Texnologiyalar parkı haqqında

Nümunəvi Əsasnamə

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

 

1.1. “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə” (bundan sonra – Əsasnamə) “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli Fərmanının 7.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və dövlət tərəfindən texnologiyalar parklarının yaradılması, idarə edilməsi və onlarda fəaliyyətin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir.

1.2. Bu Əsasnamədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. texnologiyalar parkı (bundan sonra – texnopark) – innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazi;

1.2.2. texnoparkın idarəedici təşkilatı (bundan sonra – idarəedici təşkilat) – texnoparkın fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişaf etdirilməsini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxsi;

1.2.3. texnoparkın operatoru (bundan sonra – operator) – səlahiyyətli orqan tərəfindən müsabiqə əsasında seçilən və idarəedici təşkilatla bağlanan idarəetmə sazişi çərçivəsində ona həvalə edilmiş funksiyaların icrasını təmin edən hüquqi şəxs;

1.2.4. texnoparkın rezidenti – bu Əsasnamə ilə müəyyən edilmiş qaydada texnoparkın qeydiyyat şəhadətnaməsini alıb, texnoparkda fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs;

1.2.5. innovasiya və ya yüksək texnologiya layihəsi (bundan sonra – innovasiya layihəsi) – texniki xüsusiyyətlərinə dair tələblər, nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) imkanları və üsulları, maliyyələşmə mənbələri, kadr potensialı və müddəti göstərilməklə, innovasiya məhsulunun və ya yüksək texnologiyaların hazırlanmasına, işlənilməsinə və ya təkmilləşdirilməsinə yönələn kompleks elmi tədqiqatların, təcrübə-konstruktor işlərinin və marketinq araşdırmalarının həyata keçirilməsi planını əks etdirən sənəd;

1.2.6. texnoloji biznes inkubatoru (bundan sonra – inkubator) – innovasiya və ya yüksək texnologiyalar üzrə yeni layihələrlə məşğul olan fiziki şəxslərin, hüquqi şəxslərin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin fəaliyyətinin ilkin dövründə inkubasiya xidmətləri göstərməklə dəstəklənməsini təmin edən texnoparkın struktur bölməsi;

1.2.7. inkubatorun rezidenti – inkubatorun qeydiyyat şəhadətnaməsini alıb, inkubatorda fəaliyyət göstərən fiziki şəxs, hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs;

1.2.8. inkubasiya xidmətləri – innovasiya və ya yüksək texnologiyalar üzrə yeni layihələrin həyata keçirilməsi məqsədi ilə inkubatorun öz rezidentlərinə göstərdiyi ofis və idarəetmə dəstəyi, kadr hazırlığına, maliyyə mənbələrinin əldə edilməsinə dəstək, texniki dəstək, hüquqi, marketinq, icarə, lizinq və digər xidmətlər;

1.2.9. texnologiya transferi – texnoparkda həyata keçirilən elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin nəticələrinin realizə edilməsi yolu ilə sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması);

1.2.10. texnologiya transferi mərkəzi – texnoparkın rezidenti ilə sənaye, xidmət və digər sahələrdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər arasında texnologiyanın transferi və bununla bağlı texnoparkın rezidentinin əqli mülkiyyət hüquqlarının qorunması sahəsində xidmətlər göstərən texnoparkın struktur bölməsi;

1.2.11. mühəndis-kommunikasiya təminatı – texnoparkda infrastruktur obyektlərinin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları;

1.2.12. texnoparkın infrastrukturu – torpaq sahələri, binalar, qeyri-yaşayış sahələri, yol-nəqliyyat, sosial, mədəni, ictimai iaşə, inzibati, mühəndis-kommunikasiya təminatı və texnoparkın fəaliyyətini təmin edən digər obyektlər kompleksi.

1.3. Bu Əsasnamə dövlət tərəfindən yaradılan texnoparklara şamil edilir.

1.4. Texnopark ixtisaslaşmış və qarışıq profilli ola bilər.

2. Texnoparkın yaradılması məqsədləri

2.0. Texnoparkın yaradılması məqsədləri aşağıdakılardır:

2.0.1. iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması;

2.0.2. müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsi;

2.0.3. elmi tədqiqatların aparılması və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılması.

