İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyasının (bundan sonra - Konvensiya) və Ümumdünya Antidopinq Məcəlləsinin tələblərinin Azərbaycan Respublikasında tətbiqini, idmançıların dopinqdən azad idmanda iştirak hüquqlarının təmin edilməsini, beynəlxalq və milli səviyyədə dopinqlə mübarizə proqramlarının həyata keçirilməsini və bu sahədə qadağan edilmiş maddə və üsullardan istifadə ilə mübarizənin səmərəli mexanizminin hazırlanmasını, idmanda dopinqdən istifadənin qarşısının alınması və onunla mübarizə sahəsində dövlət siyasətinin əsas prinsiplərini, bu sahədə idarəetməni, idman subyektlərinin hüquq və vəzifələrini, dopinq nəzarətinin yerinə yetirilməsi qaydalarını və bununla bağlı aşkar edilmiş pozuntulara görə cavabdehliyi müəyyənləşdirir, habelə Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinə və dürüst oyun prinsipinə uyğun olaraq antidopinq siyasətinin həyata keçirilməsini nəzərdə tutur.
FƏSİL 1
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.1.1. antidopinq təşkilatları - dopinqə nəzarət prosesi ilə bağlı fəaliyyətin yerinə yetirilməsi və ya təmin edilməsi üçün qaydaların qəbul edilməsi üzrə cavabdehlik daşıyan təşkilatlar (Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq Paralimpiya Komitəsi, idman tədbiri zamanı yoxlama prosesini həyata keçirən əsas tədbir təşkilatları, Ümumdünya Antidopinq Agentliyi (bundan sonra - ÜADA), Beynəlxalq Federasiyalar və milli antidopinq təşkilatları);
1.1.2. beynəlxalq standart - Ümumdünya Antidopinq Məcəlləsinin təmin edilməsi üçün ÜADA tərəfindən qəbul edilmiş standart;
1.1.3. bionümunə – dopinq yoxlamanın keçirilməsi məqsədi ilə yığılan bioloji material;
1.1.4. dopinq – Ümumdünya Antidopinq Məcəlləsində qeyd edilmiş antidopinq qaydalarının bir və ya bir neçəsinin pozulması;
1.1.5. dopinq nəzarəti – testin keçirilməsinin planlaşdırılması, bionümunələrin toplanması, çatdırılması, laboratoriya tədqiqatları, nəticələrin yoxlanması, terapevtik istifadə üçün icazə alınması, dinləmələrin keçirilməsi və apellyasiya baxışlarından ibarət olan prosesdir;
1.1.6. dopinq testi – testin keçirilməsinin planlaşdırılmasını, bionümunələrin toplanmasını, onların emalını və laboratoriyaya çatdırılmasını ehtiva edən dopinq nəzarəti prosesinin bir hissəsidir;
1.1.7. İdman Arbitraj Məhkəməsi – idman sahəsində mübahisələri araşdıran beynəlxalq arbitraj məhkəməsi;
1.1.8. idman subyektləri - respublika idman federasiyaları, idmançılar, idmançıların köməkçi heyəti və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan digər şəxslər;
1.1.9. qadağan olunmuş metod - qadağan edən siyahıda verilən hər hansı metod;
1.1.10. qadağan edən siyahı – Konvensiyaya və Məcəlləyə uyğun olaraq qadağan olunmuş maddə və metodlardan ibarət siyahı;
1.1.11. qadağan olunmuş maddə - qadağan edən siyahıda verilən hər hansı maddə;
1.1.12. qadağan olunmuş maddələrdən və ya metodlardan istifadə - qadağan edilmiş maddələrin və ya metodun tətbiqi, qidada qəbulu, inyeksiya yolu ilə daxil edilməsi və ya digər üsulla istifadəsi;
1.1.13. milli antidopinq qurumu - idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum;
1.1.14. qeydiyyata alınmış test qrupu – testin keçirilməsinin planlaşdırılmasının bir hissəsi olaraq beynəlxalq federasiyalar tərəfindən beynəlxalq səviyyədə və bu Qanunun 1.1.13-cü maddəsində nəzərdə tutulan qurum tərəfindən milli səviyyədə ayrıca müəyyən edilmiş yüksək səviyyəli idmançıların siyahısı;
1.1.15. Ümumdünya Antidopinq Məcəlləsi (bundan sonra - Məcəllə) -beynəlxalq standartlara uyğun olaraq antidopinq siyasətinin və qaydalarının ümumdünya idman subyektləri və dövlət orqanları tərəfindən icrasını tənzimləyən əsas sənəd.
