Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və monitorinqin müasir innovasiyalardan istifadə etməklə təşkili məqsədi ilə qərara alıram:
1. İlkin mərhələdə pilot layihə olaraq Bakı şəhərində tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı aşağıdakı tədbirlər görülsün:
1.1. tikilməkdə olan çoxmənzilli yaşayış binalarının (bundan sonra – tikinti obyektləri) və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestri yaradılsın;
1.2. əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmiş işçilərlə bağlı məlumatların əldə edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulmuş reyestrlə inteqrasiya edilsin;
1.3. əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunan şəxslərin müəyyən edilməsi məqsədilə tikintini həyata keçirən fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılsın;
1.4. qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqin həyata keçirilməsi və nəzarət fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılsın.
2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi aşağıdakıları həyata keçirir:
2.1. bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulmuş elektron reyestrin aparılması;
2.2. tikinti obyektlərində quraşdırılan kameralar vasitəsilə müşahidənin aparılması;
2.3. işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sisteminin yaradılması və idarə edilməsi;
2.4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində həyata keçirdikləri tədbirlərə dair hesabatlarının və zəruri olan digər materiallarının müqayisəli təhlil edilməsi;
2.5. müşahidə kameraları, analitik tanıma sistemi və elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyəti orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi;
2.6. aşkar edilmiş faktların sənədləşdirilməsi, inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi və ya təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün sənədlərin aidiyyəti dövlət orqanına göndərilməsi.
3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:
3.1. bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etsin;
3.2. tikinti obyektlərində müşahidə kameralarının quraşdırılması yerlərinə və texniki parametrlərinə dair tələbləri müəyyən etsin;
3.3. bu Fərmanın icrası ilə əlaqədar görülən tədbirlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə və Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına hesabatlar təqdim etsin.
4. Azərbaycan Respublikasının Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulmuş elektron reyestrin formalaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müəyyən etdiyi məlumatları Dövlət Agentliyinə təqdim etsinlər.
5. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu Fərmanın 1.3-cü bəndinin icrasını təmin etmək üçün tədbirlər görsün.
6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmanın 2.4-cü bəndində nəzərdə tutulmuş hesabatların və digər zəruri materialların surətini ayda bir dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etsin.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
7.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin ştat sayının azaldılması hesabına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddinin 50 ştat vahidi artırılması ilə bağlı tədbirlər görsün;
7.2. bu Fərmanın 1.1-ci, 1.4-cü, 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş elektron reyestrin, mərkəzin, müşahidə və analitik tanıma sistemlərinin qurulmasının, avadanlıq, proqram təminatı və nəqliyyat vasitələri ilə təchiz edilməsinin və saxlanmasının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təklifləri əsasında tədbirlər görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel 2017-ci il.
1 May 2017, 05:0521 Dekabr 2022, 08:12
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarının tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Dekabr 2022, 08:12
“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1519 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
21 Dekabr 2022, 08:12
Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
21 Dekabr 2022, 08:12
İnvestisiya təşviqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər, Azərbaycan Respublikası Prezidentinin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli, “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2016-cı il 20 aprel tarixli 877 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
21 Dekabr 2022, 08:12
Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
21 Dekabr 2022, 08:12
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
21 Dekabr 2022, 08:12
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
19 Dekabr 2022, 14:12
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
17 Dekabr 2022, 10:12
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
17 Dekabr 2022, 10:12
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...