İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin NİZAMNAMƏSİ
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 6 sentyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsasında yaradılmış, icbari tibbi sığortanın tətbiqini təmin edən, baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.6. Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır, o, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir.
1.7. Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri
2.1. Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında əhalini icbari tibbi sığortaya cəlb etmək, baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək, habelə sığortaolunanların hüquqlarını və qanuni mənafelərini qorumaq, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və sığorta ödənişlərinin vaxtında icra olunmasını təmin etməkdir.
2.2. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.2.1. icbari tibbi sığorta sahəsində vahid siyasətin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
2.2.2. əhalinin icbari tibbi sığortalanmasını həyata keçirmək və icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etmək;
2.2.3. icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlərin yaradılması, icbari tibbi sığortanın hamı üçün əlçatan olması, əhalinin sağlamlığının qorunması məqsədi ilə tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görmək;
2.2.4. icbari tibbi sığorta sahəsinin inkişafını təmin etmək.
3. Agentliyin vəzifələri və hüquqları
3.1. Agentlik, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. icbari tibbi sığorta və səhiyyə sahəsi üzrə dövlət proqramlarının, strategiyaların və inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.1.2. beynəlxalq təcrübə nəzərə alınmaqla, icbari tibbi sığorta sahəsində tədqiqatlar aparır və həmin tədqiqatların nəticələri əsasında baza (əsas xidmətlər) zərfinin müəyyən olunmasına dair təkliflər hazırlayır;
3.1.3. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, icbari tibbi sığorta haqqının məbləğinin müəyyən olunmasına dair təkliflər hazırlayır;
3.1.4. icbari tibbi sığorta haqlarının və bu Nizamnamə ilə müəyyən edilmiş digər vəsaitlərin yığılmasını və onlardan təyinatı üzrə səmərəli istifadəni təmin edir, icbari tibbi sığortanın maliyyə sabitliyinin təmin edilməsi məqsədilə sığorta ehtiyatı fondları yaradır;
3.1.5. baza (əsas xidmətlər) zərfi çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görür;
3.1.6. baza (əsas xidmətlər) zərfində nəzərdə tutulmuş tibbi xidmətlərin göstərilməsi üçün tibb müəssisələri ilə müqavilələr bağlayır;
3.1.7. baza (əsas xidmətlər) zərfinə daxil olan həcmdə göstərilən tibbi xidmətlərə görə sığorta ödənişlərinin müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə tibb müəssisələrinə ödənilməsini təmin edir;
3.1.8. icbari tibbi sığorta üzrə riskləri sığorta etdirmək üçün müraciət edən şəxslərlə icbari tibbi sığorta müqaviləsi bağlayır;
3.1.9. baza (əsas xidmətlər) zərfi çərçivəsində tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərin həcminin, müddətinin, keyfiyyətinin və tariflərinin tərəflərlə bağlanılmış müqavilənin şərtlərinə uyğun olmasına nəzarət edir;
3.1.10. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, icbari tibbi sığorta sahəsində vahid elektron informasiya sistemi və elektron məlumat bazası yaradır, tibb müəssisələrinin və digər istifadəçilərin həmin elektron informasiya sistemindən istifadə imkanlarını təmin edir;
3.1.11. icbari tibbi sığortaya cəlb olunan tibb müəssisələrinin vahid reyestrini aparır;
3.1.12. icbari tibbi sığorta sahəsində təlimlər təşkil edir;
3.1.13. icbari tibbi sığorta sistemində sığorta olunan şəxslərin hüquqlarının müdafiəsinə təminat verir;
3.1.14. dövlət orqanlarının icbari tibbi sığorta sahəsi ilə bağlı fəaliyyətini əlaqələndirir;
3.1.15. icbari tibbi sığorta sisteminin inkişaf istiqamətləri üzrə təkliflər verir;
3.1.16. Agentliyin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
3.1.17. dövlət və kommersiya sirrinin, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən, habelə həkim sirrini təşkil edən məlumatların və məxfilik rejiminin qorunması üçün tədbirlər görür;
