“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin NİZAMNAMƏSİ

Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 30 sentyabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

“Ərzaq məhsullarının tədarükü və təchizatı”

Açıq Səhmdar Cəmiyyətinin

NİZAMNAMƏSİ

 

1. Ümumi müddəalar

1.1. “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamına (bundan sonra – Sərəncam) əsasən yaradılmışdır.

1.2. Cəmiyyətin bütün səhmləri ilkin mərhələdə dövlətə məxsusdur.

1.3. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.

1.4. Cəmiyyətin aparatı, idarə, nümayəndəlik və filialları, həmçinin törəmə cəmiyyətləri Cəmiyyətin strukturunu təşkil edir.

1.5. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir:

1.5.1. tam halda – “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti;

1.5.2. qısaldılmış halda – “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC;

1.5.3. ingilis dilində tam adı – “Food products’ procurement and supply” Open Joint Stock Company;

1.5.4. ingilis dilində qısaldılmış adı – “Food products’ procurement and supply” OJSC.

1.6. Cəmiyyətin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 57.

2. Cəmiyyətin hüquqi statusu

2.1. Cəmiyyət hüquqi şəxsdir, onun müstəqil balansı, banklarda hesablaşma hesabı və digər hesabları vardır.

2.2. Cəmiyyətin ayrıca əmlakı vardır və öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri daxilində əqdlər, sazişlər, müqavilələr bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

2.3. Cəmiyyətin, üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir olunmuş və Cəmiyyətin adı göstərilmiş möhürü, müvafiq ştampları və blankları vardır.

2.4. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Sərəncama, bu Nizamnaməyə və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

2.5. Cəmiyyət dövlətin üzərinə götürdüyü hər hansı öhdəliklərə görə cavabdeh deyildir.

2.6. Dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır.

3. Cəmiyyətin məqsədi və fəaliyyət istiqamətləri

3.1. Cəmiyyətin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, ərzaq məhsullarının keyfiyyətini, eləcə də dövlət vəsaitindən istifadənin səmərəliliyini artırmaq və dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdən ibarətdir.

3.2. Cəmiyyət bu Nizamnamənin 3.1-ci bəndində göstərilən məqsədə nail olmaq üçün aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

3.2.1. dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının təşkil edilməsi;

3.2.2. satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçıların fəaliyyətinin monitorinqinin aparılması, istehsalçının Cəmiyyətin elektron portalında yerləşdirilmiş istehsal həcmini təmin etmək imkanının (potensialının) olmaması barədə əsaslı faktlar aşkar edildiyi hallarda, portalda yerləşdirilmiş məlumatların dəqiqləşdirilməsi;

3.2.3. büdcə təşkilatlarının ərzaq məhsullarına ehtiyacının ödənilməsi məqsədi ilə Cəmiyyətin elektron portalında göstərilən məhsul istehsalçılarından (satıcılarından) məhsulların birbaşa satın alınmasının həyata keçirilməsi;

3.2.4. kənd təsərrüfatı məhsullarının tədarük edilməsi, satınalan təşkilata təqdim edilənədək saxlanılması və həmin təşkilatla bağlanmış müqavilə şərtlərinə uyğun olaraq onlara çatdırılması;

3.2.5. tədarük olunan ərzaq məhsullarının korlanma və məhvolmadan sığortalanması;

3.2.6. kənd təsərrüfatı və ərzaq məhsullarının keyfiyyətinin təmin edilməsi ilə bağlı müvafiq infrastrukturun yaradılması;

3.2.7. ərzaq məhsullarının tədarükü və təchizatı sahəsində normativ hüquqi aktların hazırlanmasında və təkmilləşdirilməsində iştirak edilməsi;

3.2.8. ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaiti hesabına satın alınması prosedurlarında ortaya çıxan mübahisəli məsələlərin araşdırılması və qanunvericiliyin tələbləri pozulduğu hallarda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görülməsi barədə aidiyyəti üzrə təkliflərin verilməsi;

