Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 29 noyabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

Əlavə 3

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 1599 nömrəli Fərmanının 5.2.1-ci yarımbəndinin icrası məqsədilə hazırlanmışdır və sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) təminat verməsinə dair tələbləri, təminat verilməsi üçün müraciət qaydasını, təminat üzrə ödəniş şərtlərini və təminatla (bundan sonra –zəmanət) bağlı digər məsələləri müəyyən edir.

1.2. Cəmiyyət, müvəkkil banklar və borcalanlar arasında risklərin bölünməsi, habelə bir sahibkar üzrə verilən zəmanətin yuxarı həddinin və verilmiş zəmanətin kredit məbləğinə nisbətinin müəyyənləşdirilməsi mexanizmləri bu Qayda ilə və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətində kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası” ilə müəyyən edilir.

2. Əsas anlayışlar

2.1. Bu Qaydanın məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

2.1.1. çərçivə müqaviləsi – zəmanətin və (və ya) faiz subsidiyasının verilməsi ilə bağlı Cəmiyyətlə müvəkkil bankın qarşılıqlı münasibətlərini tənzimləyən hüquqi sənəd;

2.1.2. müvəkkil bank – bu Qaydada müəyyən edilən meyarlara cavab verən və Cəmiyyətlə çərçivə müqaviləsi bağlayan bank;

2.1.3. borcalan – müvəkkil bankdan kredit alan və ya kredit almaq üçün müraciət edən sahibkar;

2.1.4. sahibkar – əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, iş görülməsindən və ya xidmət göstərilməsindən mənfəət götürmək olan rezident hüquqi və fiziki şəxslər (iri, orta və kiçik sahibkar meyarları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinə uyğun olaraq müəyyən edilir);

2.1.5. zəmanət – borcalan kredit üzrə əsas borc öhdəliyini yerinə yetirmədikdə, onun borcunun ödənilməsinə dair Cəmiyyətin müvəkkil bank qarşısında öhdəliyi;

2.1.6. faiz subsidiyası – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarların müvəkkil banklardan manatla aldıqları və bu Qaydaya uyğun olaraq Cəmiyyətin zəmanət verdiyi kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin ödənilməsi üçün dövlətin əvəzsiz verdiyi maliyyə vəsaiti;

2.1.7. kredit – bağlanmış müqaviləyə uyğun olaraq, qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komissiya) ödəmək şərti ilə müvəkkil bankın borc verdiyi pul vəsaiti, habelə qarantiya;

2.1.8. kredit xətti – kredit müqaviləsinə uyğun olaraq tam və ya qismən istifadə edilə bilən, faiz dərəcəsi kredit xəttinin yalnız istifadə olunmuş hissəsinə hesablanan və yuxarı həddi müəyyənləşdirilmiş bank krediti;

2.1.9. kredit üzrə güzəşt müddəti – kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, əsas borcun ödənilməsinə möhlət verilmiş müddət;

2.1.10. qeyri-işlək kredit – müqavilə üzrə ödəniş öhdəliyinin icrası 90 gündən artıq gecikdirilmiş kredit;

2.1.11. restrukturizasiya – iqtisadi və (və ya) hüquqi şəraitin dəyişməsi, habelə borclunun maliyyə çətinliyinin yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədilə müqavilə şərtlərinin dəyişdirilməsi və ya həmin borcun yeni borc öhdəliyi kimi rəsmiləşdirilməsi;

2.1.12. rezident – Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilən şəxs;

2.1.13. zəmanətin kreditə nisbəti – kreditin verilmə tarixinə zəmanətin məbləğinin kreditin əsas məbləğinə (kredit xətti üçün kredit xəttinin həcminə) nisbəti (örtülmə əmsalı);

2.1.14. kredit reyestri – hüquqi və fiziki şəxslərin öhdəliklərinin icrası barədə mərkəzləşdirilmiş kredit reyestrində və (və ya) kredit bürolarında saxlanılan məlumat bazası;

2.1.15. müvəkkil banka aidiyyəti olan şəxslər – “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş şəxslər;

2.1.16. illik komissiya – müvəkkil bank tərəfindən zəmanətlər üzrə illik əsasda hesablanan və faizlə ifadə olunan haqq.

3. Zəmanətin verilməsi halları

3.1. Zəmanət qeyri-neft sektorunda fəaliyyət göstərən və Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən sahibkarın öhdəlikləri üzrə verilir.

3.2. Zəmanət aşağıdakı hallarda verilmir:

3.2.1. borcalan zəmanət üçün müraciət edən müvəkkil banka aidiyyəti şəxs olduqda;

3.2.2. kredit reyestrinin məlumatına əsasən, borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 (otuz) gündən artıq (borcalanın zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcu olduqda;

3.2.3. kredit reyestrinin məlumatına əsasən, borcalan hüquqi şəxsin nizamnamə kapitalında 25% və daha artıq payı olan fiziki və (və ya) hüquqi şəxslərin borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 (otuz) gündən artıq (onların zamin durduqları öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olduqda;

3.2.4. kredit reyestrinin məlumatına əsasən, borcalanın kredit öhdəliyi üzrə zamin qismində çıxış edən fiziki və (və ya) hüquqi şəxslərin borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 (otuz) gündən artıq (onların zamin durduqları öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olduqda;

3.2.5. bank hesabı üzərində müvafiq sərəncam olduqda;

3.2.6. zəmanət verilməsi üçün müraciət olunan kredit borcalanın digər kredit öhdəliklərinin yenidən maliyyələşdirilməsi (mövcud borc öhdəliyinin yeni borc öhdəliyi ilə əvəzləşdirilərək rəsmiləşdirilməsi) üçün alındıqda;

3.2.7. borcalanın nizamnamə kapitalında dövlətin iştirak payı 50%-dən çox olduqda;

3.2.8. borcalan mərc oyunları fəaliyyəti ilə məşğul olan sahibkar olduqda.

