Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılsın.

2. “ABAD” mərkəzləri vasitəsilə aşağıdakılar həyata keçirilsin:

2.1. ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, bu layihələrin maliyyələşdirilməsi məqsədi ilə fondun yaradılması;

2.2. “ABAD” layihələri üçün ailə təsərrüfatlarının, kiçik və orta sahibkarların müəyyənləşdirilməsi, təsərrüfat məhsullarının istehsalı üçün müasir texnoloji istehsal avadanlıqlarından istifadə edilməsinə şərait yaradılması;

2.3. ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara biznes planların hazırlanması, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi;

2.4. istehsal olunan məhsulun sertifikatlaşdırılmasının sadələşdirilmiş qaydada “bir pəncərə” prinsipi əsasında təşkili;

2.5. istehsal olunan məhsulun daşınmasının və satışının təşkili;

2.6. istehsal avadanlıqlarından istifadə ilə bağlı təlimlərin keçirilməsi, həmin avadanlıqlara texniki dəstəyin təmin edilməsi, beynəlxalq təcrübə, kənd təsərrüfatı sahəsində istifadə olunan ən qabaqcıl texnoloji yeniliklərlə bağlı məlumatlandırma;

2.7. layihə çərçivəsində nəzarət və qiymətləndirmə aparılması;

2.8. istehsalyönümlü sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı digər tədbirlərin təşkili.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ABAD” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını təmin edən “ABAD” publik hüquqi şəxsi yaratsın və publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin.

4. Pilot layihə çərçivəsində “ABAD” mərkəzlərinin fəaliyyətə başlaması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 1 (bir) milyon manat ayrılsın.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “ABAD” mərkəzlərinin fəaliyyəti üçün ailə təsərrüfatlarının və təsərrüfat məhsullarının müəyyənləşdirilməsi məqsədi ilə regionlar üzrə iqtisadi təhlil və proqnozlar əsasında təkliflərini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etsin.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkqabiliyyətli aztəminatlı ailələrin “ABAD” mərkəzlərinin göstərdiyi xidmətlərdən istifadəsini təmin etmək məqsədi ilə təkliflərini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu Fərmanın 2.4-cü bəndində göstərilən xidmətlərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müəyyən etdiyi qaydada “bir pəncərə” prinsipi əsasında təşkili üçün zəruri tədbirlər görsünlər.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

8.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 4-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

11. Azərbaycan Respublikasının Vergilər Nazirliyi “ABAD” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 sentyabr 2016-cı il.

27 Sentyabr 2016, 09:09

http://www.azertag.net

10311—10320 / 10511

10 Fevral 2014, 17:02

Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar № 38   ətraflı...

10 Fevral 2014, 17:02

Azərbaycan Respublikası Vergilər Nazirliyinin ştat sayı haqqında   ətraflı...

7 Fevral 2014, 08:02

Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində çalışan şəxslərə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 Fevral 2014, 08:02

Azərbaycan Respublikasında informasiya-kommunikasiya və kosmik sənaye sahələrində çalışan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Fevral 2014, 09:02

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişiklik edilməsi barədə   ətraflı...

5 Fevral 2014, 09:02

Məhsulun tədqiqi (sınağı) barədə qərarın nümunəvi formasının təsdiq edilməsi haqqında   ətraflı...

5 Fevral 2014, 09:02

Məhsulun tədqiqi (sınağı) məqsədi ilə məhsul nümunələrinin götürülməsi aktının nümunəvi formasının təsdiq edilməsi haqqında   ətraflı...

5 Fevral 2014, 09:02

Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

5 Fevral 2014, 09:02

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 880-IVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 Fevral 2014, 09:02

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...