3.1.18. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;
3.1.19. icbari tibbi sığortanın təbliği və bu istiqamətdə əhalinin maarifləndirilməsi məqsədi ilə tədbirlər görür;
3.1.20. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;
3.1.21. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxır;
3.1.22. dövlət orqanları, beynəlxalq təşkilatlar, hüquqi və fiziki şəxslər tərəfindən maliyyələşdirilən məqsədli proqram və layihələri birgə həyata keçirir;
3.1.23. Agentliyə ayrılan büdcə vəsaitlərindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
3.1.24. Agentliyin informasiya təminatını və onun təhlükəsizliyini təşkil edir;
3.1.25. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
3.2. Agentliyin öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:
3.2.1. icbari tibbi sığorta sahəsini tənzimləyən hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
3.2.2. icbari tibbi sığorta ilə bağlı Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək, fəaliyyət istiqamətləri üzrə beynəlxalq konfransların, seminarların və digər beynəlxalq tədbirlərin keçirilməsini təşkil etmək və onların işində iştirak etmək;
3.2.3. beynəlxalq əlaqələr yaratmaq, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;
3.2.4. icbari tibbi sığorta sahəsində beynəlxalq təcrübəni öyrənmək və xaricdə fəaliyyət göstərən müvafiq qurumlarla təcrübə mübadiləsi aparmaq;
3.2.5. icbari tibbi sığortanın maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitlərin həcminin artırılması və icbari tibbi sığortanın maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə sərbəst maliyyə vəsaitlərini yerli bazarda investisiyaya yönəltmək;
3.2.6. baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlər göstərilməsi üçün tibb müəssisələrini seçmək;
3.2.7. baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlər üçün tariflərin müəyyən olunmasına dair təkliflər hazırlamaq;
3.2.8. baza (əsas xidmətlər) zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tariflərinin müəyyən olunmasına dair təkliflər hazırlamaq;
3.2.9. tibb müəssisəsinin və (və ya) tibb işçisinin təqsiri üzündən sığortaolunana vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək;
3.2.10. özəl tibb müəssisələrinin akkreditasiyasında iştirak etmək;
3.2.11. tibb müəssisələri müqavilənin şərtlərini pozduqları hallarda tibbi xidmətlərə çəkilən xərcləri qismən ödəmək və ya ödəməkdən imtina etmək;
3.2.12. zərərin sığortaolunan tərəfindən vurulduğu hallar istisna olmaqla, sağlamlığına vurulmuş zərər üçün cavabdeh olan fiziki və ya hüquqi şəxslərdən sığortaolunana göstərilən tibbi yardıma çəkilən xərclərin ödənilməsini məhkəmə qaydasında tələb etmək;
3.2.13. sığortaolunanlara göstərilən tibbi xidmətlərin həcminin və keyfiyyətinin monitorinqini həyata keçirmək;
3.2.14. sığortaolunanlara göstərilən tibbi xidmətlər üçün tibb müəssisələrinə ödənilən sığorta ödənişlərinin əsaslılığına nəzarət etmək;
3.2.15. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə icbari tibbi sığorta sahəsi üzrə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan məlumatlar (sənədlər) almaq;
3.2.16. müstəqil ekspertlərlə və mütəxəssislərlə, o cümlədən məsləhətçi şirkətlərlə əməkdaşlıq etmək, onları öz fəaliyyətinə cəlb etmək;
3.2.17. icbari tibbi sığorta sahəsində tədqiqatlar aparmaq, analitik və metodik materiallar hazırlamaq, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.18. könüllüləri öz fəaliyyətinə cəlb etmək;
3.2.19. istifadəsində olan əmlak barəsində qanunla nəzərdə tutulmuş hüquqları həyata keçirmək;
3.2.20. icbari tibbi sığortanın inkişafı məqsədilə investisiyalar cəlb etmək;
3.2.21. Agentliyin balansında olan dövlət əmlakını qanunvericiliyə uyğun olaraq icarəyə vermək və ya ondan istifadə etmək;
3.2.22. vəzifələrinin yerinə yetirilməsi məqsədilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
3.2.23. qanunla və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Agentliyin idarə olunması
4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. Agentliyi İdarə heyəti idarə edir.