3.3. Sığorta şirkətlərinin, kredit təşkilatlarının, investisiya şirkətlərinin, investisiya fondlarının, investisiya fondları idarəçilərinin, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, lombardların, lizinq şirkətlərinin, poçt rabitəsinin milli operatorunun, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin, habelə digər maliyyə institutlarının kredit sifarişləri üzrə zəmanət verilmir.

4. Zəmanət verilməsi şərtləri

4.1. Zəmanət veriləcək kreditlər aşağıdakı tələblərə cavab verməlidir:

4.1.1. kreditin məbləği 30 000 (otuz min) manatdan az olmamalı;

4.1.2. bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği 3 000 000 (üç milyon) manatdan çox olmamalı;

4.1.3. kreditin müddəti 7 (yeddi) ildən çox olmamalı;

4.1.4. kredit xəttinin müddəti 12 (on iki) aydan artıq olmamalı;

4.1.5. kredit üzrə güzəşt müddəti 2 (iki) ildən artıq olmamalı;

4.1.6. dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə alınmış kreditlərin müddəti 2 (iki) ildən artıq olmamalı.

4.2. Zəmanət aşağıdakı tələblərə cavab verməlidir:

4.2.1. bir borcalan üzrə bir zəmanətin aşağı həddi 15 000 (on beş min) manat, bütün zəmanətlərin yuxarı həddi isə 500 000 (beş yüz min) manat məbləğində olmalı;

4.2.2. bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə veriləcək zəmanətlərin məbləği 750 000 (yeddi yüz əlli min) manatdan çox olmamalı;

4.2.3. zəmanət kreditin yalnız əsas borcu üzrə verilməli;

4.2.4. bir kredit üzrə zəmanətin kreditə nisbəti 15%-dən az, 75%-dən çox olmamalı.

4.3. Bu Qaydanın məqsədləri üçün borcalanlar aşağıdakı hallarda bir-biri ilə əlaqədar hesab olunurlar:

4.3.1. borcalanlardan biri bankın (və ya digər müvəkkil bankların) digər borcalanı üzərində mühüm təsirə malik olduqda;

4.3.2. hər hansı borcalanın öhdəlikləri üzrə birgə və ya subsidiar məsuliyyət daşıyan şəxs bankın (və ya digər müvəkkil bankların) borcalanı olduqda;

4.3.3. bankın (və ya digər müvəkkil bankların) borcalanı olan iki və ya daha çox şəxsin öhdəlikləri üzrə eyni bir şəxs (borcalan olub-olmamasından asılı olmayaraq) birgə və ya subsidiar məsuliyyət daşıdıqda;

4.3.4. iki və ya daha çox borcalan kredit öhdəliklərinin icrası üçün eyni təminat təqdim etdikdə.

4.4. Aşağıdakı hallarda bir şəxs digər şəxsin üzərində mühüm təsirə malik hesab olunur:

4.4.1. o, hüquqi şəxsin kapitalında 10% və ya daha çox iştirak payına malik olduqda və ya hüquqi şəxsin idarəetmə orqanlarının üzvü olduqda;

4.4.2. o, hüquqi şəxsin öhdəlikləri üzrə birgə və ya subsidiar məsuliyyət daşıyan təsisçisi (iştirakçısı) olduqda.

4.5. Zəmanət verilmiş kreditin restrukturizasiyası zamanı zəmanətin məbləği restrukturizasiya tarixinə həmin kredit üzrə zəmanət məbləğinin qalığından artıq ola bilməz.

4.6. Zəmanət verilmiş kredit Cəmiyyətin Müşahidə Şurasının müəyyən etdiyi qaydada və yalnız bir dəfə restrukturizasiya edilə bilər.

4.7. Yeni fəaliyyətə başlayan sahibkarların kreditləri üzrə zəmanət maliyyələşdirilməli olan layihənin ümumi dəyərinin minimum 25%-i həcmində vəsaiti borcalanın müvəkkil bankdakı hesaba mədaxil etməsi və ya borcalanın layihə üzrə xərclədiyi vəsaitlərin layihənin ümumi məbləğinin minimum 25%-ini təşkil etməsi (ödəniş sənədləri ilə təsdiq olunduqda) halında verilir.

4.8. Zəmanət verilmiş kredit vəsaitlərindən borcalan yalnız təyinatına uyğun və nağdsız qaydada istifadə etməlidir.

4.9. Zəmanət verilməsi üçün müraciət tarixinə həmin müvəkkil bankda olmayan hər hansı digər öhdəliklərin təminatı qismində çıxış edən girov (ipoteka) predmeti zəmanət veriləcək kredit üzrə təminat qismində qəbul edilə bilməz. Müvəkkil bankda digər öhdəliyin təminatı olan girov (ipoteka) predmeti zəmanət verilmiş kreditin təminatı kimi yalnız Cəmiyyətin həmin girova (ipotekaya) dair tələblərin ödənilməsində üstünlük hüququ olduqda nəzərə alınır.

