Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və monitorinqin müasir innovasiyalardan istifadə etməklə təşkili məqsədi ilə qərara alıram:
1. İlkin mərhələdə pilot layihə olaraq Bakı şəhərində tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı aşağıdakı tədbirlər görülsün:
1.1. tikilməkdə olan çoxmənzilli yaşayış binalarının (bundan sonra – tikinti obyektləri) və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestri yaradılsın;
1.2. əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmiş işçilərlə bağlı məlumatların əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulmuş reyestrlə inteqrasiya edilsin;
1.3. əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunan şəxslərin müəyyən edilməsi məqsədilə tikintini həyata keçirən fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılsın;
1.4. qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqin həyata keçirilməsi və nəzarət fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılsın.
2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi aşağıdakıları həyata keçirir:
2.1. bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulmuş elektron reyestrin aparılması;
2.2. tikinti obyektlərində quraşdırılan kameralar vasitəsilə müşahidənin aparılması;
2.3. işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sisteminin yaradılması və idarə edilməsi;
2.4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində həyata keçirdikləri tədbirlərə dair hesabatlarının və zəruri olan digər materiallarının müqayisəli təhlil edilməsi;
2.5. müşahidə kameraları, analitik tanıma sistemi və elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyəti orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi;
2.6. aşkar edilmiş faktların sənədləşdirilməsi, inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi və ya təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün sənədlərin aidiyyəti dövlət orqanına göndərilməsi.
3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:
3.1. bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etsin;
3.2. tikinti obyektlərində müşahidə kameralarının quraşdırılması yerlərinə və texniki parametrlərinə dair tələbləri müəyyən etsin;
3.3. bu Fərmanın icrası ilə əlaqədar görülən tədbirlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə və Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına hesabatlar təqdim etsin.
4. Azərbaycan Respublikasının Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulmuş elektron reyestrin formalaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müəyyən etdiyi məlumatları Dövlət Agentliyinə təqdim etsinlər.
5. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu Fərmanın 1.3-cü bəndinin icrasını təmin etmək üçün tədbirlər görsün.
6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmanın 2.4-cü bəndində nəzərdə tutulmuş hesabatların və digər zəruri materialların surətini ayda bir dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etsin.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
7.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin ştat sayının azaldılması hesabına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddinin 50 ştat vahidi artırılması ilə bağlı tədbirlər görsün;
7.2. bu Fərmanın 1.1-ci, 1.4-cü, 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş elektron reyestrin, mərkəzin, müşahidə və analitik tanıma sistemlərinin qurulmasının, avadanlıq, proqram təminatı və nəqliyyat vasitələri ilə təchiz edilməsinin və saxlanmasının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təklifləri əsasında tədbirlər görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel 2017-ci il.
1 May 2017, 05:055 Aprel 2017, 09:04
Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında ətraflı...
5 Aprel 2017, 09:04
Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası ətraflı...
5 Aprel 2017, 09:04
Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında ətraflı...
5 Aprel 2017, 09:04
“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
5 Aprel 2017, 09:04
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
4 Aprel 2017, 09:04
Nursultan Nazarbayevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
3 Aprel 2017, 09:04
V.Q.Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
31 Mart 2017, 09:03
Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı ətraflı...
31 Mart 2017, 09:03
“Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında ətraflı...
31 Mart 2017, 09:03
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında ətraflı...