Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 28 dekabr tarixli Fərmanı ilə

təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Bu Qayda dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmaları (bundan sonra – borcalma) və borcalmanın yuxarı həddinin müəyyənləşdirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Bu Qayda paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan bankların, bank olmayan kredit təşkilatlarının və sığorta şirkətlərinin borcalmasına şamil olunmur.

1.3. Dövlətə məxsus olan hüquqi şəxslərin dövlət zəmanəti ilə borcalması “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanunu və “Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 368 nömrəli Fərmanına uyğun olaraq həyata keçirilir.

 

2. Əsas anlayışlar

2.0. Bu Qaydada istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. dövlətə məxsus olan hüquqi şəxslər dedikdə:

1. paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyəti, məhdud məsuliyyətli cəmiyyət və digər təşkilati-hüquqi formada fəaliyyət göstərən kommersiya hüquqi şəxsləri;

2. dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər;

3. bu Qaydanın 2.0.1-ci yarımbəndinin 1-ci və 2-ci abzaslarında qeyd edilən hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyəti, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur;

2.0.2. borcalma – dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borcalma, qiymətli kağızlarla əqdlər üzrə borcalma, üçüncü şəxslərin öhdəliklərinin təmin edilməsinə dair verilmiş zəmanət üzrə borcalma, lizinq müqaviləsinin öhdəlikləri üzrə borcalma, mal, iş və xidmətlər şəklində borcalma.

 

3. Dövlətə məxsus olan hüquqi şəxslərin borcalmasının

tənzimlənməsi və yuxarı həddinin müəyyən edilməsi

3.1 Dövlətə məxsus olan hüquqi şəxslər cari il iyunun 1-dək növbəti il üzrə borcalma niyyətləri və borcalmanın ümumi məbləğləri barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər.

3.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 30 gün ərzində borcalma niyyəti barədə müraciətləri təhlil edir və bu borcalmaların ümumi məbləğinin ölkənin növbəti il üzrə proqnozlaşdırılan makroiqtisadi və digər maliyyə və borc dayanıqlığı göstəricilərini, o cümlədən ümumi daxili məhsula nisbəti, borca xidmət xərclərinin büdcə xərclərinə nisbəti, valyuta məzənnəsini nəzərə alaraq, borcalmanın yuxarı həddinə dair təkliflərini hazırlayır və borcalmanın yuxarı həddində nəzərə alınan investisiya layihələrini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

3.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla cari il sentyabrın 15-dək növbəti il üçün dövlətə məxsus olan hüquqi şəxslərin borcalmasının yuxarı həddini müəyyən edir.

3.4. Borcalmanın yuxarı həddi Azərbaycan Respublikasının milli valyutası ilə müəyyənləşdirilir.

3.5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hər il yanvarın 30-dək dövlətə məxsus olan hüquqi şəxslərin əvvəlki il üzrə borcalmaları və borcalmanın yuxarı həddinə əməl edilməsi vəziyyəti barədə məlumatları Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

 

4. Dövlətə məxsus olan hüquqi şəxslər

tərəfindən razılığın alınması qaydası

4.1. Dövlətə məxsus olan hüquqi şəxs borcalma həyata keçirilməzdən əvvəl Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə borcalmanın zəruriliyini və məqsədəuyğunluğunu əsaslandırmaqla yazılı müraciət edir.

4.2. Müraciətlə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

4.2.1. borcalmaya səbəb olan layihə və ya tədbirin texniki-iqtisadi əsaslandırılması;

4.2.2. borcalma investisiya layihəsi ilə bağlı həyata keçirildikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin müsbət rəyi;

4.2.3. dövlətə məxsus olan hüquqi şəxsin müraciət olunan il üçün müvafiq qaydada təsdiq edilmiş gəlir və xərclər smetasının ilkin göstəriciləri;

4.2.4. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, son maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyi;

4.2.5. dövlətə məxsus olan hüquqi şəxsin kredit təşkilatlarına borcları barədə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış və ya kredit bürosundan müvafiq kredit tarixçəsindən kredit hesabatı, həmçinin digər borcları haqqında məlumat.

4.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi borcalmaya razılıq verilməsi ilə bağlı dövlətə məxsus olan hüquqi şəxsdən təqdim edilmiş sənədlərə dair izahat və əlavə məlumat tələb edə bilər.

4.4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlətə məxsus olan hüquqi şəxs tərəfindən təqdim olunmuş müraciətə və bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulmuş sənədlərə 30 gündən gec olmayaraq baxır, borcalmaya razılıq verilməsi və ya ondan imtina barədə qərar qəbul edir və bununla bağlı həmin hüquqi şəxsə yazılı məlumat verir. Borcalmaya razılıq verilməsindən imtina edildikdə imtinanın səbəbləri məlumatda göstərilir.

