Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin NİZAMNAMƏSİ
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 19 dekabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının (bundan sonra – avtomobil yolları), habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində (bundan sonra - müvafiq sahədə) fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Agentlik ümumdövlət əhəmiyyəti daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, loqotipi (emblemi) vardır.
1.6. Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.
1.7. Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyətinin məqsədi və istiqamətləri
2.1. Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsindən, avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının (keçidlər, qurğular, tikililər və avadanlıqlar) layihələndirilməsindən, tikilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə yerinə yetirilməsindən ibarətdir.
2.2. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.2.1. müvafiq sahənin inkişafını təmin etmək;
2.2.2. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
2.2.3. müvafiq sahəyə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil etmək.
3. Agentliyin hüquq və vəzifələri
3.1. Agentlik bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. müvafiq sahə üzrə dövlət proqramlarının, strategiyaların və inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.1.2. yol təsərrüfatında vahid texniki, maliyyə, kredit və məqsədli investisiya siyasətinin əsaslarının işlənilib hazırlanmasında iştirak edir;
3.1.3. təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar malların (işlərin və xidmətlərin) satın alınması üçün satınalmalar haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada tenderlərin (müsabiqələrin) keçirilməsini təşkil və təmin edir;
3.1.4. müvafiq sahənin inkişaf etdirilməsinə dair təkliflər hazırlayır və aidiyyəti dövlət orqanlarına təqdim edir;
3.1.5. Agentliyin, onun idarə, filial və nümayəndəliklərinin, habelə təsərrüfat cəmiyyətlərinin iqtisadi və maliyyə vəziyyətinin təhlili və onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə tədbirlər görür;
3.1.6. təsərrüfat fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik normalarının tələblərinə riayət edilməsini, habelə ekologiyanın və əhalinin sağlamlığının mühafizəsi tələblərinin yerinə yetirilməsini təmin edir;
3.1.7. avtomobil yollarının torpaq sahəsində qoruyucu meşə zolaqlarının və digər yaşıllıq sahələrinin salınması, bərpası, mühafizəsi məqsədi ilə tədbirlər görür;
3.1.8. avtomobil yollarının torpaq sahələrində inşa edilmiş qanunsuz tikili və qurğuların inşasının qarşısının alınması ilə bağlı şəhərsalma və tikinti qanunvericiliyinə uyğun tədbirlər görür;
3.1.9. avtomobil yollarının reyestrinin yaradılmasını və aparılmasını təmin edir;
3.1.10. avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında xüsusi istifadə rejimini təmin edir;
3.1.11. Agentliyin, onun idarə, filial və nümayəndəliklərinin, habelə təsərrüfat cəmiyyətlərinin səfərbərlik və mülki müdafiə hazırlığını təmin edir;
3.1.12. Agentliyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
3.1.13. yol təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsi üzrə tədbirlər görür, ondan səmərəli istifadə olunmasını təmin edir;
3.1.14. fəaliyyət istiqamətlərinə uyğun, yol təsərrüfatı üçün zəruri olan xammalın və materialların istehsalını və satışını həyata keçirir;
3.1.15. avtomobil yolları, habelə körpülər, tunellər və digər yol qurğuları üzərindən müvafiq mühəndisi kommunikasiyaların çəkilməsinə razılıq verir;
3.1.16. Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi ilə bağlı təkliflər verir;
3.1.17. respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının siyahısında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;
3.1.18. Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizində və alternativi olan digər avtomobil yollarında ödənişli avtomagistralların, körpülərin, tunellərin və digər yol qurğularının təşkili və istismarı ilə bağlı təkliflər verir;
3.1.19. təbii fəlakət və fövqəladə hallar zamanı hərəkətin müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmış avtomobil yolları barədə aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldırır;
3.1.20. təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədi ilə avtomobil yollarının və yol qurğularının bərpası üzrə işlər həyata keçirir;
3.1.21. avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının tikintisi, yenidən qurulması, təmiri və bərpası üzrə layihə və smeta sənədlərinin şəhərsalma və tikinti qanunvericiliyində nəzərdə tutulmuş qaydada ekspertizasının keçirilməsi üçün tədbirlər görür;
3.1.22. avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, idarə olunması, saxlanılması, qorunması, cari, orta və əsaslı təmiri, yenidən qurulması işlərinin yerinə yetirilməsi üçün lisenziya tələb olunduqda, həmin işləri lisenziya alınmadan yerinə yetirir;
