Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi üçün sistemli və kompleks tədbirlər həyata keçirilir. Son illərdə qlobal iqtisadi çağırışlara uyğun olaraq bu istiqamətdə aparılan, dövlətin və cəmiyyətin maraqlarının qorunmasına yönəlmiş genişmiqyaslı tədbirlər nəticəsində, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi məqsədi ilə maliyyə sistemindən istifadə olunması imkanlarını istisna edən şəraitin, hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması üçün hüquqi mexanizmin yaradılması istiqamətində bir sıra mühüm nailiyyətlər əldə olunmuşdur.
Azərbaycan Respublikası yeni beynəlxalq çağırışları nəzərə alaraq, ölkədə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı risk əsaslı mübarizə sisteminin çərçivəsini müəyyənləşdirmək üçün risklərin qiymətləndirilməsi layihəsini həyata keçirmiş, beynəlxalq təşəbbüslərə və əməkdaşlığa mühüm töhfələr vermişdir. Ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, hesabatlılıq sisteminin yaradılması, qabaqcıl texnologiyanın tətbiqi sahəsində əldə edilmiş nailiyyətləri Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi yüksək dəyərləndirmişdir.
Maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası və beynəlxalq əlaqələrin genişlənməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində də nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı yeni hədəflər müəyyən etmişdir.
Göstərilən hədəflərə nail olmaq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdə dövlət qurumlarının potensialının gücləndirilməsini və bu sahədə fəaliyyətin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılmasını, onlar arasında əməkdaşlığın və məlumat mübadiləsi sisteminin səmərəliliyinin artırılmasını, beynəlxalq əməkdaşlığın genişləndirilməsini zəruri edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tələblərə riayət olunması mexanizmini təkmilləşdirmək, nəzarət orqanının potensialını gücləndirmək, aidiyyəti dövlət orqanları və qurumlarının fəaliyyətinin əlaqələndirilməsində səmərəliliyi daha da artırmaq məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti yaradılsın.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti (bundan sonra – Xidmət) Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən və dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.
3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xidmətin nizamnaməsinin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
4. Xidmətdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
4.1. Azərbaycan Respublikasının Prezidentinə:
4.1.1. bu Fərmanın 4.2-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;
4.2. Xidmətə:
4.2.1. inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Xidmətin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Xidmətin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini həll etsin, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Xidmətin fəaliyyətinin həyata keçirilməsinə xidmət edə bilən dövlət əmlakının inventarizasiyasını apararaq, həmin dövlət əmlakının Xidmətin istifadəsinə verilməsi ilə bağlı tədbirlər görsün və bu barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 may 2018-ci il.
29 May 2018, 08:0522 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 23 dekabr 2014-cü ilə təyin edilməsi barədə ətraflı...
22 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin işçilərinə fəxri adlar verilməsi haqqında ətraflı...
22 Oktyabr 2014, 09:10
Gəncə şəhərini Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
22 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin bir qrup işçisinin təltif edilməsi haqqında ətraflı...
22 Oktyabr 2014, 09:10
Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
22 Oktyabr 2014, 09:10
Müstəqil Dövlətlər Birliyi iştirakçı ölkələrinin Dəmiryol Nəqliyyatı Şurasının növbəti iclasının iştirakçılarına ətraflı...
22 Oktyabr 2014, 09:10
Kristof dö Marjerinin ailəsinə ətraflı...
22 Oktyabr 2014, 09:10
Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Fransua Ollanda ətraflı...
22 Oktyabr 2014, 09:10
“Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında”Sazişin təsdiq edilməsi barədə ətraflı...
22 Oktyabr 2014, 09:10
“Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə ətraflı...