Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İqtisadiyyatın əsas seqmentlərindən biri olan nəqliyyat sahəsində aparılan uğurlu islahatlar nəticəsində respublikanın avtomobil və dəmir yolları infrastrukturu müasir standartlara uyğun yenidən qurulmuş, yol qovşaqları, körpülər, keçidlər tikilmiş, eyni zamanda, ölkənin tranzit potensialının artırılması, beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulması istiqamətində bir sıra irihəcmli layihələr həyata keçirilmiş, vaqon parkı və qatarlar yenilənmişdir.
Dəmir yolu ilə sərnişindaşımaların həcminin və keyfiyyətinin artırılması, qatarların sürətli və təhlükəsiz hərəkətinin təmin olunması üçün görüləcək tədbirlər sırasında Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Sözügedən işlər çərçivəsində mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulması və digər işlərin aparılması nəzərdə tutulur.
Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi, əsaslı təmiri və tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.3.7-ci yarımbəndində göstərilmiş məbləğin 100,0 (yüz) milyon manatı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsində qeyd edilən işlərin icrası ilə əlaqədar torpaqların dövlət ehtiyacları üçün alınması məqsədi ilə zəruri tədbirlər görsün;
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
4. Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi işlərinin həyata keçirilməsi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2018-ci il.
9 Mart 2018, 08:033 Mart 2014, 16:03
"Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları"nın təsdiq edilməsi haqqında ətraflı...
3 Mart 2014, 16:03
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında ətraflı...
3 Mart 2014, 16:03
"Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında ətraflı...
3 Mart 2014, 09:03
Əliş Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
3 Mart 2014, 09:03
R.M.Seyfullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
28 Fevral 2014, 17:02
K.M.Abdullayevin Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
28 Fevral 2014, 17:02
K.M.Abdullayevin Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilməsi haqqında ətraflı...
28 Fevral 2014, 09:02
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ətraflı...
27 Fevral 2014, 16:02
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında ətraflı...
27 Fevral 2014, 16:02
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında ətraflı...