3.1.23. avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının istismara qəbul edilməsi məqsədi ilə tədbirlər görür;
3.1.24. qorunma (mühafizə) zolaqlarının hüdudlarının işarələnməsini həyata keçirir;
3.1.25. yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrinin tikilməsi, yenidən qurulması və təmiri işlərinin görülməsi üçün texniki şərtlər verir və ona nəzarəti həyata keçirir;
3.1.26. Azərbaycan Respublikasında və xarici dövlətlərdə avtomobil yollarının, habelə körpülərin və digər yol qurğularının tikintisi və yenidən qurulması ilə əlaqədar layihələrin həyata keçirilməsi üçün layihəçi və podratçı təşkilatların seçilməsi məqsədi ilə keçirilən tenderlərdə (müsabiqələrdə) müvafiq qanunvericiliyə uyğun olaraq iştirak edir;
3.1.27. avtomobil yollarının, habelə körpülərin və digər yol qurğularının tikintisi, bərpası, təmiri və yenidən qurulması ilə əlaqədar layihələrin həyata keçirilməsi zamanı texniki və müəllif nəzarətini həyata keçirir;
3.1.28. körpülərin və digər yol qurğularının texniki sınağını keçirir, habelə texniki sınağın keçirilməsi məqsədi ilə ixtisaslaşdırılmış müəssisələrin cəlb olunması üçün tədbirlər görür;
3.1.29. avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının texniki pasportunu tərtib edir;
3.1.30. avtomobil yollarında istifadə olunan materialların, cihazların və avadanlıqların uyğunluğunu qiymətləndirən qurumlardan sənədlərin alınmasını təşkil edir;
3.1.31. Agentliyin, onun idarə, filial və nümayəndəliklərinin, habelə təsərrüfat cəmiyyətlərinin balansında olan əmlakın müstəqil qaydada (struktur daxilində) balansdan balansa verilməsini həyata keçirir və bu barədə məlumat verir;
3.1.32. Agentliyin işçilərinin sosial müdafiəsini, əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi tədbirlərini həyata keçirir;
3.1.33. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxır;
3.1.34. Agentliyin informasiya təminatını və onun təhlükəsizliyini təşkil edir;
3.1.35. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;
3.1.36. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
3.2. Agentliyin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq sahəni tənzimləyən hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
3.2.2. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq;
3.2.3. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
3.2.4. istifadəsində olan əmlak barəsində qanunla nəzərdə tutulmuş hüquqları həyata keçirmək;
3.2.5. yol infrastrukturunun inkişaf etdirilməsi məqsədi ilə bu sahədə qabaqcıl təcrübəni öyrənmək, qanunla müəyyən edilmiş qaydada xarici ölkələrin müvafiq qurumları və təşkilatları ilə əməkdaşlıq həyata keçirmək;
3.2.6. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.7. işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə ixtisasartırma və digər istiqamətlərdə təlimlər təşkil etmək;
3.2.8. vəzifələrinin yerinə yetirilməsi məqsədilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
3.2.9. dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə öz fəaliyyət istiqamətlərinə aid məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan məlumatlar (sənədlər) almaq;
3.2.10. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqlar.
4. Agentliyin idarə olunması
4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir.
4.3. İdarə Heyəti Agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və iki sədr müavinindən ibarətdir.
4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyətinin digər üzvü həyata keçirir.
4.5. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:
4.5.1. Agentliyin inkişaf istiqamətlərini müəyyən edir;
4.5.2. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir və sənədlər təqdim edir;
4.5.3. Agentliyin fəaliyyətinə dair illik hesabat hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
4.5.4. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır və bu layihələri aidiyyəti dövlət orqanlarına və qurumlarına təqdim edir;
4.5.5. bu Nizamnamənin 3.1.12-ci yarımbəndində nəzərdə tutulmuş vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
4.5.6. Agentliyin işçilərinin say həddini və əməkhaqlarını müəyyənləşdirir;
4.5.7. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
4.5.8. Agentliyin fəaliyyətinə dair daxili qaydaları, habelə Aparatının struktur bölmələrinin, idarə, filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq edir;
4.5.9. İdarə Heyətinin və əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir;
4.5.10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;
4.5.11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;
4.5.12. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edir;
4.5.13. Agentliyin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir.
4.6. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin ən azı ikisi iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında, hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən İdarə Heyətinin digər üzvünün) səsi həlledici sayılır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.
