Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasında əhalinin layiqli həyat səviyyəsini təmin etmək və sosial rifahını yüksəltmək, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafına nail olmaq dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Son illərdə həyata keçirilən, konkret hədəflərə yönəlmiş məqsədyönlü islahatlar nəticəsində ölkədə biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, habelə əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra nailiyyətlər əldə edilmiş, bu sahədə mühüm institusional tədbirlər həyata keçirilmiş və mükəmməl hüquqi baza formalaşmışdır.
Sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ilə bağlı işləri sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək, habelə maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemini formalaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli və 2017-ci il 15 sentyabr tarixli 1599 nömrəli fərmanları ilə, müvafiq olaraq, “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Ötən müddətdə 21 mindən artıq ailənin mənzil şəraitinin yaxışılaşdırılmasına imkan yaradılmış, verilmiş kreditlərin həcmi isə 930 milyon manata çatmışdır.
Ölkənin iqtisadi potensialının gündən-günə daha da artması məşğulluğun və qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin edilməsində sahibkarların rolunun yüksəldilməsini, kredit resurslarına ehtiyacı olan kiçik və orta sahibkarların dövlət dəstəyi ilə daha geniş əhatə olunmasını, bu sahədə dövlət-sahibkar münasibətlərinin, habelə ipoteka kreditləşməsi vasitəsilə əhalinin yaşayış sahəsi ilə təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunmasını zəruri edir.
Bu baxımdan “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətlərinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, bu sahədə sistemliliyin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də maliyyə inklüzivliyinin artırılması, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi, aztəminatlı ailələrin mənzil-məişət şəraitinin və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılması əsas strateji hədəf və prioritetlərdən biri kimi müəyyən edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar ölkədə maliyyə vəsaitlərinə çıxış imkanlarını, kreditlərə təminat verilməsi mexanizmlərini yeni iqtisadi əsaslarla daha da təkmilləşdirmək, bu sahədə göstərilən xidmətlərin səviyyəsinin artırılması, əhalinin rifahının yüksəldilməsi, sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlərin səmərəliliyini daha da yüksəltmək və sistemliliyini təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” qeyri-kommersiya hüquqi şəxsi yaradılsın.
2. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki:
3.1. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (bundan sonra – Fond) “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir;
3.2. Fond Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirən, habelə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən qeyri-kommersiya hüquqi şəxsidir;
3.3. Fondda ictimai əsaslarla fəaliyyət göstərən və 5 nəfərdən ibarət olan Himayəçilik Şurası, habelə Fondun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət olan İdarə Heyəti yaradılır.
4. Fondda təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
4.1. Azərbaycan Respublikasının Prezidentinə:
4.1.1. Fondun nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
4.1.2. Fondun Himayəçilik Şurası və İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
4.1.3. Fondun icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
4.1.4. Fondun yenidən təşkili və ləğvi barədə qərarın qəbul edilməsi;
4.2. Fondun Himayəçilik Şurasına:
4.2.1. bu Fərmanın 4.1-ci bəndi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.4. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitallarının ümumi məbləği həcmində Fondun nizamnamə kapitalının formalaşdırılmasını bir ay müddətində təmin etsin;
5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
7. “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036; 2017, № 4, maddə 526, № 7, maddələr 1340, 1370, № 8, maddə 1521) aşağıdakı dəyişikliklər edilsin:
7.1. 1-ci, 2-ci hissələr və 9.4-cü bənd ləğv edilsin;
7.2. 3-cü hissədə, 9.5-ci və 9.6-cı bəndlərdə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilsin;
7.3. 4-cü hissədə “Cəmiyyətin” sözü “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” (bundan sonra – Fond)” sözləri ilə əvəz edilsin;
7.4. 6-cı, 8-ci, 12-ci hissələrdə və 7.3-cü bənddə ismin müvafiq hallarında “Cəmiyyət” sözü ismin müvafiq hallarında “Fond” sözü ilə əvəz edilsin;
7.5. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” üzrə:
7.5.1. adında “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilsin;
7.5.2. 1-ci hissənin mətnində “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət)” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond)” sözləri ilə əvəz edilsin;
7.5.3.1-ci hissə istisna olmaqla, mətn üzrə ismin müvafiq hallarında “Cəmiyyət” sözü ismin müvafiq hallarında “Fond” sözü ilə əvəz edilsin;
7.5.4. mətn üzrə ismin müvafiq hallarında “Müşahidə Şurası” sözləri ismin müvafiq hallarında “Himayəçilik Şurası” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2017-ci il.
27 Dekabr 2017, 09:125 Fevral 2019, 09:02
Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Fevral 2019, 09:02
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Fevral 2019, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 may tarixli 920 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər planı”nda, 2007-ci il 28 iyun tarixli 2271 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007–2012-ci illər)”ında və 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Fevral 2019, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda, 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda, 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014–2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2016-cı il 18 noyabr tarixli 2451 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Fevral 2019, 09:02
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli 760 nömrəli və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli fərmanlarında və 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
4 Fevral 2019, 08:02
S.A.Şirinovun və U.A.Şirinovun “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
4 Fevral 2019, 08:02
Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
4 Fevral 2019, 08:02
2019-cu il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
4 Fevral 2019, 08:02
Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ətraflı...
4 Fevral 2019, 08:02
Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...