Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi və nüvə texnologiyalarının sənaye, kənd təsərrüfatı, təbabət və digər sahələrdə vüsət alması Azərbaycan Respublikasında bu istiqamətdə tədqiqatların genişləndirilməsini və nüvə energetikasının yaradılmasını tələb edir. Ölkədə nüvə texnologiyalarının tədqiqi ilə bağlı indiyədək müəyyən işlər görülmüş, nüvə texnologiyaları ilə məşğul olan alimlər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif layihələrdə iştirak etmiş, müvafiq təcrübə toplamışlar. Bununla yanaşı, indiyədək aparılan araşdırmalar sırf elmi-nəzəri xarakter daşımışdır. Mövcud maddi-texniki bazanın zəifliyi və tədqiqat nüvə reaktorunun olmaması Azərbaycanda nüvə xammal ehtiyatları potensialının qiymətləndirilməsinə dair tədqiqlərin müasir tələblərə uyğunlaşdırılmasına imkan vermir. Nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirlərin həyata keçirilməsi respublikanın gələcək dayanıqlı inkişafının təmin olunmasında xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə uyğun dinc məqsədlərlə istifadəsi, həmçinin nüvə texnologiyaları sahəsinin maddi-texniki bazasının yaxşılaşdırılması, yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi və tədqiqatların genişləndirilməsi zərurətini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılsın.

2. “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətində (bundan sonra – Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.1.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

2.1.2. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;

2.1.3. Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

2.1.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;

2.1.5. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.

2.2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə:

2.2.1. Cəmiyyətin işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi;

2.2.2. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

2.2.3. Cəmiyyətin icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

2.2.4. Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, habelə törəmə müəssisələrin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

2.2.5. Cəmiyyətin sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.

2.3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

2.3.1. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə müəssisələrin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.

3. Müəyyən edilsin ki, Cəmiyyətin sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və (və ya) ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. iki ay müddətində

4.1.1. Cəmiyyətin Nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

4.1.2. Cəmiyyətin bina və zəruri maddi-texniki baza ilə təmin edilməsi ilə bağlı tədbirlər görsün;

4.1.3. Cəmiyyətin müasir tələblərə cavab verən tədqiqat nüvə reaktoru və digər zəruri avadanlıqlarla təchiz olunması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.4. Cəmiyyətin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Akademiyanın Radiasiya Problemləri İnstitutunun balansından Cəmiyyətə veriləcək əmlakın siyahısını müəyyən edərək verilməsini təmin etsin;

4.2. Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması və onun ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini təmin etsin;

4.3. Cəmiyyətin yaradılması ilə əlaqədar:

4.3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Cəmiyyətin yaradılması ilə əlaqədar uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görsün.

7. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Cəmiyyətin nüvə və radioloji fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirsin.

8. Azərbaycan Milli Elmlər Akademiyası Cəmiyyətdə aparılan fundamental və tətbiqi elmi tədqiqatların əlaqələndirilməsini təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 may 2014-cü il.

12 May 2014, 09:05

http://www.azertag.net

9591—9600 / 10511

26 Avqust 2014, 09:08

"Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

26 Avqust 2014, 09:08

"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

26 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

26 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

25 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında   ətraflı...

22 Avqust 2014, 10:08

"Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 269 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

22 Avqust 2014, 10:08

"Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

22 Avqust 2014, 10:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş "Yol hərəkəti haqqında"Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

22 Avqust 2014, 10:08

"Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram"ın təsdiq edilməsi barədə   ətraflı...

22 Avqust 2014, 10:08

"İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...