Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində (bundan sonra – Agentlik) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının Prezidentinə:
2.1.1. Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
2.1.2. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
2.1.3. Agentliyin yenidən təşkili və ləğv edilməsi;
2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
2.2.1. strukturun, işçilərin say həddinin və illik maliyyə hesabatlarının təsdiq edilməsi;
2.2.2. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;
2.2.3. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;
2.3. Agentliyə:
2.3.1. inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. Agentliyin strukturunu və işçilərinin say həddini bir ay müddətində təsdiq etsin;
3.5. əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların Agentliyə ödəyəcəyi illik haqqın məbləğini bir ay müddətində təsdiq etsin;
3.6. Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi əsasında publik hüquqi şəxs statuslu Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzini yaratsın və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.7. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və onun tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin balansındakı əmlakın yeni yaradılmış publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən, müvafiq olaraq, Agentliyin və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin balansına verilməsini bir ay müddətində təmin etsin;
3.8. nizamnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş publik hüquqi şəxslərin balanslarındakı dövlət əmlakının qiymətləndirilərək onların nizamnamə fondlarında əksini tapması üçün müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.9. bu Fərmanın 3.8-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxslər istisna olmaqla, dövlət adından yaradılan digər publik hüquqi şəxslərin balanslarındakı dövlət əmlakının qiymətləndirilərək onların nizamnamə fondlarında əksini tapması üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.10. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.11. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Müəyyən edilsin ki:
4.1. Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1.000.000 (bir milyon) manat təşkil edir;
4.2. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədi ilə İdarə Heyəti yaradılır;
4.3. Agentliyin İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir;
4.4. bu Fərmanın 3.6-cı bəndində nəzərdə tutulmuş publik hüquqi şəxsin nizamnaməsinin və strukturunun təsdiqini, işçilərinin say həddinin və nizamnamə fondunun miqdarının müəyyən edilməsini, yenidən təşkil və ləğv edilməsini Azərbaycan Respublikasının Nazirlər Kabineti, təsisçinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən digər səlahiyyətlərini isə Agentlik həyata keçirir;
4.5. Agentlik dövlət qeydiyyatına alındığı gündən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin normativ hüquqi aktlarına münasibətdə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 7.2 ci maddəsində nəzərdə tutulmuş səlahiyyəti Agentliyin təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
5. Agentlik:
5.1. dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;
5.2. dövlət qeydiyyatına alındığı gündən üç gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 4.1-ci bəndində göstərilən məbləğdə maliyyələşməni bir ay müddətində təmin etsin.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 sentyabr 2017-ci il.
7 Sentyabr 2017, 10:09
30 May 2014, 09:05
Azərbaycan Respublikasında 2014-cü ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə ətraflı...
30 May 2014, 09:05
Mərkəzi Seçki Komissiyasının 12 noyabr 2013-cü il tarixli İclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
30 May 2014, 09:05
Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
30 May 2014, 09:05
Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
29 May 2014, 09:05
2014-cü il üçün Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında ətraflı...
27 May 2014, 17:05
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında ətraflı...
27 May 2014, 17:05
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 10 sentyabr tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmiş "İnsan alveri qurbanlarının repatriasiya Qaydaları"nda dəyişikliklər edilməsi barədə ətraflı...
27 May 2014, 17:05
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları"nın və "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında ətraflı...
27 May 2014, 17:05
"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
27 May 2014, 17:05
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 3 dekabr tarixli 267 nömrəli qərarı ilə təsdiq edilmiş "Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxartma haqqında qərar qəbul edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilməsi və saxlanılması Qaydaları"nda dəyişikliklər edilməsi barədə ətraflı...