5. Zəmanət verilməsi

5.1. Cəmiyyət müvəkkil bankla bağlanmış çərçivə müqaviləsi əsasında zəmanət verir. Çərçivə müqaviləsinin şərtlərini və formasını, bu Qaydanın tələbləri nəzərə alınmaqla, Cəmiyyətin Müşahidə Şurası təsdiq edir. Çərçivə müqaviləsində ən azı aşağıdakı şərtlər öz əksini tapmalıdır:

5.1.1. müvəkkil bank və faiz subsidiyası alan sahibkar arasında bağlanmış kredit müqaviləsində zəmanət ləğv ediləcəyi təqdirdə, bankın faiz subsidiyası həcmində ödənişləri həmin borcalana ödəmək və ya faiz subsidiyası həcmində kredit faizlərini aşağı salmaq öhdəliyinin təsbit olunması;

5.1.2. çərçivə müqaviləsinə xitam veriləcəyi təqdirdə, zəmanət üzrə öhdəliyi icra edilmiş borcalana qarşı tələb hüququnu Cəmiyyətin əldə etməsi.

5.2. Zəmanət aşağıdakı qaydada verilir:

5.2.1. borcalan kredit sifarişi ilə müvəkkil banka yazılı müraciət edir;

5.2.2. müvəkkil bank borcalanın kredit sifarişinin bu Qaydanın 4.1-ci bəndində göstərilən tələblərə uyğunluğunu yoxlayır, sifariş üzrə maliyyə kredit təhlili aparır və bunların əsasında müvəkkil bankın səlahiyyətli orqanı müvafiq qərar qəbul edir;

5.2.3. müvəkkil bankın səlahiyyətli orqanının qərarı müsbət olduqda, müvəkkil bank zəmanət üçün Cəmiyyətə yazılı müraciət edir;

5.2.4. müvəkkil bank 200 000 (iki yüz min) manat məbləğindən yuxarı olan zəmanət üçün müraciət etdikdə, aşağıdakı sənədlərin surətini Cəmiyyətə təqdim edir:

1. kreditin və zəmanətin verilməsinə dair qeydlər, habelə bankın daxili kredit reytinqi modelinin nəticəsi göstərilməklə müvəkkil bankın səlahiyyətli orqanının qərarı;

2. borcalanın maliyyə vəziyyətini əks etdirən sənədlər və məlumatlar;

3. borcalanın müvəkkil banka təqdim etdiyi kredit sifarişi ərizəsi və kredit reyestrindən çıxarış;

4. borcalanın təsis sənədləri (fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd) və VÖEN-i;

5. zəmanət verilməsi üçün müraciət olunan tarixə borcalanın dövlət büdcəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcu olmadığını və ya müvəkkil bankdakı hesabı üzrə müvafiq dövlət orqanlarının sərəncamı olmadığını təsdiq edən sənədlər;

6. borcalanın son hesabat ili üzrə vergi bəyannaməsi (və ya bəyannamələri), şəxsi hesab vərəqəsindən çıxarış, vergi borcu barəsində arayış (yeni fəaliyyətə başlayanlar istisna olmaqla), ƏDV ödəyicisi olduqda son 6 ay üzrə ƏDV bəyannamələri;

7. borcalan və zamin hüquqi şəxs olduqda, onların nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan fiziki və (və ya) hüquqi şəxslər barədə kredit reyestrindən çıxarışlar;

8. borcalanın nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan fiziki şəxslərin, habelə kredit üzrə təminat vermiş fiziki şəxslərin (zaminlərin, girov (ipoteka) qoyan və s.) şəxsiyyətini təsdiq edən sənədlər;

9. borcalanın hüquqi şəxs olan qanuni təmsilçisi, nizamnamə kapitalında 25%-dən çox iştirak payı olan hüquqi şəxslər, həmçinin kredit üzrə təminat vermiş hüquqi şəxslər barədə (zaminlərin, girov (ipoteka) qoyan və s.) dövlət reyestrindən çıxarış;

10. təminat qismində çıxış edən girov (ipoteka) predmeti olan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd;

11. girov (ipoteka) predmetini qiymətləndirmə aktı;

12. borcalanın müvəkkil banka aidiyyəti olan şəxs olmadığını təsdiqləyən və müvəkkil bankın səlahiyyətli nümayəndəsinin imzaladığı sənəd;

13. borcalanın ona dair məlumatların Cəmiyyətə ötürülməsinə dair razılığını təsdiq edən sənəd;

5.2.5. müvəkkil bank 200 000 (iki yüz min) manat və ondan aşağı məbləğdə olan zəmanət üçün Cəmiyyətə müraciət etdikdə, bu Qaydanın 5.2.4-cü yarımbəndinin 2-ci və 6-cı abzasları istisna olmaqla digər abzaslarında nəzərdə tutulmuş sənədləri təqdim edir.

5.3. Bu Qaydanın 5.2.4-cü yarımbəndinin 2-ci abzasında nəzərdə tutulan təsdiqedici sənədlərin və məlumatların siyahısını Cəmiyyətin səlahiyyətli orqanı müəyyən edir.

5.4. Cəmiyyətin Müşahidə Şurasının müəyyən etdiyi orqan 200 000 (iki yüz min) manat və ondan aşağı məbləğdə olan zəmanətin verilməsi üzrə 3 (üç) iş günü, 200 000 (iki yüz min) manatdan yuxarı olan məbləğdə zəmanətin verilməsi üzrə 10 (on) iş günü müddətində qərar qəbul edir.