1.2. İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə sahəsində mövcud olan və bu Qanunun 1.1-ci maddəsində nəzərdə tutulmayan digər anlayışlar Konvensiyada və Məcəllədə müəyyən olunmuş mənada başa düşülür.
Maddə 2. İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının bu sahədə tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Əsas prinsiplər
3.0. İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizənin əsas prinsipləri aşağıdakılardır:
3.0.1. beynəlxalq öhdəliklərə dövlət tərəfindən hörmətlə yanaşılması və riayət edilməsi;
3.0.2. qanunçuluq;
3.0.3. beynəlxalq və milli idman subyektlərinin qarşılıqlı fəaliyyəti;
3.0.4. məxfilik;
3.0.5. hüquq və azadlıqların təmin edilməsi;
3.0.6. dopinq nəzarətinin məcburiliyi;
3.0.7. dürüst oyunun təmin edilməsi.
Maddə 4. Dürüst oyun prinsipi
4.0. İdmanda bərabər şərtlərlə yarışmaq məqsədi ilə dürüst oyun prinsipi aşağıdakıları ehtiva edir:
4.0.1. etik davranış qaydalarına riayət, ədalətli oyun və vicdanlılıq;
4.0.2. idmançıların və onların köməkçi heyətinin sağlamlığının mühafizəsi;
4.0.3. qərəzsizlik;
4.0.4. dopinqdən istifadənin yolverilməzliyi;
4.0.5. idmanda dopinqdən istifadənin qarşısının alınması və onunla mübarizə sahəsində təhsil və maarifləndirmə;
4.0.6. komanda fəaliyyəti;
4.0.7. qanunvericiliyin tələblərinə riayət etmək.
FƏSİL 2
MİLLİ ANTİDOPİNQ QURUMU
Maddə 5. Milli antidopinq qurumunun fəaliyyəti
Milli antidopinq qurumu öz fəaliyyətini bu Qanun, Məcəllə, beynəlxalq standartlar, habelə onun vəzifələrini və hüquqlarını müəyyən edən digər normativ hüquqi aktlar, qaydalar və Nizamnaməsi əsasında həyata keçirir.
Maddə 6. Milli antidopinq qurumunun müstəqilliyi
Milli antidopinq qurumu maliyyə sərbəstliyinə və öz büdcəsinə malik olmaqla fəaliyyətini onun Nizamnaməsi ilə nəzərdə tutulmuş funksiya və öhdəliklərini müstəqil şəkildə həyata keçirir.
Maddə 7. Milli antidopinq qurumunun vəzifələri
7.0. Milli antidopinq qurumunun vəzifələri aşağıdakılardır:
7.0.1. idmançıların və onların köməkçi heyətinin hüquqlarını və idmançıların sağlamlığını qorumaq məqsədi ilə idmanda dopinqsiz iştirakı təbliğ etmək;
7.0.2. idmanda dopinqdən istifadənin qarşısının alınması məqsədi ilə maarifləndirmə fəaliyyətini həyata keçirmək;
7.0.3. idmanda dopinqdən istifadənin qarşısının alınması və onunla mübarizə ilə bağlı strategiyanı hazırlamaq;
7.0.4. Məcəllənin müddəalarını yerinə yetirmək və Azərbaycan Respublikasının dopinqlə bağlı tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət etmək;
7.0.5. idman subyektlərindən toplanmış bionümunələrin testlərinin keçirilməsi daxil olmaqla ölkədə antidopinq fəaliyyətini təmin etmək;
7.0.6. antidopinq ilə bağlı qayda və beynəlxalq standartların tətbiq olunmasını təmin və təbliğ etmək;
7.0.7. Məcəlləyə və ÜADA tərəfindən işlənib hazırlanmış standartlara uyğun olaraq bionümunələrin toplanması və testin keçirilməsi ilə bağlı prosedurlar haqqında idmançıları və onların köməkçi heyətini məlumatlandırmaq;
7.0.8. antidopinq ilə bağlı qaydalara və beynəlxalq standartlara uyğun olaraq idmançılardan bionümunələri toplamaq və onların test üçün ÜADA tərəfindən akkreditasiya edilmiş laboratoriyalara təhlükəsiz şəkildə daşınmasını təmin etmək;
7.0.9. ÜADA-nın göstərişlərinə uyğun olaraq bütün qadağan olunmuş maddələrlə bağlı məlumatları saxlamaq;
7.0.10. qeydiyyata alınmış test qrupu barədə məlumatı Məcəllədə nəzərdə tutulan Antidopinq Administrasiya və İdarəetmə Sistemində saxlamaq;
7.0.11. milli antidopinq qurumunun qaydalarına uyğun olaraq antidopinq qayda pozuntuları ilə bağlı məsuliyyətin həyata keçirilməsini təmin etmək;
7.0.12. milli antidopinq qurumu üçün müəyyən olunmuş qaydalara riayət etmək və yerinə yetirmək üçün zəruri tədbirləri həyata keçirmək;
7.0.13. Məcəllənin normalarına riayət etmək və onun tətbiq olunması üçün zəruri tədbirləri görmək;
7.0.14. bu Qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş vəzifələri icra etmək.
