əlavələr.

2.10. Mühəndis-axtarış işlərinin proqramına tapşırığın surəti, habelə ərazinin (meydançanın, sahənin) sərhədləri, xətti qurğuların trassaları (xətti qurğuların başlanğıc və son nöqtələri), layihələndirilən binaların parametr və qabaritləri göstərilməklə, sifarişçi tərəfindən təsdiq edilmiş mövqe planı (sxemi) əlavə olunmalıdır.

2.11. Mühəndis-axtarış işləri yekunlaşdıqdan sonra torpaq sahələri təyinatı üzrə istifadə üçün yararlı vəziyyətə gətirilməli və gələcəkdə stasionar müşahidələrin aparılması üçün proqramla istifadəsi planlaşdırılmamış dağ-mədən qazıntıları ləğv edilməlidir.

2.12. Mühəndis-axtarış işləri tikinti işlərinin layihəqabağı mərhələsində aparılır. Eyni zamanda, bina və qurğuların texniki vəziyyətindən asılı olaraq, ərazinin geoloji və hidrogeoloji şəraiti dəyişildiyi zaman, habelə sifarişçinin arzusu ilə aşağıda göstərilən mərhələlərdə və istismar müddətində də mühəndis-axtarış işlərinin aparılması mümkündür:

2.12.1. tikinti obyektləri inşa, əsaslı təmir, yenidənqurma və bərpa edildikdə;

2.12.2. inşa edilmiş obyektlərin istismarı zamanı;

2.12.3. tikinti obyektləri konservasiya edildikdə;

2.12.4. tikinti obyektləri söküldükdə (demontaj olunduqda).

2.13. Ərazi planlaşdırması ilə bağlı sənədlərin əsaslandırılması məqsədi ilə yerinə yetirilən mühəndis-axtarış işləri ərazilərin funksional təyinatı haqqında qərarların qəbul edilməsi, onların sabit inkişafının təmin edilməsi, ətraf mühitin qorunması, planlaşdırma strukturu elementlərinin ayrılması, dövlət və bələdiyyə əhəmiyyətli obyektlərin yerləşdirilməsinin planlaşdırılması, ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan müdafiəsi üçün lazım olan ərazinin təbii şəraiti və təbii şəraitin dəyişməsinin proqnozu barədə kompleks (ətraflı) məlumatların əldə olunmasını təmin etməlidir.

2.14. Mühəndis-axtarış işlərinin nəticələri təbii və texnogen xarakterli fövqəladə halların yaranma riskinə məruz qalan ərazilərin xəritələrini özündə əks etdirməlidir.

2.15. Ərazi planlaşdırılması sənədlərinin hazırlanmasında mövcud ərazi planlaşdırılması sənədləri çərçivəsində görülmüş mühəndis-axtarış işlərinin nəticələrindən və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunan topoqrafik və yerquruluşu materiallarından, həmçinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim olunan meteoroloji, hidroloji, geoloji və hidrogeoloji materiallardan istifadə edilməlidir. Belə materiallar olmadıqda, planlaşdırılan ərazi üzrə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun mühəndis-axtarış işləri aparılmalıdır.

2.16. Layihəqabağı sənədlərin hazırlanması mərhələsində tikinti layihələndirilməsinin məqsədləri üçün yerinə yetirilən mühəndis-axtarış işləri bina və qurğuların ətraf mühitlə qarşılıqlı təsir hüdudlarında mövcud olan təbii şəraitin detallaşdırılması və dəqiqləşdirilməsini, onların mühəndis mühafizəsini, profilaktik və digər zəruri tədbirlərin həyata keçirilməsi ilə bağlı yekun qərarların qəbulunu, torpaq işlərinin icrasını, eləcə də layihə sənədlərinin hazırlanması, razılaşdırılması və (və ya) təsdiqi zamanı yaranan ayrı-ayrı məsələlər üzrə layihə həllərinin dəqiqləşdirilməsini təmin etməlidir.

2.17. Tikinti-layihə sənədlərinin hazırlanması mərhələsində tikinti layihələndirilməsinin məqsədləri üçün yerinə yetirilən mühəndis-axtarış işləri bina və qurğuların yerləşdirilməsinin əsaslandırılması, həmin bina və qurğularla bağlı konstruktiv və həcm-planlaşdırma həllərinin qəbulu, obyektlərin mühəndis mühafizəsinin layihələndirilməsi, ətraf mühitin qorunması ilə bağlı tədbirlərin və tikintinin təşkili layihəsinin hazırlanması üçün tələb olunan materialların əldə olunmasına xidmət etməlidir.

 

Qeydlər:

1. Təhlükəli təbii və texnogen proseslərin inkişaf etdiyi və spesifik qruntların yayıldığı ərazilərdə və yaxud belə sahələrin yaxınlığında tikinti obyektinin yerləşdirilməsinə yol verilmir.

