Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 19 dekabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-1-ci maddəsinə əsasən hazırlanmışdır və açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən (bundan sonra – müvafiq qurum) həyata keçirilir.

1.3. Açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir.

1.4. Açıq məkanda reklam daşıyıcısı dedikdə, reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar əmlak, ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları nəzərdə tutulur.

1.5. Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanları, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam daşıyıcıları və ya yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir.

1.6. Açıq məkanda yerləşdirilməsinə icazə verilən, həmçinin bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməlidir.

1.7. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə bağlı bu Qayda ilə tənzimlənməyən məsələlər “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

1.8. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsinin xüsusiyyətləri Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə” ilə müəyyən edilir.

1.9. Müvafiq qurum açıq məkanda yayımlanan reklamların uçotunu və elektron bazasını aparır.

1.10. Müvafiq qurumun hərəkət və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

2. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi

2.1. Açıq məkanda reklam yerləşdirilməsinə icazə (bundan sonra – icazə) alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır.

2.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir (müvafiq qurum özü bu Qaydanın 2.2.1-2.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş sənədlər barədə məlumatları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsində nəzərdə tutulmuş qaydada əldə edə bildikdə həmin sənədlərin ərizəyə əlavə edilməsi tələb olunmur):

2.2.1. reklam yayıcısı hüquqi şəxs, yaxud xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

2.2.2. reklam yayıcısı fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

2.2.3. reklam yayıcısının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

2.2.4. reklam yerləşdiriləcək reklam daşıyıcısının yerləşdiyi ərazinin rəngli fotosu və vəziyyət planı;

2.2.5. reklamın layihəsi (eskizi);

2.2.6. istehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan əmtəələrin reklamı yerləşdirilərkən müvafiq lisenziya, yaxud sertifikatın və ya digər icazənin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti.

2.3. Müvafiq qurum reklam yayıcısının təqdim etdiyi ərizənin, ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinin, həmçinin 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq müvafiq qurum onların aradan qaldırılması üçün reklam yayıcısına bildiriş təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar reklam yayıcısına, eyni zamanda bildirilməlidir.

2.4. Reklam yayıcısı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman icazənin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət icazənin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırıldığı barədə reklam yayıcısının müraciətindən sonra müddətin axımı bərpa olunur.

2.5. Reklam yayıcısı ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, müvafiq qurum ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində reklam yayıcısına təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

2.6. Müvafiq qurum icazə verilməsindən aşağıdakı hallarda imtina edir:

2.6.1. ərizə və ona əlavə olunmuş sənədlər bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinin tələblərinə uyğun olmadıqda (aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar istisna olmaqla);

2.6.2. icazə istənilən reklam bu Qaydanın 1.6-cı bəndinin tələblərinə cavab vermədikdə.

2.7. Müvafiq qurum təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq reklam yayıcısına icazə üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə bildiriş göndərir və ya icazənin verilməsindən imtina haqqında inzibati akt qəbul edir. İcazənin verilməsindən imtina haqqında inzibati akt müvafiq qurumun rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində reklam yayıcısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin verilməsindən imtina haqqında inzibati akt bu Qaydanın 2.6-cı bəndində nəzərdə tutulmuş imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır.

2.8. Reklam yayıcısı aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra icazə alınması üçün müvafiq quruma ərizə ilə təkrar müraciət edə bilər.

2.9. İcazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi məbləğdə dövlət rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur.

2.10. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd reklam yayıcısı tərəfindən müvafiq quruma təqdim edildikdən sonra 2 iş günündən gec olmayaraq:

2.10.1. icazə, həmçinin reklama dair texniki şərtlər pasportu hazırlanaraq reklam yayıcısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir;

2.10.2. reklam yayıcısı ilə icazə müqaviləsi bağlanılır.

2.11. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. Bu Qaydanın 2.2.6-cı yarımbəndində nəzərdə tutulmuş əmtəələrə münasibətdə icazə müvafiq lisenziyada (sertifikatda və ya digər icazədə) müəyyən edilmiş müddətdən artıq verilə bilməz.

2.12. İcazədə aşağıdakılar göstərilir:

2.12.1. icazənin verilmə tarixi və qeydiyyat nömrəsi;

2.12.2. müvafiq qurumun adı və ünvanı;

2.12.3. texniki şərtlər pasportunun verilmə tarixi və nömrəsi;

2.12.4. icazənin sahibi barədə məlumatlar (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, hüquqi şəxsin, yaxud xarici hüquqi şəxsin filialının və ya nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı və fəaliyyət ünvanı);

2.12.5. icazənin müddəti (müddətin başlama və başa çatma tarixləri göstərilməklə);

2.12.6. reklam daşıyıcısının növü və yerləşdiyi ünvan;

2.12.7. istehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan əmtəələrin reklamına icazə verilərkən müvafiq lisenziya, yaxud sertifikatın və ya digər icazənin verilmə tarixi, qeydiyyat nömrəsi, müddəti (olduğu halda).

2.13. İcazə müvafiq qurumun rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

2.14. Açıq məkanda reklam yerləşdirilməsinə icazə hər bir reklam daşıyıcısına münasibətdə ayrıca verilir. Reklam qurğusunun yerdəyişməsi (o cümlədən eyni ünvan çərçivəsində), həmçinin ölçülərinin, hündürlüyünün, istiqamətinin dəyişdirilməsi və ya reklam qurğusunda digər konstruktiv dəyişikliklərin edilməsi zərurəti yarandıqda, reklam yayıcısı:

2.14.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq qurumdan icazə almalıdır;

2.14.2. yerdəyişməyə və konstruktiv dəyişikliklərə məruz qalmış reklam qurğusunda reklam yerləşdirmək üçün yenidən bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir.