Maddə 8. Milli antidopinq qurumunun hüquqları
8.1. Milli antidopinq qurumu aşağıdakı hüquqlara malikdir:
8.1.1. bionümunələrin analizi üçün ÜADA-nın akkreditasiyadan keçirdiyi laboratoriyalardan istifadə etmək;
8.1.2. bu Qanunun 11-ci, 13-cü və 16-cı maddələrində nəzərdə tutulan qurumlarda müvafiq prosesləri müşahidə etmək;
8.1.3. bu Qanunun icrası məqsədi ilə müvafiq sübutları əldə etmək və araşdırmaq, lazımi şəxsləri belə araşdırmaya cəlb etmək;
8.2. milli antidopinq qurumu səlahiyyətlərinin icrası məqsədi ilə bu Qanuna uyğun olaraq qaydalar müəyyən edə bilər.
Maddə 9. Milli antidopinq qurumunun müşahidə şurası
Milli antidopinq qurumunun müşahidə şurasının tərkibi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 10. Milli antidopinq qurumunun yurisdiksiyası
10.1. Milli antidopinq qurumu onun müəyyən etdiyi qaydalarda əks edilmiş test, təhsil, tədqiqat və digər fəaliyyətləri əhatə edən antidopinq proqramını icra edir və bu sahələr üzrə müvafiq proqram və prosedurlar hazırlayır.
10.2. İdman subyektləri milli antidopinq qurumunun səlahiyyətlərini tanımalı və onun müəyyən etdiyi qaydaların tələblərinə riayət etməlidirlər.
FƏSİL 3
MÜSTƏQİL QURUMLAR
Maddə 11. Terapevtik istifadəyə icazə qurumu
11.1 Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərin həyata keçirilməsi məqsədi ilə terapevtik istifadəyə icazə qurumunu (bundan sonra – icazə qurumu) yaradır və onun Əsasnaməsini təsdiq edir. İcazə qurumu öz vəzifələrinin icrasını müstəqil və qərəzsiz həyata keçirmək üçün tələb olunan hüquqlara malikdir.
11.2. İcazə qurumu bu sahədə nəzərdə tutulmuş beynəlxalq standartlara uyğun olaraq terapevtik istifadə üçün müraciəti qiymətləndirir və yekun qərar qəbul edir. Bu qərar milli antidopinq qurumu tərəfindən tanınmalıdır.
11.3. İcazə qurumu terapevtik istifadə üçün edilən müraciətlərin qiymətləndirilməsi zamanı məqsədəuyğun hesab etdiyi tibbi və ya digər ekspertizanın keçirilməsi üçün müraciət etmək hüququna malikdir.
11.4. İdman subyektləri icazə qurumunun tələblərinə riayət etməlidirlər.
Maddə 12. İcazə qurumunun səlahiyyətləri
12.0. İcazə qurumunun səlahiyyətləri aşağıdakılardır:
12.0.1. terapevtik istifadəyə icazə sertifikatlarının verilməsi üçün milli səviyyəli idmançıların müraciətlərini qəbul etmək və qiymətləndirmək;
12.0.2. müraciətin qiymətləndirməsinin nəticəsindən asılı olaraq terapevtik istifadəyə icazə sertifikatını vermək və ya onu verməkdən imtina etmək;
12.0.3. bu Qanunla və digər normativ hüquqi sənədlərlə onlara verilən digər səlahiyyətləri həyata keçirmək.
Maddə 13. İntizam qurumu
Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 14-cü maddəsində nəzərdə tutulan səlahiyyətlərin həyata keçirilməsi məqsədi ilə intizam qurumunu yaradır və onun Əsasnaməsini təsdiq edir. İntizam qurumu öz vəzifələrinin icrasını müstəqil və qərəzsiz həyata keçirmək üçün tələb olunan hüquqlara malikdir.