5.5. Cəmiyyət təqdim olunan sənədlərdə səhv və ya çatışmazlıq aşkar etdikdə, həmin səhv və ya çatışmazlıq haqqında 3 (üç) iş günü müddətində müvəkkil banka yazılı bildiriş göndərir və bu səhvi və ya çatışmazlığı aradan qaldırmağı təklif edir.

5.6. Müvəkkil bank aşkar edilmiş səhvi və ya çatışmazlığı 15 (on beş) iş günü müddətində aradan qaldırmadıqda və bu Qaydada müəyyən edilən digər hallarda Cəmiyyət zəmanəti verməkdən imtina edir və imtinanın əsaslarını göstərməklə, 3 (üç) iş günü müddətində müvəkkil banka bu barədə yazılı bildiriş göndərir.

5.7. Cəmiyyətin qərarı müsbət olduqda, 3 (üç) iş günü müddətində müvəkkil banka zəmanətlə bağlı yazılı məlumat təqdim edilir. Zəmanət müvəkkil bank və müştəri arasında kredit müqaviləsi imzalandığı tarixdən qüvvəyə minir. Kredit müqaviləsi 30 (otuz) təqvim günü müddətində imzalanmadığı halda zəmanət etibarsız sayılır.

5.8. Müvəkkil bankla borcalan arasında kredit müqaviləsi imzalandıqdan sonra, müvafiq kredit müqaviləsinin təsdiq olunmuş surəti və ya bir nüsxəsi (ödəniş cədvəli daxil olmaqla) və girov (ipoteka) müqaviləsinin təsdiq olunmuş surəti və ya bir nüsxəsi (olduqda) müvəkkil bank tərəfindən 3 (üç) iş günü müddətində Cəmiyyətə təqdim edilir.

5.9. Zəmanət verilməsi üçün Cəmiyyətə təqdim edilmiş sənədlər geri qaytarılmır.

6. Müvəkkil bankın müəyyən edilməsi meyarları

6.1. Müvəkkil banklar aşağıdakı meyarlara uyğun olmalıdır:

6.1.1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (bundan sonra – Palata) müəyyən etdiyi minimum məcmu kapital, kapital adekvatlığı və likvidlik əmsalları üzrə prudensial tələblərə cavab verməli;

6.1.2. son 2 ildə sahibkarlıq məqsədilə verilmiş kredit portfelində (2016-cı il 1 yanvar tarixindən əvvəl verilib sonradan restrukturizasiya edilmiş kreditlər istisna olmaqla) qeyri-işlək kreditlərinin (balansdan silinmiş kreditlərin qalıqları nəzərə alınmaqla) payı 10%-dən yuxarı olmamalı;

6.1.3. sahibkarların kreditləşdirilməsi üzrə müvafiq daxili qayda və prosedurlar olmalı;

6.1.4. vaxtı keçmiş kreditlərlə iş üzrə müvafiq daxili qayda və prosedurlar olmalı;

6.1.5. bankın kredit reytinqi sistemi (model, qayda, prosedur və s.) olmalı.

6.2. Palata müvəkkil bankların maliyyə-statistik göstəriciləri barədə müraciət daxil olduğu tarixdən 10 (on) iş günü müddətində Cəmiyyətin Müşahidə Şurasına müvafiq məlumat təqdim edir.

6.3. İl ərzində Palata Cəmiyyətlə çərçivə müqaviləsi bağlamış müvəkkil banklar tərəfindən bu Qaydanın 6.1.1-ci yarımbəndinin tələblərinin pozulması barədə məlumatı mütəmadi olaraq Cəmiyyətin Müşahidə Şurasına təqdim edir.

6.4. Bu Qaydanın 6.1.1-ci yarımbəndinin tələbləri üzrə kənarlaşmaların qısa müddət ərzində bərpa olunacağı qənaətinə gəldikdə, Cəmiyyətin Müşahidə Şurası bankla çərçivə müqaviləsinin bağlanması barədə qərar qəbul edə bilər.

7. Müvvəkil bankların üzvlük haqları

7.1. Müvəkkil banklar Cəmiyyətlə çərçivə müqaviləsini imzaladıqdan sonra 10 (on) iş günü müddətində Cəmiyyətin Azərbaycan Respublikası Mərkəzi Bankında olan hesabına birdəfəlik üzvlük haqqı ödəyirlər. Sistem əhəmiyyətli banklar üçün birdəfəlik üzvlük haqqı 75 000 (yetmiş beş min) manat, digər banklar üçün 40 000 (qırx min) manat məbləğində müəyyən olunur. Üzvlük haqqı bu Qaydalarda müəyyən edilmiş müddət ərzində ödənilmədikdə çərçivə müqaviləsi qüvvəyə minmir.

7.2. Üzvlük haqqını ödəyən müvəkkil banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduqda onların təkrar üzvlük haqqı ödəməsi tələb olunmur.

7.3. Cəmiyyətə ödənilmiş üzvlük haqları geri qaytarılmır.

8. Müvəkkil bankların xidmət haqları

8.1. Müvəkkil bank zəmanət verilməsi üçün etdiyi hər bir müraciətə baxılmağa görə Cəmiyyətə birdəfəlik xidmət haqqı və zəmanət verilməsinə görə komissiya (birdəfəlik və illik) ödəyir.

8.2. Zəmanət məbləği 200 000 (iki yüz min) manat və ondan aşağı olan hər bir müracət üçün müvəkkil bank tərəfindən 25 (iyirmi beş) manat, 200 000 (iki yüz min) manatdan yuxarı olan hər bir müraciət üçün 50 (əlli) manat xidmət haqqı ödənilir.