4.3. İdarə Heyəti Agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi beş nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin iki müavinindən və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən digər iki üzvdən ibarətdir. İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 5 (beş) ildir.
4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrası İdarə Heyətinin sədri tərəfindən təsdiq edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilir.
4.5. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:
4.5.1. Agentliyin strateji məqsəd və planlarını müəyyən edir və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir;
4.5.2. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir və sənədlər təqdim edir;
4.5.3. hər il martın 31-dək əvvəlki ildə ölkənin icbari tibbi sığorta sistemi ilə bağlı vəziyyəti və inkişaf perspektivləri barədə hesabatı, habelə Agentliyin fəaliyyətinə dair illik hesabatı hazırlayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
4.5.4. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxır, həmin layihələri aidiyyəti dövlət orqanlarına və qurumlarına təqdim edir;
4.5.5. bu Nizamnamənin 3.1.23-cü yarımbəndində nəzərdə tutulmuş vəsaitdən təyinatı üzrə xərclənməsini təmin edir;
4.5.6. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;
4.5.7. İdarə Heyətinin və əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyənləşdirir və onların icrasına nəzarət edir;
4.5.8. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi üçün müraciət edir;
4.5.9. Agentliyin büdcəsinin və fəaliyyət planlarının icrasına nəzarət edir;
4.5.10. Agentliyin fəaliyyətinə dair daxili qaydaları, habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq edir;
4.5.11. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla:
1. Agentliyin strukturunu və ştat vahidlərinin ümumi sayını müəyyənləşdirir;
2. Azərbaycan Respublikasının maliyyə və kapital bazarında uyğun əməkhaqqı səviyyəsini nəzərə almaqla, Agentlikdə əməyin ödənilməsi formalarını və işçilərin əməkhaqlarını müəyyənləşdirir;
3. Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq edir;
4. Agentliyin xərclər smetasını təsdiq edir;
4.5.12. Agentliyin illik maliyyə hesabatlarını tərtib edir;
4.5.13. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi üçün müraciət edir;
4.5.14. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;
4.5.15. Agentliyin fəaliyyətinə dair illik iş planlarını, onların yerinə yetirilməsi haqqında hesabatları təsdiq edir;
4.5.16. Agentliyin sığorta ehtiyat fondlarının formalaşdırılması və bu ehtiyatlardan istifadə qaydasını müəyyən edir;
4.5.17. icbari tibbi sığorta haqlarının məbləğinin və bu haqların ödənilmə qaydasının müəyyən edilməsinə dair təkliflər verir;
4.5.18. Agentliyin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;
4.5.19. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;
4.6. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən İdarə Heyətinin digər üzvünün) səsi həlledici sayılır. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir.
4.7. İdarə Heyətinin sədri:
4.7.1. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu təmsil edir;
4.7.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;
4.7.3. öz təşəbbüsü və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.7.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
4.7.5. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.7.6. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
4.7.7. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.7.8. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.7.9. Agentliyin fəaliyyət istiqamətləri üzrə məşvərətçi komitələr və işçi qruplar yaradır;
4.7.10. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət, kommersiya və həkim sirrinin, fərdi məlumatların və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;
4.7.11. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.7.12. İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə, digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdimat verir;
4.7.13. İdarə Heyətinin reqlamentini təsdiq edir;
4.7.14. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin işçilərinin, həmçinin təsərrüfat cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul edir;
4.7.15. işçilərin əməyinin ödənilməsini və peşəkarlıq səviyyəsinin artırılmasını təşkil edir;
4.7.16. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.7.17. Agentlikdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;
4.7.18. bu Nizamnamə ilə İdarə Heyətinin səlahiyyətlərinə aid edilməyən digər məsələlərə dair qərarlar qəbul edir.
