Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, III kitab, maddə 586, № 12, maddə 835; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004, № 6, maddə 399; 2005, № 4, maddə 278; 2006, № 11, maddə 929; 2007, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddələr 1197, 1218; 2008, № 6, maddə 462, № 7, maddələr 602, 607; 2010, № 3, maddə 171, № 4, maddə 275, № 7, maddə 591; 2011, № 2, maddələr 70, 71, № 6, maddə 473, № 7, maddə 600, № 12, maddə 1107; 2012, № 5, maddə 406, № 11, maddələr 1056, 1063; 2013, № 8, maddə 889; 2015, № 10, maddə 1107, № 11, maddə 1271; 2016, № 6, maddələr 981, 1000; 2017, № 6, maddə 1058) aşağıdakı dəyişikliklər edilsin:

1.1. Aşağıdakı məzmunda 15.5-1-ci maddə əlavə edilsin:

“15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir.”;

1.2. Aşağıdakı məzmunda 15-1 və 15-2-ci maddələr əlavə edilsin:

 

“Maddə 15-1. Probasiya nəzarəti

 

15-1.1. Probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir.

15-1.2. Probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir:

15-1.2.1. cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər;

15-1.2.2. şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış şəxslər;

15-1.2.3. alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslər.

15-1.3. Probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

15-1.4. Probasiya nəzarətini həyata keçirən icra məmurları bu Məcəllə, “İcra haqqında” və “İcra məmurları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilənlərdən əlavə aşağıdakı vəzifələri yerinə yetirirlər:

15-1.4.1. məhkəmə qərarı əsasında elektron nəzarət vasitələrini məhkumlara tətbiq etmək və məhkum tərəfindən həmin vasitələrdən istifadə qaydalarına riayət edilməsinə nəzarət etmək;

15-1.4.2. məhkumun olduğu yer müəyyən edilmədikdə 10 günədək müddətdə onun axtarılması ilə əlaqədar ilkin tədbirlər həyata keçirmək;

15-1.4.3. məhkumun olduğu yer 10 gündən artıq müddətdə müəyyən edilmədikdə onun barəsində axtarış elan edilməsi haqqında qərar qəbul etmək, qərarın surətini müvafiq icra hakimiyyəti orqanına göndərmək, həmçinin məhkumun tutulması barədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada vəsatət vermək;

15-1.4.4. probasiya nəzarəti tətbiq edilən məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş tədbirləri həyata keçirmək.

 

Maddə 15-2. Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri

 

15-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir.

15-2.2. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15-2.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir.

15-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir.

15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.”;

1.3. 34-cü maddə üzrə:

1.3.1. 34.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;

1.3.2. aşağıdakı məzmunda 34.1-1 və 34.1-2-ci maddələr əlavə edilsin:

“34.1-1. Müvafiq icra hakimiyyəti orqanı müvafiq inzibati-ərazi vahidi üzrə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı növbəti ay başlayanadək müvafiq icra hakimiyyəti orqanına göndərir.

34.1-2. İcra məmuru ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxsə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısındakı iş yerlərindən birində işləmək üçün göndəriş verir. İctimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı hər hansı məlumat tələb edildikdə icra məmuru müvafiq icra hakimiyyəti orqanına bu barədə sorğu verir. Sorğuya beş gündən gec olmayaraq cavab verilməlidir.”;

1.3.3. 34.3-cü maddədə “aparır” sözündən sonra “, ayda iki dəfədən az olmayaraq şəxsin ictimai işləri yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin görüldüyü yerlərə baş çəkməklə protokol tərtib edir, cəzanın bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün digər tədbirləri görür” sözləri əlavə edilsin və həmin maddədən “müvafiq icra hakimiyyəti orqanı ilə ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısını razılaşdırır,” sözləri çıxarılsın;