3.2.9. kənd təsərrüfatı məhsullarının istehsalının və emalının stimullaşdırılması və genişləndirilməsi, həmçinin büdcə təşkilatlarının ərzaq məhsullarına ehtiyacının ödənilməsi məqsədi ilə zəruri hallarda idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi;

3.2.10. Cəmiyyətin nümayəndəlik və filiallarının, törəmə cəmiyyətlərinin iqtisadi və maliyyə vəziyyətinin təhlil edilməsi, onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə tədbirlər görülməsi;

3.2.11. Cəmiyyətin işçilərinin sosial müdafiəsinin və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsi;

3.2.12. Cəmiyyətin əqli mülkiyyətinin Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq idarə olunması və onun barəsində sərəncam verilməsi;

3.2.13. fəaliyyət dairəsinə aid olan islahatların aparılmasına dair təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;

3.2.14. müvafiq dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlərin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilməsi;

3.2.15. Cəmiyyətin elektron portalında yerləşdirilən istehsalçıların fəaliyyətinin monitorinqinin aparılması və onlardan istehsal imkanları barədə yazılı və şifahi məlumatların alınması;

3.2.16. istehsalçının Cəmiyyətin elektron portalında yerləşdirilən istehsal həcmini təmin etmək imkanında olmaması barədə əsaslı faktlar aşkar edildikdə, elektron portalda olan məlumatlarda düzəliş edilməsi və bu barədə istehsalçıya məlumat verilməsi;

3.2.17. ərzaq məhsullarının alınmasına dair elanın şərtlərinə uyğun gələn təklif həmin məhsullara tələbatdan az olduqda, tələbatın təklifdən artıq olan hissəsinin müvafiq qiymətlər çərçivəsində digər şəxslərdən alınması, bu mümkün olmadıqda isə idxal edilməsi;

3.2.18. yerli kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, yerli kənd təsərrüfatı məhsulları istehsalçılarının və ixracın təşviqi məqsədi ilə tələbatdan artıq tədarük edilmiş kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracının, habelə yerli bazarda bütün satış kanalları və zəncirləri vasitəsilə həmin məhsulların satışının təşkili və həyata keçirilməsi, o cümlədən bütün növ topdansatış və pərakəndə satış obyektlərinin təşkili və idarə olunması;

3.2.19. ərzaq məhsullarının tədarükü və təchizatı sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, bu sahədə kadr hazırlığının və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi;

3.2.20. xüsusi bülletenlərin və digər nəşrlərin buraxılması;

3.2.21. Cəmiyyətin fəaliyyəti haqqında əhalinin məlumatlandırılması və bu məqsədlə Cəmiyyətin internet saytının yaradılması.

3.3. Cəmiyyət məqsəd və fəaliyyət istiqamətləri ilə əlaqədar qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət sahələri ilə məşğul ola bilər.

3.4. Cəmiyyət bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlər üçün lisenziya tələb olunan fəaliyyət növü ilə yalnız belə lisenziya aldıqdan sonra məşğul ola bilər.

4. Cəmiyyətin nizamnamə kapitalı və əmlakı

4.1. Cəmiyyətin nizamnamə kapitalı bu Nizamnaməyə uyğun olaraq, təsisçinin qərarı ilə Cəmiyyətin mülkiyyətinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur.

4.2. Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər maddi və qeyri-maddi aktivlərdən ibarətdir. Cəmiyyətin əmlakı onun müstəqil balansında əks olunur. Cəmiyyət öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

4.3. Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir.

4.4. Cəmiyyətin nizamnamə kapitalı 100 000 (yüz min) manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil olunur. Nizamnamə kapitalı nominal dəyəri 1 (bir) manat olan 100 000 (yüz min) ədəd adi səhmdən ibarətdir.

4.5. Cəmiyyətin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur:

4.5.1. nizamnamə kapitalına daxil olan əmlak;

4.5.2. maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər;

4.5.3. investorların ayırdıqları vəsaitlər;

4.5.4. qanunla qadağan olunmayan digər mənbələr.

