“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

 

1. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra – “Aqrarkredit” QSC) “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “ASK” ASC) mülkiyyətinə (balansına) verilsin.

 

3. “ASK” ASC-nin nizamnamə kapitalına aşağıdakılar yönəldilsin:

3.1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.13.2.7-ci yarımbəndində nəzərdə tutulmuş 5 (beş) milyon manat məbləğində vəsait;

 

3.2. bu Fərmanın 2-ci hissəsi ilə “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilən əmlak da daxil olmaqla, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin kreditorlarının həmin Banka qarşı tələblərinin dövlət öhdəlikləri ilə əvəz edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ötürülməsini nəzərdə tutduğu 3854,3 milyon (üç milyard səkkiz yüz əlli dörd milyon üç yüz min) manat (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansına verilmiş problemli aktivlər də nəzərə alınmaqla) həddinədək problemli aktivlər.

 

4. Bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsini təmin etmək məqsədilə “ASK” ASC-nin və “Aqrarkredit” QSC-nin nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyası (bundan sonra – Komissiya) yaradılsın.

 

5. Komissiyaya tapşırılsın ki:

5.1. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsi ilə bağlı inventarizasiya və təhvil-təslim işlərini altı ay müddətində başa çatdırsın;

 

5.2. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının bazar qiymətinin müəyyənləşdirilməsi üçün həmin əmlakın qiymətləndirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsün;

 

5.3. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan işlərin nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 

6. Müəyyən edilsin ki:

6.1. bu Fərmanın 2-ci hissəsində və 7.5-ci bəndində nəzərdə tutulan dövlət əmlakı, “ASK” ASC-nin mülkiyyətinə (balansına) bazar qiymətləri əsas götürülməklə verilir;

 

6.2. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının qiymətləndirilməsi üçün Komissiya müstəqil qiymətləndiricilər cəlb edə bilər;

 

6.3. “ASK” ASC-nin Nizamnaməsində nəzərdə tutulan nizamnamə kapitalı bu Fərmanın 2-ci hissəsinə əsasən onun mülkiyyətinə (balansına) verilmiş dövlət əmlakı və bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş vəsait hesabına formalaşır.

 

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

7.4. bu Fərmanın 2-ci hissəsinə əsasən “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilən alüminium sənayesi müəssisələrinin sağlamlaşdırılması məqsədilə həmin müəssisələrin yaranmış daxili və xarici borclarının ödənilməsi istiqamətində tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

7.5. bu Fərman qüvvəyə mindikdən sonra “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətinə (balansına) veriləcək əmlakın “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsini təmin etsin;

7.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

8.1. bu Fərmanın 10.2-ci bəndində nəzərdə tutulmuş işlərin görülməsi ilə bağlı “ASK” ASC-yə lazımi kömək göstərsin;

8.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:

9.1. bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq “ASK” ASC-nin mülkiyyətinə (balansına) veriləcək əmlakın müvafiq qaydada dövlət qeydiyyatına alınmasını təmin etsin;

9.2. bu Fərmanın 10.2-ci bəndində nəzərdə tutulmuş işlərin görülməsi ilə bağlı “ASK” ASC-yə lazımi kömək göstərsin;

9.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. “ASK” ASC:

10.1. tabeliyindəki aidiyyəti müəssisələrdə aşağıdakılarla bağlı tədbirlər görsün:

10.1.1. fəaliyyətinin təkmilləşdirilməsi və infrastruktur təminatının yaxşılaşdırılması, idarəetmə sistemlərinin müasirləşdirilməsi, bu sahədə şəffaflığın artırılması, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sisteminin formalaşdırılması;

10.1.2. aqrar və sənaye, o cümlədən aqrar-sənaye sahələrində məhsulların istehsalı, emalı, saxlanması və satışı mərhələlərini əhatə edən səmərəli təsərrüfatçılıq sisteminin yaradılması, digər subyektlər arasında təchizat, tədarük və satış mərhələlərində koordinasiyanın təmin edilməsi;

 

10.1.3. kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın, tütünçülüyün, ipəkçiliyin inkişaf etdirilməsi, rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi, həmin məhsulların istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi;

10.1.4. alüminium sənayesinin inkişaf etdirilməsi, alüminium istehsalının artırılması, son məhsulun istehsalına qədər texnoloji zəncir qurulması, bu sahənin rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi;

 

10.2. alüminium sənayesinin yerli xammal və materiallarla təchizatını təmin etmək və idxaldan asılılığını aradan qaldırmaq üçün yerli və xarici ekspertlər cəlb etməklə tədqiqatlar aparılması, texniki-iqtisadi əsaslandırılmanın hazırlanması, ekoloji təmiz istehsal texnologiyasının seçilməsi və onun sənayedə tətbiqinin sınaqdan keçirilməsi, alunitin kompleks sənaye emalının təşkili, habelə ölkə ərazisində neft koksundan istifadə etməklə anod bloklarının istehsalı imkanlarını araşdıraraq, təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

10.3. bu Fərmanın 5-ci və 6-cı hissələrinin tələbləri nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsi başa çatdıqdan sonra “ASK” ASC-nin nizamnamə kapitalının artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

10.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

11. “Aqrarkredit” QSC:

11.1. mülkiyyətindəki (balansındakı) əmlakın bu Fərmanın tələblərinə uyğun olaraq “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsinin təmin olunması ilə bağlı tədbirlər görsün;

11.2. bu Fərmanın 2-ci hissəsinə və 7.5-ci bəndinə uyğun olaraq “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilən əmlakın bazar dəyəri ilə həmin əmlakın “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alındığı balans dəyəri arasında fərq yaranacağı təqdirdə, həmin fərqi “Aqrarkredit” QSC-nin mənfəət və ya zərərinə və ya digər məcmu gəlirinə aid etsin;

11.3. bu Fərmanın 3.2-ci bəndində nəzərdə tutulan problemli aktivlərin “ASK” ASC-yə ötürülməsi barədə altı ayda bir dəfə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat versin;

11.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

13. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə tapşırılsın ki, bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı “ASK” ASC-nin və Komissiyanın fəaliyyətinə lazımi kömək göstərilməsini, onların müraciəti əsasında zəruri məlumatların və sənədlərin təqdim olunmasını təmin etsinlər.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 dekabr 2017-ci il.

5 Dekabr 2017, 09:12

http://www.azertag.net

71—80 / 10511

23 Fevral 2023, 16:02

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 Fevral 2023, 16:02

Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

22 Fevral 2023, 16:02

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

22 Fevral 2023, 16:02

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Fevral 2023, 15:02

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Fevral 2023, 15:02

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Fevral 2023, 15:02

“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli 1158 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

21 Fevral 2023, 15:02

M.M.Abbaszadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Fevral 2023, 15:02

A.İ.Babayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

20 Fevral 2023, 14:02

“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...