1.4. 37-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“İşəgötürən ictimai işlərin həyata keçirilməsi üçün mövcud olan yerlər barədə müvafiq icra hakimiyyəti orqanına düzgün və tam məlumat verir, hər bir məhkum ictimai işlərin həyata keçiriləcəyi yerdə ictimai işə təhkim edildikdə, məhkum tərəfindən ictimai işlərin yerinə yetirilməli olduğu vaxtların cədvəlini tərtib edərək üç gündən gec olmayaraq icra məmuruna göndərir, məhkumlar üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların işlədikləri saatların uçotunu aparır və ictimai işlərin yerinə yetirilməsindən boyun qaçırma halları barədə dərhal icra məmuruna məlumat verir.”;

1.5. Aşağıdakı məzmunda VII-I fəsil əlavə edilsin:

 

“VII-I fəsil

Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası

Maddə 51-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasına başlanılması qaydası

 

51-1.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasını həyata keçirən icra məmuru məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surətini və həmin hökmün icrası barədə göstərişi aldığı vaxtdan 3 gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə gəlib qeydiyyatdan keçməsinə dair yazılı bildiriş göndərir.

51-1.2. Məhkum bu Məcəllənin 51-1.1-ci maddəsində nəzərdə tutulmuş göstərişi aldıqdan sonra 3 gün müddətində cəzanın icrasına nəzarət edən orqana gəlməlidir. Üzrsüz səbəblərdən gəlməyən məhkumlar icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş icra məmurunun qərarı ilə məcburi gətirilir. Həmin qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

51-1.3. İcra məmuru məhkumu qeydiyyata alır, ona məhkəmə hökmünün tələblərini, cəzanın icrası qaydalarını, həmin qaydaların pozulmasının hüquqi nəticələrini, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarını, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyini izah edir, elektron nəzarət vasitəsini məhkumun üzərinə bağlayır və bu barədə protokol tərtib edir.

 

Maddə 51-2. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin hesablanması

 

51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır.

51-2.2. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır.

 

Maddə 51-3. Azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməsi qaydası

 

51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir.

51-3.2. Məhkum edilmiş şəxs məhkəmənin hökmündə müəyyən edilmiş vəzifələri yerinə yetirməli və icra məmurunun tələbi ilə cəzanın çəkilməsi məsələləri ilə bağlı yazılı izahat verməlidir. Məhkumun cəzanın icrası qaydalarına və şərtlərinə riayət etməsinə nəzarət etmək məqsədi ilə icra məmuru (gecə vaxtı istisna olmaqla) onun yaşayış yerinə daxil olmaq və müəyyən edilmiş vəzifələrə əməl edilməsini yerində yoxlamaq hüququna malikdir. Bu halda müvafiq protokol tərtib edilir.

51-3.3. Məhkum edilmiş şəxsin müəyyən vaxtlarda yaşayış yerini və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını (yalnız Azərbaycan Respublikasının ərazisi hüdudlarında) müvəqqəti tərk etməsinə icazə icra məmuru tərəfindən aşağıdakı müstəsna hallarda verilir:

51-3.3.1. yaxın qohumların ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi (yeddi gün müddətinə qədər);

51-3.3.2. təbii fəlakət və digər fövqəladə hadisə ilə bağlı şəxsin yaşayış yerində müəyyən müddət qalmasının mümkün olmaması;

51-3.3.3. yaxın qohumların nikaha daxil olması (iki gün müddətinə qədər);

51-3.3.4. şəxsə tibbi yardım göstərilməsi zərurətinin yaranması (yaşayış yerində və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilindəki tibb müəssisəsində tələb olunan tibbi yardımın göstərilməsi mümkün olmadıqda);

51-3.3.5. istirahət və bayram günlərində, həvəsləndirmə tədbiri qismində.

51-3.4. Tibbi göstəricilərə görə məhkum yaşayış məntəqəsinin ərazisindən kənar tibb müəssisəsinə yeddi gündən çox stasionar müalicəyə yerləşdirildikdə, (yaşayış məntəqəsinin ərazisində yerləşən tibb müəssisələrində bu mümkün olmadıqda) onun üçün müəyyən edilmiş məhdudiyyətlər qüvvəsində qalmaqla cəzanın icrası yeri müvafiq tibb müəssisəsi hesab edilir.

