Azərbaycan Respublikası Adından

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası

İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə

uyğunluğunun yoxlanılmasına dair

 

 

 

29 aprel 2014-cü il                                                                 Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Teymur Ocaqverdovun,

ərizəçinin nümayəndəsi Xalid Bağırovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Zakir Quliyevin, Bakı Apellyasiya Məhkəməsinin hakimi Valeh Ağayevin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin eksperti Elçin Usubovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Məhəmməd Həmid oğlu Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinin üçüncü cümləsinin “Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz” müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

M Ü Ə Y Y Ə N E T D İ:

 

 

 

M.Məmmədov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 55.5-ci maddəsinin üçüncü cümləsinin “Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz” müddəasının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I hissəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilməsini xahiş etmişdir.

Şikayətə əlavə olunmuş materiallardan görünür ki, M.Məmmədovun cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsinin üzərinə artıq pul ödənilməsi öhdəliyinin qoyulması və pulun alınmasının qanunsuz hesab edilməsi, artıq ödənilmiş məbləğin vurulmuş ziyan kimi və ödənilmiş dövlət rüsumunun dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 oktyabr 2013-cü il tarixli qərardadı ilə geri götürülmüş hesab olunmuş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə bu nəticəyə gələrkən İPM-in 55.5-ci maddəsini rəhbər tutmuşdur.

Həmin qərardadda göstərilmişdir ki, iş üzrə sənədlərin məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, bundan sonra iş üzrə icraat təzələnərək bir neçə dəfə təxirə salınmışdır. Lakin iddiaçı sonuncu məhkəmə iclasına da gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən məhkəmə iddianı geri götürülmüş saymış və bununla əlaqədar olaraq iş üzrə icraata xitam vermişdir.

İnzibati işin materiallarından həmçinin görünür ki, iddiaçının nümayəndəsi məhkəmə iclasının 18 sentyabr 2013-cü il tarixində keçiriləcəyi barədə bildirişi 16 sentyabr 2013-cü il tarixində qəbul etmiş, 17 sentyabr 2013-cü il tarixində isə məsələyə dair məhkəmənin hakiminin adına yazılı münasibət göndərmişdir. Məhkəmə bu münasibəti iş materiallarına əlavə edərək məhkəmə hazırlıq icraatı iclasını təxirə salmış və növbəti iclası bir aydan sonraya, yəni 18 oktyabr 2013-cü il tarixinə təyin etmişdir. Həmin tarixdə iddiaçı və onun nümayəndəsi məhkəmə iclasına gəlmədiklərinə görə məhkəmə icraata xitam vermişdir.

Ərizəçi hesab edir ki, məhkəmə İPM-in 55.5-ci maddəsini tətbiq etməklə onun məhkəməyə müraciət etmək hüququnu pozmuşdur. Onun qənaətinə görə, İPM-in 55.5-ci maddəsinin üçüncü cümləsi Konstitusiyaya uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edildiyi təqdirdə, iddianın geri götürülmüş sayılması nəticəsində qəbul edilmiş icraata xitam verilməsi barədə qərardadı apellyasiya instansiyası məhkəməsində mübahisələndirmək hüququ yaranacaqdır. Bununla da ərizəçinin məhkəməyə müraciət etmək hüququnun pozulması aradan qaldırılacaqdır.

Ərizəçi qeyd edir ki, məhkəmələr tərəfindən iddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi iddiaçını yenidən eyni tələblə məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Lakin İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə məhkəməyə eyni tələblə müraciət etmək əhəmiyyətini itirmiş olur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Məhkəməyə müraciət etmək hüququnun pozulması qanunvericilikdə nəzərdə tutulan birbaşa qadağanın olması və ya hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində yarana bilər. Ərizəçi göstərir ki, onun məhkəməyə müraciət etmək hüququnun pozulmasının səbəbi İPM-in 55.5-ci maddəsinin üçüncü cümləsidir. Bu müddəanın mənasına görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir ki, həmin qərardaddan da şikayət verilə bilməz.

