Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin BƏYANNAMƏSİ

“Tərəflər” adlandırılan Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası,

 

regional və beynəlxalq məsələlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın daha da gücləndirilməsi və yüksək etimadın saxlanılmasında marağı nəzərə alaraq,

bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərarası əlaqələrinin daha da inkişaf etdirilməsində qətiyyətli olaraq,

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına sadiqliklərini təsdiqləyərək,

regional sabitlik və təhlükəsizliyə olan çağırış və təhdidlərlə mübarizə aparılması məqsədilə qarşılıqlı fəaliyyətin vacibliyini diqqətdə saxlayaraq,

qeyri-legitim iqtisadi sanksiyaların tətbiq olunması təcrübəsinin qəbuledilməzliyini nəzərə alaraq,

ticari-iqtisadi əməkdaşlığın təşviq və inkişaf etdirilməsi zərurətini vurğulayaraq,

təhlükəsiz və etibarlı tranzit dəhlizlərinin regionun inkişafı üçün yeni imkanların yaradılmasına kömək edəcəyini və xalqlarının rifahına töhfə verəcəyini qəbul edərək,

bazar iqtisadiyyatı, azad rəqabət və qarşılıqlı fayda prinsipləri əsasında nəqliyyat yolları və yüklərin çatdırılması vasitələrinin şaxələndirilməsinə sadiqliklərini təsdiq edərək,

aşağıdakıları bəyan edirlər:

Tərəflər bərabərhüquqlu və qarşılıqlı əməkdaşlıqlarının hərtərəfli inkişafını, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlərin bütün sahələri üzrə müxtəlif səviyyələrdə siyasi dialoqu intensivləşdirməyi və genişləndirməyi davam etdirəcəklər;

Tərəflər mədəniyyət, turizm və biznes sahələrində üçtərəfli əməkdaşlıq formatlarını daha da inkişaf etdirəcək, gənclər mübadiləsi, konsulluq və gömrük məsələləri üzrə qarşılıqlı fəaliyyət göstərəcək, eləcə də Tərəflərin region və əyalətləri arasında əlaqələri təşviq edəcək və Tərəflərin vətəndaşları üçün viza prosedurlarının daha da sadələşdirilməsinin vacibliyini vurğulayırlar;

Tərəflər terrorçuluq, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, silahların, narkotik vasitələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətkarlıqla mübarizə aparılmasında qətiyyətlidirlər. Onlar beynəlxalq ictimaiyyəti Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq sabitlik və təhlükəsizliyə olan həmin çağırış və təhdidlərlə səmərəli mübarizə aparılması üçün səylərin birləşdirilməsinə çağırırlar;

Tərəflər terrorçuluğu bütün forma və təzahürlərində qəti şəkildə pisləyirlər. Onlar mövcud vəziyyətin inkişafı və terrorçuluğa qarşı səmərəli mübarizə tədbirlərinin hazırlanması üzrə fikir mübadiləsi aparmaq üçün iki və üçtərəfli məsləhətləşmələrin vacibliyini və səmərəliliyini qeyd edirlər. Bu xüsusda, Tərəflər Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, o cümlədən İran İslam Respublikasının təşəbbüsü ilə irəli sürülmüş 68/127 saylı, “Dünya zorakılığa və zorakı ekstremizmə qarşı” adlı qətnaməni vurğulayırlar;

Tərəflər etiraf edirlər ki, regiondakı həll olunmamış münaqişələr regional əməkdaşlığa əsas maneədir və bu xüsusda onların tezliklə beynəlxalq hüququn prinsip və normaları və bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlər əsasında danışıqlar vasitəsilə sülh yolu ilə həll olunması vacibliyini vurğulayırlar;

Tərəflər Xəzər dənizini sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi nəzərdən keçirərək Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə razılaşdırılması və qəbul edilməsinin vacibliyini qəbul etdilər;

Tərəflər bərabərhüquqluluq və qarşılıqlı fayda prinsipləri əsasında iqtisadiyyatın müxtəlif sahələrində hərtərəfli əməkdaşlıqlarını intensivləşdirəcəklər;

Tərəflər sərmayələrin qorunması və təşviqi sahəsində regional və beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini bir daha təsdiqləyir və bank sahəsində əməkdaşlıqlarının genişləndirilməsi də daxil olmaqla sərmayə layihələrinin həyata keçirilməsinə və yeni texnologiyaların cəlb edilməsinə yardım edən əlverişli şərtlərin dəstəklənməsinin zəruriliyini vurğulayırlar;

Tərəflər regionun iqtisadi artımı və beynəlxalq enerji təhlükəsizliyinə töhfə vermək üçün regional və beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məqsədilə enerji və nəqliyyat sahələrində əməkdaşlığı intensivləşdirəcəklər;