51-3.5. Məhkumun yaşayış yerini və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etməsi ilə bağlı müraciətinə təxirəsalınmadan baxılır və bu Məcəllənin 51-3.3-cü maddəsinə uyğun olaraq əsaslandırılmış qərar qəbul edilir. Məhkuma yaşayış yerini və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını müvəqqəti tərk etmək üçün icazə verilmiş vaxt cəzanın icrası müddətinə hesablanır.

51-3.6. İcra məmuru azadlığın məhdudlaşdırılması növündə cəza çəkən məhkumun yaşayış yerini (yalnız Azərbaycan Respublikasının ərazisi hüdudlarında) dəyişdirməsinə dair ərizəsi əsasında bu barədə məhkumun yaşayış yeri üzrə məhkəməyə təqdimat verir. Məhkəmə aşağıdakı müstəsna hallarda məhkumun yaşayış yerini dəyişməsinə icazə verilməsi barədə qərar qəbul edir:

51-3.6.1. məhkumun ailə vəziyyəti dəyişdikdə;

51-3.6.2. məhkum digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etdikdə;

51-3.6.3. şəxsin xəstəliyi ilə bağlı ona yaşayış məntəqəsinin ərazisindən kənar tibb müəssisəsində uzunmüddətli tibbi yardım göstərilməsi zərurəti yarandıqda (yaşayış yerində və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilindəki tibb müəssisəsində tələb olunan tibbi yardımın göstərilməsi mümkün olmadıqda).

 

Maddə 51-4. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı icra məmurunun vəzifələri

 

51-4.0. Azadlığın məhdudlaşdırılması növündə cəzanı icra edən icra məmuru:

51-4.0.1. məhkumun qeydiyyatını aparır;

51-4.0.2. məhkumun bu Məcəllə ilə müəyyən edilmiş cəzanın icrası qaydalarına və şərtlərinə riayət etməsinə nəzarət edir;

51-4.0.3. məhkumla tərbiyə işini aparır;

51-4.0.4. məhkum barəsində bu Məcəllədə nəzərdə tutulmuş həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq edir;

51-4.0.5. olduğu yer məlum olmayan məhkumun axtarışını təşkil edir;

51-4.0.6. cəzanın icrasından irəli gələn digər vəzifələri yerinə yetirir.

 

Maddə 51-5. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslə tərbiyə işi

51-5.1. İcra məmuru azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslə tərbiyə işini onunla əməyə və təhsilə vicdanlı münasibət göstərilməsinə, cəmiyyətdə qəbul edilmiş davranış qaydalarına riayət edilməsinə yönəlmiş fərdi söhbətlər aparmaqla həyata keçirir. Bu zaman məhkumun fərdi xüsusiyyətləri, xarakteri və törədilən cinayətin səbəbləri nəzərə alınır.

51-5.2. Məhkumların tərbiyə xarakterli tədbirlərdə fəal iştirakı həvəsləndirilir və onların islah edilməsi müəyyən olunarkən nəzərə alınır.

 

Maddə 51-6. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxs barəsində tətbiq edilən həvəsləndirmə tədbirləri

 

51-6.1. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxsə cəzanın icrası qaydalarını nümunəvi yerinə yetirdiyinə görə icra məmuru tərəfindən təşəkkür elan edilə, əvvəllər verilmiş tənbeh götürülə, istirahət və bayram günlərini müəyyən edilmiş ərazi hüdudlarından kənarda keçirməyə icazə verilə bilər.

51-6.2. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxsə tətbiq edilmiş həvəsləndirmə və tənbeh tədbirləri, habelə tərbiyə xarakterli tədbirlərdə fəal iştirakı məhkumun islah edilməsi müəyyənləşdirilərkən nəzərə alınır.