3. Texnoparkın yaradılması

3.1. Texnopark dövlət elm və təhsil müəssisələri yanında və ya müstəqil yaradılır.

3.2. Texnoparkın yaradılması haqqında qərarı mərkəzi icra hakimiyyəti orqanının və ya dövlət müəssisəsinin (texnoparkın dövlət elm və təhsil müəssisələri yanında yaradılması barədə isə ─ Azərbaycan Respublikası Nazirlər Kabinetinin) təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti qəbul edir.

3.3. Texnoparkın yaradılması haqqında qərarda onun yaradılmasının məqsədi, fəaliyyət profili, maliyyələşmə mənbələri, ərazisi, idarə olunması və fəaliyyətinin təşkili ilə bağlı məsələlər müəyyən edilir.

3.4. Texnoparkın yaradılması haqqında təklifə aşağıdakı sənədlər əlavə edilir:

3.4.1. texnoparkın yaradılmasının iqtisadi əsaslandırılması;

3.4.2. texnoparkın təklif edilən fəaliyyət profili haqqında məlumat;

3.4.3. texnoparkın fəaliyyət ərazisi (ərazi sərhədlərinin dəqiq təsviri və ərazinin planı, yaradılması təklif olunan texnoparkda yerləşən torpaqların tərkibi haqqında məlumat, torpaq sahələrinin mülkiyyətçilərinin və torpaq istifadəçilərinin siyahısı göstərilməklə), sosial və digər infrastrukturla təminatı imkanları haqqında məlumat;

3.4.4. yaradılması təklif edilən texnoparkın əsasnaməsinin layihəsi;

3.4.5. texnoparkın yaradılması ilə əlaqədar tədbirlər planı.

3.5. Texnoparkın yaradılması üçün ayrılan torpaq sahəsi:

3.5.1. məqsədli təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlara aid olmalıdır;

3.5.2. mühəndis-kommunikasiya təminatı sistemlərinə çıxış imkanlarına malik olmalıdır;

3.5.3. əşyaların və (və ya) hüquqların yüklülüyündən azad olmalıdır;

3.5.4. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verməlidir.

3.6. Texnopark üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri (bundan sonra – sahələr) icarəyə vermək hüququ ilə idarəedici təşkilatın istifadəsinə verilir. Texnoparka xüsusi mülkiyyətdə və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri icarə əsasında və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş digər əsaslarla cəlb edilir. Texnoparka verilən infrastruktur obyektlərindən yalnız onun fəaliyyət məqsədləri üçün istifadə edilir.

4. Texnoparkın fəaliyyətinin təşkili,

idarə olunması və inkişaf etdirilməsi

4.1. Texnoparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə, texnoparkın əsasnaməsinə və inkişaf konsepsiyasına uyğun olaraq idarəedici təşkilat tərəfindən həyata keçirilir.

4.2. Texnoparkın daha səmərəli idarə olunmasını təmin etmək məqsədi ilə səlahiyyətli orqanın qərarı ilə müsabiqə əsasında operator cəlb edilə bilər.

4.3. İdarəedici təşkilat və operator texnoparkın fəaliyyətinə görə cavabdehdirlər. Operatorun əsas fəaliyyəti texnoparkın idarə olunmasına dair idarəetmə sazişi çərçivəsində həvalə edilmiş funksiyaları icra etməkdən ibarətdir. İdarəedici təşkilat və operator texnoparkın (inkubatorun) rezidenti kimi fəaliyyət göstərə bilməzlər.

4.4. Operator texnoparkı onunla idarəedici təşkilat arasında bağlanan idarəetmə sazişi əsasında idarə edir.

4.5. İdarəetmə sazişində, bu Əsasnamənin müddəaları nəzərə alınmaqla, aşağıdakılar müəyyən edilir:

4.5.1. texnoparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi sahəsində tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti;

4.5.2. texnoparkın fəaliyyətinin təşkili və idarə olunması ilə bağlı xərclərin və gəlirlərin bölüşdürülməsi qaydası;

4.5.3. idarəetmə sazişinin müddəti;

4.5.4. texnoparkın infrastrukturunun istismarı və saxlanılması şərtləri;

4.5.5. tərəflər arasında yaranan mübahisələrin həlli qaydası və qanunvericiliyə zidd olmayan digər müddəalar.