8.3. Birdəfəlik komissiya zəmanət qüvvəyə mindiyi tarixə Cəmiyyətin Müşahidə Şurasının təsdiq etdiyi tarifə uyğun hesablanır. Birdəfəlik komissiya verilən zəmanət məbləğinin 0,5%-dən çox ola bilməz.

8.4. İllik komissiyanın həcmi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətində kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası”na uyğun olaraq müəyyən edilir. İllik komissiya zəmanətin qüvvəyə mindiyi tarixdən hesablanır.

8.5. Birdəfəlik komissiya zəmanətin qüvvəyə mindiyi tarixə olan məbləği üzrə hesablanır. İllik komissiya isə zəmanətin qüvvədə olduğu müddətdə gündəlik əsasda zəmanətin qalıq məbləğinə hesablanır.

8.6. Müvəkkil bank birdəfəlik və illik komissiya, habelə xidmət haqqı barədə hər rüb bitdikdən sonra növbəti 5 (beş) iş günü müddətində Cəmiyyətə hesabat təqdim edir. Hesabat təqdim edildikdən sonra növbəti 3 (üç) iş günü müddətində müvafiq ödənişlər Cəmiyyətin Azərbaycan Respublikası Mərkəzi Bankında olan hesabına köçürülür.

8.7. Bu Qaydanın 8.6-cı bəndində qeyd olunmuş hesabatın formasını və təqdim edilmə qaydasını Cəmiyyətin Müşahidə Şurası müəyyən edir.

9. Zəmanət üzrə öhdəliyin icrası

9.1. Zəmanət verilmiş kredit üzrə gecikmə müddəti 120 (yüz iyirmi) günü (kreditə çevrilmiş qarantiyalar üzrə 30 (otuz) günü) keçdikdə, müvəkkil bankın Cəmiyyətə qarşı tələb hüququ yaranır. Tələb hüququ yarandığı gündən etibarən 150 (yüz əlli) gün müddətində qüvvədə olur. Bu müddətdə müvəkkil bank Cəmiyyətə ödəniş tələbi irəli sürmədikdə, zəmanət qüvvəsini itirir.

9.2. Müvəkkil bank verilmiş zəmanət üzrə ödəniş aparılması üçün Cəmiyyətə yazılı müraciət edir. Müraciətə aşağıdakı məlumat və sənədlər əlavə olunmalıdır:

9.2.1. borcalanın tam adı;

9.2.2. Cəmiyyətə qarşı tələbin məbləği;

9.2.3. zəmanəti təsdiq edən sənədin, zəmanət verilmiş kredit üzrə borcalanla bağlanmış kredit müqaviləsinin və bu müqavilə ilə əlaqəli digər müqavilələrin surətləri;

9.2.4. zəmanət verildiyi tarixdən zəmanət üzrə ödəniş aparılması üçün müraciət etdiyi tarixədək borcalanın müvafiq cari və (və ya) ssuda hesabından çıxarış, o cümlədən müvəkkil banklarda yerləşdirilmiş vəsaitləri barədə məlumat;

9.2.5. borcalana, o cümlədən zaminlərə, girov qoyanlara və digər təminat verənlərə göndərilmiş bildirişlər və (və ya) pretenziya məktublarının və olduğu təqdirdə, bu məktublara cavabların, habelə borcalana qarşı məhkəmədə iddia qaldırılmasını təsdiq edən sənədlərin surətləri.

9.3. Müraciəti müvəkkil bankın səlahiyyətli şəxsi imzalayır və möhürlə təsdiq edir.

9.4. Zəmanət üzrə ödənişin məbləği kredit üzrə əsas borcun icra edilməmiş hissəsinə münasibətdə qüvvədə olan zəmanətin kreditə nisbəti həcmində hesablanır.

9.5. Cəmiyyət, bu Qaydanın 9-cu və 10-cu hissələrində göstərilənləri nəzərə almaqla, tələbin daxil olduğu tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq zəmanət üzrə ödənişi müvəkkil bankın hesabına köçürür. Zəmanətin ödənilməsi ilə bağlı qərarı Cəmiyyətin səlahiyyətli orqanı verir.

9.6. Zəmanət üzrə ödəniş birdəfəlik həyata keçirilir və hissə-hissə ödənilməsinə yol verilmir.

9.7. Cəmiyyət, müvəkkil bank tərəfindən zəmanət üzrə ödəniş aparılması üçün təqdim olunan sənədlərdə səhv və ya çatışmazlıq aşkar etdikdə, həmin səhv və ya çatışmazlıq haqqında 3 (üç) iş günü müddətində müvəkkil banka yazılı bildiriş göndərir və bu səhvi və ya çatışmazlığı aradan qaldırmağı təklif edir.

9.8. Müvəkkil bank aşkar edilmiş səhvi və ya çatışmazlığı 15 (on beş) iş günü müddətində aradan qaldırmadıqda və (və ya) müvəkkil bankın zəmanət üzrə ödəniş aparılması tələbi bu Qaydanın və müvəkkil bankla Cəmiyyət arasında bağlanmış çərçivə müqaviləsinin şərtlərinə uyğun olmadıqda, Cəmiyyət ödəniş aparılmasından imtina edir və imtinanın əsaslarını göstərməklə, 3 (üç) iş günü müddətində müvəkkil banka bu barədə yazılı bildiriş göndərir.