Maddə 14. İntizam qurumunun səlahiyyətləri
14.1. İntizam qurumu bu Qanunla və milli antidopinq qurumunun qaydaları ilə onun səlahiyyətlərinə aid edilmiş antidopinq qayda pozuntularını müəyyənləşdirmək və onlarla bağlı işlərə baxmaq səlahiyyətinə malikdir. Beynəlxalq səviyyəli idmançılar və milli səviyyəli idmançılar nəticələrin idarə edilməsi üzrə antidopinq təşkilatının, ÜADA-nın və digər antidopinq təşkilatlarının razılığı ilə ilkin dinləmə olmadan birbaşa İdman Arbitraj Məhkəməsində dinləmə keçirilə bilər.
14.2. İntizam qurumu bu Qanuna və milli antidopinq qurumunun qaydalarına uyğun olaraq antidopinq qayda pozuntularına görə tətbiq edilən sanksiyaları müəyyənləşdirmək hüququna malikdir.
14.3. İntizam qurumu fəaliyyətini ədalətli və qərəzsiz həyata keçirir.
14.4. İntizam qurumunun qərarı və ya antidopinq qayda pozuntularına görə tətbiq etdiyi sanksiyalar İdman Arbitraj Məhkəməsindən və ya apellyasiya qurumundan başqa digər məhkəmə, arbitr, dinləmə orqanı tərəfindən ləğv edilə, dəyişdirilə və ya etibarsız hesab edilə bilməz.
14.5. İdman subyektləri intizam qurumunun tələblərinə riayət etməlidirlər.
Maddə 15. İntizam qurumunun qərarları
15.1. İntizam qurumunun qərarından Məcəllədə göstərilən qaydada şikayət verilə bilər.
15.2. Qərarla bağlı şikayət olmadığı halda:
15.2.1. antidopinq qaydalarının pozulması müəyyənləşdirilərsə Məcəlləyə uyğun olaraq bu barədə ictimaiyyətə məlumat verilir;
15.2.2. antidopinq qaydalarının pozulmaması müəyyənləşdirilərsə yalnız idmançının və ya barəsində qərar çıxarılan digər şəxsin razılığı olduğu halda ictimaiyyətə məlumat verilə bilər.
15.3. Milli antidopinq qurumu bu Qanunun 15.2.2-ci maddəsində göstərilən razılığın alınması üçün səy göstərir və bu razılıq əldə edildikdə məlumat tam şəkildə, yaxud idmançı və ya barəsində qərar çıxarılan digər şəxsin razılıq verdiyi şəkildə ictimaiyyətə bildirilməlidir.
Maddə 16. Apellyasiya qurumu
Müvafiq icra hakimiyyəti orqanı apellyasiya qurumunu yaradır və onun Əsasnaməsini təsdiq edir. Apellyasiya qurumu öz vəzifələrinin icrasını müstəqil və qərəzsiz həyata keçirmək üçün tələb olunan hüquqlara malikdir.
Maddə 17. Apellyasiya qurumunun hüquqları
17.1. Apellyasiya qurumu bu Qanunda və milli antidopinq qurumunun qaydalarında nəzərdə tutulan pozuntu hallarını müəyyənləşdirmək və onlarla bağlı işlərə baxmaq hüququna malikdir. ÜADA Məcəlləyə uyğun olaraq şikayət etmək hüququna malik olarsa və tərəflərdən biri yekun qərardan şikayət verməzsə, bu qərarla bağlı ÜADA birbaşa İdman Arbitraj Məhkəməsinə şikayət edə bilər.
17.2. Apellyasiya qurumu bu Qanuna və milli antidopinq qurumunun qaydalarına uyğun olaraq antidopinq qayda pozuntularına görə tətbiq edilən sanksiyaları müəyyənləşdirmək hüququna malikdir.
17.3. Apellyasiya qurumu öz səlahiyyətlərini ədalətli və qərəzsiz şəkildə yerinə yetirməlidir.
17.4. Apellyasiya qurumu tərəfindən tətbiq edilən son qərar və ya antidopinq qayda pozuntularına görə tətbiq edilən sanksiyalar İdman Arbitraj Məhkəməsindən başqa digər məhkəmə, münsif, dinləmə orqanı tərəfindən ləğv edilə, dəyişdirilə və ya etibarsız hesab edilə bilməz.