4.6. Texnoparkın fəaliyyətinin təşkili məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:

4.6.1. texnoparkın fəaliyyəti üçün ayrılmış ərazi istifadəyə yararlı vəziyyətə gətirilir;

4.6.2. texnoparkın infrastrukturu yaradılır;

4.6.3. inkubator və texnologiya transferi mərkəzi yaradılır;

4.6.4. fəaliyyət profilinə uyğun olaraq, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi üçün elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi ilə bağlı xidmətlərin göstərilməsi təşkil edilir.

4.7. İnkubator və texnologiya transferi mərkəzindən başqa, texnoparkda innovasiya fəaliyyətinin inkişafı və elmi fəaliyyətin genişləndirilməsi məqsədi ilə digər struktur bölmələri də yaradıla bilər.

4.8. Texnopark ərazisinin planlaşdırılması müvafiq tikinti ərazisi üçün qüvvədə olan ərazi planlaşdırılması sənədləri əsasında həyata keçirilir.

4.9. İdarəedici təşkilatın yaratdığı infrastruktur obyektləri dövlət mülkiyyəti hesab edilir.

4.10. Elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması məqsədi ilə texnoparkın rezidentinin vəsaiti hesabına qurulan istehsal sahə, avadanlıq və qurğular rezidentin mülkiyyəti hesab edilir.

4.11. Texnoparkın yaradılması, idarə edilməsi və onda fəaliyyətin həyata keçirilməsi ilə bağlı bu Əsasnamədə müəyyən olunmuş müddəalar nəzərə alınmaqla, hər hansı bir texnoparkın əsasnaməsini səlahiyyətli orqan, dövlət elm və təhsil müəssisələri yanında yaradıldıqda isə həmin müəssisə təsdiq edir.

5. Səlahiyyətli orqanın funksiyaları

5.0. Səlahiyyətli orqanın funksiyaları aşağıdakılardır:

5.0.1. texnoparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı idarəedici təşkilata kömək göstərir;

5.0.2. texnoparkın fəaliyyəti barədə illik hesabat hazırlayır və Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

5.0.3. texnoparkın fəaliyyət profilinə uyğun olaraq, elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlər görür;

5.0.4. müsabiqə yolu ilə operator seçir;

5.0.5. texnoparkın ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

5.0.6. bu Əsasnamə ilə müəyyən edilmiş digər funksiyaları həyata keçirir.

6. İdarəedici təşkilatın funksiyaları

6.1. İdarəedici təşkilatın funksiyaları aşağıdakılardır:

6.1.1. texnoparkın fəaliyyətinin təşkili, idarə edilməsi və inkişafı ilə bağlı tədbirlər görür;

6.1.2. texnoparkın infrastrukturuna xidmət göstərir, onun normal fəaliyyətini təmin edir, cari və əsaslı təmirini həyata keçirir;

6.1.3. texnoparkın fəaliyyətini təşviq edir, texnoparkda innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi ilə bağlı hüquqi və fiziki şəxslərlə danışıqlar aparır və onları cəlb edir;

6.1.4. texnoparkın rezidentlərinin bu Əsasnamə ilə müəyyənləşdirilmiş qaydada, inkubatorun rezidentlərinin isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada qeydiyyatını aparır, habelə onların Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada reyestrini aparır;

6.1.5. texnoparkın və inkubatorun rezidentlərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formada qeydiyyat şəhadətnaməsi verir;

6.1.6. texnoparkın (inkubatorun) rezidentləri ilə texnoparkda (inkubatorda) fəaliyyətin həyata keçirilməsinə dair müqavilə bağlayır;

6.1.7. texnoparkda (inkubatorda) fəaliyyətin həyata keçirilməsinə dair texnoparkın (inkubatorun) rezidentləri ilə bağlanmış müqavilələrin şərtlərinə əməl olunmasına nəzarət edir, həmin müqavilələr üzrə pozuntuların aradan qaldırılması və vurulmuş zərərin ödənilməsi ilə bağlı tədbirlər görür;

