Nağdsız hesablaşmalar haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası ərazisində aparılan nağdsız hesablaşmaların hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

 

1-ci fəsil

 

Ümumi müddəalar

 

Maddə 1. Nağdsız hesablaşmaların məqsədi

 

Bu Qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir.

 

Maddə 2. Nağdsız hesablaşmalar haqqında qanunvericilik

 

Nağdsız hesablaşmalar haqqında qanunvericilik bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən və onlara uyğun qəbul edilmiş normativ hüquqi aktlardan ibarətdir.

 

2-ci fəsil

 

Nağdsız hesablaşmaların tənzimlənməsi

 

Maddə 3. Nağdsız qaydada həyata keçirilən hesablaşmalar

 

3.1. Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur:

3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar;

3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar;

3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.

3.2. Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər.

3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:

3.4.1. vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;

3.4.2. “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər;

3.4.3. dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;

3.4.4. əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;

3.4.5. stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi;

3.4.6. faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;

3.4.7. dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);

3.4.8. təhsil haqlarının ödənilməsi;

3.4.9. turagentlərə ödəmələr.

3.5. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;

3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu;

3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;

3.5.4. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu.

 

Maddə 4. Qanunun pozulmasına görə məsuliyyət

4.1. Bu Qanunun tələblərinə riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

4.2. Bu Qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

 

Maddə 5. Qanunun qüvvəyə minməsi

Bu Qanunun 3.3-cü maddəsi ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 dekabr 2016-cı il.

26 Dekabr 2016, 10:12

http://www.azertag.net

4601—4610 / 10511

16 Noyabr 2017, 09:11

Mərkəzi Seçki Komissiyasının 28 iyul 2017-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

16 Noyabr 2017, 09:11

“Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli 196 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə   ətraflı...

16 Noyabr 2017, 09:11

Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında   ətraflı...

16 Noyabr 2017, 09:11

Akademik Əşrəf Hüseynovun 110 illiyinin qeyd edilməsi haqqında   ətraflı...

15 Noyabr 2017, 10:11

Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

14 Noyabr 2017, 10:11

“Hərbi nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 382 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

14 Noyabr 2017, 10:11

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

14 Noyabr 2017, 10:11

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 aprel tarixli 565 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

14 Noyabr 2017, 10:11

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanının ləğv edilməsi haqqında   ətraflı...

14 Noyabr 2017, 10:11

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...