4.6. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4.7. Cəmiyyətin nizamnamə kapitalına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan, əmlak hüquqlarından və pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.

4.8. Cəmiyyət qanunlarda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra özünün, törəmə cəmiyyətlərinin, habelə nümayəndəlik və filiallarının fəaliyyətindən əldə edilmiş mənfəəti mərkəzləşdirilmiş fondlarda cəmləşdirmək və həmin vəsaitlər üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

4.9. Cəmiyyət balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5. Cəmiyyətin ali idarəetmə orqanı

5.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır (bundan sonra – Ümumi Yığıncaq).

5.2. Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər Sərəncama uyğun olaraq həll edilir.

6. Cəmiyyətin icra orqanı

6.1. Cəmiyyətin İdarə Heyəti (bundan sonra – İdarə Heyəti) Cəmiyyətin kollegial icra orqanıdır.

6.2. İdarə Heyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Sərəncam ilə Ümumi Yığıncağa, habelə bu Nizamnamə ilə Cəmiyyətin sədrinə verilmiş səlahiyyətlər istisna olmaqla, Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir.

6.3. İdarə Heyətinin tərkibi 5 (beş) nəfərdən – Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədrindən, onun 2 (iki) müavinindən və Cəmiyyət sədrinin təqdimatı əsasında Ümumi Yığıncaq tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 2 (iki) üzvdən ibarətdir.

6.4. İdarə Heyətinin işinə Cəmiyyətin sədri rəhbərlik edir.

6.5. İdarə Heyəti:

6.5.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada hesabat verir;

6.5.2. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə (bundan sonra – Nazirlik) təkliflər verir;

6.5.3. Cəmiyyətin Nizamnaməsində, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

6.5.4. Cəmiyyətə işə qəbul və işçilərin qiymətləndirilməsi, o cümlədən işçilərə vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsi qaydalarını müəyyən edir;

6.5.5. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;

6.5.6. Cəmiyyətin daxili intizam qaydalarını müəyyən edir;

6.5.7. yeni texnologiyaların tətbiqi ilə bağlı qərarlar qəbul edir;

6.5.8. Cəmiyyətin aparatının struktur bölmələrinin, idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin səlahiyyətlərini müəyyən edir;

6.5.9. Cəmiyyətin saxlanılması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunda nəzərdə tutulmuş mənbələrdən (kreditlər, qrantlar, texniki yardımlar, işlərin görülməsindən, xidmətlər göstərilməsindən daxilolmalar və s.) Cəmiyyətin sərəncamına daxil olan məqsədli vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edir;

6.5.10. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərar qəbul edir;

6.5.11. Cəmiyyətin inkişaf strategiyasının formalaşdırılmasına dair aidiyyəti üzrə təkliflər verir;

6.5.12. Cəmiyyətin xarici şirkətlərlə birgə işinin məqsədəuyğunluğu barədə məsələlərə baxır;

6.5.13. Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnu həyata keçirir;

6.5.14. Cəmiyyətin perspektiv inkişaf planına, digər hüquqi şəxslərə kapital qoyuluşuna dair təkliflər verir;

6.5.15. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanması haqqında qərarın qəbul edilməsi üçün Nazirliyə müraciət edir;

6.5.16. müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;

6.5.17. Cəmiyyətin fəaliyyətinə dair illik iş proqramlarını, onların yerinə yetirilməsi haqqında hesabatları təsdiq edir;

6.5.18. Cəmiyyətin səhmlərinin, istiqrazlarının və digər növ qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi, dövriyyəsi, ləğvi, habelə onların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası ilə bağlı aidiyyəti üzrə təkliflər verir;

6.5.19. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin büdcələrini təsdiq edir;

6.5.20. Cəmiyyətin iştirak etdiyi birgə layihələrə əmlak və (və ya) pul şəklində pay qoyur;

6.5.21. Cəmiyyətin, onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin istifadəsi üçün ayrılmış dövlət torpaqlarından təyinatı üzrə istifadə edir;