6.1.8. bu Əsasnamənin 4.7-ci bəndində nəzərdə tutulmuş struktur bölmələrini yaradır və onların fəaliyyətini təmin edir;

6.1.9. ofis, konsaltinq, treninq, peşə hazırlığı, maliyyə, marketinq, hüquq, logistika, rabitə, mühafizə, texniki dəstək, lizinq, təşviqat xidmətləri və texnoparkda səmərəli fəaliyyət üçün digər xidmətlərin göstərilməsini bilavasitə və ya müvafiq müqavilələr əsasında təmin edir;

6.1.10. texnoparkda fəaliyyətin həyata keçirilməsi, qanunvericilik aktlarına və texnoparkın əsasnaməsinə əməl edilməsi ilə bağlı texnoparkın (inkubatorun) rezidentlərinə kömək göstərir;

6.1.11. texnoparkın (inkubatorun) rezidentləri, habelə onlarla dövlət və yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyəti əlaqələndirir;

6.1.12. texnoparkın inkişaf konsepsiyasını hazırlayır və səlahiyyətli orqanla, dövlət elm və təhsil müəssisəsi yanında yaradılan texnoparka münasibətdə isə həmin müəssisə ilə razılaşdırmaqla təsdiq edir;

6.1.13. texnoparkın fəaliyyəti və inkişafı barədə yarımillik hesabatı, habelə öz illik maliyyə hesabatını auditor rəyi ilə birlikdə səlahiyyətli orqana, dövlət elm və təhsil müəssisəsi yanında yaradılan texnoparka münasibətdə isə həmin müəssisəyə təqdim edir;

6.1.14. texnoparkın (inkubatorun) rezidentlərinin fəaliyyəti haqqında hesabat-statistik məlumatlar alır;

6.1.15. texnoparkda səlahiyyətli orqanın və digər dövlət orqanlarının qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsi üçün şərait yaradır;

6.1.16. texnoparkın idarə olunması üçün operator seçildiyi halda, onunla idarəetmə sazişi bağlayır, idarəetmə sazişindən irəli gələn funksiyaları operatorun həyata keçirməsinə nəzarət edir;

6.1.17. texnoparkın fəaliyyət profili üzrə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi məqsədi ilə texnoparkın (inkubatorun) rezidentləri ilə yerli və xarici elmi tədqiqat və ali təhsil müəssisələrinin fəaliyyətini əlaqələndirir, elmi-texniki və innovasiya sahələrində əməkdaşlığı təşkil edir;

6.1.18. texnoparkın (inkubatorun) rezidentlərində dövlət orqanlarının apardığı yoxlamalarda rezidentlərin dəvəti əsasında iştirak edir;

6.1.19. texnoparkın (inkubatorun) rezidentləri və onlarla operator arasında mübahisələrin danışıqlar yolu ilə həllinə kömək edir;

6.1.20. bu Əsasnamə və idarəetmə sazişi ilə müəyyən edilmiş digər funksiyaları həyata keçirir.

6.2. Texnoparkın idarə edilməsi üçün operator seçildiyi halda, bu Əsasnamənin 6.1.2-ci, 6.1.3-cü, 6.1.6-cı, 6.1.7-ci, 6.1.9-cu, 6.1.10-cu, 6.1.15-ci və 6.1.17-ci yarımbəndlərində göstərilən funksiyaları operator həyata keçirir.

7. İdarəedici təşkilatın gəlirləri

7.1. İdarəedici təşkilatın gəlirləri aşağıdakı mənbələrdən formalaşır:

7.1.1. texnoparkın sahələrinin icarəyə verilməsindən əldə olunan gəlirdən (dövlət əmlakının icarəyə verilməsindən əldə olunan icarə haqqının “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hissəsindən);

7.1.2. texnoparkın idarə edilməsinə görə alınan haqlardan;

7.1.3. kredit, qrant və ianələrdən;

7.1.4. texnoparkda səmərəli fəaliyyət üçün bu Əsasnamənin 6.1.9-cu yarımbəndinə uyğun olaraq təşkil edilən xidmətlərdən və qadağan olunmayan digər mənbələrdən.

