Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılsın.

2. “ABAD” mərkəzləri vasitəsilə aşağıdakılar həyata keçirilsin:

2.1. ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, bu layihələrin maliyyələşdirilməsi məqsədi ilə fondun yaradılması;

2.2. “ABAD” layihələri üçün ailə təsərrüfatlarının, kiçik və orta sahibkarların müəyyənləşdirilməsi, təsərrüfat məhsullarının istehsalı üçün müasir texnoloji istehsal avadanlıqlarından istifadə edilməsinə şərait yaradılması;

2.3. ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara biznes planların hazırlanması, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi;

2.4. istehsal olunan məhsulun sertifikatlaşdırılmasının sadələşdirilmiş qaydada “bir pəncərə” prinsipi əsasında təşkili;

2.5. istehsal olunan məhsulun daşınmasının və satışının təşkili;

2.6. istehsal avadanlıqlarından istifadə ilə bağlı təlimlərin keçirilməsi, həmin avadanlıqlara texniki dəstəyin təmin edilməsi, beynəlxalq təcrübə, kənd təsərrüfatı sahəsində istifadə olunan ən qabaqcıl texnoloji yeniliklərlə bağlı məlumatlandırma;

2.7. layihə çərçivəsində nəzarət və qiymətləndirmə aparılması;

2.8. istehsalyönümlü sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı digər tədbirlərin təşkili.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ABAD” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını təmin edən “ABAD” publik hüquqi şəxsi yaratsın və publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin.

4. Pilot layihə çərçivəsində “ABAD” mərkəzlərinin fəaliyyətə başlaması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 1 (bir) milyon manat ayrılsın.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “ABAD” mərkəzlərinin fəaliyyəti üçün ailə təsərrüfatlarının və təsərrüfat məhsullarının müəyyənləşdirilməsi məqsədi ilə regionlar üzrə iqtisadi təhlil və proqnozlar əsasında təkliflərini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etsin.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkqabiliyyətli aztəminatlı ailələrin “ABAD” mərkəzlərinin göstərdiyi xidmətlərdən istifadəsini təmin etmək məqsədi ilə təkliflərini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu Fərmanın 2.4-cü bəndində göstərilən xidmətlərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müəyyən etdiyi qaydada “bir pəncərə” prinsipi əsasında təşkili üçün zəruri tədbirlər görsünlər.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

8.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 4-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

11. Azərbaycan Respublikasının Vergilər Nazirliyi “ABAD” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 sentyabr 2016-cı il.

27 Sentyabr 2016, 09:09

http://www.azertag.net

5721—5730 / 10511

22 Fevral 2017, 09:02

“Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi və “Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə   ətraflı...

22 Fevral 2017, 09:02

M.A.Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında   ətraflı...

21 Fevral 2017, 10:02

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

21 Fevral 2017, 10:02

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

21 Fevral 2017, 10:02

M.S.Əsədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

21 Fevral 2017, 09:02

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

21 Fevral 2017, 09:02

Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

21 Fevral 2017, 09:02

Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması QAYDASI   ətraflı...

21 Fevral 2017, 09:02

“Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında   ətraflı...

21 Fevral 2017, 09:02

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 524-VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...