Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) NİZAMNAMƏSİ
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 19 dekabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) (bundan sonra – AZƏRTAC) “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanına əsasən yaradılmış, dövlətin və cəmiyyətin həyatının müxtəlif sahələrinə aid informasiya toplayan, onu yerli və xarici kütləvi informasiya vasitələrinə, Azərbaycan Respublikasının dövlət orqanlarına, fiziki və hüquqi şəxslərinə operativ surətdə çatdıran, Azərbaycan Respublikasını regional və beynəlxalq media qurumlarında təmsil edən publik hüquqi şəxsdir.
1.2. AZƏRTAC öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını, sərəncamlarını və digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. AZƏRTAC öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. AZƏRTAC ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. AZƏRTAC-ın fəaliyyəti nəticəsində əldə olunan vəsaitlər onun fəaliyyətinin təmin edilməsinə yönəldilir.
1.5. AZƏRTAC-ın müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan və ingilis dillərində öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, loqotipi (emblemi) vardır.
1.6. AZƏRTAC Bakı şəhərində yerləşir.
2. AZƏRTAC-ın fəaliyyətinin məqsədi və istiqamətləri
2.1. AZƏRTAC-ın fəaliyyətinin məqsədi dövlət səviyyəsində rəsmi xəbərləri, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında baş verən yeniliklər barədə informasiyaları ictimaiyyətə çatdırmaq və Azərbaycan Respublikası haqqında obyektiv məlumatları beynəlxalq miqyasda geniş yaymaqdır.
2.2. AZƏRTAC aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
2.2.1. ölkənin daxili və xarici siyasəti ilə bağlı ən mühüm hadisələr haqqında, ictimai-siyasi, regional və beynəlxalq hadisələr barədə xəbərləri, şərh və rəyləri, analitik məqalələri, foto və videoinformasiyaları, infoqrafiya məhsullarını, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və digər dövlət orqanlarının rəsmi materiallarını kütləvi informasiya vasitələri, hüquqi və fiziki şəxslərin müraciəti əsasında öz kanalları, beynəlxalq internet şəbəkəsi, üzvü olduğu beynəlxalq və regional media qurumlarının, tərəfdaşlıq etdiyi xarici ölkələrin informasiya agentliklərinin saytları və sosial şəbəkələr vasitəsilə yayır;
2.2.2. dövlət siyasətinə uyğun olaraq, ölkədə və xaricdə özünün informasiya xidmətlərini (müxbir məntəqələrini, informasiya mərkəzlərini) yaradır, yenidən təşkil və ya ləğv edir;
2.2.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici ölkələrin informasiya agentlikləri və digər kütləvi informasiya orqanları ilə mübadilə və ya kommersiya şərtləri əsasında informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayır;
2.2.4. informasiya mübadiləsi aparır, müxtəlif təşkilatlarla, Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici şirkətlərlə əməkdaşlıq haqqında müqavilələr bağlayır;
2.2.5. AZƏRTAC-ın maddi-texniki bazasının müasir tələblər və beynəlxalq standartlar səviyyəsində inkişafı üçün tədbirlər görür.
3. AZƏRTAC-ın vəzifələri və hüquqları
3.1. AZƏRTAC, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, fəaliyyət istiqamətləri üzrə dövlət proqramlarının, strategiyaların və inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.1.2. rəsmi xəbərləri, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında baş verən yeniliklər barədə informasiyaları ictimaiyyətə çatdırır;
3.1.3. dövlətin və cəmiyyətin həyatının müxtəlif sahələrinə aid informasiya toplayır, onu yerli və xarici kütləvi informasiya vasitələrinə, Azərbaycan Respublikasının dövlət orqanlarına, fiziki və hüquqi şəxslərinə, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq operativ çatdırır;
3.1.4. informasiyanın toplanması və yayılması sahəsində fəaliyyətini ölkədə və xaricdə baş verən hadisələri obyektiv və hərtərəfli işıqlandırmaq prinsipləri əsasında həyata keçirir;
3.1.5. Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikası Prezidentinin və dövlət orqanlarının fəaliyyəti ilə, daxili və xarici siyasətlə bağlı düzgün və operativ informasiya almaq sahəsində hüquqlarını təmin edir;
3.1.6. AZƏRTAC-ın fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsində iştirak edir;
3.1.7. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;
3.1.8. AZƏRTAC-a ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
3.1.9. AZƏRTAC-ın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxır;
3.1.10. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
3.2. AZƏRTAC-ın öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:
3.2.1. dövlət orqanlarının bəyanatlarını, rəsmi məlumatlarını almaq və onların adından yaymaq;
3.2.2. dövlət orqanlarının fəaliyyəti ilə bağlı onlardan dəqiq və operativ məlumat almaq və AZƏRTAC-ın adından yaymaq;
3.2.3. fəaliyyət istiqamətlərinə uyğun olaraq öz plan və proqramlarını hazırlamaq;
3.2.4. AZƏRTAC-ın vəzifələrinə uyğun olmayan məlumatı qəbul etməkdən və yaymaqdan imtina etmək;
3.2.5. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə AZƏRTAC-ın fəaliyyət istiqamətlərinə uyğun məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan məlumatlar (sənədlər) almaq;
3.2.6. öz nəşrlərini (qəzet, jurnal, informasiya bülleteni), çap, kompüter, foto, video və digər məhsullarını buraxmaq, onları Azərbaycan Respublikasında və xaricdə abunə, pərakəndə satış yolu ilə və fərdi qaydada, eləcə də internet şəbəkəsi vasitəsilə yaymaq;
3.2.7. vəzifələrinin yerinə yetirilməsi məqsədilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
3.2.8. dövlətin siyasi, iqtisadi, sosial və xarici siyasətinin aktual məsələlərinə dair mətbuat konfransları və brifinqlər keçirmək;
3.2.9. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.2.10. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq qurumlarla, xarici ölkələrin xəbər agentlikləri ilə informasiya və təcrübə mübadiləsi üzrə əməkdaşlıq etmək, üzvü olduğu beynəlxalq və regional media qurumlarının tədbirlərində iştirak etmək, bu təşkilatların tədbirlərinin Azərbaycan Respublikasında keçirilməsinə kömək etmək;
3.2.11. fəaliyyət istiqamətləri ilə bağlı Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
3.2.12. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. AZƏRTAC-ın idarə olunması
4.1. AZƏRTAC-ı İdarə Heyəti idarə edir.
4.2. İdarə Heyəti AZƏRTAC-a rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi 5 nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin iki müavinindən və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən digər 2 üzvdən ibarətdir. İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 5 (beş) ildir.
4.3. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyətinin digər üzvü həyata keçirir.
4.4. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:
4.4.1. AZƏRTAC-ın inkişaf istiqamətlərini müəyyən edir;
4.4.2. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir və sənədlər təqdim edir;
4.4.3. AZƏRTAC-ın fəaliyyətinə dair illik hesabat hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
4.4.4. AZƏRTAC-ın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır, həmin layihələri aidiyyəti dövlət orqanlarına və qurumlarına təqdim edir;
4.4.5. bu Nizamnamənin 3.1.8-ci yarımbəndində nəzərdə tutulmuş vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
4.4.6. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;
4.4.7. İdarə Heyətinin və əməkdaşların fəaliyyəti zamanı maraqlar toqquşmasının istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir;
4.4.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə AZƏRTAC-ın təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak, həmçinin Azərbaycan Respublikasının ərazisində və xaricdə informasiya xidmətlərinin, idarə, filial və nümayəndəliklərinin yaradılması və ləğv olunması barədə qərar qəbul edir;
4.4.9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə AZƏRTAC-ın xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;
4.4.10. aidiyyəti şəxslə dəyəri AZƏRTAC-ın aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;
4.4.11. AZƏRTAC-ın büdcəsinin və fəaliyyət planlarının icrasına nəzarət edir;
4.4.12. AZƏRTAC-ın fəaliyyətinə dair daxili qaydaları, habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq edir;
4.4.13. AZƏRTAC-ın əmlakından istifadə barədə qərar qəbul edir;
4.4.14. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla:
4.4.14.1. AZƏRTAC-ın strukturunu təsdiq edir;
4.4.14.2. AZƏRTAC-ın ştat cədvəlini və xərclər smetasını təsdiq edir;
4.4.15. AZƏRTAC-ın kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;
4.4.16. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;
4.4.17. AZƏRTAC-ın fəaliyyətinə dair illik iş planlarını, onların yerinə yetirilməsi haqqında hesabatları təsdiq edir.
4.5. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları protokollaşdırılır və müzakirə olunan məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər olarsa, İdarə Heyəti sədrinin, sədr iştirak etmədikdə, onu əvəz edən İdarə Heyətinin digər üzvünün səsi həlledici sayılır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.
