Azərbaycan Respublikası Adından
Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI
27 iyul 2016-cı il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin nümayəndələri Astara Rayon Məhkəməsinin hakimi Zamiq Rəsulovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin baş məsləhətçisi Məhəmməd Baziqovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abiddin Hüseynovun iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq, Cəbrayıl Rayon Məhkəməsinin müraciəti əsasında xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələri ilə nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünün şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Cəbrаyıl Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Yaşayış minimumu haqqında” Qanun) və “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünün şərh olunmasını xahiş etmişdir.
Müraciətdə göstərilir ki, iddiaçı F.Aslanlı Cəbrаyıl Rayon Məhkəməsinə ərizə verərək, oğlu M.Siyablının saxlanılması üçün cavabdeh V.Siyabovdan onun xeyrinə alimentin miqdarının dəyişdirilərək 117 manat məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiа оnunlа əsaslаndırılmışdır ki, həmin Məhkəmənin 23 may 2013-cü il tarixli qətnaməsi ilə cavabdehdən oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 50 manat sabit pul məbləğində alimentin təyin olunmasından uzun müddət keçmiş, həmin müddət ərzində bazar qiymətləri artmış və bunun nəticəsində uşağın saxlanılması çətinləşmişdir.
Cavabdeh öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşağın saxlanılması üçün qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında o, vəsatət qaldıraraq, iş üzrə icraatın dayandırılmasını və “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələri ilə nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünün şərh edilməsi barədə Konstitusiya Məhkəməsinə müraciət edilməsini xahiş etmişdir. Məhkəmənin 7 aprel 2016-cı il tarixli qərardadı ilə vəsatət təmin edilmişdir.
Cəbrаyıl Rayon Məhkəməsinin mövqeyinə görə, yaşayış minimumunun aliment münasibətlərinə aid edilməsi təcrübədə qeyri-müəyyənliklər yaradır, bu isə tərəflərin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinin təmin edilməsini çətinləşdirir. Belə ki, məhkəmələr tərəfindən alimentin təyin edilməsi ilə bağlı işlərə baxılarkən ailə qanunvericiliyinin tələbinə görə alimentin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti deyil, məhz “Yaşayış minimumu haqqında” Qanunun normaları əsas götürülür.
Müraciətedənin fikrincə, əgər valideynlərin gəliri yoxdursa və ya yaşayış minimumunun miqdarından azdırsa, onları artıq qazanc əldə etməyə məcbur etmək neqativ halların baş verməsinə səbəb ola bilər. Belə ki, məhkəmə təcrübəsində aliment ödəmək imkanı olmayan valideynlər barəsində məhkəmə qətnaməsini icra etməməyə görə inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi hallarına rast gəlinir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələ ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci maddəsinin I və II hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Konstitusiyanın 34-cü maddəsinin III və IV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının qorunması sahəsində, eləcə də cəmiyyətin və şəxsiyyətin gələcək inkişafı ilə bağlı ölkəmizdə mühüm addımlar atılmışdır.
Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də Beynəlxalq Əmək Təşkilatının bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur.
“Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin düzgün həll edilməsi üçün Ailə Məcəlləsinin müvafiq normalarının Konstitusiyanın və beynəlxalq hüquqi aktların yuxarıda göstərilən prinsipləri kontekstində şərh edilməsini vacib hesab edir.
Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur.
Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir.
Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir.
Ailə Məcəlləsinin 11-ci fəslində ailədə uşaqların hüquqlarından bəhs olunur. Həmin fəsildə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququndan, uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququndan, uşağın öz fikrini bildirmək hüququndan, uşağın əmlak hüquqlarından və s. bəhs olunur.
Həmin Məcəllənin 49.2 və 49.3-cü maddələrinə görə, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
Qeyd edilməlidir ki, ailə qanunvericiliyində uşaqların müstəqil subyekt kimi tanınması Konstitusiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın və digər beynəlxalq hüquqi aktların tələblərindən irəli gəlir.
Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.
Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər.
Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri).
Göründüyü kimi, ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir:
- könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş);
- məcburi - məhkəmə qərarı əsasında.
Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.
Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər.
Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir:
- aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında;
- sabit pul məbləğində.
Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
- 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
- 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
- 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.
Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir:
- aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa;
- aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa;
- aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa;
- alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda.
Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır.
Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir.
Göründüyü kimi, Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir.
Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur:
- tərəflərin maddi və ailə vəziyyəti;
- diqqətəlayiq digər hallar;
- uşağın əvvəlki təminatının səviyyəsi.
Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir.
Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.
Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.
Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır.
Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar).
Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
Beləliklə, uşaqların saxlanılması üçün aliment tutulması barədə iddiaya baxarkən məhkəmə Ailə Məcəlləsinin tələblərinə əsasən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına müvafiq olaraq alimentin miqdarını müəyyən etməlidir.
Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.
Bununla yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
“Yaşayış minimumu haqqında” Qanunun Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
Ailə Məcəlləsinin 1.1-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının ailə qanunvericiliyi Konstitusiyadan, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Həmin Məcəllənin 4-cü maddəsinə görə isə bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir.
Ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi).
Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir.
Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir.
Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
- göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
3. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev
6 Sentyabr 2016, 09:094 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” 1999-cu il 7 yanvar tarixli 69 nömrəli, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun “İllik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli, “Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli 619 nömrəli, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 mart tarixli 42 nömrəli, “Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 16 noyabr tarixli 311 nömrəli və “Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 20 fevral tarixli 713 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
4 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” 1996-cı il 20 dekabr tarixli 527 nömrəli, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” 1999-cu il 15 aprel tarixli 122 nömrəli, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 171 nömrəli, “Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 4 dekabr tarixli 212 nömrəli, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 18 yanvar tarixli 261 nömrəli, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradılması haqqında” 2000-ci il 11 fevral tarixli 281 nömrəli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 386 nömrəli, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 387 nömrəli, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 388 nömrəli və “Azərbaycan Respublikasının 2001-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 28 noyabr tarixli 422 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
4 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2011-ci il 3 mart tarixli 390 nömrəli, “2011-ci il mayın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Çexiya Respublikasının Texniki Standartlaşdırma, Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsi arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2011-ci il 27 iyul tarixli 486 nömrəli, “2011-ci il noyabrın 29-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Polşanın Standartlaşdırma üzrə Komitəsi arasında standartlaşdırma sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2012-ci il 7 fevral tarixli 582 nömrəli və “2012-ci il oktyabrın 17-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi arasında Azərbaycan Milli Elmlər Akademiyasına və onun bölmələrinə, Azərbaycan Respublikasının ictimai kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki mərkəzlərinə Avrasiya patent-informasiya sistemindən istifadəyə icazə verilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” 2012-ci il 19 dekabr tarixli 783 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
4 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Koreya Respublikasının Koreya Əqli Mülkiyyət Ofisi arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2014-cü il 9 sentyabr tarixli 257 nömrəli, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2016-cı il 4 oktyabr tarixli 1060 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1262 nömrəli və “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2017-ci il 29 noyabr tarixli 1696 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