4.5. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə dövlətə məxsus olan hüquqi şəxsə sənədlər təqdim edildiyi gündən başlayaraq 3 gündən gec olmayaraq, yazılı məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, bu Qaydanın 4.4-cü bəndinə uyğun baxılaraq, borcalmaya razılıq verilməsi barədə qərar qəbul edilir.

4.6. Borcalma layihə ilə bağlı həyata keçirildikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi layihənin xüsusiyyətlərindən asılı olaraq, dövlətə məxsus olan hüquqi şəxsdən aidiyyəti dövlət orqanlarının (dövlət təşkilatlarının) rəyinin alınmasını tələb edir və ya müvafiq rəyin alınması üçün dövlət orqanlarına (dövlət təşkilatlarına) müraciət edir. Bu halda borcalmaya razılıq verilməsinə dair müraciətə baxılma müddəti bu Qaydanın 4.7-ci bəndində göstərilən müddətə uzadılır.

4.7. Rəy alınması üçün aidiyyəti dövlət orqanına (dövlət təşkilatına) göndərilmiş müraciətə 10 iş günü müddətində baxılaraq müvafiq rəy verilir.

4.8. İnvestisiya layihəsi ilə bağlı müvafiq rəyin alınması üçün borcalan bu Qaydanın 4.2.1–4.2.5-ci yarımbəndlərində müəyyən olunmuş sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müvafiq sənədlərə onların təqdim edildiyi gündən başlayaraq 20 iş günündən gec olmayaraq baxır və rəy bildirir.

4.9. Borcalmanın dövlətə məxsus olan hüquqi şəxsin dövlət büdcəsi qarşısında öhdəliyinin və borcalma tarixinə mövcud digər öhdəliklərinin yerinə yetirilməsinə mane olacağına dair əsaslar aşkar olunduqda, bu Qaydada nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə, təqdim edilən sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda və aidiyyəti dövlət orqanı (dövlət təşkilatı) mənfi rəy verdikdə, yaxud borcalma bunun üçün müəyyən edilmiş yuxarı həddi keçdikdə borcalmaya razılıq verilməsindən imtina edilir.

4.10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qaydanın 4.9-cu bəndində nəzərdə tutulmuş imtina halları olmadıqda, dövlətə məxsus olan hüquqi şəxsin borcalmasına razılıq verir.

4.11. Borcalmaya verilmiş razılıq müvafiq ilin sonunadək qüvvədə qalır. Borcalma bu müddət ərzində həyata keçirilmədikdə, verilmiş razılıq qüvvəsini itirmiş hesab olunur.

4.12. Dövlətə məxsus olan hüquqi şəxs borc müqaviləsi imzalandıqdan sonra, 3 iş günündən gec olmayaraq, bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, investisiya layihələri üzrə eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə məlumat verir.

4.13. Borcalmaya razılıq verildikdən sonra dövlətə məxsus olan hüquqi şəxs borc müqaviləsi qüvvədə olduğu müddətdə hər rüb üçün maliyyə hesabatlarını, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hər ilin yekunu üzrə auditor yoxlamasından keçmiş maliyyə hesabatlarını və auditor rəyini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

 

5. Yekun müddəa

Dövlətə məxsus olan hüquqi şəxslərin borcalmasına razılıq verilməsi onun borcalma üzrə öhdəliklərinə dövlət zəmanəti verilməsi kimi qəbul edilə bilməz.

30 Dekabr 2016, 09:12

http://www.azertag.net

1781—1790 / 10511

1 Dekabr 2020, 16:12

Bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

1 Dekabr 2020, 11:12

“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı   ətraflı...

27 Noyabr 2020, 20:11

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

27 Noyabr 2020, 20:11

“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 Noyabr 2020, 20:11

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 sentyabr tarixli 380 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin iş yerlərinin standartlarTnda dəyişiklik edilməsi haqqında   ətraflı...

25 Noyabr 2020, 20:11

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 185-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyun tarixli 540 nömrəli, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 aprel tarixli 48 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 19 iyun tarixli 1471 nömrəli, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyun tarixli 140 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 iyul tarixli 164 nömrəli və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 27 may tarixli 711 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

25 Noyabr 2020, 20:11

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

25 Noyabr 2020, 19:11

Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

25 Noyabr 2020, 19:11

Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

25 Noyabr 2020, 19:11

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...