6.5.22. ssudaların, borcların, kreditlərin, zəmanətlərin alınması və verilməsi üzrə tələbləri müəyyənləşdirir, habelə Cəmiyyətin büdcəsinin, fəaliyyət planlarının və investisiya proqramlarının icrasına nəzarət edir;

6.5.23. bu Nizamnamənin 2.4-cü bəndinin tələbləri nəzərə alınmaqla, Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, həmçinin törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi haqqında qərar qəbul edir;

6.5.24. Cəmiyyətin malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın Cəmiyyətin internet saytında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;

6.5.25. müstəqil ekspertləri və mütəxəssisləri Cəmiyyətin fəaliyyətinə cəlb edir.

6.6. İdarə Heyətinin iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İclaslar protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. Həmin qərarlar Cəmiyyətin İdarə Heyətinin sədri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.

6.7. Cəmiyyətin İdarə Heyətinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə, Cəmiyyətin İdarə Heyəti sədrinin səsi həlledicidir.

7. Cəmiyyətin sədri

7.1. Cəmiyyətin sədri:

7.1.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir;

7.1.2. sədrin müavinlərinin vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;

7.1.3. sədrin müavinləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir;

7.1.4. İdarə Heyətinin fəaliyyətini təşkil edir və reqlamentini təsdiq edir;

7.1.5. Cəmiyyətin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi və onun hüquqlarının həyata keçirilməsi üçün zəruri tədbirlər görür;

7.1.6. Cəmiyyətin adından etibarnaməsiz fəaliyyət göstərir, habelə Cəmiyyəti bütün dövlət orqanlarında, müəssisələrdə, idarələrdə və təşkilatlarda (o cümlədən beynəlxalq təşkilatlarda) təmsil edir;

7.1.7. Cəmiyyətin işçilərinin say həddini, ştat cədvəlini, əməkhaqqı sistemini və xərclər smetasını təsdiq edir;

7.1.8. Cəmiyyətin səmərəli fəaliyyət göstərməsini təmin edir;

7.1.9. Cəmiyyətin aparatının struktur bölmələrinin əsasnamələrini, idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə cəmiyyətlərinin nizamnamələrini, həmçinin Cəmiyyətin idarə olunması ilə əlaqədar sənədləri (bu Nizamnamənin 6.5.6-cı yarımbəndində nəzərdə tutulmuş hal istisna olmaqla) təsdiq edir, onlarda müvafiq dəyişikliklər haqqında qərarlar qəbul edir;

7.1.10. Cəmiyyətin aparatının, idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin strukturunu və ştat cədvəlini təsdiq edir, Cəmiyyətin aparatının (sədrin müavinləri istisna olmaqla) işçilərini, idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin rəhbərlərini və onların müavinlərini, baş mühəndislərini və baş mühasiblərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq edir;

7.1.11. əmək fəaliyyətində fərqlənən işçilərə fəxri adların verilməsi və digər təltiflər barədə aidiyyəti qurumlara təqdimat verir;

7.1.12. Cəmiyyətin qərarlarının yerinə yetirilməsinə nəzarəti təşkil edir;

7.1.13. bu Nizamnamənin 6.5.15-ci və 6.5.16-cı yarımbəndlərinin tələbləri nəzərə alınmaqla, əqdlər (o cümlədən xarici şirkətlərlə) bağlayır və onların yerinə yetirilməsini təmin edir;

7.1.14. etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, hesabları və tədiyyə tapşırıqlarını imzalayır;

7.1.15. Cəmiyyətin idarə edilməsi, cari fəaliyyətinin tənzimlənməsi üçün ona verilmiş səlahiyyətlər daxilində icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir;

7.1.16. Cəmiyyətdə, onun idarə, filial və nümayəndəliklərində, habelə törəmə cəmiyyətlərində beynəlxalq maliyyə, kadr, təchizat və digər idarəetmə qaydalarının və standartlarının tətbiqi ilə bağlı müvafiq tədbirlər görür;

