İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (bundan sonra – Agentlik) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

2.1.2. illik maliyyə hesabatlarının təsdiq edilməsi;

2.1.3. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

2.1.4. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

2.1.5. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edın əqdin bağlanmasına razılıq verilməsi;

2.1.6. Agentliyin yenidən təşkili və ləğv edilməsi;

2.2. Agentliyə:

2.2.1. inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

2.2.2. strukturunun təsdiqi.

3. Müəyyən edilsin ki:

3.1. Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 4 000 000 (dörd milyon) manat təşkil edir;

3.2. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədi ilə İdarə Heyəti yaradılır;

3.3. Agentliyin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

4. Agentlik dövlət qeydiyyatına alındığı gündən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin balansında olan əmlak Agentliyin balansına verilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin balansında olan əmlakın Agentlik dövlət qeydiyyatına alındığı gündən Agentliyin balansına verilməsini bir ay müddətində təmin etsin;

5.4. Agentliyin investisiya əməliyyatlarının aparılması qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Agentlik:

6.1. dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;

6.2. strukturunu və işçilərinin say həddini bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.

7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Agentliyin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 3.1-ci bəndində göstərilən məbləğdə maliyyələşməni bir ay müddətində təmin etsin.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 sentyabr 2017-ci il.

7 Sentyabr 2017, 10:09

http://www.azertag.net

10441—10450 / 10511

26 Dekabr 2013, 09:12

A.İ.Yusifova general-mayor hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

26 Dekabr 2013, 09:12

B.H.Eyyubova general-polkovnik hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

26 Dekabr 2013, 09:12

Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında   ətraflı...

24 Dekabr 2013, 09:12

“1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə   ətraflı...

24 Dekabr 2013, 09:12

Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişi olan əlillərin avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında   ətraflı...

20 Dekabr 2013, 09:12

“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə   ətraflı...

20 Dekabr 2013, 09:12

“Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 795-IVQD nömrəli Qanununun tətbiqi və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

20 Dekabr 2013, 09:12

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

19 Dekabr 2013, 09:12

“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının   ətraflı...

19 Dekabr 2013, 09:12

“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 818-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...