Göründüyü kimi, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Ərizəçi hesab edir ki, İPM-in 55.3-cü maddəsinin müddəalarına müvafiq olaraq iddianın məhkəmə tərəfindən geri götürülmüş sayılması nəticəsində icraata xitam verilməsi barədə qəbul edilən qərardad onun məhkəməyə müraciət etmək hüququnu pozur.

Məhz buna görə mövcud konstitusiya işinin predmetini İPM-in 55.5-ci maddəsinin iddianın geri götürülmüş sayılması nəticəsində icraata xitam verilməsi barədə qərardadla bağlı olan hissəsindəki üçüncü cümləsi təşkil edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. (Konstitusiya Məhkəməsi Plenumunun “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 aprel 2011-ci il tarixli Qərarı).

Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalı, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur.

Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil, lakin bu hüququ məhdudlaşdıran tədbirlər legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, onun əsas mahiyyətinə toxunmayaraq mütənasiblik meyarına cavab verməlidir.

Məhkəməyə müraciət emək hüququ həmçinin “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin məzmunundan irəli gəlir. BMT-nin İnsan Hüquqları Komitəsinin həmin maddəyə dair 2007-ci ildə qəbul etdiyi 32 saylı Ümumi Xarakterli Qeydlərdə göstərilmişdir ki, məhkəməyə müraciət etmək hüququnun iştirakçı dövlət tərəfindən məhdudlaşdırılması qanunvericiliklə əsaslandırılmazsa, ədalət mühakiməsinin həyata keçirilməsi kimi legitim məqsədləri güdməzsə və ya şəxsin müraciət etmək imkanları bu hüququn mahiyyətinə ciddi xələl yetirəcək həddə məhdudlaşdırılarsa, 14-cü maddənin pozulmasına səbəb olar.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, Golder Birləşmiş Krallığa qarşı iş üzrə Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (21 fevral 1975-ci il tarixli Qərar, § 36). Bu hüquq mütləq deyil və ona dair nəzərdə tutulan, xüsusilə də apellyasiya şikayətinin qəbuledilənlik şərtlərinə aid olan məhdudiyyətlər qoyula bilər. (Ashingdane Birləşmiş Krallığa qarşı iş üzrə 28 may 1985-ci il tarixli Qərar, § 57). Lakin ona dair qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Fayed Birləşmiş Krallığa qarşı iş üzrə 21 sentyabr 1994-cü il tarixli Qərar, § 65; Bellet Fransaya qarşı iş üzrə 4 dekabr 1995-ci il tarixli Qərar, § 31).

İPM-in 55.5-ci maddəsinin müddəalarına görə, məhkəmə icraata xitam verilməsi haqqında qərardadın qəbul edilməsindən öncə iddianın geri götürülmüş sayılması barədə qənaətə gəlməlidir. Bu İPM-in 55.3-cü maddəsinin məzmununa görə qərardadla rəsmiləşdirilməlidir. Hüquqi texnika baxımından, habelə İPM-in 55.5-ci maddəsinin ikinci cümləsinə görə, bu, məzmunca və prosessual baxımdan fərqli, lakin bir-biri ilə bağlı iki qərardad bir sənədlə ifadə oluna bilər. Lakin vahid qərardadın nəticəvi hissəsində hər ikisi və onlardan irəli gələn hüquqi nəticələr ayrı-ayrı bəndlərdə əks olunmalıdır.

İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPM-in 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qəradaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir.

Buna görə də İPM-in 55.5-ci maddəsinin üçüncü cümləsi Konstitusiyanın 60-cı maddəsinin I hissəsindən irəli gələn (bu Məcəllənin 55.3-cü maddəsi üzrə) məhkəməyə müraciət etmək hüququnu pozan norma kimi qiymətləndirilə bilməz.