9.9. Cəmiyyətlə müvəkkil bank arasında bağlanmış çərçivə müqaviləsi ləğv edildikdə, Cəmiyyət tərəfindən ödəniş edilmiş kreditlər üzrə müvəkkil banka daxil olan vəsait Cəmiyyətin tələbləri bitənədək tam olaraq Cəmiyyətin tələblərinin ödənilməsinə yönəldilir.

9.10. Cəmiyyətin bu Qaydanın 9.9-cu bəndində göstərilən tələbləri tam icra edildikdə, Cəmiyyət 3 (üç) iş günü müddətində müvəkkil banka bu barədə məlumat verir və borcalana münasibətdə tələb hüququ müvəkkil banka keçir.

10. Zəmanətin dayandırılması və ləğv edilməsi

10.1. Bir müvəkkil banka zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə yığımlar çıxılmaqla) və müvəkkil bankın cari ödəniş tələbinin ümumi məbləği Cəmiyyətin həmin müvəkkil banka verdiyi bütün zəmanətlərin qalıq məbləğlərinin 7%-ini keçdikdə, müvəkkil banka verilmiş zəmanətlər üzrə ödənişlər dayandırılır. Bu zaman son 4 ayda verilmiş zəmanətlər bütün zəmanətlərin qalıq məbləğlərinin hesablanmasında nəzərə alınmır.

10.2. Bir müvəkkil banka zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə yığımlar çıxılmaqla) ümumi məbləği Cəmiyyətin həmin müvəkkil banka verdiyi bütün zəmanətlərin qalıq məbləğlərinin 7%-indən aşağı düşdükdə, Cəmiyyət ödənişlərin icrasını bərpa edir.

10.3. Aşağıdakı hallarda müvəkkil banka yeni zəmanət verilməsi dayandırılır:

10.3.1. bu Qaydanın 10.1-ci bəndində müəyyən olunmuş hal baş verdikdə;

10.3.2. bir müvəkkil bank üzrə zəmanətlərlə təmin edilmiş kredit portfelində Cəmiyyət tərəfindən zəmanətə görə ödəniş edilmiş kreditlərin qalıq məbləği də daxil olmaqla qeyri-işlək kreditlərin və restrukturizasiya olunmuş kreditlərin həcmi 10%-dən çox olduqda. Bu halda son 4 ayda verilmiş kreditlər portfelin hesablanmasında nəzərə alınmır;

10.3.3. bu Qaydanın 6.1.1-ci yarımbəndində müəyyən edilən tələb pozulduqda;

10.3.4. zəmanətin verilməsi üçün müraciət zamanı müvəkkil bankın bilərəkdən Cəmiyyətə yanlış məlumat təqdim etməsi halı son 12 (on iki) ayda 3 dəfədən artıq təkrarlandıqda.

10.4. Cəmiyyət bu Qaydanın 10.3.3-cü yarımbəndində nəzərdə tutulmuş şərtlərə əməl edilməsi vəziyyətinin yoxlanılması üçün ən azı ildə bir dəfə Palatadan məlumat alır.

10.5. Müvəkkil banka yeni zəmanətin verilməsi bu Qaydanın 10.3.1 – 10.3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş hallar aradan qalxdıqda yenidən bərpa olunur.

10.6. Aşağıdakı hallarda kredit üzrə verilmiş zəmanət ləğv edilir:

10.6.1. müvəkkil bankın həmin kredit üzrə zəmanətin ləğv edilməsi barədə yazılı müraciəti olduqda. Bu zaman müvəkkil bank Cəmiyyətə, həmin kredit üzrə qalıq zəmanət məbləğinin 0.2%-i (minimum 100 (yüz) manat) həcmində birdəfəlik cərimə ödəyir;

10.6.2. zəmanətlə təmin olunmuş kreditlər üzrə tələb hüquqları Cəmiyyətin yazılı razılığı olmadan müvəkkil bank tərəfindən üçüncü tərəfə ötürüldükdə;

10.6.3. borcalanla bağlanmış kredit, girov və digər təminat müqavilələrinin şərtləri Cəmiyyətin yazılı razılığı olmadan dəyişdirildikdə;

10.6.4. zəmanət verilmiş kredit məbləğini müvəkkil bank təyinatı üzrə köçürmədikdə;

10.6.5. Cəmiyyətin sahibkarlıq subyektlərində monitorinqi zamanı müvəkkil bankın zəmanət verilməsi üçün müraciət edərkən bilərəkdən yanlış məlumat təqdim etdiyi aşkarlandıqda.

10.7. Aşağıdakı hallarda müvəkkil bankla bağlanmış çərçivə müqaviləsi ləğv edilir:

10.7.1. müvəkkil bank bu barədə yazılı müraciət etdikdə;

10.7.2. bu Qaydanın 12-ci hissəsində nəzərdə tutulmuş hesabatlar müvəkkil bank tərəfindən ardıcıl olaraq 2 (iki) dəfə Cəmiyyətə təqdim edilmədikdə;

10.7.3. ödəmə vaxtı çatmış xidmət haqları və komissiyaların ödənişi 1 (bir) aydan çox gecikdirildikdə.

10.8. Çərçivə müqaviləsi ləğv edildiyi tarixdən 2 (iki) il ərzində Cəmiyyət həmin bankla yeni çərçivə müqaviləsi bağlaya bilməz.

10.9. Bu Qaydanın 10.3.1–10.3.4-cü yarımbəndlərində nəzərdə tutulan hallar baş verdikdə, müvəkkil bank rüblük əsaslarla zəmanətlər üzrə haqların ödənişini çərçivə müqaviləsi qüvvədə olduğu müddətdə davam etdirir.

