Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Avropa Parlamentinin 2015-ci il sentyabrın 10-da Azərbaycana dair qəbul etdiyi ədalətsiz və qeyri-obyektiv qətnamə bu parlament təşkilatı ilə Azərbaycan arasında münasibətlərin inkişafına ciddi zərbə vurmuşdur. Ölkəmizlə Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında tərəfdaşlığı sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə yönələn bu qərəzli siyasi aksiyanın cavabında Azərbaycan Respublikasının Milli Məclisi 2015-ci il sentyabrın 14-də qərar qəbul etmişdir. Qərarda Avropa Parlamentində müəyyən qüvvələr tərəfindən Azərbaycan barəsində sistemli və davamlı şəkildə aparılan qarayaxma kampaniyasına qiymət verilmiş, bu qüvvələrin Avropa İttifaqı–Azərbaycan münasibətlərinə qarşı pozuculuq fəaliyyətinə son qoyulması üçün zəruri tədbirlər müəyyənləşdirilmişdir. Milli Məclis Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılmasını və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmamasını qərara almışdır. Eyni zamanda, həmin qərarla Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində Milli Məclisin iştirakına son qoyulmuşdur.
Milli Məclis Avropa Parlamentindən tələb etmişdir ki, Azərbaycana münasibətdə obyektiv mövqe tutsun və bu yanaşmanı real addımlarla nümayiş etdirsin. Bununla birlikdə, Avropa Parlamentindəki konstruktiv və sağlam qüvvələrə müraciət edilmişdir ki, Avropa Parlamentinin nüfuzuna xələl gətirən bu cür fəaliyyətin qarşısını almaq üçün səylərini artırsınlar.
2016-cı ilin aprel ayında Avropa Parlamentinin rəhbərliyi Avropa Parlamenti ilə Milli Məclis arasında dialoqu bərpa etmək üçün Avronest Parlament Assambleyasının nümayəndə heyətini Azərbaycana ezam etmişdir. Bu istiqamətdə danışıqların davam etdirilməsi üçün sentyabr ayının 19–21-də Avropa Parlamentinin deputatlarından ibarət səlahiyyətli nümayəndə heyəti Azərbaycana səfər etmiş və dövlətimizin bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirmişdir.
Nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qəbul etmişdir. Dövlət başçısı Avropa Parlamentinin göstərilən qətnaməsi ilə bağlı tənqidi qeydlərini açıq və qəti surətdə ifadə etmiş, Avropa Parlamenti ilə əlaqələrin bərpa edilməsi və bu əlaqələrin qarşılıqlı hörmət, bərabərlik və anlaşma əsasında inkişaf etdirilməsi barədə mülahizələrini söyləmişdir.
Səfərin yekunlarına əsasən qəbul olunmuş bəyanatda Avropa Parlamentinin nümayəndə heyəti bir ildən bəri Avropa Parlamenti ilə Milli Məclis arasında dialoqun olmamasından təəssüfləndiyini bildirmiş, qarşılıqlı münasibətlərin qırılmasına gətirib çıxara biləcək hər hansı halların gələcəkdə baş verməməsi üçün zəruri tədbirlər görüləcəyinə əmin etmişdir. Nümayəndə heyəti bunu da birmənalı olaraq bəyan etmişdir ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tamamilə dəstəkləyir.
Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Avropa Parlamenti ilə Milli Məclis arasında dialoqun və əməkdaşlığın bərpa edilməsi istiqamətində Avropa Parlamenti tərəfindən atılan addımlar Avronest Parlament Assambleyasında Milli Məclisin üzvlüyünün və Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətinin bərpasına zəmin yaradır.
Yuxarıda şərh edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il 14 sentyabr tarixli qərarının 10-cu və 11-ci bəndləri qüvvədən düşmüş sayılsın.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O.Əsədov
Bakı şəhəri, 30 sentyabr 2016-cı il.
3 Oktyabr 2016, 09:10
22 Avqust 2017, 09:08
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 206 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
22 Avqust 2017, 09:08
Ə.Ə.Ələkbərovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında ətraflı...
22 Avqust 2017, 09:08
Samux rayonunda çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında ətraflı...
22 Avqust 2017, 09:08
Göygöl şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
22 Avqust 2017, 09:08
V.F.Hacıyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
21 Avqust 2017, 10:08
Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
21 Avqust 2017, 10:08
Bakı şəhəri Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
17 Avqust 2017, 09:08
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında ətraflı...
17 Avqust 2017, 09:08
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında ətraflı...
17 Avqust 2017, 09:08
Bakı şəhəri Binəqədi rayonunun Binəqədi, Abşeron rayonunun Mehdiabad və Novxanı qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...