4.7. İdarə Heyətinin sədri:
4.7.1. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu təmsil edir;
4.7.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;
4.7.3. sədrin müavinlərinin vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;
4.7.4. sədr müavinləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir;
4.7.5. Agentliyin elmi-texniki şurasının əsasnaməsini təsdiq edir;
4.7.6. Agentliyin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq edir, onlarda müvafiq dəyişikliklər edilməsi haqqında qərarlar qəbul edir;
4.7.7. əmək fəaliyyətində fərqlənən işçilərə fəxri adların və digər təltiflərin verilməsi barədə aidiyyəti qurumlara təqdimat verir;
4.7.8. Agentliyin qərarlarının yerinə yetirilməsinə nəzarəti təşkil edir;
4.7.9. verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;
4.7.10. Agentliyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin formalaşdırılması ilə bağlı təkliflər verir;
4.7.11. Agentliyin büdcəsinin və fəaliyyət planlarının icrasına nəzarət edir;
4.7.12. Agentliyə ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;
4.7.13. etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, hesabları və tədiyə tapşırıqlarını imzalayır;
4.7.14. Agentliyin fəaliyyətini səmərəli təşkil etmək üçün hüquqi şəxs yaratmaqla (birgə müəssisələr) və ya hüquqi şəxs yaratmadan birgə layihələr həyata keçirir və bu layihələri təsis sənədlərinə uyğun olaraq idarə edir;
4.7.15. öz təşəbbüsü və ya İdarə Heyətinin hər hansı digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.7.16. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
4.7.17. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.7.18. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
4.7.19. Agentlikdə vətəndaşların qəbulunu və müraciətlərə baxılmasını təmin edir;
4.7.20. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.7.21. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin işçilərinin, həmçinin təsərrüfat cəmiyyətlərinin rəhbərlərinin, onların müavinlərinin, baş mühəndislərinin və baş mühasiblərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir;
4.7.22. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.7.23. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.7.24. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.7.25. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;
4.7.26. Agentliyin fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qruplar yaradır;
4.7.27. Agentliyin idarə, filial və nümayəndəliklərinin, habelə təsərrüfat cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərarlar qəbul edir;
4.7.28. İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
4.8. İdarə Heyətinin üzvləri:
4.8.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;
4.8.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.8.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
4.8.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxılması barədə təkliflər verirlər;
4.8.5. İdarə Heyətinin qərarları, iclas protokolları və digər sənədlərlə tanış olurlar.
4.9. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyətinin üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.
5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
5.1. Agentliyin nizamnamə fondu 644987156 (altı yüz qırx dörd milyon doqquz yüz səksən yeddi min yüz əlli altı) manatdır.
5.2. Agentliyin əmlakı təsisçi tərəfindən ödənilən nizamnamə fondundan, təsisçi tərəfindən ona verilmiş digər əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitlərdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.
5.3. Agentlik əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini bu Nizamnaməyə və müvafiq qanunvericiliyə uyğun həyata keçirir.
5.4. Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun təsərrüfat cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
5.5. Agentlik “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlər göstərdiyi və hüquqi hərəkətləri həyata keçirdiyi hallarda həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutur.
5.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulmuş Agentliyin məhsullarının (mallarının, işlərinin, xidmətlərinin) qiymətləri tənzimlənən qiymətlərə aiddir.
6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. Agentliyin fəaliyyətinə nəzarət Azərbaycan Respublikasının Prezidenti, həmçinin verilmiş təsisçi səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
7. Agentlikdə uçot və hesabat
7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, statistik uçot aparır və statistik hesabatları tərtib edir.
7.3. Agentliyin birinci maliyyə ili onun dövlət qeydiyyatına alındığı tarixdən başlayır və həmin il dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.
7.4. Agentlik idarə, filial və nümayəndəliklərinin, habelə təsərrüfat cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
8. Audit
8.1. Agentlik daxili audit xidmətini təsis edir. Daxili audit xidməti “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirir.
8.2. Agentliyin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
9. Agentliyin ləğvi və yenidən təşkili
Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
20 Dekabr 2017, 10:12
28 Yanvar 2014, 11:01
Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə ətraflı...
22 Yanvar 2014, 08:01
Göygöl rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Yanvar 2014, 08:01
Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
22 Yanvar 2014, 08:01
Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Yanvar 2014, 12:01
"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında ətraflı...
21 Yanvar 2014, 09:01
2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ətraflı...
21 Yanvar 2014, 09:01
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 861-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Yanvar 2014, 09:01
Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Təsis Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
21 Yanvar 2014, 09:01
Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Yanvar 2014, 09:01
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişin (USA-AZE-02) təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...