Lakin ərizəçinin göstərdiyi kimi, təcrübədə məhkəmə tərəfindən iddia geri götürülmüs sayıldıqdan sonra İPM-in 55.5-ci maddəsinin tətbiqi nəticəsində iddiaçının eyni mübahisə ilə əlaqədar həmin məhkəməyə təkrar müraciət etməsinin məhkəməyə müraciət etmək hüququnun yeganə imkanı kimi qiymətləndirilməsi həmin hüququn pozulmasına gətirib çıxarır. Belə ki, bu hallarda İPM-in 38-ci maddəsində müəyyən edilən iddia müddəti ötürüldüyündən təkrar iddia rədd edilməlidir. Bu isə həmin imkanı əhəmiyyətsiz edir.

Konstitusiya Məhkəməsinin Plenumu bu Qərarda İPM-in 55.5-ci maddəsinə dair ifadə etdiyi hüquqi mövqeyi nəzərə alaraq, İPM-in 55.3-cü maddəsinin məhkəməyə müraciət etmək hüququ baxımından, habelə bu maddə əsasında qəbul edilən qərardadın apellyasiya instansiyası məhkəməsində mübahisələndirilməsinin mümkünlüyünü nəzərdən keçirməyi zəruri hesab edir.

İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “Əfqan Paşa oğlu Orucovun şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır.

Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır.

İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər.

Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir:

- məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.);

- tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır;

- tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır);

- tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır.

Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır.

Yuxarıda göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər.

Beləliklə, İPM-in 55.3-cü maddəsi Konstitusiya Məhkəməsi Plenumunun müəyyən etdiyi qaydada düzgün və dürüst tətbiq olunduqda, Konstitusiyanın 60-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnu pozmur.

İPM-in 55.3-cü maddəsinə müvafiq olaraq qəbul edilmiş qərardaddan apellyasiya şikayəti vermək hüququnun həmin Məcəllədə təsbit olunub-olunmamasına gəldikdə isə qeyd olunmalıdır ki, yuxarı instansiya məhkəmələrinə təkrar müraciət etmək hüququ cinayət işləri istisna olmaqla, digər işlərlə bağlı Konstitusiya ilə birbaşa təmin edilmir. Bununla belə, qanunverici tərəfindən birinci instansiya məhkəmələrinin aktlarını apellyasiya qaydasında mübahisələndirmək hüququ müəyyən olunmuşdursa, bu hüquq Konstitusiyanın 60-cı maddəsinin müdafiəsi altına düşür və buna müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinə müraciət etmək hüququ dövlət tərəfindən qorunmalıdır.

İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir.

Bu mənada Konstitusiya Məhkəməsinin Plenumu xarici konstitusiya mühakiməsi orqanının təcrübəsində olan mövqeyi diqqətəlayiq hesab edir. Belə ki, İspaniya Konstitusiya Məhkəməsi belə qənaətə gəlmişdir ki, məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsi qanunvericilikdə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilə bilər, lakin məhkəmələr həmin prosessual normaları qanunvericinin müəyyənləşdirdiyi məqsədlər baxımından tətbiq etməlidirlər. Bu zaman məhkəmələr həmin normaları elə tətbiq etməlidirlər ki, bir tərəfdən məhkəmə araşdırmasının ədalətliliyini pozan hədsiz formalizmdən, digər tərəfdən isə qanunla nəzərdə tutulan prosessual müddəaları heçə endirən hədsiz yumşaqlıqdan uzaq olsunlar. (Ispaniya Konstitusiya Məhkəməsinin 19 dekabr 1994-cü il tarixli 331/1994 saylı qərardadı).

