Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İqtisadiyyatın diversifikasiyası, sahibkarlığın və qeyri-neft sektorunun inkişafı Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Aparılan iqtisadi islahatlar nəticəsində son illər ərzində bu sahədə mühüm nailiyyətlər əldə olunmuş, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi artmış, ixrac potensialı yüksək olan rəqabətqabiliyyətli malların istehsalı genişlənmişdir.
Ölkədə fəaliyyət göstərən sahibkarların əhatə dairəsinin və istehsal imkanlarının artması onlara dövlət dəstəyi və dövlət təşviqi mexanizmlərinin təkmilləşdirilməsini, Azərbaycan mallarının beynəlxalq səviyyədə təbliği üçün yeni imkanların yaradılmasını və tətbiqini zəruri edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlılığını təmin etmək, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq, beynəlxalq bazara inteqrasiya prosesini sürətləndirmək və bu sahədə əlverişli şəraiti daha da genişləndirmək məqsədi ilə qərara alıram:
1. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi:
1.1. Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən, ən azı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) fəaliyyət göstərən İnternet portalının üç ay müddətində yaradılmasını təmin etsin;
1.2. həmin portalda istehsal fəaliyyəti üzrə (hər bir mal növü, onun istehsalçısı, hüquqi ünvanı, əlaqə vasitələri, habelə istehsalçı qrupları, istehsal imkanları, tərəfdaşlar və s.) istifadəsi sadə olan axtarış sistemi yaratsın;
1.3. informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə istehsalçılarla informasiya mübadiləsinin elektron şəkildə və daha operativ qaydada təşkil olunması, habelə istehsalçılar tərəfindən məlumatların portala daxil edilməsi və yenilənməsi məqsədi ilə portalda “elektron kabinet” bölməsi yaratsın;
1.4. malların istehsalçıları tərəfindən məlumatların portalda yerləşdirilməsi üçün mütəmadi olaraq təbliğat-təşviqat tədbirləri həyata keçirsin;
1.5. yaradılmış portal barədə məlumatın kütləvi informasiya vasitələri ilə yayılmasını təmin etsin;
1.6. bu Sərəncamın 3-cü hissəsinə əsasən ayrılan vəsaitin qanunvericiliyə uyğun və təyinatı üzrə xərclənməsini təmin etsin;
1.7. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulan portalın yaradılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə 400,0 (dörd yüz) min manat ayrılsın.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
6. Yerli icra hakimiyyəti orqanları onlara aid inzibati ərazi vahidlərində fəaliyyət göstərən malların istehsalçıları və onların istehsal etdikləri mallar barədə məlumatların bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulan portal istifadəyə verildikdən sonra həmin malların istehsalçıları tərəfindən dörd ay müddətində portalda yerləşdirilməsinin təmin edilməsi istiqamətində təşviqedici tədbirlər həyata keçirsinlər və məlumatların mütəmadi olaraq yenilənərək aktual saxlanmasına nəzarət etsinlər.
7. Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına tapşırılsın ki, bu Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə zəruri kömək göstərilməsini və onun müraciəti əsasında zəruri məlumatların təqdim olunmasını təmin etsinlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 sentyabr 2016-cı il.
22 Sentyabr 2016, 09:091 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında ətraflı...
1 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
1 Oktyabr 2014, 09:10
Əfqanıstan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Əşrəf Qəni Əhmədzaya ətraflı...
1 Oktyabr 2014, 09:10
Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə ətraflı...
30 Sentyabr 2014, 09:09
"Bədən tərbiyəsi və idmanla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
30 Sentyabr 2014, 09:09
"Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 8 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
30 Sentyabr 2014, 09:09
"Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Normaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 7 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
30 Sentyabr 2014, 09:09
Azərbaycan Respublikasının 2015-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2015-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında ətraflı...
30 Sentyabr 2014, 09:09
"Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı"nın təsdiq edilməsi haqqında ətraflı...
25 Sentyabr 2014, 09:09
"Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin yaradılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 29 yanvar tarixli 24 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...