2. Tikilib abadlaşdırılmış ərazilərdə tikintinin aparılması üçün mühəndis-axtarış işləri yerinə yetirilərkən bitişik (yanaşı) və qonşu binaların yükdaşıyan konstruksiyaları ətraflı öyrənilməli, planlaşdırılan tikintinin mövcud obyektlərə potensial təsiri qiymətləndirilməli və sənədləşdirilməlidir.

2.18. Bina və qurğular inşa, əsaslı təmir, yenidənqurma və bərpa edildikdə mühəndis-axtarış işləri bina və qurğuların dayanıqlılığını, etibarlılığını və istismara yararlılığını artırmaq, insanların sağlamlığını qorumaq və zəruri hallarda layihə və işçi sənədlərində dəyişikliklər edilməsi barədə qərarların qəbul edilməsini, bina və qurğuların bünövrələrinin vəziyyətinin, inşa edilən, yenidən qurulan, təmir edilən bina və qurğularda, eləcə də yanaşı ərazilərdəki bina və qurğularda baş verən deformasiya və çökmələrin qiymətləndirilməsini təmin edən material və məlumatları əldə etmək (toplamaq) məqsədi ilə aparılır.

2.19. İnşa edilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş bina və qurğuların istismarı mərhələsində mühəndis-axtarış işləri onların texniki vəziyyətinə nəzarəti həyata keçirmək (o cümlədən əsasların, inşaat konstruksiyalarının, mühəndis-texniki təminat şəbəkələrinin, mühəndis mühafizə qurğularının vəziyyətinin monitorinqi şəklində) məqsədi ilə yerinə yetirilir.

2.20. Mühəndis-axtarış işlərinin nəticələri konkret obyekt (və ya onun hissəsi) üzrə mühəndis-axtarış işlərinin növlərinə və komplekslərinə görə texniki hesabat şəklində rəsmiləşdirilməlidir. Texniki hesabat mətn hissəsindən, həmçinin qrafik, rəqəmsal və digər formalı əlavələrdən ibarətdir. Texniki hesabat cild (cildlər) şəklində tərtib edilməlidir. Zərurət olduqda cildlər kitablara və sonra hissələrə ayrılır.

2.21. Mühəndis-axtarış işlərinin yerinə yetirilməsinə dair texniki hesabat ümumi şəkildə aşağıdakı fəsillərdən ibarət olmalıdır:

2.21.1. ümumi məlumat;

2.21.2. ərazinin tədqiqedilmə dərəcəsi;

2.21.3. işlərin yerinə yetirildiyi rayonun (ərazinin) qısa fiziki-coğrafi xarakteristikası;

2.21.4. işlərin yerinə yetirilmə metodologiya və texnologiyası;

2.21.5. mühəndis-axtarış işlərinin nəticələri;

2.21.6. işlərin keyfiyyətinə nəzarət və işlərin qəbulu barədə məlumat;

2.21.7. texniki hesabatın nəticə (rəy) hissəsi;

2.21.8. istifadə olunmuş sənəd və materiallar;

2.21.9. mətn əlavələri;

2.21.10. qrafik əlavələr və fotomateriallar;

2.21.11. rəqəmsal əlavələr.

2.22. Mühəndis-axtarış işlərinin nəticələri bina və qurğuların layihə parametrlərini və digər layihə xarakteristikalarını, eləcə də bina və qurğuların təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar layihələndirilən tədbirləri müəyyənləşdirmək üçün əsaslandırılmış olmalı, təyin edilmiş hesabi göstəricilərin bina və ya qurğuların inşası və istismarı prosesində dəyişməsi proqnozunu əks etdirməlidir.

2.23. Sifarişçinin tələbinə əsasən hesabatın əlavə nüsxələrinin hazırlanması podratçı tərəfindən təmin edilir (tapşırığa uyğun olaraq).

2.24. Hesabata və onun əlavələrinə daxil edilməyən çöl və kameral işlərin materialları və məlumatları podratçının arxivində saxlanmalıdır.

2.25. Podratçı mühəndis-axtarış işlərinin keyfiyyətinə nəzarəti özü və yaxud müstəqil təşkilatları cəlb etməklə həyata keçirir. Keyfiyyətə nəzarətin məqsədi yerinə yetirilən işlərin tapşırığa, proqrama, normativ-texniki sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarətdir.

2.26. Mühəndis-axtarış işlərinin nəticələrinə əsasən tikinti zamanı bitişik və qonşu obyektlərin texniki vəziyyətinə daimi müşahidə ilə bağlı tədbirlər tikinti layihəsində nəzərdə tutulmalıdır. Deformasiya (zədələnmə) aşkar edildikdə, podratçı tikinti işlərini dərhal dayandıraraq, bu barədə sifarişçiyə, layihəçiyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına məlumat verməlidir.

