“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 15-1.3-cü maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun şəxsi işinin aparılmasının yeni qaydaları ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. həmin Qanunun 15-1.4-cü maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasına görə inzibati məsuliyyət müəyyən edən qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. həmin Qanunun 15-2.3-cü maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun xidməti vəsiqəsinin nümunəsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. beynəlxalq təcrübə nəzərə alınmaqla “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.8. bu Fərmanın 7-ci hissəsində nəzərdə tutulmuş proqram təminatının hazırlanması üçün tələb olunan vəsaitin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılması üçün tədbirlər görsün;
1.9. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Fərmanın 1.5-ci bəndində nəzərdə tutulmuş Strategiya layihəsi hazırlanarkən həmçinin aşağıdakı məsələlər nəzərə alınsın:
2.1. dövlət qulluğunda institusional islahatlar;
2.2. dövlət qulluğunda kadr siyasəti;
2.3. dövlət qulluğunda rotasiya;
2.4. dövlət qulluqçularının peşəkarlığının və səmərəliliyinin artırılması məqsədi ilə dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi;
2.5. dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi;
2.6. dövlət qulluğunun informasiya təminatı, o cümlədən elektron dövlət qulluğunun inkişaf etdirilməsi;
2.7. dövlət qulluqçularının stimullaşdırılması məqsədi ilə mütərəqqi motivasiya (həvəsləndirmə) sisteminin yaradılması.
3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında “İşçilərin Şəxsi İşlərinin Elektron Məlumat Sistemi” (bundan sonra – Sistem) yaradılsın.
4. Müəyyən edilsin ki:
4.1. Sistem proqram təminatı vasitəsilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hər bir işçisi üçün elektron şəxsi iş qovluğunun yaradılmasını, şəxsi iş qovluğunda olan sənədlərin və məlumatların elektron qaydada tərtib olunmasını və aparılmasını, habelə Sistemdə olan məlumatların daim yenilənməsini təmin edir;
4.2. Sistemin administratoru funksiyasını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir, texniki təminatını və işlək vəziyyətdə olmasını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, təhlükəsizliyini Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti təmin edir.
5. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:
5.1. Sistemin proqram təminatının hazırlanmasını və tətbiqini təmin etsin;
5.2. “İşçilərin Şəxsi İşlərinin Elektron Məlumat Sistemi”ndən istifadə qaydalarını iki ay müddətində müəyyən etsin;
5.3. bu Fərmanın 7-ci hissəsində nəzərdə tutulmuş proqramın tətbiqi ilə bağlı zəruri tədbirlər görsün və görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi bu Fərmanın 4.2-ci və 5.1-ci bəndlərindən irəli gələn zəruri tədbirlərin görülməsini təmin etsin.
7. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılsın ki, Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi vəzifəli şəxslərin şəxsi iş qovluğunun elektron qaydada tərtib olunması və aparılması ilə bağlı müvafiq proqram təminatını həmin proqramın administratoru olan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklifləri əsasında doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsin.
8. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28; 2002, № 8, maddə 495; 2005, № 12, maddə 1111; 2007, № 12, maddə 1241; 2008, № 5, maddə 363; 2010, № 2, maddə 80; 2017, № 8, maddə 1518) 3.1-ci bəndində “maddəsində” sözü “, 15-1.3-cü və 15-2.3-cü maddələrində” sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 fevral 2018-ci il.
7 Fevral 2018, 08:0221 May 2014, 14:05
"Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında ətraflı...
21 May 2014, 14:05
"Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
19 May 2014, 12:05
"Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
19 May 2014, 12:05
"Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları", "Dövlət reyestr kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi" və "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
19 May 2014, 12:05
"Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"in təsdiq edilməsi haqqında ətraflı...
19 May 2014, 09:05
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...
19 May 2014, 09:05
Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
19 May 2014, 09:05
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi haqqında Əsasnamənin və Mərkəzin strukturunun təsdiq edilməsi haqqında ətraflı...
19 May 2014, 09:05
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarının təltif edilməsi haqqında ətraflı...
19 May 2014, 09:05
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına “Əməkdar Mədəniyyət İşçisi” fəxri adının verilməsi haqqında ətraflı...