Tərəflər elektrik enerjisinin mübadiləsi məqsədilə Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin birləşməsini dəstəkləyir və qeyd edirlər ki, həyata keçirilən enerji layihələri regionun davamlı inkişafının dəstəklənməsi üçün əlverişli şərait yaradır;

Tərəflər regional və beynəlxalq təbii qaz bazarlarının davamlı fəaliyyət göstərməsi üçün Azərbaycan, İran və Rusiyanın verdikləri vacib töhfəni qeyd edir və bu sahə üzrə, o cümlədən təbii qazın hasilatı, nəqli və çatdırılması sahəsində texnologiya mübadiləsi yolu ilə əməkdaşlığın daha da genişləndirilməsinə tərəfdar çıxırlar. Bununla əlaqədar, onlar beynəlxalq qurumlar çərçivəsində, eləcə də ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlığı və qarşılıqlı fəaliyyəti daha da möhkəmləndirəcəklər;

Tərəflər hesab edirlər ki, təbii qazın iqtisadi cəhətdən səmərəli və ekoloji təmiz yanacaq növü kimi geniş istifadəsi ətraf mühitə mənfi təsirin səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salmağa, eləcə də istilik effekti yaradan qaz tullantılarının azaldılması üzrə Paris Sazişinin müddəalarının həyata keçirilməsinə yardım edəcəkdir;

Tərəflər ekoloji təhlükəsiz və iqtisadi faydalı nəqliyyat infrastrukturlarının yaradılmasına yönəlmiş regional nəqliyyat-kommunikasiya imkanlarının inteqrasiya edilməsi üzrə səyləri dəstəkləyəcəklər;

Tərəflər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə sərnişin və yüklərin daşınmasının həyata keçirilməsində mövcud imkanların genişləndirilməsi məqsədilə nəqliyyat-kommunikasiya infrastrukturlarının inkişafı üçün səmərəli tədbirlər görəcəklər;

Tərəflər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və səmərəliliyinin artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi üzrə yeni layihələrin qarşılıqlı fayda əsasında həyata keçirilməsinə bundan sonra da töhfə verəcəklər;

Tərəflər gəmiçilik və dəniz turizmi də daxil olmaqla Xəzər dənizində dənizçilik üzrə əməkdaşlığın inkişaf etdirilməsinin mümkünlüyünü araşdıracaqlar;

Tərəflər 14 iyul 2015-ci il tarixində Vyanada qəbul edilmiş İranın nüvə proqramı ilə bağlı vəziyyətin tənzimlənməsi üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) alqışlayır, habelə regional ticarət və iqtisadi əlaqələr yolunda maneə olmadan regional əməkdaşlığın inkişaf etdirilməsində bu razılaşmanın vacibliyini qeyd edərək, onun tam və davamlı şəkildə həyata keçirilməsinə çağırırlar;

Tərəflər qarşılıqlı maraq kəsb edən əməkdaşlıq sahələri üzrə müvafiq işçi qrupların yaradılması barədə qərara gəldilər.

Bakı şəhərində, 08 avqust 2016-cı ildə hər biri Azərbaycan, fars və rus dillərində olmaqla üç əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.

 

Azərbaycan Respublikası adından

 

İran İslam Respublikası adından

 

Rusiya Federasiyası adından

 

10 Avqust 2016, 09:08

http://www.azertag.net

1131—1140 / 10511

18 Avqust 2021, 12:08

A.Ə.Aslanovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 Avqust 2021, 12:08

Azərbaycan Respublikası Prezidentinin “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 8 may tarixli 626 nömrəli, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2021, 12:08

Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli 641 nömrəli, “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli 643 nömrəli, “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 16 may tarixli 690 nömrəli, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli, “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2020-ci il 30 dekabr tarixli 1226 nömrəli və “Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2020-ci il 30 dekabr tarixli 1232 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2021, 12:08

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 iyul tarixli 2288 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nda, 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda, 2014-cü il 14 fevral tarixli 273 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda, 2018-ci il 9 avqust tarixli 393 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramı”nda və 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 Avqust 2021, 12:08

Azərbaycan Respublikası Prezidentinin “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 26 yanvar tarixli 998 nömrəli, “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli, “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 10 may tarixli 64 nömrəli, “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” 2019-cu il 3 may tarixli 1155 nömrəli və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Avqust 2021, 09:08

İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

13 Avqust 2021, 09:08

İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

13 Avqust 2021, 09:08

Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Avqust 2021, 09:08

Azərbaycan Milli Olimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

13 Avqust 2021, 09:08

Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...