Avropa Məhkəməsi məhkəməyə müraciət etmək hüququ ilə bağlı göstərmişdir ki, bu hüquq o vaxt pozulur ki, qanunvericiliyin müddəaları hüquqi müəyyənlik prinsipinin, habelə ədalət mühakiməsinin lazımınca həyata keçirilməsinin məqsədlərinə artıq xidmət etmir və iddiaçının öz işinə səlahiyyətli məhkəmə tərəfindən mahiyyəti üzrə baxılmasının qarşısını alan maneə kimi çıxış edir (Eşim Türkiyəyə qarşı iş üzrə 17 sentyabr 2013-cü il tarixli Qərar, § 21).

Göstərilənlərlə yanaşı, nəzərə alınmalıdır ki, İPM-in 55.3-cü maddəsindəki qərardadı mübahisələndirməyə yol verən və ya qadağan edən İPM-in normalarının tam aydın göstərilməməsi, həmin hüquqi məsələnin məhkəmə təfsiri vasitəsilə həll edilməsini istisna etməməlidir.

Belə ki, Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və Di Stefano İtaliyaya qarşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; Böyük Palatanın Gorzelik və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; Böyük Palatanın Rekvenyi Macarıstana qarşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34).

Bu zaman məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin I hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

Məsələ üzrə məhkəmə təcrübəsini nəzərə alaraq və hüquqi müəyyənlik prinsipinin vacibliyini qeyd edərək, şəxslərin məhkəmə müdafiə vasitələrindən məlumatlı olmalarının müdafiəsi məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr İPM-in 55.3 və 55.5-ci maddələri əsasında qəbul edilən qərardadlarda iddiaçıya onları mübahisələndirməyin mümkünlüyü barədə aydın və birmənalı izah verməyə borcludurlar. Bunu nəzərə alaraq qanunverici İPM-in 23.1-ci maddəsi ilə qaydalar müəyyən etmişdir.

Oxşar mövqe Almaniya Federal Konstitusiya Məhkəməsi Plenumunun 30 aprel 2003-cü il tarixli 1 PBvU 1/02 saylı qərardadında ifadə olunmuşdur. Həmin qərardadda göstərilmişdir ki, hüquqi dövlət prinsipinin mühüm tərkib hissəsini hüquqi müəyyənlik prinsipi təşkil edir. Prosessual hüquq sferasında hüquqi müəyyənlik prinsipi özünü həm də hüquqi müdafiə vasitələrinin aydınlığı postulatında biruzə verir. Hüquqi dövlət prinsipinin dövlətin fəaliyyətinin ölçülə bilən və öncədən görülə bilən olması tələbi, hüquqlarını müdafiə edən şəxslərə məhkəmə qərarlarının yoxlanılması yollarının əvvəlcədən göstərilməsi tələbinə aparıb çıxarır. Vətəndaşlar hüquqi müdafiə vasitəsinin istifadə edilməsinin mümkünlüyünü, əgər bu mümkün olarsa hansı şərtlər daxilində olmasını qiymətləndirmək imkanına malik olmalıdırlar.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 60-cı maddəsinin I hissəsinin mənasına uyğun olaraq İPM-in 55.5-ci maddəsinin “Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz” müddəası həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardaddan apellyasiya şikayətinin verilməsi hüququnu məhdudlaşdıran norma kimi qiymətləndirilə bilməz.

- İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

 

QƏRARA ALDI:

 

 

 

1.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinin mənasına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinin “Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz” müddəası həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardaddan apellyasiya şikayətinin verilməsi hüququnu məhdudlaşdıran norma kimi qiymətləndirilə bilməz.

2.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır.

3.Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5.Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

Sədr                                                                              Fərhad Abdullayev

19 May 2014, 09:05

http://www.azertag.net

7351—7360 / 10511

8 Fevral 2016, 09:02

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

8 Fevral 2016, 09:02

F.N.Ələkbərova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının Tərkibi   ətraflı...

8 Fevral 2016, 09:02

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında   ətraflı...

8 Fevral 2016, 09:02

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

8 Fevral 2016, 09:02

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında   ətraflı...