7.2. Texnoparkın sahələri texnoparkın (inkubatorun) rezidentlərinə idarəedici təşkilat tərəfindən icarəyə verilir.

7.3. Texnoparkın idarə edilməsinə görə haqqa bu Əsasnamənin 6.1.2-ci yarımbəndinə uyğun olaraq texnoparkın infrastrukturunun saxlanılması xərcləri daxildir və bu xərcləri texnoparkın rezidentləri ödəyirlər. Texnoparkın idarə olunmasına görə haqqı idarəedici təşkilat gəlir və xərcləri nəzərə almaqla müəyyən edir.

7.4. Texnoparkda icarə əsasında istifadə olunan sahələrin qaz, istilik, rabitə, elektrik, su, kanalizasiya təminatı və məişət tullantılarının yığılması xidmətlərinin xərcləri bu Əsasnamənin 7.3-cü bəndində nəzərdə tutulan xərclərə daxil deyildir və texnoparkın rezidentləri tərəfindən ayrıca ödənilir.

7.5. Bu Əsasnamənin 7.3-cü bəndində nəzərdə tutulan xərclərdə texnoparkın rezidentinin payı onun icarəyə götürdüyü sahənin ölçüsünə görə müəyyən edilir.

7.6. Texnoparkın idarə olunması üçün operator seçildiyi halda, bu Əsasnamənin 7.1-ci bəndində nəzərdə tutulan gəlirlər idarəetmə sazişi ilə müəyyən edilmiş qaydada bölüşdürülür.

8. Texnoparkın rezidentinin fəaliyyəti

8.1. Texnoparkın rezidenti texnoparkda fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə, bu Əsasnaməyə və idarəedici təşkilatla (operatorla) bağladığı müqaviləyə əsasən həyata keçirir.

8.2. Texnoparkda fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər bu Əsasnamə ilə müəyyən edilmiş qaydada qeydiyyatdan keçərək, texnoparkın qeydiyyat şəhadətnaməsini almalıdırlar.

8.3. Hüquqi və fiziki şəxslər texnoparkın rezidenti kimi qeydiyyatdan keçmək üçün ərizə ilə idarəedici təşkilata müraciət edirlər. Ərizə formasını və ona əlavə edilən sənədlərin siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Qeydiyyat prosedurunun ümumi müddəti iyirmi iş günüdür.

8.4. İdarəedici təşkilat ərizəni qeydiyyata alır və ərizəçiyə qeydiyyatı təsdiq edən sənəd (arayış) verir. İdarəedici təşkilat ərizənin qeydiyyata alındığı tarixdən üç iş günü müddətində ərizəçinin ərizəsinin və ona əlavə edilmiş sənədlərin bu Əsasnamənin 8.3-cü bəndinin ikinci cümləsinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizə müvafiq formada tərtib edilmədikdə və (və ya) ona əlavə edilməli bütün sənədlər təqdim edilmədikdə, ərizənin qeydiyyata alındığı tarixdən üç iş günündən gec olmayaraq idarəedici təşkilat, həmin çatışmazlıqları göstərməklə, ərizəçiyə bu barədə yazılı məlumat verir. Bu zaman qeydiyyat müddətinin axımı dayandırılır və dayandırılmış müddət qeydiyyat prosedurunun ümumi müddətinə daxil edilmir.

8.5. Ərizəçi yazılı məlumatı aldığı vaxtdan ən geci on beş iş günü müddətində həmin çatışmazlıqları aradan qaldırmalıdır. Ərizəçi çatışmazlıqları aradan qaldırdıqdan sonra qeydiyyat prosedurunun ümumi müddətinin axımı bərpa edilir.

8.6. İdarəedici təşkilat ərizəçinin təqdim etdiyi innovasiya layihəsini qiymətləndirilmək üçün texnoparkın ekspertlər şurasına göndərir.

8.7. Texnoparkın ekspertlər şurasını səlahiyyətli orqan, dövlət elm və təhsil müəssisəsi yanında yaradılan texnoparka münasibətdə isə həmin müəssisə yaradır. Ekspertlər şurası Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnaməyə uyğun fəaliyyət göstərir.