17.5. İdman subyektləri apellyasiya qurumunun tələblərinə riayət etməlidirlər.
Maddə 18. Apellyasiya qurumunun vəzifələri
18.0. Apellyasiya qurumunun vəzifələri aşağıdakılardır:
18.0.1. bu Qanunun və ondan irəli gələn qaydaların tələblərini yerinə yetirmək üçün tələb olunan bütün tədbirləri görmək;
18.0.2. müraciət olduğu halda idmanla əlaqədar mübahisələrə baxmaq;
18.0.3. milli antidopinq qurumu tərəfindən ona ünvanlanmış idman mübahisələrinin müvafiq qaydada dinlənilməsini və araşdırılmasını təmin etmək;
18.0.4. bu Qanunun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulan məqsədlərə nail olmaq üçün bütün tədbirləri görmək;
18.0.5. bu Qanunla və digər normativ hüquqi aktlarla apellyasiya qurumunun üzərinə qoyulmuş digər vəzifələri yerinə yetirmək.
FƏSİL 4
İDMAN SUBYEKTLƏRİNİN VƏZİFƏLƏRİ VƏ MƏSULİYYƏTİ
Maddə 19. İdman subyektlərinin vəzifələri
19.1. İdman subyektlərinin vəzifələri aşağıdakılardır:
19.1.1. milli antidopinq qurumu, icazə qurumu, intizam qurumu və apellyasiya qurumunun müstəqilliyinə hörmət etmək, onların qərarlarına və fəaliyyətinə müdaxilə etməmək;
19.1.2. tabeliyində olan qurumlardan antidopinq qayda pozuntuları ilə bağlı milli antidopinq qurumuna hesabatların verilməsini və səlahiyyətli antidopinq təşkilatları tərəfindən aparılan araşdırmalar zamanı onlarla əməkdaşlıq etmələrini tələb etmək;
19.1.3. tabeliyində olan qurumlar tərəfindən təşkil edilən tədbirlərdə dopinq testin keçirilməsi üçün məntəqənin ayrılması da daxil olmaqla araşdırma işində əməkdaşlıq etmək;
19.1.4. milli antidopinq qurumunun qeydiyyata alınmış test qrupuna daxil olan idmançıların olduğu yer ilə bağlı məlumatların verilməsi də daxil olmaqla təşkilati və texniki tədbirlər görmək;
19.1.5. idmançının köməkçi heyətinin və ya digər şəxslərin dopinqin tətbiqi ilə bağlı araşdırmalara cəlb olunmasını və antidopinq qayda pozuntularına görə tətbiq edilmiş sanksiyaların icra olunmasını səlahiyyətləri daxilində təmin etmək və bunlar barədə milli antidopinq qurumuna hesabat vermək, habelə yetkinlik yaşına çatmayanlarla bağlı antidopinq qaydalarının pozulması haqqında araşdırmalar aparmaq;
19.1.6. qadağan edən siyahıda göstərilən maddə və metodlar haqqında məlumatlı olmaq, onlara riayət etmək və buna görə məsuliyyət daşımaq.
19.2. Antidopinq qaydalarını bilməmək və qadağan edən siyahıda göstərilən maddə və metodlar haqqında məlumatlı olmamaq məsuliyyətdən azad edilməsinə əsas ola bilməz.
Maddə 20. Respublika idman federasiyalarının məsuliyyəti
20.1. İdmançıya və ya onun köməkçi heyətinə sanksiya tətbiq edildiyi halda respublika idman federasiyaları bu Qanuna və milli antidopinq qurumunun qaydalarına uyğun olaraq həmin sanksiyanın icra edilməsini təmin etməlidirlər.
20.2. Respublika idman federasiyaları tərəfindən bu Qanunun 20.1-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsi pozuntu hesab olunur və dövlət büdcəsindən ayrılan maliyyə dəstəyinin həmin tələblər yerinə yetirilənədək kəsilməsinə səbəb olur.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2016-cı il.
15 Dekabr 2016, 09:126 Noyabr 2018, 08:11
Q.M.Paşayevə “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
6 Noyabr 2018, 08:11
Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
6 Noyabr 2018, 08:11
Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
6 Noyabr 2018, 08:11
Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
6 Noyabr 2018, 08:11
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
6 Noyabr 2018, 08:11
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 Noyabr 2018, 08:11
Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
2 Noyabr 2018, 08:11
“Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 2784 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
2 Noyabr 2018, 08:11
“Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 Noyabr 2018, 08:11
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...