2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 14 dekabr tarixli

Sərəncamı ilə təsdiq edilmişdir

1. Giriş

 

2006-cı il dekabrın 13-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiya əlilliyi olan şəxslərin təhsil hüquqlarının bir çox tərəflərini əhatə edir və inklüziv təhsilin hər kəs üçün ən yaxşı təhsil mühiti olduğunu təşviq edir.

İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir. Sağlamlıq imkanları məhdud uşaqlar dərs prosesində digər həmyaşıdları ilə birgə iştirak etdikdə, onların arasında bir-birinə qarşı anlaşma və hörmət hissi inkişaf edir.

“Əlillərin hüquqları haqqında” Konvensiyanın 24-cü maddəsinə əsasən, iştirakçı dövlətlər əlilliyi olan şəxslərin təhsil hüququnu tanıyırlar. Ayrı-seçkiliyə yol vermədən bu hüququn həyata keçirilməsi üçün iştirakçı dövlətlər bütün pillələrdə inklüziv təhsil sistemini və əlilliyi olan şəxslərin fasiləsiz təhsil almaq imkanını təmin etməlidirlər. İştirakçı dövlətlər əlilliyi olan şəxslərin əlillik əlamətinə görə təhsildən kənarlaşdırılmamasını, onların digər insanlarla eyni əsaslarla inklüziv, keyfiyyətli və pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin etməlidirlər.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə görə sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.

Vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş təhsil hüquqlarını təmin etmək məqsədi ilə “Təhsil haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Eyni zamanda, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq imkanları məhdud şəxslərin təhsili və peşə hazırlığı ilə bağlı məsələlər öz əksini tapmışdır.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanının yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir.

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda xüsusi təhsil, evdə təhsil və inteqrasiyalı təhsilin təşkil olunması ilə bağlı normaların nəzərdə tutulmasına baxmayaraq, inklüziv təhsilə dair müddəalar yer almamışdır. Qeyd olunan Qanunun 12-ci maddəsinin tələblərinə əsasən, sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində təhsil almalarının təmin etmək üçün “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili qaydaları” təsdiq olunmuşdur. Həmin qaydalara əsasən, inteqrasiyalı təhsil sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrində xüsusi təhsil proqramları ilə xüsusi siniflərdə təhsilinin təşkili ilə bağlı məsələləri əhatə edir.

Hazırda sağlamlıq imkanları məhdud uşaqlar əsasən xüsusi məktəblərdə və xüsusi internat məktəblərində və ya evdə təhsilə cəlb olunmuşdurlar. Digər tərəfdən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan mövcud təhsil təminatından istifadə imkanları bütün ölkəni əhatə etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində aparılmış qiymətləndirmənin nəticələrinə əsasən, dövlət uşaq müəssisələrində yaşayan uşaqların 37,7 faizi xüsusi təhsilə olan ehtiyacları üzündən xüsusi internat məktəblərinə yerləşdirilmişdirlər. Regionlarda gözdən əlil və ya kar, sonradan karlaşmış, zəifeşidən uşaqlar üçün xüsusi təhsilin təşkil edilməməsi səbəbindən onlar Bakı şəhərində fəaliyyət göstərən xüsusi internat məktəblərində təhsilə cəlb olunaraq orada yaşayırlar. Hal-hazırda ölkə ərazisində 65482 nəfər sağlamlıq imkanları məhdud uşaq vardır. Onlardan 9355 nəfəri evdə, 2558 nəfəri uşaq xüsusi məktəblərində, 2725 nəfəri isə xüsusi internat məktəblərində təhsilə cəlb olunmuşdurlar.

Heydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum olan, cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görülmüş, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri və xüsusi məktəblər əsaslı təmir edilmiş və ya yenidən qurulmuş, həmin müəssisələr müasir tələblərə cavab verən inventar və avadanlıqlarla təchiz edilmişdir.

Azərbaycan Respublikasında inklüziv təhsilin tətbiqi ilə bağlı 2004-cü ildən başlayaraq təşəbbüslər olmuşdur.

Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar 2005-2009-cu illər üçün inkişaf proqramı çərçivəsində inklüziv təhsilin təşkili ilə bağlı 3 pilot layihənin icrasına başlanılmışdır. Layihələrin icrası olaraq 15 ümumi təhsil müəssisəsində, 13 məktəbəqədər təhsil müəssisəsində 268 nəfər əlilliyi olan uşaq inklüziv təhsilə cəlb olunmuşdur. Layihələrin icrası dövründə inklüziv təhsilin hüquqi tənzimlənməsində boşluqların mövcudluğu inklüziv təhsilin Azərbaycan Respublikasında tətbiqində çətinliklər yaratmışdır.