4.6. İdarə Heyətinin sədri:
4.6.1. AZƏRTAC-ın fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu təmsil edir;
4.6.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;
4.6.3. öz təşəbbüsü və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.6.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
4.6.5. AZƏRTAC-ın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.6.6. AZƏRTAC-ın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
4.6.7. bu Nizamnamənin 4.2-ci bəndini nəzərə almaqla, AZƏRTAC-ın, o cümlədən onun idarə, filial, nümayəndəlik və tabeliyində olan digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir;
4.6.8. AZƏRTAC-ın əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.6.9. AZƏRTAC-ın vəzifəli şəxslərinin qanunsuz qərarlarını ləğv edir;
4.6.10. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində AZƏRTAC-ın adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.6.11. AZƏRTAC-ın fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;
4.6.12. AZƏRTAC-ın fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qruplar yaradır;
4.6.13. İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür;
4.6.14. işçilərin əməyinin ödənilməsini və peşəkarlıq səviyyəsinin artırılmasını təşkil edir;
4.6.15. AZƏRTAC-da kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.6.16. AZƏRTAC-da vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir.
4.7. İdarə Heyəti üzvlərinin aşağıdakı hüquqları vardır:
4.7.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;
4.7.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və iclasda baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.7.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
4.7.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxılması barədə təkliflər verirlər;
4.7.5. İdarə Heyətinin qərarları, iclaslarının protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.8. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.
5. AZƏRTAC-ın nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
5.1. AZƏRTAC-ın ilkin nizamnamə fondu 25.000.000 (iyirmi beş milyon) manatdır.
5.2. AZƏRTAC-ın əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır. AZƏRTAC-ın əmlakının dəyəri onun balansında göstərilir.
5.3. AZƏRTAC öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. AZƏRTAC balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
5.4. AZƏRTAC qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra AZƏRTAC-ın, onun idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, həmçinin tabeliyində olan digər qurumların fəaliyyətindən əldə edilmiş mənfəəti üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
5.5. AZƏRTAC aşağıdakı mənbələrdən maliyyələşdirilir:
5.5.1. dövlət büdcəsinin vəsaiti hesabına;
5.5.2. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq AZƏRTAC-a verilən qrantlar, ianələr və yardımlar hesabına;
5.5.3. dövlət orqanları, hüquqi və fiziki şəxslər ilə bağlanılmış müqavilə əsasında əldə etdiyi vəsaitlər hesabına;
5.5.4. mülkiyyətindəki fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və yararsız halda olan digər əmlakın satışından əldə etdiyi vəsaitlər hesabına;
5.5.5. bu Nizamnamənin 3.2.5-ci yarımbəndinə uyğun olaraq göstərilən xidmətlərdən əldə etdiyi vəsaitlər hesabına;
5.5.6. digər qanunauyğun mənbələrdən əldə etdiyi vəsaitlər hesabına.
5.6. AZƏRTAC sərəncamında olan vəsaitdən, bu Nizamnaməyə uyğun olaraq, öz xərclər smetası əsasında istifadə edir.
5.7. AZƏRTAC-ın İdarə Heyəti üzvlərinin və digər işçilərinin əməkhaqlarını, AZƏRTAC-ın fəaliyyət istiqamətlərindən irəli gələn digər təminatlarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
6. AZƏRTAC-ın fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. AZƏRTAC-ın fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
6.2. AZƏRTAC fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
7. AZƏRTAC-da uçot və hesabat
7.1. AZƏRTAC “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. AZƏRTAC “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.
7.3. AZƏRTAC idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, həmçinin tabeliyində olan digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4. AZƏRTAC öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
8. AZƏRTAC-ın ləğvi və yenidən təşkili
8.1. AZƏRTAC-ın ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
8.2. AZƏRTAC ləğv edildikdə, onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.
20 Dekabr 2017, 09:1215 Aprel 2022, 08:04
Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL International LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
15 Aprel 2022, 08:04
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
15 Aprel 2022, 07:04
“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
15 Aprel 2022, 07:04
“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
15 Aprel 2022, 07:04
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə” 2020-ci il 11 iyun tarixli 199 nömrəli və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ətraflı...
13 Aprel 2022, 15:04
Azərbaycan Respublikası Prezidentinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 1999-cu il 30 dekabr tarixli 244 nömrəli, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2013-cü il 16 may tarixli 896 nömrəli, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli və “Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 796-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2013-cü il 15 noyabr tarixli 25 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
13 Aprel 2022, 15:04
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 13 dekabr tarixli 328 nömrəli, “Hərbi nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında” 2006-cı il 29 mart tarixli 382 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1159-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 2 fevral tarixli 451 nömrəli və “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 14 yanvar tarixli 727 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
13 Aprel 2022, 15:04
Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli, “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 fevral tarixli 527 nömrəli, “Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 fevral tarixli 1500-VQD nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 12 mart tarixli 585 nömrəli və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
13 Aprel 2022, 15:04
T.T.Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Aprel 2022, 15:04
Q.O.Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...