8.8. Ərizəçinin təqdim etdiyi innovasiya layihəsi aşağıdakı meyarlar əsasında qiymətləndirilir:

8.8.1. layihənin texnoparkın fəaliyyət profilinə uyğunluğu;

8.8.2. layihənin elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi, innovasiya məhsulunun və ya yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi sahəsində prioritetlərə uyğunluğu;

8.8.3. layihənin innovasiya və ya yüksək texnologiya yönlü olması.

8.9. Ərizəçinin təqdim etdiyi innovasiya layihəsinin bu Əsasnamənin 8.8-ci bəndində nəzərdə tutulan meyarlara uyğunluğu ekspertlər şurası haqqında əsasnamədə müəyyən edilən qaydada texnoparkın ekspertlər şurası tərəfindən qiymətləndirilir.

8.10. Texnoparkın ekspertlər şurası ərizəçinin təqdim etdiyi innovasiya layihəsinin bu Əsasnamənin 8.8-ci bəndində nəzərdə tutulan meyarlara uyğun olub-olmamasına dair rəyini qeydiyyat prosedurunun ümumi müddətinin on beşinci iş günündən gec olmayaraq idarəedici təşkilata təqdim edir.

8.11. Texnoparkın ekspertlər şurasının innovasiya layihəsinin bu Əsasnamənin 8.8-ci bəndində nəzərdə tutulan meyarlara uyğun olmamasına dair rəyi olduqda, habelə ərizədə və ona əlavə edilən sənədlərdə aşkar edilmiş çatışmazlıqlar bu Əsasnamənin 8.5-ci bəndində müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, idarəedici təşkilat qeydiyyat prosedurunun ümumi müddəti çərçivəsində ərizəçinin texnoparkın rezidenti kimi qeydiyyata alınmasından imtina haqqında qərar qəbul edir və bu barədə ərizəçiyə yazılı məlumat verir.

8.12. İdarəedici təşkilat texnoparkın ekspertlər şurasının innovasiya layihəsinin bu Əsasnamənin 8.8-ci bəndində nəzərdə tutulan meyarlara uyğun olmasına dair rəyi əsasında qeydiyyat prosedurunun ümumi müddəti çərçivəsində ərizəçinin texnoparkın rezidenti kimi qeydiyyata alınması haqqında qərar qəbul edərək, texnoparkın qeydiyyat şəhadətnaməsini ərizəçiyə təqdim edir. Hüquqi və fiziki şəxslər texnoparkın qeydiyyat şəhadətnaməsinin verildiyi tarixdən texnoparkın rezidenti hesab edilirlər.

8.13. Texnoparkın rezidenti qeydiyyat şəhadətnaməsini aldıqdan sonra otuz gün müddətində idarəedici təşkilatla (operatorla) texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair müqavilə və idarəedici təşkilatla fəaliyyət göstərəcəyi sahənin icarə müqaviləsini bağlayır.

8.14. İdarəedici təşkilatla (operatorla) texnoparkın rezidenti arasında texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair bağlanan müqavilədə aşağıdakılar öz əksini tapmalıdır:

8.14.1. texnoparkda həyata keçiriləcək elmi tədqiqatlar və təcrübə-konstruktor işləri, hazırlanacaq innovasiya məhsulu və ya yüksək texnologiyalar, görüləcək iş və xidmətlər;

8.14.2. innovasiya layihəsi üzrə işlərə başlanma tarixi;

8.14.3. texnoparkın idarə edilməsinə, həmçinin texnoparkda səmərəli fəaliyyət üçün təşkil olunan xidmətlərə görə haqqın məbləği;

8.14.4. müqavilənin müddəti;

8.14.5. tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti;

8.14.6. tərəflər arasında yaranan mübahisələrin həlli qaydası.

8.15. Texnoparkın rezidentinin vəzifələri aşağıdakılardır:

8.15.1. öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə, bu Əsasnaməyə və idarəedici təşkilatla (operatorla) bağlanmış müqaviləyə uyğun təşkil etmək;

8.15.2. icarə haqlarını və texnoparkın saxlanılması ilə bağlı xərcləri ödəmək;

8.15.3. öz fəaliyyəti barədə hesabat-statistik məlumatları tərtib etmək və idarəedici təşkilata təqdim etmək.

