Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 7-ci bəndinə, 94-cü maddəsinin I hissəsinin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisi deputatının (bundan sonra – deputat) etik davranış qaydalarını və həmin qaydalara əməl olunmasının hüquqi mexanizmini müəyyən edir.

 

Maddə 1. Qanunun təsir dairəsi

1.1. Bu Qanun yalnız deputat statusu olan şəxslərə şamil edilir.

1.2. Hər bir deputat bu Qanunda nəzərdə tutulan etik davranış qaydalarına əməl etməlidir.

 

Maddə 2. Deputatın etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Deputatın etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsindən, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və bu Qanuna uyğun hazırlanmış digər normativ hüquqi aktlardan ibarətdir.

 

Maddə 3. Qanunun məqsədləri

3.0. Bu Qanunun məqsədləri aşağıdakılardan ibarətdir:

3.0.1. deputat fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması;

3.0.2. Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışın qarşısının alınması;

3.0.3. deputat fəaliyyətində maraqların toqquşması hallarının qarşısının alınması;

3.0.4. deputatın etik davranış qaydalarına əməl etməsinin təmin olunması;

3.0.5. deputat fəaliyyətinə ictimai etimadın gücləndirilməsi.

 

Maddə 4. İnsanların hüquqlarına, azadlıqlarına, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət

Deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən kobud, təhqiramiz söz və ifadələrə yol verməməli, hüquqi şəxslərin işgüzar nüfuzunu ləkələyən qərəzli hərəkətlər etməməlidir.

 

Maddə 5. Deputat statusu ilə bir araya sığmayan fəaliyyətin qarşısının alınması

5.1. Deputat sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır.

5.2. Deputat həyata keçirdiyi və ya nəzərdə tutduğu fəaliyyətin bu Qanunun 5.1-ci maddəsinin tələblərinə uyğunluğu barədə qənaətə gələ bilmədikdə bu məsələyə dair Milli Məclisin İntizam komissiyasının rəyini öyrənməli və ona əsaslanmalıdır.

 

Maddə 6. Vicdanlı və mədəni davranış

6.1. Deputat vicdanlı davranış nümayiş etdirməlidir.

6.2. Deputat Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışa yol verməməli, deputat adını, şərəf və ləyaqətini uca tutmalıdır.

6.3. Deputat vətəndaşlarla, o cümlədən seçiciləri ilə münasibətlərində, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli və təmkinli olmalıdır.

 

Maddə 7. Milli Məclisin iclaslarında etik davranış qaydaları

7.1. Deputat Mili Məclisin iclaslarında həmkarlarının fikirlərinə hörmətlə yanaşmalı, münaqişələrdən çəkinməli, öz mövqeyini təhdidlə bildirməməlidir.

7.2. Deputat Milli Məclisin iclaslarının aparılmasına mane olmamalı, çıxış edənlərin sözünü kəsməməli, kənardan müdaxilə etməməli, iclasın normal gedişini və iş qaydasını pozmamalı, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməli, qanunsuz hərəkətlərə çağırmamalıdır.

7.3. Deputat çıxışlarının, bəyanatlarının, sual və təkliflərinin məzmununun müəyyən edilmiş gündəliyə uyğun olmasına riayət etməli, belə halların iclasın iş qaydasını pozmasına yol verməməlidir.

7.4. Deputat başqa deputatın əvəzinə səs verməməlidir.

 

Maddə 8. Qərəzsizlik

Deputat vəzifələrini icra edərkən qərəzsiz olmalı, vəzifələrinin icrası zamanı irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə, yaxud bu cür üstünlüyün əldə edilməsi üçün şərait yaradılmasına yol verməməlidir.

 

Maddə 9. Korrupsiyanın qarşısının alınması

Deputat qanunsuz maddi və sair nemətlərdən, imtiyaz və ya güzəştlərdən imtina etməlidir. Deputat onun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər müqabilində Milli Məclisdə müzakirə edilən məsələlərlə bağlı hər hansı formada dəstək və ya etiraz ifadə edilməsi yolverilməzdir.

 

Maddə 10. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

10.1. Deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir göstərə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda xidməti vəzifələrin qərəzsiz icrasına təsir göstərməmək şərti ilə, qonaqpərvərliklə bağlı olan və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləği keçməyən hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

10.2. Deputat hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədikdə bu məsələyə dair Milli Məclisin İntizam komissiyasının rəyini öyrənməli və ona əsaslanmalıdır.

 

Maddə 11. Maraqlar toqquşmasının qarşısının alınması

11.1. Deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli və qanunsuz olaraq öz səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

11.2. Deputat özünün və ya maraqlı şəxslərin mənafelərinin onun vəzifələrini icra etməsinə təsir göstərməsinə yol verməməli və belə təsir üçün şərait yaratmamalıdır.

11.3. Deputatın xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, həmin maraqlar barəsində Milli Məclisin İntizam komissiyasına məlumat verməlidir.

 

Maddə 12. Məlumatlardan istifadə

Deputat öz vəzifələrini icra edərkən əldə etdiyi məlumatlardan şəxsi maraqları naminə istifadə etməməlidir.

 

Maddə 13. Etik davranış qaydalarına əməl olunmasına nəzarət

13.1. Etik davranış qaydalarının deputat tərəfindən pozulması barədə şikayətlərə və məlumatlara operativ və qərəzsiz baxılmalıdır.

13.2. Etik davranış qaydalarına əməl olunmasına nəzarət Milli Məclisin İntizam komissiyası tərəfindən həyata keçirilir.

 

Maddə 14. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət

Etik davranış qaydalarının pozulmasına görə deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 iyun 2017-ci il.

 

 

8 Avqust 2017, 10:08

http://www.azertag.net

2891—2900 / 10511

11 Aprel 2019, 08:04

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda və 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 Aprel 2019, 08:04

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 iyul tarixli 3099 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda, 2018-ci il 12 fevral tarixli 3660 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi və “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

11 Aprel 2019, 08:04

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”də, 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”ndə və 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 Aprel 2019, 08:04

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında və 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 Aprel 2019, 08:04

Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 Aprel 2019, 08:04

Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 Aprel 2019, 08:04

“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

10 Aprel 2019, 08:04

“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1548-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 Aprel 2019, 08:04

“Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

10 Aprel 2019, 08:04

Ç.A.Abdullayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...