2015-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə əməkdaşlığı çərçivəsində inklüziv təhsil ilə bağlı görülmüş işlər və bu sahədə beynəlxalq təcrübə təhlil edilmişdir. Nəticə etibarilə əlilliyi olan şəxslərin təhsilinin təşkili yeni mərhələyə keçmişdir. Bu mərhələdə xüsusi təhsil sahəsində köklü islahatların aparılması, əlilliyi olan uşaqların təhsilə cəlb olunması qaydalarının yenilənməsi, onların ümumi təhsil müəssisəsində inklüziv təhsilə cəlb edilməsi və inklüziv təhsil sahəsində yeni yanaşmaların tətbiqi nəzərdə tutulmuşdur.

2015-2016-cı tədris ilindən əlilliyi olan uşaqların ümumi təhsil müəssisəsində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə Azərbaycan Respublikasında “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılmışdır. İnklüziv təhsil sahəsində yeni yanaşmaların tətbiqi ilə bağlı tədbirlər dörd eksperimental məktəbdə uğurla sınaqdan keçirilir.

Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlb olunması qaydalarının, həmçinin qiymətləndirmə testlərinin olmaması səbəbindən psixoloji-tibbi-pedaqoji komissiyalar tərəfindən rəy verilməsi zamanı çətinliklər yaranır. Hazırda psixoloji-tibbi-pedaqoji komissiyaların fəaliyyətinin əsas istiqaməti uşaqların təhsil imkanlarının olub-olmaması ilə bağlı seçim etməkdir. Lakin uşaqların təhsil hüquqlarını təmin etmək üçün psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən onların təhsil ehtiyacları müfəssəl qiymətləndirilməli və hər bir uşaq üçün kompleks yanaşmanı təmin edən fərdi inkişaf planı hazırlanmalıdır. Bu səbəbdən də psixoloji-tibbi-pedaqoji komissiyaların fəaliyyətində dəyişikliklər edilməlidir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 1.4-cü bəndində sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsili üzrə dövlət proqramının hazırlanması, təsdiqi və həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla birgə təhsilə (inklüziv təhsilə) cəlb olunması üçün “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) həyata keçirilməsi zəruridir.

 

2. Dövlət Proqramının məqsədi

 

Dövlət Proqramının məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.

 

3. Dövlət Proqramının əsas vəzifələri

 

3.0. Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:

 

3.0.1. sağlamlıq imkanları məhdud şəxslərin təhsilin bütün pillələri üzrə inklüziv təhsil hüququnu təmin etmək məqsədi ilə normativ hüquqi aktların təkmilləşdirilməsi;

3.0.2. təhsil müəssisələrinin və tədris proqramlarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üçün tədbirlərin görülməsi;

3.0.3. sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və ya əlavə təhsilə cəlb olunması;

3.0.4. inklüziv (inteqrativ) təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaradılması;

3.0.5. sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması və sosial inteqrasiyasının vacibliyi barədə aidiyyəti dövlət qurumları ilə birlikdə təbliğat və ictimai maarifləndirmə işinin aparılması.

 

4. Gözlənilən nəticələr

 

4.0. Dövlət Proqramının həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:

4.0.1. təhsilin bütün pillələri üzrə təhsil müəssisələrinin infrastrukturunun sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması təmin ediləcəkdir;

4.0.2. informasiya texnologiyalarının tətbiqi ilə sağlamlıq imkanları məhdud şəxslər üçün informasiya əldə etmək imkanları genişləndiriləcəkdir;

4.0.3. məktəbəqədər, ümumi və ilk peşə-ixtisas təhsili üzrə təhsil proqramlarında sağlamlıq imkanları məhdud şəxsləri təhsildən istifadə imkanları ilə digər şəxslərlə bərabər səviyyədə təmin edən dəyişikliklər ediləcəkdir;

4.0.4. inklüziv (inteqrativ) təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazası yaradılacaqdır;

4.0.5. sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması imkanlarının qiymətləndirilməsində yeni qaydalar tətbiq olunacaqdır;

4.0.6. sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüquqları barədə əhalinin məlumatlılıq səviyyəsi artacaqdır.

 

5. Dövlət Proqramının əsas maliyyələşdirilmə mənbələri

 

Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı tələb olunan xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və aidiyyəti dövlət qurumları üçün nəzərdə tutulmuş vəsaitlər, habelə digər qanuni mənbələr hesabına maliyyələşdirilir.

 

6. Dövlət Proqramının həyata keçirilməsi üzrə

 

TƏDBİRLƏR PLANI

 

Sıra №-si

Tədbirlər

İcra müddəti

İcraçılar

6.1

 

 

Normativ hüquqi bazanın təkmilləşdirilməsi

 

 

 

 

6.1.1.

 

Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması üçün inkişaf xüsusiyyətlərinin qiymətləndirilməsi meyarlarının, vasitələrin və metodların hazırlanması

 

2018

Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

6.1.2.