8.16. Texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair müqavilə tərəflərin razılaşması ilə müəyyən edilən müddətə bağlanır. Müqavilənin müddətinin bitməsinə otuz gün qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi ilə bağlı digər tərəfə bildiriş təqdim etməmişdirsə, müqavilə əvvəlki müddətə uzadılmış hesab edilir.

8.17. Texnoparkın rezidenti müqavilədə göstərilən müddətdə innovasiya layihəsi üzrə işlərə başlamadıqda, idarəedici təşkilat (operator) texnoparkın rezidentinə bildiriş təqdim edir. Bildirişdə texnoparkın rezidentinə innovasiya layihəsi üzrə işlərə başlanılması üçün əlavə olaraq bir ildən çox olmayan müddət təyin edilir.

8.18. Texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair imzalanmış müqaviləyə aşağıdakı hallarda xitam verilir:

8.18.1. müqavilənin müddəti başa çatdıqda;

8.18.2. üç ay əvvəldən idarəedici təşkilatı (operatoru) xəbərdar etməklə, texnoparkın rezidentinin tələbi ilə;

8.18.3. texnoparkın rezidenti innovasiya layihəsi üzrə işlərə bu Əsasnamənin 8.17-ci bəndinə uyğun olaraq verilən bildirişlə müəyyən olunmuş müddətdə başlamadıqda, idarəedici təşkilatın (operatorun) təşəbbüsü ilə;

8.18.4. texnopark ləğv edildikdə;

8.18.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan digər hallarda.

8.19. Bu Əsasnamənin 8.18-ci bəndində göstərilən əsaslarla texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair müqaviləyə xitam verilməsi texnoparkın rezidentinin fəaliyyət göstərdiyi sahənin icarə müqaviləsinin, texnoparkın rezidentinin qeydiyyatının və qeydiyyat şəhadətnaməsinin ləğvinə səbəb olur.

8.20. Bu Əsasnamənin 8.18-ci bəndində göstərilən əsaslar üzrə texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair müqaviləyə xitam verildikdə, texnoparkın rezidenti aşağıdakılardan birini seçməklə, mülkiyyətində olan istehsal sahəsinin, avadanlıq və qurğuların müqəddəratını müəyyən edir:

8.20.1. texnoparkın rezidenti tərəfindən istehsal sahəsinin, avadanlıq və qurğuların özgəninkiləşdirilməsi;

8.20.2. texnoparkın rezidenti tərəfindən istehsal sahəsinin, avadanlıq və qurğuların sökülərək aparılması və ya məhv edilməsi (utilizasiyası);

8.20.3. razılaşma yolu ilə istehsal sahəsinin, avadanlıq və qurğuların idarəedici təşkilat (operator) tərəfindən əldə edilməsi, yaxud sökülməsi, daşınması və ya məhv edilməsi (utilizasiyası) və həmin işlərlə bağlı xərclərin texnoparkın rezidenti tərəfindən ödənilməsi.

8.21. İdarəedici təşkilat (operator) bu Əsasnamənin 8.20-ci bəndində göstərilən məsələlərin həllində texnoparkın rezidentinə kömək göstərməlidir.

8.22. Ərizəçi texnoparkın rezidenti kimi qeydiyyata alınmasından imtina qərarından, texnoparkın rezidenti isə qeydiyyatına və texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair imzalanmış müqaviləyə xitam verilməsindən inzibati qaydada və məhkəməyə şikayət etmək hüququna malikdirlər.

9. İnkubatorun rezidentinin fəaliyyəti

9.1. İnkubatorun rezidenti inkubatorda fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə, bu Əsasnaməyə və idarəedici təşkilatla (operatorla) bağladığı müqaviləyə əsasən həyata keçirir.

9.2. Hüquqi və fiziki şəxslər inkubatorun qeydiyyat şəhadətnaməsinin verildiyi tarixdən inkubatorun rezidenti hesab edilirlər.

9.3. İnkubatorun rezidenti qeydiyyat şəhadətnaməsini aldıqdan sonra otuz gün müddətində idarəedici təşkilatla (operatorla) inkubatorda fəaliyyətin həyata keçirilməsinə dair müqavilə və idarəedici təşkilatla fəaliyyət göstərəcəyi sahənin (torpaq sahəsi istisna olmaqla) icarə müqaviləsini bağlayır. Hər iki müqavilə üç ildən çox olmayan müddətə bağlanır.