 3. Mühəndis-axtarış işlərinin nəticələrinin yoxlanılması

3.1. Müvafiq fiziki və hüquqi şəxslər tərəfindən tikinti məqsədləri üçün aparılmış mühəndis-axtarış işlərinin nəticələrinə dair hesabatın şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tərtib edilməsinə nəzarət Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (bundan sonra - Agentlik) nəzdində fəaliyyət göstərən Mühəndis-Axtarış Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən həyata keçirilir.

3.2. Mühəndis-axtarış işlərini həyata keçirən bütün subyektlər tərəfindən ilk növbədə aparılacaq mühəndis-axtarış işləri haqqında tərtib edilmiş proqramın layihəsi razılaşdırılmaq və sonradan həmin işlərin nəticələrinə rəy verilmək üçün Agentliyə təqdim olunur.

3.3. Xüsusi razılıq (lisenziya) alınmadan fiziki və ya hüquqi şəxslər tərəfindən həyata keçirilən mühəndis-axtarış işlərinin nəticələri qəbul edilmir və təqdim olunan sənədlər rəy tərtib edilmədən geri qaytarılır.

3.4. Mərkəz fiziki və ya hüquqi şəxslər tərəfindən aparılan mühəndis-axtarış işlərinin tərkibini və nəticələrini təhlil edir, zəruri hallarda seçmə üsulu ilə yerində baxış keçirir və 10 (on) iş günündən gec olmayaraq, onların şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olub-olmaması barədə rəy verir. Müstəsna hallarda, qeyd olunan rəyin verilməsi müddəti 15 (on beş) iş günündən çox olmaması şərtilə uzadılır.

3.5. Mühəndis-axtarış işlərinin nəticələrinin yoxlanılması mülkiyyət formasından asılı olmayaraq, mühəndis-axtarış işləri aparan fiziki və hüquqi şəxslər tərəfindən həmin işlərin müqavilədə göstərilən smeta dəyərinin 3 faizi miqdarında Mərkəzə ödəniləcək vəsait hesabına aparılır.

3.6. Mühəndis-axtarış işləri bu Qaydaların 3.1-3.5-ci bəndlərinə uyğun olaraq Mərkəz tərəfindən həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərinə uyğunluğuna dair rəy verildikdən sonra başa çatmış hesab olunur.

3.7. Mühəndis-axtarış işlərinin yerinə yetirilməsinin nəticəsi olaraq, podratçı hesabatın kağız daşıyıcılarda 4 nüsxəsini hazırlayır. Hesabatın 3 nüsxəsi sifarişçiyə təqdim olunur, 1 arxiv nüsxəsi isə podratçıda saxlanılır. Hesabatın iki nüsxəsi sifarişçiyə elektron formatda təqdim edilməli, bir nüsxəsi isə elektron formatda podratçının arxivində saxlanmalıdır.

3.8. Bu Qaydaların 3.1-3.6-cı bəndlərinə uyğun olaraq yoxlanılmış və şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğunluğu təsdiq olunmuş mühəndis-axtarış işlərinin nəticələri Mərkəz tərəfindən 10 (on) gün müddətində bir nüsxəsi kağız formasında sifarişçiyə və bir nüsxəsi isə elektron formada Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilir.

3.9. Mərkəz eyni zamanda, mühəndis-axtarış işlərinin aparılması üçün ölçmələrin vəhdətinin təmin edilməsi üzrə normativ sənədlərin (metroloji qayda və normaların) tələblərinə uyğunluğu təsdiq edilmiş və dövlət sınaqlarından keçirilməklə tipi təsdiq edilmiş ölçmə vasitələrinin tətbiq edilməsini yoxlayır.

3.10. Mühəndis-axtarış işləri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun yerinə yetirilməlidir.

3.11. Mərkəz tərəfindən razılaşdırılmamış və rəy verilməmiş mühəndis-axtarış sənədləri tikinti layihələrinin işlənilməsi üçün əsas ola bilməz.

5 İyun 2014, 14:06

http://cabmin.gov.az/

61—70 / 10511

15 Mart 2023, 12:03

A.R.Rzayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 Mart 2023, 07:03

Səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 Mart 2023, 16:03

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

6 Mart 2023, 13:03

Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 Mart 2023, 14:03

Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 Mart 2023, 14:03

“İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 mart tarixli 1304 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

27 Fevral 2023, 15:02

“İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

27 Fevral 2023, 15:02

“GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

27 Fevral 2023, 15:02

“İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 Fevral 2023, 16:02

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...