7.1.17. fəaliyyət məqsədlərinə uyğun olaraq, komissiyalar və işçi qruplar yaradır;

7.1.18. Cəmiyyətin mərkəzləşdirilmiş fondlarının yaradılması və istifadəsi qaydaları barədə qərarlar qəbul edir;

7.1.19. Cəmiyyətin idarə, filial və nümayəndəlikləri, habelə törəmə cəmiyyətləri arasındakı münasibətlərdə yaranan mübahisələri həll edir;

7.1.20. Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin işinin təşkilini və onların təsdiq edilmiş gəlir və xərclər smetası üzrə xərclərinin ödənilməsini həyata keçirir;

7.1.21. Cəmiyyətin fəaliyyətini səmərəli təşkil etmək üçün hüquqi şəxs yaratmaqla (birgə müəssisələr) və ya hüquqi şəxs yaratmadan birgə layihələri həyata keçirir və bu layihələri təsis sənədlərinə uyğun olaraq idarə edir;

7.1.22. fəaliyyət istiqamətləri üzrə dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;

7.1.23. öz fəaliyyətində Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, digər normativ hüquqi aktların və Cəmiyyətin idarəetmə orqanlarının qərarlarının icrasını təmin edir;

7.1.24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu Nizamnamə ilə Ümumi Yığıncağın səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll edir.

7.2. Cəmiyyətin sədri öz vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkarlıqla və məntiqlə hərəkət etməyə, dövlətin və Cəmiyyətin maraqlarına sadiq olmağa və bu maraqları öz maraqlarından üstün tutmağa və ehtiyatlı olmağa borcludur və bu vəzifələrin lazımi qaydada icra edilməsi üçün məsuliyyət daşıyır.

7.3. Cəmiyyətin sədri öz vəzifələrini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərinin icrası Cəmiyyətin sədri tərəfindən təsdiq edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilir.

8. Cəmiyyətdə uçot, hesabat və nəzarət

8.1. Cəmiyyət “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır və statistik hesabatları tərtib edir.

8.2. Cəmiyyət “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”na uyğun olaraq, mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

8.3. Cəmiyyətin birinci maliyyə ili dövlət qeydiyyatına alındığı tarixdən başlayır və həmin il dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.

8.4. Cəmiyyət nümayəndəlik və filiallarının seqment maliyyə hesabatları ilə birlikdə öz maliyyə hesabatlarını tərtib edir, həmçinin törəmə cəmiyyətlərinin rüblük və illik maliyyə hesabatlarına baxır. Cəmiyyət törəmə cəmiyyətlərə malik olduqda, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları tərtib edir. Törəmə cəmiyyətlər illik maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra 4 (dörd) ay müddətində Cəmiyyətə təqdim edir. Cəmiyyət birləşdirilmiş (konsolidə edilmiş) illik maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra 6 (altı) aydan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə, həmçinin Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı mətbu orqanda dərc etdirməyə və Cəmiyyətin internet saytında yerləşdirməyə borcludur.

8.5. Cəmiyyət illik maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

8.6. İdarə Heyətinin sədri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.

8.7. Cəmiyyət nümayəndəlik və filiallarının, həmçinin törəmə cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının aparılmasını təmin edir.

9. Daxili audit və maliyyə nəzarəti

9.1. Cəmiyyət İdarə Heyətinin sədrinə tabe olan daxili audit xidmətini təsis edir. Daxili audit xidmətinin əməkdaşları öz funksiyalarını icra edərkən müstəqil qiymət vermək, nəticə çıxarmaq hüququna malikdirlər.

9.2. Daxili auditorun ali iqtisadi və ya hüquq təhsili və ya digər ixtisas üzrə ali təhsili və audit, yaxud əlaqədar sahələrdə ən azı dördillik iş stajı olmalıdır.