2.15. Reklam yayıcısı reklam yerləşdirilməsinə icazə verilmiş reklam daşıyıcısında icazənin qüvvədə olduğu müddətdə digər reklamın yerləşdirilməsini müvafiq qurumla razılaşdırmalıdır. Bunun üçün müvafiq quruma ərizə və bu Qaydanın 2.2.4-2.2.6-cı yarımbəndlərində nəzərdə tutulmuş sənədlər təqdim edilir. Ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılarkən bu Qaydanın 2.3-2.5-ci bəndlərinin müddəaları tətbiq edilir. Müvafiq qurum ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq, bu Qaydanın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində nəzərdə tutulmuş halların olub-olmamasından asılı olaraq, digər reklamın yerləşdirilməsinə yazılı şəkildə razılıq verir və ya razılıq verilməsindən imtina edir, istehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan yeni əmtəələrin reklamı yerləşdirildiyi halda isə mövcud icazə bu Qaydanın 2.21-ci bəndinə uyğun olaraq yenidən rəsmiləşdirilir.

2.16. Reklama dair texniki şərtlər pasportunun etibarlılıq müddəti və icazə müqaviləsinin qüvvədə olma müddəti icazənin müddətindən artıq olmamalıdır. İcazənin və reklama dair texniki şərtlər pasportunun forması, həmçinin icazə müqaviləsinin forması və bağlanılma qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

2.17. İcazə müqaviləsi bağlanılmadıqda, verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. 2017-ci il avqustun 1-dək icazə almış və icazəsi qüvvədə olan reklam yayıcıları müvafiq qurumla 2018-ci il yanvarın 1-dək icazə müqaviləsi bağlamalıdırlar. Müvafiq qurum 2017-ci il avqustun 1-dək icazə almış və icazəsi qüvvədə olan reklam yayıcılarına icazə müqaviləsinin bağlanılması zərurəti barədə bildiriş göndərir.

2.18. İcazə müqaviləsi bağlanılmadıqda:

2.18.1. icazə və texniki şərtlər pasportu müvafiq qurum tərəfindən ləğv edilir (bu Qaydanın 2.18.2-ci yarımbəndində nəzərdə tutulmuş inzibati aktlar istisna olmaqla) və bu barədə məlumat 2 iş günü müddətində reklam yayıcısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir;

2.18.2. açıq məkanda reklam yerləşdirilməsinə dair 2017-ci il avqustun 1-dək reklam yayıcısına münasibətdə qəbul edilmiş inzibati aktların etibarsız sayılması və ya ləğvi üçün müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görülür.

2.19. Reklam yayıcısı açıq məkanda reklam yayımına görə müvafiq quruma haqq ödəyir. Haqqın məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısı ilə bağlanan icazə müqaviləsində müəyyən edilir.

2.20. Reklam daşıyıcısının söküldüyü, icazənin dayandırıldığı və ya ləğv edildiyi, həmçinin reklam yayımının reklam yayıcısının öz təşəbbüsü ilə dayandırıldığı hallarda ödənilmiş haqq geri qaytarılmır.

2.21. İcazə müddətinin uzadılması icazə sahibinin müraciəti əsasında bu Qaydanın 2.11-ci bəndinə və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, icazənin yenidən rəsmiləşdirilməsi qaydasında həyata keçirilir.

2.22. İcazənin müddəti bitdiyi halda reklam yayıcısı reklam yayımını dərhal dayandırmalıdır. Müddəti bitmiş icazə, onun müddəti uzadılmadığı halda, müvafiq qurumun inzibati aktı ilə ləğv edilir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində reklam yayıcısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

3. Açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi

3.1. Müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür.

3.2. Müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir.

3.3. Reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır.

3.4. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq qurum:

3.4.1. reklamın yerləşdirilməsinə verilmiş icazəyə (o cümlədən bu Qaydanın 2.15-ci bəndinə uyğun olaraq, reklamı müvafiq qurumla razılaşdırmadan yayımlayan reklam yayıcısının malik olduğu icazəyə) münasibətdə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci və 26-cı maddələrində nəzərdə tutulmuş tədbirlər görür (icazə ləğv edildiyi halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır);

3.4.2. bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklamın, həmçinin bu Qaydanın 3.4.1-ci yarımbəndinə uyğun olaraq yayımı dərhal dayandırılmayan reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür.

3.5. Müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə:

3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır);

3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür.

3.6. Açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir.

3.7. Müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir.

 

20 Dekabr 2017, 10:12

http://www.azertag.net

61—70 / 10511

15 Mart 2023, 12:03

A.R.Rzayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 Mart 2023, 07:03

Səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

7 Mart 2023, 16:03

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

6 Mart 2023, 13:03

Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 Mart 2023, 14:03

Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 Mart 2023, 14:03

“İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 mart tarixli 1304 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

27 Fevral 2023, 15:02

“İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

27 Fevral 2023, 15:02

“GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

27 Fevral 2023, 15:02

“İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 Fevral 2023, 16:02

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...