 

Maddə 51-7. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası qaydasının pozulmasının nəticələri

 

51-7.1. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs cəzanın çəkilməsi qaydalarını pozduqda və ya onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdıqda, icra məmuru ona töhmət növündə tənbeh verir. Tənbeh tədbiri yazılı şəkildə əsaslandırılmış qərarla verilir.

51-7.2. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin aşağıdakı əməlləri törətməsi, onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırma hesab edilir:

51-7.2.1. icra məmurunun cəzanın çəkilməsi üçün gəlib qeydiyyatdan keçməsinə dair yazılı bildirişini aldıqdan sonra 3 gün müddətində üzrlü səbəblər olmadan cəzanın icrasına nəzarət edən orqana gəlməməsi;

51-7.2.2. üzrlü səbəb olmadan məhkəmə tərəfindən müəyyən edilmiş vəzifələri yerinə yetirməməsi;

51-7.2.3. cəzanın çəkilməsi məsələləri ilə bağlı yazılı izahat vermək üçün icra məmurunun çağırışı ilə gəlməməsi;

51-7.2.4. barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi.

51-7.3. Tənbeh tətbiq edilməzdən əvvəl məhkumdan yazılı izahat alınır. Xətanın müəyyən edildiyi gündən bir ay keçdikdən sonra məhkum barəsində tənbeh tədbiri tətbiq edilə bilməz. Məhkum tətbiq edilmiş tənbeh tədbirindən yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət edə bilər.

51-7.4. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi və ya qərəzli olaraq boyun qaçırdıqda icra məmuru cəzanın çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verir.

51-7.5. Üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına görə töhmət almış məhkumun il ərzində daha iki dəfə bu Məcəllənin 51-7.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi vəzifələri mütəmadi yerinə yetirməmə hesab edilir.

51-7.6. Aşağıdakı əməllər azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından qərəzli boyun qaçırma hesab edilir:

51-7.6.1. məhkumun müəyyən edilmiş ərazi hüdudlarını icazəsiz tərk etməsi

51-7.6.2. məhkumun elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etməsi, onu zədələməsi və ya digər üsulla yararsız vəziyyətə salması, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməməsi;

51-7.6.3. məhkumun yaşayış yerini bu Məcəllənin 51-3.3 və ya 51-3.6-cı maddələrində nəzərdə tutulmuş icazə olmadan 10 gündən artıq müddətdə tərk etməsi.”;

1.6. 168.1-ci maddəyə “islah işləri,” sözlərindən sonra “azadlığın məhdudlaşdırılması,” sözləri əlavə edilsin;

1.7. 178.7-ci maddədə “Otuz” sözü “On” sözü ilə əvəz edilsin və “edilməyən” sözündən sonra “və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət göstərməyən, elektron nəzarət vasitəsini zədələyən və ya digər üsulla yararsız vəziyyətə salan” sözləri əlavə edilsin;

1.8. 182.5-ci maddədə “Otuz” sözü “On” sözü ilə əvəz edilsin və “edilməyən” sözündən sonra “və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməyən, elektron nəzarət vasitəsini zədələyən və ya digər üsulla yararsız vəziyyətə salan” sözləri əlavə edilsin.

Maddə 2. Keçid müddəaları

2.1. Bu Qanunun azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı müddəaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları ilə eyni gündə qüvvəyə minir.

2.2. Bu Qanunun digər müddəaları dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 dekabr 2017-ci il.

19 Dekabr 2017, 09:12

http://www.azertag.net

3611—3620 / 10511

21 May 2018, 08:05

R.H.İbrahimovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 May 2018, 08:05

X.Ş.İsgəndərovun Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 May 2018, 08:05

Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 May 2018, 08:05

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

18 May 2018, 08:05

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1085-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 May 2018, 08:05

“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

18 May 2018, 08:05

“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1084-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 May 2018, 08:05

Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 May 2018, 08:05

“Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

18 May 2018, 08:05

“Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1086-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...