Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı Nəqliyyat Agentliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:
1. “Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə №1).
2. Bakı Nəqliyyat Agentliyində (bundan sonra — Agentlik) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının Prezidentinə:
2.1.1. Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
2.1.2. illik maliyyə hesabatlarının təsdiq edilməsi;
2.1.3. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
2.1.4. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;
2.1.5. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edin əqdin bağlanmasına razılıq verilməsi;
2.1.6. Agentliyin yenidən təşkil və ləğv edilməsi;
2.2. Agentliyə:
2.2.1. inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
2.2.2. strukturunun təsdiqi.
3. Müəyyən edilsin ki:
3.1. Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1.000.000 (bir milyon) manat təşkil edir;
3.2. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədilə İdarə Heyəti yaradılır. Agentliyin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
4. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin balansında olan əmlak Agentliyin balansına verilsin.
5. “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansından Bakı Nəqliyyat Agentliyinin balansına verilən müəssisələrin siyahısı” təsdiq edilsin (əlavə №2).
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.5. “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə”, “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin təsdiq edilməsi barədə”, “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin “Yolların nişanlanması barədə” Protokolunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələri nəzərə almaqla svetoforların, yol nişanlarının, nişanlanma xətlərinin və yol hərəkəti təşkilinin digər texniki vasitələrinin tətbiqi ilə əlaqədar məsələlərin tənzimlənməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.6. Agentliyin təklifləri əsasında Bakı şəhərində ilkin olaraq 4 nəqliyyat mübadilə mərkəzinin yaradılması məqsədilə torpaq sahələrinin ayrılması və həmin mərkəzlərin Agentlik tərəfindən tikilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsini təmin etsin;
6.7. bu Fərmanın 5-ci hissəsi, 8.1-ci bəndi və 9-cu hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin istifadəsində olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin;
6.8. bu Fərmanın 4-cü və 5-ci hissələrinə uyğun olaraq Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.9. tikilinin istismar təyinatından asılı olaraq, nəqliyyat vasitələrinin saxlanması üçün parklanma yerləri, qarajlar və açıq dayanacaqlar tələb olunan tikinti obyektlərinin növləri, habelə həmin tikinti obyektlərinin parklanma yerləri, qarajlar və açıq dayanacaqlarla təmin olunması normativləri, eləcə də bu normativlərə əməl edilməsi vəziyyətinin, tikilinin yol-nəqliyyat axınına təsirinin və nəqliyyat infrastrukturuna çıxış imkanlarının qiymətləndirilməsi ilə bağlı hüquqi aktların layihələrini Agentliyin təklifləri əsasında altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.10. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Agentlik:
7.1. Bakı şəhərindəki bütün svetoforların Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə edilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görsün;
7.2. Bakı şəhərindəki avtomobil yollarını svetoforlar, yol nişanları, nişanlanma xətləri və yol hərəkəti təşkilinin digər texniki vasitələri ilə təchiz edilmə səviyyəsini müəyyən etmək məqsədilə təftiş etsin və təftişin nəticəsi barədə 6 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
7.3. bu Fərmanın 7.2-ci bəndi nəzərə alınmaqla avtomobil yollarının zəruri yol hərəkəti təşkili vasitələri ilə təchiz edilməsi məqsədilə tədbirlər planını təsdiq etsin və müvafiq işlər görülməsini təşkil etsin;
7.4. bu Fərmanın 8.2-ci bəndində və 10-cu hissəsində nəzərdə tutulmuş məlumatların müvafiq dövlət qurumlarından elektron qaydada alınmasını təmin etmək üçün zəruri tədbirlər görsün;
7.5. yol hərəkəti iştirakçılarını hərəkətin məhdudlaşdırıldığı və ya qadağan edildiyi avtomobil yolları, habelə tıxaclar və avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi barədə real vaxt rejimində məlumatlandırmaq üçün zəruri tədbirlər görsün;
7.6. Agentliyin strukturunu, işçilərinin say həddini, Agentlikdə əməyin ödənilməsi formalarını və miqdarını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;
7.7. Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;
7.8. Agentliyin dövlət qeydiyyatına alındığı tarixdən 3 (üç) iş günü müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu barədə məlumat versin.
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:
8.1. Bakı şəhərinin inzibati ərazisində öz idarəetməsində olan svetoforları üç ay müddətində Agentliyə təhvil versin;
8.2. hərəkətin məhdudlaşdırılması və ya qadağan edilməsi nəzərdə tutulan avtomobil yolları barədə ən azı 3 (üç) iş günü əvvəldən, təxirəsalınmaz hallarla bağlı olduqda isə dərhal elektron qaydada Agentliyə məlumat versin.
9. Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində müntəzəm sərnişindaşıma xidməti göstərən avtomobil nəqliyyatı vasitələri üçün dayanacaq məntəqələrinin, parklanma yerlərinin və taksi minik avtomobilləri üçün duracaq yerlərinin Agentliyin idarəetməsinə verilməsini iki ay müddətində təmin etsin və həmin fəaliyyəti tənzimləyən analoji qurumlarının (struktur bölmələrinin, ştatlarının) ləğv edilməsi üçün tədbirlər görsün.
10. Bakı şəhərinin inzibati ərazisində avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) və avtomobil yollarının bilavasitə altında, yaxud təhkim və ya qorunma (mühafizə) zolaqlarında yerləşən mühəndis-kommunikasiya təminatı sistemlərinin mülkiyyətçiləri hərəkətin məhdudlaşdırılmasına və ya qadağan edilməsinə səbəb olacaq işlərin aparılması nəzərdə tutulan avtomobil yolları barədə müvafiq işlərə başlamazdan ən azı 3 (üç) iş günü əvvəl, təxirəsalınmaz hallarda isə dərhal elektron qaydada Agentliyə məlumat versinlər.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 aprel 2018-ci il.
3 Aprel 2018, 08:0411 Aprel 2019, 08:04
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda və 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
11 Aprel 2019, 08:04
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 iyul tarixli 3099 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda, 2018-ci il 12 fevral tarixli 3660 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi və “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
11 Aprel 2019, 08:04
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”də, 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”ndə və 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
11 Aprel 2019, 08:04
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında və 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
11 Aprel 2019, 08:04
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
10 Aprel 2019, 08:04
Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
10 Aprel 2019, 08:04
“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
10 Aprel 2019, 08:04
“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1548-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
10 Aprel 2019, 08:04
“Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
10 Aprel 2019, 08:04
Ç.A.Abdullayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...