10.10. Zəmanətlə təmin olunmuş kredit portfelində faiz subsidiyası alan borcalan olduğu təqdirdə, bu Qaydanın 5.1-ci bəndinin tələbi nəzərə alınmaqla, çərçivə müqaviləsi ləğv oluna bilər.

11. Müvəkkil banklar üzrə limitin müəyyən edilməsi

11.1. Cəmiyyətin Müşahidə Şurası, Cəmiyyətin kapitalının miqdarını və qəbul edə biləcəyi riskin yuxarı həddini nəzərə almaqla, hər təqvim ili müvəkkil banklar üzrə zəmanətlərin qalıq məbləğinin maksimum limitini (bundan sonra – limit) müəyyən edir.

11.2. Müvəkkil banklar hər il üçün limitlə bağlı sifarişlərini Cəmiyyətə onun Müşahidə Şurasının müəyyənləşdirdiyi qaydada təqdim edirlər.

11.3. Bir müvəkkil bank üzrə limit Cəmiyyətin Müşahidə Şurası tərəfindən aşağıdakılar nəzərə alınmaqla təsdiq olunmuş daxili təsnifləşdirmə modelinə əsasən müəyyən edilir:

11.3.1. hər bir müvəkkil bank üçün ən azı onun aktivlərinin keyfiyyəti, kapital adekvatlığı, likvidliyi, satış şəbəkəsi, sahibkarlara verilmiş kreditlərin ümumi kredit portfelindəki payı üzrə göstəricilər müəyyən edilir;

11.3.2. müvəkkil bankın bu Qaydanın 11.3.1-ci yarımbəndində nəzərdə tutulmuş hər bir göstəricisi 1–5 intervalında qiymətləndirilir;

11.3.3. bu Qaydanın 11.3.2-ci yarımbəndində nəzərdə tutulmuş qiymətlərin hər bir göstərici üzrə müəyyən edilmiş xüsusi çəkilərlə hasili əsasında yekun qiymətlər hesablanır;

11.3.4. hər bir bankın bu Qaydanın 11.3.3-cü yarımbəndində nəzərdə tutulmuş yekun qiymətləri cəmlənir və bal müəyyən olunur;

11.3.5. müvəkkil banklar üzrə fərdi ballar cəmlənir;

11.3.6. Cəmiyyət tərəfindən təqvim ili üzrə ayrılacaq zəmanət məbləği üzrə müvəkkil bankın limiti həmin bankın fərdi balının bu Qaydanın 11.3.5-ci yarımbəndinə əsasən hesablanan cəmdəki payına mütənasib olaraq müəyyən edilir.

11.4. Bu Qaydanın 11.3-cü bəndinə əsasən müəyyən edilmiş modelə bu Qaydanın qüvvəyə mindiyi tarixdən ən azı 2 (iki) il sonra hər bir müvəkkil bank üzrə Cəmiyyətin riskləri nəzərə alınmaqla yenidən baxılır.

11.5. Müəyyən edilmiş limitin məbləği müvəkkil bankın müraciətindəki zəmanət məbləğindən yüksəkdirsə, bu halda limit məbləğinin artıq olan hissəsi digər müvəkkil banklar arasında fərdi ballara uyğun olaraq bölüşdürülür. Bir müvəkkil bank üzrə müəyyən olunmuş limit həmin il üzrə müvəkkil banklara veriləcək cəmi zəmanət limitinin 25%-indən yüksək ola bilməz.

11.6. Cəmiyyət müvəkkil bank üzrə limitin ayrılmasına dair müvafiq qərar qəbul etdikdən sonra 2 (iki) iş günü müddətində müvəkkil banka yazılı məlumat verir.

11.7. Cəmiyyət zəmanət limitlərinin istifadəsinə nəzarət edir. Cəmiyyətin Müşahidə Şurası tərəfindən hər bir il üzrə müəyyən edilmiş tarixədək banklar tərəfindən zəmanət limitinin azaldılması ilə bağlı Cəmiyyətə müraciət edildikdə, cari il üçün limit azaldılır və limit məbləğinin istifadə olunmamış hissəsi digər banklar arasında fərdi ballara uyğun olaraq bölüşdürülür. Bu zaman Qaydanın 11.10-cu bəndinə uyğun olaraq, müvəkkil bank statusu almış, lakin limit ayrılmamış banklara üstünlük verilir.

11.8. Təqvim ilinin sonunadək ilkin və ya azaldılmış zəmanət limitindən istifadə 90%-dən az olduqda, müvəkkil banka aşağıdakılar tətbiq edilir:

11.8.1. müvəkkil bank ilin birinci yarısında limitin azaldılmasına dair müraciət etdikdə, azaldılmış limitin istifadə olunmamış hissəsinin cari ilin azaldılmış limitinə nisbətində növbəti il üçün limit azaldılır və cari ilin azaldılmış limitinin istifadə olunmamış hissəsinə cərimə tətbiq edilir;

11.8.2. müvəkkil bank ilin birinci yarısında limitin azaldılmasına dair müraciət etmədikdə, cari ilin limitinin istifadə olunmamış hissəsinin cari ilin limitinə nisbətində növbəti il üçün limit azaldılır və cari ilin limitinin istifadə olunmamış hissəsinə cərimə tətbiq edilir.