4.8. İdarə Heyətinin üzvləri:
4.8.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;
4.8.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.8.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
4.8.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxılması barədə təkliflər verirlər;
4.8.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.9. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.
5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə
fəaliyyətinin əsasları
5.1. Agentliyin ilkin nizamnamə fondu 4.000.000 (dörd milyon) manatdır.
5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə edilmiş gəlirdən, ianələrdən, qrantlardan, cəlb olunan investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitlərdən formalaşır.
5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.
5.4. Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun təsərrüfat cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəəti üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
5.5. Agentlik tərəfindən göstərilən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən olunan baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin və baza (əsas xidmətlər) zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin tarifləri tənzimlənən qiymətlərə (tariflərə) aiddir.
5.6. Agentlik, sərəncamında olan vəsaitdən bu Nizamnaməyə uyğun olaraq, Agentliyin xərclər smetası əsasında istifadə edir.
5.7. Maliyyə ilinin sonuna Agentliyin hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
6.2. Agentlik hər il martın 31-dək əvvəlki ildə ölkənin icbari tibbi sığorta sistemi ilə bağlı vəziyyəti və inkişaf perspektivləri barədə hesabatı, habelə Agentliyin fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
7. Agentlikdə uçot və hesabat
7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.
7.3. Agentlik filial, nümayəndəlik, idarə və təsərrüfat cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
8. Agentliyin ləğvi və yenidən təşkili
Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
7 Sentyabr 2017, 10:09
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 275 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 276 nömrəli, “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 24 noyabr tarixli 358 nömrəli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2011-ci il 15 fevral tarixli 383 nömrəli, “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli və “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 19 dekabr tarixli 546 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2005-ci il 23 mart tarixli 213 nömrəli, “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 3 iyun tarixli 248 nömrəli, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 7 iyun tarixli 252 nömrəli, “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi barədə” 2006-cı il 13 fevral tarixli 363 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 2 avqust tarixli 439 nömrəli, “Müsadirə edilmiş əmlakın bir hissəsinin hüquq mühafizə və digər orqanların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 16 oktyabr tarixli 469 nömrəli, “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 6 fevral tarixli 527 nömrəli, “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 22 may tarixli 576 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli 448 nömrəli, “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 28 dekabr tarixli 460 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1545-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2019-cu il 3 aprel tarixli 606 nömrəli və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 10 aprel tarixli 617 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” 2015-ci il 4 may tarixli 1206 nömrəli, “Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə” 2015-ci il 26 noyabr tarixli 1582 nömrəli, “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” 2016-cı il 2 mart tarixli 1843 nömrəli, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2016-cı il 5 may tarixli 2032 nömrəli, “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli 2425 nömrəli, “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin ləğv edilməsi haqqında” 2016-cı il 22 dekabr tarixli 2566 nömrəli, “2017-ci ilin məhsulu üçün taxıl əkini sahələrində monitorinqin həyata keçirilməsi haqqında” 2017-ci il 27 mart tarixli 2768 nömrəli, “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 19 iyul tarixli 3120 nömrəli, “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 12 sentyabr tarixli 3227 nömrəli və “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 9 fevral tarixli 3657 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 Avqust 2022, 15:08
Azərbaycan Respublikası Prezidentinin “2010-cu il sentyabrın 23-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum”un təsdiq edilməsi barədə” 2010-cu il 27 dekabr tarixli 1255 nömrəli və “2010-cu il oktyabrın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Koreya Respublikasının Strategiya və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2010-cu il 27 dekabr tarixli 1257 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 Avqust 2022, 15:08
Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 İyul 2022, 16:07
“Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 may tarixli 414 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 İyul 2022, 16:07
“Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 İyul 2022, 16:07
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
29 İyul 2022, 16:07
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 567-VIQD nömrəli Qanununun tətbiqi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 29 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...