4 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 357-IVQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2012-ci il 19 iyun tarixli 653 nömrəli, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2012-ci il 13 iyul tarixli 681 nömrəli, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.9-cu, 106.1.10-cu və 122.3-cü maddələrində nəzərdə tutulmuş vergi azadolmaları hallarının müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2012-ci il 13 dekabr tarixli 762 nömrəli, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 674-IVQD nömrəli Qanununun tətbiqi və “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 406 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2013-cü il 25 iyun tarixli 919 nömrəli, “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2013-cü il 1 noyabr tarixli 18 nömrəli və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 825-IVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2013-cü il 10 dekabr tarixli 42 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
4 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1028-IIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2005-ci il 16 dekabr tarixli 330 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 13 mart tarixli 735 nömrəli, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” 2008-ci il 22 aprel tarixli 744 nömrəli, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 23 fevral tarixli 66 nömrəli, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 14 aprel tarixli 82 nömrəli, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 14 aprel tarixli 83 nömrəli, “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 3 iyun tarixli 101 nömrəli, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2009-cu il 30 oktyabr tarixli 174 nömrəli və “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 21 dekabr tarixli 187 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
4 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası ilə Yaponiya arasında əməkdaşlığın genişləndirilməsi tədbirləri haqqında” 1998-ci il 10 mart tarixli 758 nömrəli, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli, “Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” 2010-cu il 16 iyul tarixli 1035 nömrəli, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli 2837 nömrəli, “2013-cü il noyabrın 21-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli 202 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında 1998-ci il 23 oktyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında” 2016-cı il 14 yanvar tarixli 1694 nömrəli, “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli və “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli 5 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
4 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Birləşmiş Millətlər Təşkilatının “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt üzrə Azərbaycan Respublikasının dördüncü dövri məruzəsinin hazırlanması və təqdim olunması barədə” 2018-ci il 5 fevral tarixli 3643 nömrəli, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 12 fevral tarixli 3660 nömrəli, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli, “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 3 may tarixli 38 nömrəli, “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 sentyabr tarixli 497 nömrəli, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 27 dekabr tarixli 852 nömrəli və “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 aprel tarixli 1143 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
4 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Dövlət sanatoriya-kurort və mehmanxana təsərrüfatlarının özəlləşdirilməsi haqqında” 1997-ci il 27 noyabr tarixli 697 nömrəli, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan şərab (o cümlədən ilkin şərab emalı), şampan və konyak zavodlarının, tütün fermentləşdirici fabriklərin və tütün kombinatının, çay emalı və çayçəkici fabriklərinin özəlləşdirilməsi haqqında” 1998-ci il 19 may tarixli 804 nömrəli, “Bakı ağır elektrik qaynaq avadanlıqları zavodunun özəlləşdirilməsi haqqında” 1998-ci il 2 iyul tarixli 845 nömrəli, “Azərbaycan Respublikasında özəlləşdirmənin həyata keçirilməsi prosesinə məsləhətçi şirkətlərin cəlb edilməsi haqqında” 1999-cu il 13 fevral tarixli 78 nömrəli, “Azərbaycan Respublikası “Metallurgiya” Dövlət Şirkətinin ləğv edilməsi haqqında” 2000-ci il 4 may tarixli 405 nömrəli, “Maşınqayırma sənayesi müəssisələrinin özəlləşdirilməsi haqqında” 2001-ci il 22 mart tarixli 647 nömrəli, “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” 2001-ci il 22 mart tarixli 648 nömrəli, “Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında” 2001-ci il 28 mart tarixli 651 nömrəli, “Azərbaycan Respublikası Rabitə Nazirliyinin bir sıra müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında” 2001-ci il 29 mart tarixli 671 nömrəli, “Azərbaycan Respublikası Elmlər Akademiyasının bir sıra müəssisələrinin özəlləşdirilməsi haqqında” 2001-ci il 29 mart tarixli 674 nömrəli və “Kiçik su elektrik stansiyalarının özəlləşdirilməsi haqqında” 2001-ci il 21 dekabr tarixli 844 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
4 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Enerji və su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında” 2002-ci il 25 mart tarixli 893 nömrəli, “Xüsusi maşınqayırma və konversiya sənayesi müəssisələrinin özəlləşdirilməsi haqqında” 2003-cü il 19 mart tarixli 1178 nömrəli, “Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” 2003-cü il 19 iyun tarixli 1251 nömrəli, “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2004-cü il 11 iyun tarixli 252 nömrəli, “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2005-ci il 8 iyun tarixli 847 nömrəli, “Azərbaycan Respublikasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sisteminin inkişafı üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” 2006-cı il 29 iyun tarixli 1540 nömrəli, “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələrində bir sıra müəssisə və obyektlərin özəlləşdirilməsi haqqında” 2006-cı il 23 avqust tarixli 1635 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında” 2007-ci il 28 fevral tarixli 2006 nömrəli, “Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2007-ci il 12 mart tarixli 2027 nömrəli və “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramının (2007–2010-cu illər)” təsdiq edilməsi haqqında” 2007-ci il 12 aprel tarixli 2089 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...