9.4. İnkubatorun rezidenti bu Əsasnamənin 7.3-cü və 7.4-cü bəndlərində nəzərdə tutulmuş xərcləri ödəmir.

9.5. İnkubatorun rezidenti eyni vaxtda texnoparkın rezidenti ola bilməz.

10. Texnoparkın torpaq sahələrindən istifadə

10.1. Texnoparkın ərazisində dövlət mülkiyyətində olan torpaq sahələri üzərində idarəetməni texnoparkın fəaliyyəti müddətində idarəedici təşkilat bu Əsasnamə ilə müəyyən edilmiş qaydada həyata keçirir.

10.2. Texnoparkın torpaq sahələrindən istifadə olunması texnoparkın rezidenti ilə idarəedici təşkilat arasında bağlanan icarə müqaviləsi əsasında həyata keçirilir.

10.3. Texnoparkın ərazisində torpaq sahələri texnoparkın rezidentlərinə texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair bağlanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir.

10.4. Texnoparkın rezidentinə icarəyə verilmiş torpaq sahəsinin digər şəxslərə ikinci əldən icarəyə  verilməsinə və ya texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair bağlanmış müqavilədə göstərilməyən məqsədlər üçün istifadəsinə yol verilmir.

10.5. Texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair müqaviləyə xitam verilməsi texnoparkın rezidenti ilə bağlanmış torpaq icarəsi müqaviləsinin ləğvi üçün əsasdır.

11. Birgə texnopark

11.1. Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda birgə texnopark yaradıla bilər. Birgə texnoparkın yaradılması haqqında qərarı dövlət mülkiyyətində olan torpaqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanının və ya dövlət müəssisəsinin (birgə texnoparkın dövlət elm və təhsil müəssisələri yanında yaradılması barədə isə ─ Azərbaycan Respublikası Nazirlər Kabinetinin) təklifinə əsasən Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə müvafiq bələdiyyə, xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə isə xüsusi mülkiyyətçi qəbul edir.

11.2. Birgə texnoparkın fəaliyyətinin təşkili və idarə olunması xərcləri dövlətin, bələdiyyənin və xüsusi mülkiyyətçinin iştirak payına uyğun olaraq müəyyən edilir.

11.3. Birgə texnoparkın fəaliyyətinin təşkili və idarə olunması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir

12. Texnoparkın yaradılması və fəaliyyəti ilə bağlı

işlərin maliyyələşdirilməsi

Texnoparkın yaradılması və fəaliyyətinin təşkili dövlət büdcəsinin vəsaiti, idarəedici təşkilatın əldə etdiyi gəlirlər və qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

13. Texnoparkın ləğvi

13.1. Texnoparkın ləğvi haqqında qərarı Azərbaycan Respublikasının Prezidenti qəbul edir.

13.2. Texnoparkın ləğvi onun idarəedici təşkilatının ləğvinə səbəb olmur.

 

 

 

19 May 2014, 09:05

http://www.azertag.net

2271—2280 / 10511

25 Fevral 2020, 08:02

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Fevral 2020, 08:02

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında” 2018-ci il 25 may tarixli 95 nömrəli Fərmanında və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2019-cu il 30 may tarixli 1212 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Fevral 2020, 08:02

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

13 Fevral 2020, 08:02

Kürdəmir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Fevral 2020, 08:02

Kürdəmir şəhərində 8 nömrəli körpələr evi–uşaq bağçası üçün yeni binanın tikintisi və şəhər infrastrukturunun yeniləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Fevral 2020, 08:02

A.S.Novruzovun Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Fevral 2020, 08:02

“Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Fevral 2020, 08:02

2015-ci il 24 noyabr tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Səlahiyyətli Nümayəndələrin Dövlətlərarası Şurası arasında Dövlətlərarası Şuranın Azərbaycan Respublikasında saxlanılması üçün maliyyə yardımı göstərilməsi haqqında Protokol”da dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

12 Fevral 2020, 08:02

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

12 Fevral 2020, 08:02

2020-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...