 

Təhsil müəssisələrində inklüziv təhsilin tətbiqi məqsədi ilə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda, təhsil müəssisələrinin nümunəvi nizamnamələrində, ştatlarında dəyişikliklər edilməsi ilə bağlı təkliflər hazırlanması

 

2018–2019

Təhsil Nazirliyi

6.1.3.

 

Psixoloji-tibbi-pedaqoji komissiyanın yeni əsasnaməsinin hazırlanması

 

2018

Təhsil Nazirliyi

6.2.

 

İnklüziv təhsilin məzmunu və təlim texnologiyalarının tətbiqi

 

 

 

6.2.1.

 

Bütün təhsil pillələri və əlavə təhsil üzrə standartlarda müvafiq dəyişikliklər edilməsi

 

mütəmadi

Təhsil Nazirliyi

6.3.

 

İnklüziv təhsilin təşkili ilə bağlı maddi-texniki bazanın möhkəmləndirilməsi

 

 

 

6.3.1.

 

Sağlamlıq imkanları məhdud şəxslər üçün təhsil müəssisələrində onların maneəsiz hərəkətini təmin etmək üçün pandusların, xüsusi liftlərin quraşdırılması, təhsil müəssisələrinin məlumatın vizual, səs və daktil formada alınmasını təmin edən vasitələrlə, nəqliyyat vasitələri, reabilitasiya avadanlıqları ilə və digər yardımçı vəsait və texnologiyalarla, didaktik materiallarla təchiz edilməsi

 

2018-2024

Təhsil Nazirliyi

6.3.2.

 

Dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində sağlamlıq imkanları məhdud şəxslərə uyğunlaşdırılmış öyrədici materialların, valideynlər və müəllimlər üçün metodiki vəsaitlərin hazırlanması və nəşr edilməsi

 

mütəmadi

Təhsil Nazirliyi

6.3.3.

 

İnklüziv təhsildə beynəlxalq təcrübədə istifadə olunan öyrədici elektron proqramların tətbiq edilməsi

 

mütəmadi

Təhsil Nazirliyi

6.4.

 

İnklüziv təhsilin təşkil edilməsi ilə bağlı kadr hazırlığı

 

 

 

6.4.1.

 

Pedaqoji kadrların hazırlanması və əlavə təhsili üzrə tədris proqramlarına xüsusi təhsil üzrə yeni modulların daxil edilməsi

 

2018–2019

Təhsil Nazirliyi

6.5.

 

Təşkilati tədbirlər

 

 

 

6.5.1.

 

Təhsil müəssisələrində təlim prosesinin inklüziv təhsilin tələblərinə uyğun olaraq qurulması

 

mütəmadi

Təhsil Nazirliyi

6.5.2.

 

Sağlamlıq imkanları məhdud şəxslərin peşə və əmək vərdişlərinə yiyələnməsi üçün müxtəlif peşələr üzrə xüsusi məktəblərdə, inteqrasiyalı və xüsusi internat məktəblərində, ilk peşə-ixtisas təhsili müəssisələrində tədris emalatxanalarının yaradılması

 

2020–2024

Təhsil Nazirliyi

6.5.3.

 

Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) məqsədi ilə keçirilən buraxılış və monitorinq imtahanlarında, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi

 

2018–2023

Dövlət İmtahan Mərkəzi, Təhsil Nazirliyi

6.6.

 

Monitorinqin aparılması ilə bağlı tədbirlər

 

 

 

6.6.1.

 

Təhsil müəssisələrində inklüziv təhsilin keyfiyyət meyarlarının və monitorinq mexanizminin hazırlanması və tətbiq edilməsi

 

2018

Təhsil Nazirliyi

6.6.2.

 

İnklüziv təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaradılması

 

2018–2020

Təhsil Nazirliyi

6.7.

 

Maarifləndirmə

 

 

 

6.7.1.

 

Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması ilə bağlı əhali arasında məlumatlandırma işinin təşkil edilməsi

 

2018–2021

Təhsil Nazirliyi

6.7.2.

Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması və sosial inteqrasiyası ilə bağlı sosial çarxların hazırlanması, kütləvi informasiya vasitələrində nümayişinin təşkil edilməsi

 

2018–2021

Təhsil Nazirliyi

 

 

15 Dekabr 2017, 09:12

http://www.azertag.net

3611—3620 / 10511

21 May 2018, 08:05

R.H.İbrahimovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 May 2018, 08:05

X.Ş.İsgəndərovun Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 May 2018, 08:05

Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 May 2018, 08:05

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

18 May 2018, 08:05

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1085-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 May 2018, 08:05

“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

18 May 2018, 08:05

“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1084-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 May 2018, 08:05

Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 May 2018, 08:05

“Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

18 May 2018, 08:05

“Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1086-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...