İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə əsasən, investisiya axınını cəlb etmək üçün Azərbaycanda əlverişli biznes mühitinin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilmişdir.
İqtisadiyyata qoyulan investisiyanın həcminin artırılması məqsədilə bu sahədə islahatlar genişləndirilməli, xüsusilə özəl təşəbbüskarlığın dəstəklənməsi istiqamətində biznes-investisiya mühiti, həmçinin investisiyaların qorunması sahəsində qanunvericilik daha da təkmilləşdirilməlidir. Aparılmış təhlillər onu göstərir ki, xarici investorlar tərəfdaşlıq zəminində ölkədə əlverişli investisiya qorunma sisteminin mövcudluğuna xüsusi diqqət ayırırlar. Bu baxımdan investisiya imkanlarının genişlənməsinə imkan verən çərçivənin qurulması mühüm əhəmiyyət kəsb edir.
2025-ci ilədək qarşıya qoyulmuş məqsədlərdən biri də məhz xarici investorların dünya standartlarına uyğun fəaliyyət göstərməsinə şərait yaradacaq biznes mühitinin təmin edilməsidir. Bu sahədə aparılacaq islahatlar iqtisadiyyatda özəl investisiyaların payının artmasına təkan vermiş olacaqdır.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasında əlverişli investisiya mühitinin formalaşdırılması məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti, “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının əsasında, beynəlxalq təcrübəni nəzərə almaqla, yeni “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş qanun layihəsində beynəlxalq təcrübə nəzərə alınmaqla yanaşı, xüsusilə aşağıdakı məsələlər tənzimlənsin:
2.1. investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri;
2.2. investisiya fəaliyyətinə təşviq edən tədbirlərin məcmusu;
2.3. investorların hüquqlarının qorunması mexanizmləri, onlara dövlət zəmanəti verilməsi qaydası;
2.4. mübahisələrin danışıqlar, məhkəmə, həmçinin arbitraj yolu ilə həlli üsulları (beynəlxalq arbitraj qaydalarının müddəaları nəzərə alınmaqla);
2.5. investorlara vurulmuş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsi qaydası.
3. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə təqdim olunarkən, ona əlavə olunacaq normativ hüquqi aktın zərurətinin əsaslandırılmasında və məcburi hüquqi ekspertiza rəyində “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 48.3.4-cü maddəsinə və həmin Konstitusiya Qanununa əlavə edilmiş məcburi hüquqi ekspertiza rəyinin strukturuna uyğun olaraq ləğv edilməli, dəyişikliklər edilməli, habelə layihəsi hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 yanvar 2018-ci il.
19 Yanvar 2018, 09:01
28 Sentyabr 2016, 09:09
Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
28 Sentyabr 2016, 09:09
İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisinin iştirakçılarına ətraflı...
27 Sentyabr 2016, 09:09
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında ətraflı...
23 Sentyabr 2016, 10:09
A.A.Paşayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
23 Sentyabr 2016, 10:09
О государственной поддержке развития хлопководства в Азербайджанской Республике ətraflı...
23 Sentyabr 2016, 10:09
Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinə fəxri adların verilməsi haqqında ətraflı...
23 Sentyabr 2016, 10:09
Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında ətraflı...
23 Sentyabr 2016, 10:09
İ.C.Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
23 Sentyabr 2016, 10:09
Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri ilə bağlı tədbirlər haqqında ətraflı...
22 Sentyabr 2016, 09:09
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) seçki məntəqələrində veb-kameralar quraşdırılması barədə ətraflı...