11.9. Bu Qaydanın 11.8-ci bəndində göstərilən cərimə faizini və həmin bənddən irəli gələn digər məsələləri Cəmiyyətin Müşahidə Şurası müəyyən edir. Cəmiyyət müvəkkil bankın limitin azaldılması barədə Cəmiyyətin Müşahidə Şurası tərəfindən cari il üzrə müəyyən edilmiş tarixdən sonra etdiyi müraciətə baxmır. Müvəkkil bank limitin azaldılması üçün ildə yalnız bir dəfə müraciət edə bilər.

11.10. Limitlər ayrıldıqdan sonra həmin təqvim ili ərzində Cəmiyyətlə bank çərçivə müqaviləsi bağlayarsa, həmin il üzrə bölüşdürülməmiş limitlər olduğu halda Cəmiyyət həmin limitlər hesabına, bu Qaydanın 11.3-cü bəndinə uyğun olaraq, yeni müvəkkil banka limit ayırır. Bölüşdürülməmiş limit olmadığı halda müvəkkil banka limit növbəti təqvim ilində ayrılır.

11.11. Cəmiyyət bu Qaydaya müvafiq olaraq çərçivə müqaviləsini ləğv etdikdə həmin bank üzrə ayrılmış limit bu Qaydanın 11.7-ci bəndinə müvafiq olaraq digər müvəkkil banklar arasında bölüşdürülür.

11.12. Cari il üçün nəzərdə tutulmuş zəmanət limitindən tam istifadə edildikdə, müvəkkil bank həmin il ərzində zəmanət limitinin artırılması ilə bağlı Cəmiyyətə müraciət edə bilər. Bu zaman əlavə limitin ayrılması və ondan istifadə bu Qaydanın 11-ci hissəsi ilə tənzimlənir.

12. Hesabatlılıq və monitorinq

12.1. Cəmiyyətin zəmanəti əsasında icra edilən layihələr üzrə müvəkkil bankların Cəmiyyət qarşısında hesabatlılığı və monitorinqlərin aparılması Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətində kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası” ilə tənzimlənir.

12.2. Müvəkkil bankla borcalan arasında bağlanan kredit müqaviləsində sahibkarlıq subyektinin Cəmiyyət tərəfindən monitorinq keçirilməsi üçün zəruri şərait yaratmaq və tələb olunan bütün sənədləri və məlumatları təqdim etmək öhdəliyi nəzərdə tutulmalıdır.

 

13. Zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə yığım və tələb hüquqlarının bölüşdürülməsi

13.1. Müvəkkil bank zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə daxil olan vəsaiti zəmanətin kreditə nisbətinə müvafiq olaraq Cəmiyyətə köçürməlidir. Zəmanətə görə ödəniş edilmiş krediti olan borcalanın müvəkkil bankda bir neçə krediti olduqda, kreditlər üzrə daxil olan vəsaitlər, ilk növbədə, borcalanın zəmanətə görə ödəniş edilmiş kreditinə, həmin kredit tam ödənilənədək yönəldilir.

13.2. Bir borcalanın bir müvəkkil bankda Cəmiyyət tərəfindən zəmanətə görə ödəniş edilmiş iki və daha çox krediti olduqda, həmin kreditlər üzrə sonradan daxil olan ödənişlər, ilk növbədə, zəmanətin kreditə nisbəti daha yüksək olan öhdəliklərə yönəldilir.

13.3. Müvəkkil bankda bir neçə krediti olan borcalanın zəmanət verilmiş krediti gecikmədə olduqda, müvəkkil bank kreditlər üzrə daxil olan vəsaitləri zəmanət verilmiş kredit gecikmədən çıxanadək həmin kreditin ödənilməsinə yönəldir.

13.4. Cəmiyyət tərəfindən zəmanətə görə ödəniş edilmiş kredit üzrə daxil olan vəsaitləri müvəkkil bank, ilk növbədə, zəmanət verilmiş kredit üzrə əsas borcun silinməsinə yönəldir.

13.5. Bu Qaydanın 13.1 – 13.4-cü bəndlərində qeyd olunan şərtlər borcalanla bağlanmış kredit müqavilələrində nəzərdə tutulmalıdır.

13.6. Zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün borcalana və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana və s.) qarşı Cəmiyyətin adından və onun xeyrinə tələb hüquqlarını müvəkkil bank həyata keçirir. Cəmiyyət zəmanət üzrə ödəniş etdikdən sonra, müvəkkil bank və Cəmiyyət arasında bağlanmış çərçivə müqaviləsinin şərtlərinə uyğun olaraq, kredit üzrə daxil olan ödənişlərin təmin edilməsi üzrə tələb hüquqlarını Cəmiyyətin özü həyata keçirə bilər.

13.7. Müvəkkil bank tərəfindən tələb hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranan xərclərin ödənilməsi və digər əlaqədar məsələlər müvəkkil bank və Cəmiyyət arasında bağlanmış çərçivə müqaviləsi ilə tənzimlənir.

30 Noyabr 2017, 10:11

http://www.azertag.net

41—50 / 10511

11 Aprel 2023, 11:04

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

11 Aprel 2023, 11:04

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 19 iyul tarixli 90 nömrəli, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 19 yanvar tarixli 175 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 Aprel 2023, 11:04

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

11 Aprel 2023, 11:04

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

10 Aprel 2023, 10:04

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 825-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli və “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 iyun tarixli 1480 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

10 Aprel 2023, 10:04

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

10 Aprel 2023, 10:04

“Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 Aprel 2023, 12:04

R.K.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 Aprel 2023, 12:04

A.X.Hüseynovun Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 Aprel 2023, 12:04

“Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...