9.3. Daxili audit xidmətinin əsas funksiyaları aşağıdakılardan ibarətdir:

9.3.1. Cəmiyyətin, onun struktur bölmələrinin, filial və nümayəndəliklərinin, həmçinin törəmə cəmiyyətlərinin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili qaydalarına uyğunluğunu yoxlamaq;

9.3.2. Cəmiyyətin təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməsi məqsədi ilə bütün sahələrdə aparılan əməliyyatların mütəmadi auditini aparmaq;

9.3.3. daxili audit yoxlamalarının nəticələri haqqında, habelə ortaya çıxmış çatışmazlıqların aradan qaldırılması üçün təkliflər barədə Cəmiyyətin sədrinə məlumat vermək;

9.3.4. “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda və bu Nizamnamədə nəzərdə tutulmuş digər funksiyaları yerinə yetirmək.

9.4. Cəmiyyətin bütün əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri olan sənədləri təqdim etməyə, onlara öz vəzifələrinin icrası üçün lazımi şərait yaratmağa borcludurlar.

10. Cəmiyyətin müstəqil (kənar) auditi

Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

11. Cəmiyyətin törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətləri

11.1. Cəmiyyətin törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətləri Azərbaycan Respublikasının qanunlarına, bu Nizamnaməyə, habelə onların nizamnamə və əsasnamələrinə və Cəmiyyətin daxili sənədlərinə uyğun olaraq tənzimlənir.

11.2. Cəmiyyət törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləri ilə qarşılıqlı münasibətlərdə aşağıdakı səlahiyyətlərə malikdir:

11.2.1. Cəmiyyətin törəmə cəmiyyətlərinin, idarə, filial və nümayəndəliklərinin idarəetmə orqanlarını formalaşdırmaq;

11.2.2. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların balansında olan əmlakın hüquqi və fiziki şəxslərə icarəyə verilməsinə razılıq vermək;

11.2.3. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların təsərrüfat fəaliyyəti üzrə proqnoz göstəricilərinin formalaşdırılmasına və hesabatlara nəzarət etmək, bu məsələlərə aid tövsiyələr və təkliflər vermək, habelə müzakirələrdə iştirak etmək;

11.2.4. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların fəaliyyətinin yekunlarına baxılmasını təmin etmək;

11.2.5. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların təqsiri üzündən Cəmiyyətə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək;

11.2.6. Cəmiyyətin törəmə cəmiyyətlərinin maliyyə-təsərrüfat fəaliyyətini təhlil və təftiş etmək.

12. İctimaiyyətin məlumatlandırılması

12.1. Cəmiyyət ictimaiyyəti daimi olaraq yenilənən rəsmi internet saytı vasitəsilə aşağıdakılar barədə məlumatlandırır:

12.1.1. Cəmiyyətin struktur bölmələri, inkişaf istiqamətləri və onunla əlaqə vasitələri;

12.1.2. bu Nizamnaməyə uyğun olaraq təqdim edilən hesabatlar;

12.1.3. ərzaq məhsullarının satın alınması ilə bağlı müqavilə nümunəsi;

12.1.4. ərzaq məhsullarını mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaiti hesabına satın alan təşkilatların siyahısı;

12.1.5. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qəbul edilmiş qərarlar.

13. Cəmiyyətin ləğvi və yenidən təşkili

 

Cəmiyyətin ləğvi və yenidən təşkili Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

3 Oktyabr 2016, 09:10

http://www.azertag.net

21—30 / 10511

25 Aprel 2023, 12:04

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

17 Aprel 2023, 15:04

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

17 Aprel 2023, 15:04

“Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

17 Aprel 2023, 15:04

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 835-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 7 aprel tarixli 568 nömrəli, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 239-VIQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2020-ci il 30 dekabr tarixli 1235 nömrəli, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 680-VIQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 28 dekabr tarixli 1941 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

17 Aprel 2023, 15:04

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

17 Aprel 2023, 11:04

M.Q.İbrahimovun Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Aprel 2023, 11:04

A.Y.Rəhimovun Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

14 Aprel 2023, 13:04

A.Q.Kərimlinin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

14 Aprel 2023, 13:04

A.Q.Kərimlinin Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

14 Aprel 2023, 12:04

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...