Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biridir və bu sahədə davamlı inkişaf üçün mühüm tədbirlər görülmüşdür. Ölkə üzrə internet şəbəkəsinin qurulması, açıq hökumətin təşviqi internet istifadəçisi sayının artmasına səbəb olmuş, ictimai əhəmiyyət daşıyan informasiyanın açıqlığı və informasiya əldə etmə azadlığı təmin edilmişdir.

Bununla belə, vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətlərini tam elektronlaşdırmaq, dövlət informasiya ehtiyatlarının analitik təhlilini aparmaq və nəticələrindən dövlət və özəl sektorun istifadəsi imkanlarını yaratmaq məqsədi ilə dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiqi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi zəruridir.

Bununla əlaqədar bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini, dövlət nəzarətinin gücləndirilməsini və görülən işlərin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

1.1. elektron hökumət sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirsin;

1.2. dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirsin;

1.3. “Elektron hökumət” portalının idarə olunmasını və fəaliyyətini təmin etsin və təkmilləşdirilməsi ilə əlaqədar zəruri tədbirlər görsün;

1.4. dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsini və elektron xidmətlərin göstərilməsini “elektron hökumət” portalı vasitəsilə təşkil etsin;

1.5. elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) elektron xidmətlərinin inkişafı ilə bağlı tədbirlər görsün;

1.6. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.7. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və digər aidiyyəti qurumlarla birlikdə “Milli Məkan Məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.8. “Rəqəmsal hökumətə keçid üzrə Fəaliyyət Planı”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.9. bu Fərman ilə verilmiş tapşırıqların icrası ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə hesabat versin.

2. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan vəzifələrin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılsın.

3. “Elektron hökumət” portalı texniki-texnoloji infrastrukturu ilə birlikdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansından Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin balansına verilsin.

4. Müəyyən edilsin ki, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirir.

5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:

5.1. bu Fərmanın 3-cü hissəsində müəyyən edilən tapşırığın icrasını üç ay müddətində təmin etsin;

5.2. dövlət informasiya ehtiyatlarının və sistemlərinin data mərkəzdə saxlanılmasının effektiv təşkili üçün tədbirlər görsün;

5.3. “Rəqəmsal hökumət”ə keçid prosesinin sürətləndirilməsi məqsədilə mövcud kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görsün.

6. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə ölkədə informasiya təhlükəsizliyi sahəsində mövcud vəziyyəti, o cümlədən qanunvericiliyi təhlil edərək, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla müvafiq sahənin təkmilləşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təklifləri əsasında “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin fəaliyyətinin təşkili ilə bağlı maliyyə məsələlərini həll etsin.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

9.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 mart 2018-ci il.

15 Mart 2018, 08:03

http://www.azertag.az

9911—9920 / 10511

5 İyun 2014, 15:06

Su təsərrüfatı və meliorasiya işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

5 İyun 2014, 15:06

Su təsərrüfatı və meliorasiya işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

5 İyun 2014, 14:06

"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

"Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

"Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında   ətraflı...

5 İyun 2014, 14:06

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiyasının tərkibi haqqında   ətraflı...

5 İyun 2014, 14:06

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilməsi barədə   ətraflı...

5 İyun 2014, 14:06

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin bəzi məsələləri haqqında   ətraflı...

5 İyun 2014, 14:06

"Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 mart tarixli 37 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...